ÖMRÜN QATARI YOL GEDİR

 

Çağdaş şeirimizin qadın yazarları sırasında Nəzakətin imzasına da rast gəlirik və budur, onun "Ədalət" qəzetində (6 mart 2015) dərc edilən yeni şeirləri, iki il öncə çap olunan "Ömrün qatarı" şeirlər kitabı artıq bizdə belə bir təəssürat yaratdı ki, o, müasir poeziyada özünəməxsus bir cığır açıb. Bu cığırın bir yola çevriləcəyinə şübhə eləmirik.

Onun şeirlərində ilk növbədə, bir qadın qəlbinin hissləri, duyğuları ilə qarşılaşırıq. Bu - XXI əsrin, indi bizim yaşadığımız təzadlı dövrün milli ruha, həyatın hər cür qayğılarına köklənən analarımızın, bacılarımızın obrazını özündə əks etdirən qadınlarımızın ümumiləşmiş obrazıdır. Ünlü şairimiz Musa Yaqub Nəzakət xanımın "Ömrün qatarı"na yazdığı ön sözde deyir ki: "Mən Nəzakətin şeirlərində səmimiyyəti, müqəddəs kədəri, zərif hiss və duyğuların təsvirini, həllini daha çox xoşlayıram. Mən elə bilirəm ki, sevgi-ayrılıq kədəri, səni əhatə edən mühitin kədəri, fərqi yox-bu dərdləri çox vaxt səhifələmək olmur: toplanır, preslənir, həb halına salınıb udulurgvə ürəkdə qalır. Bu, hər kəsin müqəddəs kədəridir".

Ancaq biz Nəzakəti sırf kədər şairi kimi təqdim etmək fikrində deyilik. Kədər var onun şeirlərində, amma bu kədər qaranlığa, işıqsızlığa, pessimizmə aparıb çıxarmır. Hər bir kədər, qəm həm həyatın, gerçəkliyin, yaşadığın mühitin özündən doğur, həm də şəxsi yaşantılarından. Bunlar təbii ki, insan həyatında izlər buraxır, amma şair bu qəmlərin içində gərək itib-batmasın, üzünü işığa tutsun. Məsələn, biz Azərbaycan uğrunda şəhid gedən oğullarımızı dönə-dönə yad edirik, onları unutmuruq, ancaq bu şəhidliyi qəhrəmanlıq kimi dərk edirik. "Şəhidim" şeirində olduğu kimi:

 

Yaman narahatdır ruhum, bilirəm,

Durur qisa günün hələ, şəhidim.

Torpaq qan içində, düşmən əlində,

Dağın göz dağıdır elə, şəhidim.

 

Yalana dönüğdü mənim gerçəyim,

Solub düymə-düymə gülüm-çiçəyim.

Analar açmayıb qara ləçəyin,

Göz yaşı dönübdür selə, şəhidim.

 

Nə qədər ağrın var, ağrınla varam,

Yaramdı köksünün altdakı yaran.

Sən göydən enəsən, mən burdan duram,

Gələ zəfər günü gələ, şəhidim.

 

Nəzakətin "Vətən, bizi bağışlama", "Haqqa qovuşduran şəhid zirvəsi", "Yurd həsrəti", "Həsrətəm", "Zabit anasıyam mən!" şeirlərində ifadə olunan həqiqət budur ki, yurd itkisindən doğan həsrət sona yetməlidir, yoxsa Vətən bizi bağışlamaz, bəsdir daha analar şəhid balalarının qəbrinə layla çalırlar. Axı, yüz il əkilməyən torpağımızın köksündə sızlayan kotan dərdi var", axı, "Qarabağ qalıbdı boynu bükülü Yatmış vicdanların qeyrət dərdi var". Nəzakətin "Qar yağır" şeiri təkcə qışın gözəlliyini təsvir etmir, həm də:

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Qara qan ələyir o qanlı Yanvar.

Məsum insanların qanı üstünə

Qərənfil döşəyən tarixlər də var.

 

Qar yağır.

Naxışlı, dümağ, bəmbəyaz.

Şəhid Xocalımın yarası üstə.

Şuşa nəfəsini öpüb bu qarın

Qoyuram gözümün qarası üstə.

 

Ümumiyyətlə, Nəzakət xanımın şeirlərində təbiətlə insan bir vəhdət kimi diqqəti cəlb etmir. Vaxtilə, biz onun "Payız" şeirini təqdir etmişdik. Bu şeirdə payızla insan ömrü arasında bir assosiasiya yaradılırdı: "Düşüb yol gedirəm tale boyunca, Hər yanda önümə çıxır bu payız. Bacımın ağaran telindən düşür, Anamın qəbrindən baxır bu payız". Onun yeni yazdığı "Yağış" şeiri də həmin yolun davamıdır: "Yağ, ey yağış, aramla yağ... Səndən qaçıb çətir altda gizlənsinlər. Sevgi dolu pıçıltında Gülə-gülə ərisinlər... Selə dönüb fəlakəti gətirmə sən. Aramla yağ, qoy nazlansın yasəmənlər, Gəlişinlə bayram etsin göy süsənlər. Səndən alsın ilhamını Şəlalələr, dağ çayları".

"Ömrün qatarı" kitabında Nəzakət xanımın bir sıra ithaf şeirləri də var və əlbəttə, onların hər biri onun şəxsən tanıdığı, ünsiyyət bağladığı insanlara həsr edilib. Ancaq bu ithaf şeirlərini sadəcə "ithaf" (mədh) kimi qəbul etmək olmaz. Anasına və bacısına həsr etdiyi şeirlər daha təsirlidir. Xüsusilə, "Darıxıram, ay ana" şeiri. Bu şeirdə bir Ana obrazı yaradılıb ki, təkcə bir ananın yox, ümumən bütün anaların ümumiləşmiş surətini görürük:

 

Əllərinə toxunsam. Dərdim çıxar yadımdan,

Dönüb uşaq olaram, yüyürərəm üstünə.

Sənə heyran olaram, sənə qurban olaram,

Düşərəm mən analı günlərimin sehrinə.

Necə həsrət qalmışam əllərinin mehrinə,

Öpərəm, oxşayaram tellərindən birbəbir,

Ətirli nəfəsinlə mənə dünyanı gətir.

O xoş, o gözəl anlar düşər yenə yadıma,

Darıxıram, ay ana.

 

Bir istedadlı şair-jurnalist vardı-Alim Məhərrəmli. Təəssüf ki, həyatdan vaxtsız getdi. Şeirləri təzə-təzə geniş oxucu auditoriyasına yol tapırdı. Hiss olunurdu ki, axtarışlar aparır bu axtarışlar əksər hallarda uğurla başa çatırdı. Amma qəfil ölüm onu bizim sıralarımızdan ayırdı. Nəzakət xanım bu ölümü sakit qarşılamadı, dost qardaş bildiyi Alimin ölümünə nisgilli bir şeir həsr elədi:

 

Dünya çox incidə bilərdi səni,

Bəlkə düz etmisən, çıxıb getmisən.

Qısa bir ömürlə sınadı səni,

Yoxsa bu dünyanı yıxıb getmisən?

 

O zərif vücuda sığmırdı ürək,

Yükü ağır idi, çəkmirdi ürək,

Sorğudan, sualdan bezmişdi ürək,

Uanını dişinə sıxıb getmisən.

 

Havanı çaldılar, düşdün oyuna,

Fələk yaman saldı səni toruna.

Oynayan olmayıb yoxsa toyuna.

Bu dərd ürəyini sıxıb, getmisən.

 

Ölümün Tanrıya aparan yolmuş,

Çiçək arzuların açmadan solmuş,

Şəklinə baxıram gözləri dolmuş,

Dünya pəncərəysmş, baxıb getmisən.

 

Alim Məhərrəmlini yaxşı tanıyanlar bu şeirdə onun nakam ömrünün obrazını görəcəklər.

Nəzakət xanım axtarışlar aparır deyək ki, bu axtarışlarda bəzən uğursuz anlar da olur, görürsən ki, deyilmiş fikirlərin axarınca gedir. Amma bir çox hallarda istəyinə çatır, poetik səviyyəsi, istedadı nəyə çatırsa, onu əldə edə bilir. Məsələn, sevgi şeirlərində təzə, təravətli söz deyə bilir, yeni təşbihlər yarada bilir. Sevgini insanın müqəddəs hissi kimi əks etdirir, xüsusilə, sevgi bayatıları qoşmaları xoş təsir bağışlayır. Bu şeirlərdə musiqiyə yatan məqamlar az deyil.

Amma Nəzakət xanımın ömür qatarı, daha doğrusu poeziya qatarı dayanmayıb, yol gedir fikrimizcə, gələn şeir kitablarında bu qatarın daha sürəkli, sürətli gedişinin şahidi olacayıq. Qoy həmişə bu misralar gözləri qarşısından çəkilməsin:

 

Zamanı incidib, qovan dünyanı

Qorusun gözəllik, məhəbbət, istək.

olar, dünyanı möcüzə bilək,

olar, həyatı möcüzə bilək.

Ədalət.-2015.-31 mart.-S.7.