ƏDƏBİ HƏYAT
USTAD TƏNQİDÇİ,
GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS
O, mənim
müəllimim olub. ADU-nun filologiya fakültəsində
"Xarici ölkələr ədəbiyyatı" fənnindən
bizə mühazirələr oxuyurdu. Onun mühazirələri
o qədər maraqlı, o qədər canlı keçirdi ki,
biz özümüzü XIX əsr Fransa, İngiltərə,
İtaliya, ümumən Avropa ölkələrində hiss
edirdik, Balzakın "səfillərinə" qoşulurduq,
"Şaqren dərisi"nə bürünürdük,
Bayronun romantik qəhrəmanlarının arxasınca gedib
Yunanıstanda üsyanlara qatılırdıq. Bizə
elə gəlirdi ki, o, təsvir etdiyi ölkələri
qarış-qarış gəzib, o ölkələrin
tarixini, coğrafiyasını, adət-ənənələrini,
milli xüsusiyyətlərini bizə elə izah edirdi ki,
şübhə eləmirdik o ölkələri gəzib
dolanmamış olsun. Amma sonralar etiraf etdi
ki, onun səyahətlə arası yoxdur, sadəcə, bizə
çatdırdığı bu informasiyaları kitablardan, mənbələrdən
əxz edib.
Bəli,
Əkbər Ağayev - XX əsr Azərbaycan ədəbi tənqidinin,
filologiya elminin bu görkəmli nümayəndəsinin səyahətlə,
dünyanı gəzib-dolaşmaqla arası olmayıb, amma Azərbaycan
oxucuları onun bədii tərcümələri vasitəsilə
dünya ədəbiyyatının bir çox şedevr əsərləri
ilə tanış olublar, necə deyərlər, dünya səyahətinə
çıxıblar.
Daniel Defo
- "Dənizçi Robinzon Kruzonun həyatı və qəribə
sərgüzəştləri".
Maksim
Qorki - "Nağıllar".
Nikolay
Karamzin - "Zavallı Liza".
Alfons Dode
- "Taraskonlu Tartarenin qeyri-adi macəraları".
Jül
Vern - "Arxipelaq alovlanır".
Çarlz
Dikkens - "Oliver Tvistin macəraları".
V.Korolenko
- "Qəribə qız".
M.Kostyubinski
- "Fata-morqana".
Bu siyahıya onlarla rus, o zamankı SSRİ xalqarı və
Avropa ədəbiyyatları nümunələrini də əlavə
etmək olar.
Və bir də çox səlis şəkildə Azərbaycan
oxucularına təqdim etdiyi Bualonun "Poeziya sənəti",
Dobrolyubovun və Belinsikinin "Seçilmiş məqalələri".
Tərcüməçilik Əkbər Ağayevin xobbisi
deyildi, ürəkdən bağlandığı, tənqidçi
və ədəbiyyatşünas kimi çox mühüm
yaradıcılıq fəaliyyəti ilə bir sırada duran
bir sənət sahəsiydi. Qətiyyətlə
deyə bilərik ki, Əkbər Ağayev Azərbaycanda bədii
tərcümənin nəzəri və sənətkarlıq məsələlərindən
söz açan ilk tənqidçilərdən olmuşdur.
O, "Azərbaycan" jurnalında (1983, № 11) çap
etdirdiyi bir məqaləsində yazırdı: "Tərcümə
mürəkkəb yaradıcılıq işidir. Tərcüməçi də yaradıcıdır.
Bu halda tərcüməçi öz
yaradıcılıq, tərcüməçilik qabiliyyətini,
istedadını üzə çıxarmaq üçün gərək
öz qələminə, istedadına uyğun olan əsərin
tərcüməsini üzərinə götürsün.
Bizə elə gəlir ki, tərcüməçi
istedadı özünəməxsus istedaddır, hamıda
olmur; çox görkəmli yazıçı olmaqla bərabər
mümkündür ki, bədii tərcümədə əlin
olmasın, qələmin işləməsin". Onun tərcümələri dilinin sadəliyi,
aydınlığı ilə seçilirdi və bu haqda mətbuatda
da maraqlı fikirlər səslənib.
Əkbər Ağayevin qeyri-adi bir tərcümeyi-halı
və ya həyat tərzi olmayıb. Onun ömrü o
zamankı bir Azərbaycan ziyalısının pillə-pillə,
amma inadla öz məqsədi, amalı uğrunda mübarizəsini
xatırladır. 1915-ci ildə
Şuşada doğulmuşdu, burada orta təhsil
almışdı, sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı
şöbəsini bitirmişdi. İnstitutu
bitirəndə 22 yaşı vardı. Bu zaman mənhus
37-ci il başlanırdı, Cavidlər, Müşfiqlər,
Əhməd Cavadlar, Salman Mümtazlar, Əli Nazimlər,
Çobanzadələr, Ələkbərlilər,
Sanılılar az sonra başlanacaq o repressiya tufanının
qapısı ağzındaydılar. Belə bir qorxunc dövrdə
sonuncu kurs tələbəsi Əkbər Ağayevin
"Ədəbiyyat qəzeti"ndə ilk məqaləsi
çap olunur: "Yüksək keyfiyyətli bədii tərcümə
uğrunda". Məqalə böyük ingilis
dramaturqu V.Şekspirin məşhur "Otello" əsərinin
Əhməd Cavad tərəfindən edilən tərcüməsinə
həsr olunmuşdu. Məqalə oxucu rəyi
kimi çap edilsə də, hiss olunurdu ki, onun müəllifi
V.Şekspirin yaradıcılıq dünyasına bələddir.
Odur ki, "Otello"nun tərcüməsində
nəzərə çarpan və mübahisə doğuran məqamlara
diqqət yönəldirdi.
Bütün varlığı ilə ədəbiyyata
bağlı olan Əkbər Ağayev məhz 1937-ci ildən
başlayaraq fəal bir tənqidçi kimi diqqəti cəlb
etməyə başladı. Təbii ki, onun da tənqidi
yazılarında artıq Azərbaycan ədəbiyyatına
bir ideologiya kimi sirayət edən sosrealizm prinsipləri təsir
göstərməyə bilməzdi. Amma bir
həqiqət var ki, biz XXI əsrdən boylanıb XX əsrin
otuzuncu illərinin ədəbiyyatını nə qədər
tənqid atəşinə tutsaq belə, o dövrün
qatı bolşevik ideologiyasının şüurlara hakim kəsiliyini
unutmamalıyıq. Və
unutmamalıyıq ki, belə ideoloji təzyiqlər və təsirlər
nə qədər güclü olsa belə, Azərbaycan ədəbiyyatı
malik olduğu bir sıra yaşarı ənənələrdən,
dilindən, xalqın əsrlər boyu yaşatdığı
özgürlüyündən, mənəvi prinsiplərindən
uzaqlaşmadı. Əkbər Ağayev
sosializm realizmi ədəbi metodunu tərifləyən məqalələr
də yazıb, kommunist ideologiyasını tərənnüm
edən əsərlərdən də söz açıb-bunu
inkar etmək olmaz (digər tənqidçi və ədəbiyyatşünaslarımız
kimi!), amma onun tənqidçi və ədəbiyyatşünas
kimi fəaliyyətini bu yazılarla məhdudlaşdırmaq
olmaz. Onun Azərbaycan ədəbiyyatının uzaq və
yaxın keçmişinə, müasir mərhələdə
inkişafına, keçdiyi yolda əldə etdiyi uğurlara,
həmçinin üzləşdiyi maneələrə,
görkəmli sənətkarların yaradıcılıq aləminə,
dünya, xüsusilə, rus ədəbiyyatının klassiklərinə
həsr etdiyi onlarla sanballı məqalələri vardır
ki, bunların əksəriyyəti indinin özündə də
aktuallığını itirməmişdir. Bu
yazılar həm professional səviyyəsinə, həm də
təfəkkür aydınlığına, dilinin, ifadə tərzinin
səlisliyinə görə seçilir.
O,
1940-1980-ci illərin ən fəal tənqidçilərindən
biri olmuşdur. Bu mənada onun adını
"tənqidimizin vicdanı" (S.Vurğun)
adlandırılan Məmməd Ariflə, görkəmli tənqidçi-ədəbiyyatşünas
Məmməd Cəfərlə bir sırada çəkmək
olar. Bu dövrdə Əkbər Ağayev həm ali məktəblərdə "Xarici ölkələr
ədəbiyyatı" fənnindən mühazirələr
oxuyur, həm ədəbi orqanlarda çalışır, həm
bədii tərcümə ilə məşğul olur, həm
də tənqidçi və ədəbiyyatşünas kimi qəzet
və jurnal səhifələrində məqalələrlə
çıxış edirdi. Onun tərcümə
kitablarının sayı iyirmiyə çatır, amma tənqidçi-ədəbiyyatşünas
kimi cəmi altı kitabın müəllifidir: "Lermontov və
Azərbaycan" (1941), "Gertsen" (1962), "Sənətkarlıq
məsələləri" (1962), "Nizami və dünya ədəbiyyatı"
(1964), "Sənətkarva töhfə-Tolstoy-150" (1978),
"Əsrin tərənnümü" (1980). Əgər
bir tərcüməçi kimi Əkbər müəllimin fəaliyyəti
tam əhatə olunubsa, tənqidçi və ədəbiyyatşünas
kimi nəşr göstəriciləri heç onun
yazdıqlarının onda birini əks etdirmir. Xeyli sayda məqalələri, ədəbi
müşavirələrdə məruzələri olub ki, kitab
halında çap edilməyib. Elə bircə
sanballı doktorluq dissertasiyası olan "Azərbaycan sovet
poeziyası (1920-1970): inkişafın əsas meylləri və
sənətkarlıq, ənənə və novatorluq məsələsi"
elmi işi monoqrafiya halında oxuculara çatdırılmadı.
Nə yaxşı ki, həmin dissertasiyanın müəyyən
qismi "Azərbaycan" jurnalının 1974-cü il, 1-10 saylarında dərc edildi.
Təbii ki, bir yazıda görkəmli tənqidçinin
bütün yaradıcılığından söz
açmaq, onları indiki ədəbi meyarlarla qiymətləndirmək
mümkün deyil. Ancaq tənqidçi-ədəbiyyatşünas
Əkbər Ağayevin yaradıcılığında nəzərə
çarpan, bu gün üçün də qətiyyən əhəmiyyətini
itirməyə bir neçə məqamı incələmək
istərdik.
Əkbər
Ağayev yaradıcılıqda İSTEDAD və YAZIÇI
MƏDƏNİYYƏTİ məsələsini xüsusilə
nəzərə çarpdırdı: istər klassiklərdən,
istərsə də müasirlərlərdən yazanda o, həmişə
bu faktoru bir meyar kimi götürürdü. Yazırdı:
"İstedad öz-özlüyündə, bir iş görə
bilməz, istedad sənətkarlıq üçün
lazımdır, lakin hələ sənətkarlıq demək
deyildir. Poetik istedad o zaman səmərəli olur
ki, o, tərbiyə edilsin, yüksək yazıçı mədəniyyəti
ilə birləşsin. İstedadın
fitri cəhətləri vardır, yaradıcılıq
prosesində mühüm rol oynayan yazıçı mədəniyyəti
isə məhz həyatda qazanılır, yuxusuz gecələr,
uzun və ağır əmək bahasına müxtəlif yollarla
qazanılan həyat təcrübəsi hesabına əldə
edilir. Yazıçının
dünyagörüşü, elmi, nəzəri bilik səviyyəsi,
müşahidə dairəsinin genişliyi və sairə onun
mədəni səviyyəsini təyin edirgYazıçı
mədəniyyəti olmadıqda, hər şeydən əvvəl,
əsərin realizmi-yəni həyat həqiqəti zərər
görür, əsərin əsas bünövrəsi
sökülür, əsər öz ruhundan, canından məhrum
olur və heç bir istedad belə əsərin köməyinə
çata bilməz.
Nizamişünaslıqdan söhbət düşəndə
çox zaman Əkbər Ağayevin adını çəkmək
unudulur, amma onun "Nizami və dünya ədəbiyyatı"
monoqrafiyası nizamişünaslıqda mühüm bir
addım idi.
O, Azərbaycan ədəbiyyatşünaslığında ilk
dəfə olaraq Nizaminin Avropada tədqiq olunması, onun əsərlərinin
Qərb dünyasına mənəvi təsirini və Nizami
mövzularının Höteyə, Qotsiyə, Şillerə,
Heyneyə necə ilham verdiyini tədqiq etdi. Qərb
ədəbiyyatını mükəmməl bilən və
Şərq ədəbiyyatına da yaxşı bələd
olan Əkbər müəllim Nizaminin
yaradıcılığını Azərbaycan
renessansının zirvəsi hesab edirdi.
Əkbər Ağayevin istər klassik, istərsə də
müasir ədəbiyyatdan, ayrı-ayrı görkəmli sənətkarlardan,
yaxud mühüm yaradıcılıq, sənətkarlıq
problemlərindən söz açdığı məqalələrində
biz onu ehtiraslı bir müəllif kimi görürük. Bu
"ehtiras" sözü sizi çaşdırmasın, onun
öz mənası var - Əkbər Ağayev heç bir
yazısını quru, soyuq, "akademik" dillə qələmə
almamışdır.
"Əsrin tərənnümü" kitabında onun
gözəl şairimiz Əliağa
Kürçaylının "Seçilmiş əsərləri"nə
yazdığı bir məqaləsinə diqqət yetirirəm. Bu, təkcə
bir şairin kitabına verilən qiymət deyil, həm də
"poeziya nədir?" sualına verilən cavab kimi
maraqlıdır. Məqalə belə başlayır:
"Poeziyanı sevən və qiymətləndirməyi bacaran
oxucu yaxşı bilir: hər dəfə yeni bir şeir,
şeirlər silsiləsi və ya poema oxuyanda, istər-istəməz
eyni bir sual ətrafında düşünməli olursan,
oxuduğun əsərdən soruşmaq istəyirsən-axı,
poeziya nədir?"
Bu suala
cavab vermək üçün Əkbər müəllim
uzun-uzadı mühakimələr yürütmür, kimlərdənsə
sitatlara ehtiyac duymur və o suala belə cavab verir: "Cavablar
çoxdur, saymaqla qurtarmaz. Amma bir cavab da var -
poeziyanın öz cavabı...gHər bir istedadlı, yetkin və
kamil poetik əsər öz-özlüyündə "Poeziya
nədir?" sualına cavabdır. Bu cavab
daha orijinal, daha yeni, daha təravətlidir". Və Ə.Ağayev Əliağa
Kürçaylının poeziyasının ən gözəl
nümunələrinə müraciət edir, sualın
cavabı aydınlaşır.
Ümumiyyətlə, Əkbər Ağayev
poeziyamızın mötəbər tədqiqatçılarından
biri idi. Onun öncə adını çəkdiyim "Azərbaycan
sovet poeziyası (1920- 1970). İnkişafın
əsas meylləri" (jurnal variantında adı belədir)
XX əsr Azərbaycan poeziyasını sistemli şəkildə
tədqiq edən bir əsərdir və bu əsərdə
ayrı-ayrı fikirlər, mülahizələr sosrealizm
mövqeyindən yazılsa da, bütövlükdə
poeziyamızın keçdiyi yolu düzgün
işıqlandırır. Bu əsərin
yetmişinci illərin əvvəllərində
yazılmasını da unutmayaq. Bir də ki, sovet ədəbiyyatı
deyilən bir anlayış havadan, sudan
yaranmamışdır, bu ədəbiyyatın araya-ərsəyə
gətirdiyi nümunələrin heç birini qırağa
atmaq olmaz, sadəcə, onları həmin dövrün, tarixi
şəraitin yetirdiyi ədəbi məhsullar kimi izah etmək
lazımdır. Həmin monoqrafiyda Əkbər
Ağayevin bir ədəbiyyat tarixçisi kimi istedadı da
üzə çıxır. O, yetmiş ilin (əsərdə
XX əsrin poeziyası bütünlüklə, həm
ayrı-ayrı ədəbi şəxsiyyətlərinin
yaradıcılığı, həm də inkişaf mərhələləri)
poeziyasında meydana gələn heç bir təmayülü
nəzərdən qaçırmır, bu poeziyanın ənənə
və navatorluq, klassika və müasirlik, sənətkarlıq
axtarışları kimi ən vacib problemlərini tədqiq
edir. Qiymətləndirmə meyarı isə bəzən
subyektiv görünsə də, hər halda, maraqlıdır.
Məsələn, Sabir, Səhhət və Hadinin müqayisəsinə
diqqət yetirin: "Sabir poeziya səmasında əbədidir,
yandıqca parlayır, parladıqca aydınlaşır və
daha gur şölə saçır, şüasının əhatə
və təsir dairəsi genişdir, tükənməzdir, həmişə
fəaldır. Hadi çox tez parlamış,
gözləri qamaşdıran bir işıq
saçmış, tez də ziyasını itirmiş və
sönmüş ulduzdur, lakin poeziya səmasından silinməmişdir,
öz tutduğu məqamında o, yenə vardır. Amma onu görmək istəyənlər əvvəlcə
aydınlaşdırıcı cihazlarla silahlanmalı,
özünü işıqlandırmalı, sonra görməlidirlər.
Görə bilsələr, o zaman hiss edərlər
ki, o sönmüş ulduz da içəridən nəfəs
alır. Bəli, Sabir poeziya göylərində
hamının gördüyü və görəcəyi
ulduzdur, Hadi isə onu görə bilənlərin ulduzudur.
Bu iki ulduzun arasında öz sakit və
aramlı işığını bir qaydada saxlayan sıravi
bir ulduz da var, o - Səhhətdir, incə, ahəstə və
təmkinli qələm sahibi Səhhət".
Əkbər
müəllim ömrünün son illərində Nizami adına Ədəbiyyat İnstitutunda
çalışırdı. Deyim ki, burada
hamı onun xətrini çox istəyirdi, elmi müşavirələrdə
çıxışları isə ayrıca bir aləm idi.
Çoxlarının ürəyindən
keçirdi ki, "kaş mən də belə
çıxış edəydim".
Yetmiş
beş il yaşadı. Mart
ayında Şuşada dünyaya gəldi, mart ayında
Bakıda vəfat etdi.
Vəfatından sonra bir kitabı belə
işıq üzü görməyib. Onun ən azı
beş-altı qalın cildə
sığışdırıla biləcək ədəbi-tənqidi
irsi isə öz sahibini, müasir dillə desək, öz
sponsorunu gözləyir. Bu irsdən isə nəinki indi, gələcəkdə
də faydalana bilərik...
Ədalət.-2015.-20 mart.-S.15.