Bizim Corc
"Ən
böyük arzumun nə olduğunu biləndə
çoxlarını gülmək tutur"
Adı kimi taleyi də
qəribə olan bu gənc oğlan 11 yaşında milli kinomuzda debüt edib. Yavər
Rzayevin çəkdiyi "İlahi məxluq" filmində
baş rollardan birinə çəkilən Corc Qafarov qısa
müddət ərzində digər rejissorların da diqqətini
cəlb etməyi bacarıb.
Elxan Cəfərovun yazıçı Aqil Abbasın
ssenarisi əsasında ekranlaşdırdığı
"Dolu" filmində balaca döyüşçü- Qeyrət
dağarcığını oynayan gənc və istedadlı
aktyor indi tez-tez kamera qarşısına keçir. Corcun da rol
aldığı "Sonuncu" qısametrajlı bədii filmi
nüfuzlu beynəlxalq müsabiqələrdə uğur
qazanıb. Sergey Pikolovun lentə
aldığı bu film Beynəlxalq Kann Kinofestivalının əsas
proqramına daxil olmaqla Azərbaycan kinosunun tarixində bir ilkə
imza atıb. "Sonuncu" uzaq Braziliyada
da mükafat alıb.
Gününün çox hissəsi çəkiliş
meydançalarında keçən Corc Qafarov təhsilə də
vaxt ayırır-Mədəniyyət və İncəsənət
Universitetinin I kurs tələbəsidir. Uşaqlıq xəyallarının
üstündən xətt çəkən Corcun ən
böyük arzusu isə...
- Corc, çəkiliş
meydançalarındakı gərginliyə artıq öyrəşmisən.
Müsahibə verməyi necə, öyrənə bilirsən?
- Asta-asta
buna da öyrəşirəm, jurnalistlər məni
axtarır, müsahibə götürür, fikirlərimi
öyrənir və məni təbliğ edirlər. Çəkildiyim "Sonuncu" qısametrajlı bədii
filmi Kann Beynəlxalq Kino Festivalında nümayiş etdiriləndən,
San-Pauloda (Braziliya) xüsusi mükafat alandan sonra media
işçiləri mənimlə daha tez-tez maraqlanırlar.
Sağ olsunlar, hələ ki, qələm adamları ilə
aramızda problem-filan olmayıb. Öz aramızdı,
müsahibə vermək də maraqlı isdi.
- Kino aləminə
Yavər Rzayevin çəkdiyi "İlahi məxluq"la qədəm
qoydun. Həmin günlər yadında necə
qalıb?
- Necə
qalacaq... Dəhşət idi, inanın ki, gecələr
ağlayırdım. Yavər Rzayev məni
İsmayıl roluna dəvət edəndə 11 yaşım
var idi, rəqs dərnəyinə gedirdim. Yavər
müəllim televiziyadakı çıxışlarımdan
birində görmüşdü. Biləndə
ki, quruluşçu rejissor kimi məni öz filmində rol
vermək istəyir, əvvəlcə etiraz etdim. Kinoda nəsə edə biləcəyimə
inanmırdım. Bayaq dediyim kimi, gecələr
ağlayırdım. Rəqs müəlliməm sağ
olsun, məndə özünəinam hissi yaratdı, dedi,
çalışsan bacararsan. Razılıq verəndən
sonra filmin çəkiliş qrupu ilə Qubanın
Xınalıq kəndinə getdik. İsmayıl roluna
çəkilməyə başlayanda hər gün hiss edirdim
ki, deyəsən həqiqətən də nəsə
alınır.
-
Debüt filmində Nurəddin Mehdixanlı, Münəvvər
Əliyeva, Vəfa Zeynalova kimi tanınmış insanlarla
çəkilirdin. İlk günlər yəqin onları əməlli-başlı
əsəbiləşdirmisən...
- Onlar
bilirdi ki, İsmayıl mənim kinoda ilk işimdir. Ona görə də nəsə alınmayanda ürək-dirək
verirdilər, nələr etmək lazım olduğunu izah
edirdilər. Qüsurlarımı da deyirdilər,
amma onu da elə edirdilər ki, xətrimə dəyməsin.
Mən biləni son nəticədə oyunumdan
razı qaldılar.
-
"İlahi məxluq"dakı İsmayılın
ayağı düşərli oldu, sonra "Dolu"ya,
"Sonuncu" filmlərinə çəkildin...
-
"Dolu"ya çəkilməyimin də maraqlı
tarixçəsi var. Filmin quruluşçu rejissoru Elxan Cəfərovla
Yavər Rzayev vasitəsi ilə tanış
olmuşam. Bir gün Elxan müəllim məni kinostudiyaya dəvət
elədi, dedi ki, Aqil Abbasın əsəri əsasında
"Dolu" bədii filmini çəkməyə
hazırlaşıram. Balaca
döyüşçü oğlanı-Qeyrət
dağarcığını istəyirəm sən oynayasan.
- Yəqin
bu dəfə etiraz eləmədin?
- Elxan
müəllimin təklifinə etiraz eləmək olardı? Sözün düzü, İsmayıldan sonra
özüm də filmlərə çəkilməyə
maraqlı idim. Ona görə Elxan Cəfərovun
təklifi lap yerinə düşdü.
Yaşımın az olmasına baxmayaraq
müəyyən qədər məlumatım var idi, bilirdim
ki, Elxan müəllim də mənim kimi çox kiçik
yaşlarından kino aləmindədir, bu sahəni
yaxşı bilir. "Dolu"ya çəkiləndən
sonra bir daha əmin odum ki, Elxan Cəfərov Azərbaycanın
ən yaxşı kinorejissorlarından biridir. Elxan müəllimlə çalışmaq çox
rahatdır. Çünki o, çəkiliş
meydançasında tamam fərqli bir ovqat yaradır, aktyorla
necə danışmağı gözəl bilir.
- Bu
sözlərin Yavər Rzayevin xətrinə dəyməz?
- Yox, niyə
xətrinə dəyir ki? Mən səmimi fikirlərimi
deyirəm. Yavər müəllim məni
kino aləminə gətirib. "İlahi
məxluq"dan sonra onunla Heydər Əliyev Fondunun xətti
ilə ərsəyə gələn "Bakı, mən səni
sevirəm" kino-layihəsində də birgə
çalışmışıq. Yavər
müəllimi üzən heç bir fikir işlətmərəm,
sadəcə, çox tələbkar rejissordur, çəkiliş
zamanı onu razı salmaq çətin məsələdir, hər
şeyi bəyənmir.
- Sənin
çəkildiyin "Sonuncu" qısametrajlı bədii
filmi nüfuzlu Kann Kino Festivalında nümayiş olundu...
- Sergey
Pikalovun çəkdiyi bu filmdə mən Suçu
oğlanı oynamışam. Film 67-ci Beynəlxalq
Kann Kino Festivalın əsas proqramına daxil oldu,
Braziliyanın San-Paulo şəhərində keçirilən
festivalda mükafat qazandı. Azərbaycan
kinosunun bu uğuruna hamımız sevinməliyik. Bizim güclü kinorejissorlarımız, istedadlı
aktyorlarımız var və onlarla dünya səviyyəsinə
çıxan işlər görmək olar. "Sonuncu" filmi bunu sübut elədi.
-
Artıq teleseriallara da dəvət alırsan. Bu
sahədə çalışan rejissorlarla münasibətin
necədir?
- Yaxşıdır. Nadir Diridağlının "Tək olanda qorxma" serialında Orxan roluna çəkildim. İnsan alverinə qarşı mübarizədən bəhs edən bu teleserialda əsas rollardan birini oynadım. Asif Abramov isə məni "Qisas" serialında çəkdi. Maraqlıdır ki, insanlar məni daha çox teleseriallardakı rollarıma görə tanıyırlar. Bu da mənə bir az qəribə gəlir. Görünür bu məsələləri öncədən öyrənmək lazım imiş...
- Öyrənmək demişkən, Corcun tələbəlik həyatı necə keçir?
- Mədəniyyət
və İncəsənət Universitetinin I kursunda təhsil alıram.
Kurs rəhbərimiz əməkdar artist Nofəl
Vəliyevdir. Bir məsələni də qeyd edim, fikirlərim
bəlkə də düzgün başa düşülməyəcək,
amma mən ürəyimdən gələni, səmimi hisslərimi
deyirəm- Nofəl müəllimi mən aktyor kimi yox, rejissor
və pedaqoq kimi daha çox bəyənirəm.
Yuxarı kurslarda oxuyan tələbələrin kurs
tamaşalarına da məni dəvət edir, rol verirlər. Tələbəlik
məktəb illərindən daha maraqlıdır, həyatı
yavaş-yavaş anlayırsan.
-
Maraqlı olar da, kurs yoldaşlarından populyarsan, bədii
filmlərə, teleseriallara çəkilirsən...
-
Düzdü, onlardan bəziləri aşağı bal topladıqlarına görə Mədəniyyət
və İncəsənət Universitetinə qəbul
olunanlardı, amma bu məni o qədər də
maraqlandırmır. Təhsilimlə məşğulam,
çünki fikrim ciddidir, sonra da magistraturaya sənəd verəcəm.
Rektorumuz, professor Fərəh xanım Əliyeva ilə
görüşəndə mənə dedi ki, indidən ulduz xəstəliyinə
tutulma. Məndə isə ümumiyyətlə
belə bir xasiyyət yoxdu. Yenə deyirəm,
mən bu sənətlə ciddi məşğul olmaq fikrindəyəm.
Baxmayaraq ki, bizdə aktyorlar o qədər də
yüksək məbləğ qazanmır.
-
Yaxşı ki, özün bunları bilirsən. Bəs gələcəkdə necə dolanacaqsan?
-
Ağlıma və bacarığıma güvənirəm,
inanıram ki, ailəmi dolandıra biləcəyəm.
-
Maraqlı bir mövzuya gəlib çıxdıq. Corc
Qafarovun elçiləri kimi qapısına getsə "hə"
cavabı almamış qayıtmaz...
- Nə
bilim, vallah. Hələ bu barədə konkret nəsə
deyə bilmirəm.
- Corc,
görüşüb söhbətləşdik, oxucular səni
bir az da yaxından tanıdılar. Deməli
zamanında kinoya çəkilməklə bağlı Yavər
Rzayevin təklifini qəbul etməyə dəyərmiş...
- Uşaq idim də, heç ağlıma gəlmirdi ki, nə vaxtsa filmlərə çəkilərəm. Kiçik yaşlarımda ürəyimdən həkim olmaq keçirdi, istəyirdim insanları müalicə edim. Həyat elə gətirdi ki, uşaqlıq arzusunun üstündən xətt çəkməli oldum. İndi ən böyük arzumu nə olduğunu biləndə çoxlarını gülmək tutur, amma mən "Oskar" almağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, bu arzum həyata keçəcək.
Ədalət.-2015.-20 mart.-S.14.