"ADİ QƏŞƏM"

 

Ötən ilin kitabına bu ildən baxış

 

Adətən kitablar barəsində yazı yazmaq istəyəndə onları çeşidləyirəm. Elə kitablar var ki, onu elə həmin gün gözdən keçirib kitab dolabında yerləşdirirəm. Elə kitab var ki, onu bir neçə gün ərzində gözdən keçirib ruhuma yatan məqamlarını kağızın bir küncündə qeyd edib sonra isti-isti barəsində oxucu sözümü söyləyirəm. Amma elə kitablar da var ki, onları bəzən bir neçə ay yazı stolumun üstündə saxlayıram hər dəfə əlimi o kitablara uzadanda elə bilirəm ki, onun müəllifi ilə əl uzadıb görüşürəm. Əlimdə kitabın hərarətini, misralarada cümlələrin arasında müəllifin özünü axtarıram, görürəm. Beləcə, nisbətən uzun bir zaman kəsiyində bu kitabla hal-əhval tutram. Bax, bundan sonra o kitab mənim dünyamda göyərtdiyi sözlərin, fikirlərin kağıza köçürülməsinə təkan verir.

İndi barəsində fikir söyləmək istədiyim "Adi Qəşəm" şeirlər kitabı da dediyim sonuncu kitablar silsiləsinə aiddi. Yəni mən az qala üç aya yaxındı ki, hər gün bu kitabla söhbət edirəm hər gün bu kitabda köhnə tanışımla, köhnə dostumla üz-üzə gəlirəm görürəm ki, Qəşəm Nəcəfzadə, yəni o köhnə tanış, yənı o köhnə adam, o köhnə kişi nəhayət sizə , mənə yaxın tanış adam başını aşağı salıb öz şeir yolu ilə gedir. getdiyi yol boyunca da pıçıldayır:

 

Oğlum, ölüm xəbərimi uzaqdan

eşidəcəksən,

sağ olsaydım titrəyən dizinə

qurban olardım,

sənə dost olardım,

həyan olardım.

 

Gəlsən özünü maşından gözlə,

Tələsmə

Onsuz da anan hər şeyi

düz danışacaq

Mən necə öldüm?

Əvvəl dedim, sonra ?

Əvvəl istədim,

sonra hansı dərmanı

içdim

Anan bilir

İçməyə macal tapmadığım

dərman

Hələ stolun üstündə durur.

Təcili yardım maşını hələ

qapımızdan

getməyib

Qonşular qapıda

stol qoyub oturub

Biri artıq xatirə danışır haqqımda.

Gəlib görəcəksən

üzümdə qara yaylıq,

Sinəmdə güzgü

Bilirəm çəkəcəksən qara yaylığı

Görünəcək gözünə

bir tanış adam üzü.

Oğullar uzağa gedəndə

atalar belə ölür

Oğlum,

Eynən belə.

 

Bəli, bütünlüklə siz oxuculara təqdim etdiyim bu şeirdə həm mənzərə var, həm hiss var, həm təqdimat var, həm etiraf, həm vəsiyyət, həm bir az üzüntü. , bir az da oğula, yəni övlada irad. Bu çalarları qəsdən vurğulayıram qəsdimin arxasında sadəcə olaraq beş-on cümləlik bir şeirdə hansı mətləblərin ifadə olunduğunu, hansı sosial ictimai fikrin qabardıldığını göstərməkdi. Oxucuya xatırlatmaq istəyirəm ki, Qəşəm Nəcəfzadə təkcə özünü, öz dünyasını, öz problemlərini deyil, həm sənin, mənim, bütövlükdə bizim içimizi, qayğımızı bir dam altında oğul-uşaq gözündən uzaqda ölümün əlini sıxdığımızı şeirə çevirib. Onu bədii sözün gücüylə hamımızın adından hər kəsə deyir. Məncə bu yanaşma, bu təqdimat bizi həmin o yükün altından çəkib çıxarır, bizə yüngüllük gətirir. Axı, bir deyirlər ki, vəsiyyət yüngüllükdü...

Qəşəm Nəcəfzadənin bu kitabında toplanmış şeirlərinin əksəriyyətində obrazlar adama doğma, tanış gəlir. Elə həmin "Tanış adam" şeirindəki kimi. Məsələn, "Sənə qış paltarı alıram indi" şeirində olduğu kimi.

 

Heç fikir eləmə qurvanın olum

Adam aldanar da,

peşman olar da...

Sənə yalvarıram özünü üzmə

Ürək yerə düşüb qəfil sınar da.

 

olsun

Ürək sınmayanda

bəs sınacaq?

Yerimdən durunca

Üstümü çırpınca

Gözümü açınca

Sən çıxıb getdin,

olsun,

Adam sevdiyini alıb gedər ...

Mənə bircə kəlmə yaz

Evin istimi?

Məni o yandırır, o yandırır ki,

Sənə qış paltarı alıram indi,

olsun,

Adam soyuyar da,

adam yanar da...

 

yaxud "Segah" şeirinə diqqət yetirək.

 

Burda danışım, burda dinim?

Segah havasıdı bu halım, dəmim

Gündüzlər qulağım kar olur mənim

Gecələr başımda küy oynar?

Oynar.

 

Mən Qəşəm Nəcəfzadənin "Adi Qəşəm" kitabını sizə təqdim edərkən kitaba ön söz yazmış çox hörmətli Vaqif Yusiflinin fikirlərini də gözdən keçirdim. Mənə məlum oldu ki, düşündüklərimin müəyyən əks-sədası hörmətli Vaqif müəllimin ön sözdə vurğuladığı fikirlərlə üst-üstə düşür. Çünki Vaqif müəllim vurğulayır ki, "Qəşəm Nəcəfzadə yeni əsrə yeni düşüncə tərzi ilə daxil olmağa, poeziya aləmində seçilməyə, fərqlənməyə cəhd etdi". Bəli, bu doğurdan da belədi. Həqiqətən də sözə həyatını həsr edən, sözü həyatının mənasına çevirən Qəşəm Nəcəfzadə bütün yaradıcılığı boyu yeniliyə, orijinallığa doğru addımlayan, onu öz sözünün boyuna biçməyə və sözünü də, fikrini də həmin yeniliyin notlarında ifa etməyə çalışıb bu kitabda göstərir ki, o, öz istəyinə böyük sözün meydanında öz yerini tutmağa layiqliyini ortaya qoya bilibdi. Mən bu kitabdakı bütün şeirlərdə Qəşəm Nəcəfzadə ilə həqiqətən həmsöhbət ola bildim. Çünki onun ruhu mənim ruhumun əlindən tutub söz dünyasında gəzdirməyi bacardı. Elə bu balaca bir yazını da onun öz misraları ilə yekunlaşdırmaq istəyirəm. Çünki dediklərimi bu misralar tamamlamış olur.

 

İçimdəki bir yaradan keçib gəlirəm

Ay üzünə

Aləmdən qaçıb gəlirəm ay üzünə

Ürəyimin ağrısını yuyur ay üzü...

Məni yaman vurdular

Qürurum sınan yerdən,

Qürurumun ay üzünü sarıyır

Gündə min dəfə yıxılıram

Mənə ay üzün qaldırır.

Mən qorxağam igid deyiləm

Mən güclü deyiləm, zəifəm...

Mən kişi deyiləm, insanam

Mən həqiqət deyiləm, səhvəm.

Ölümdən çox qorxuram-

Məni aldadırlar...

Deyirlər ölümdən sonra

Həyat var...

Durub gəlirəm ay doğana-

Durub gəlirəm ay üzünə...

 

Ədalət.-2015.-18 mart.-S.6.