"İndikilər bizi bəyənmirlər"

Xalq artisti Tariyel Qasımovun Milli.Az-a müsahibəsi.

Müsahibim Gənc Tamaşaçılar Teatrının aparıcı aktyoru, gənc olmasa da, teatrda gənclərə dəstəyindən geri qalmayan xalq artisti Tariyel Qasımovdur. Onun qədər xaricdə filmlərə çəkilən azərbaycanlı aktyor, bəlkə də, çox azdır. Tanınmış aktyor yerli seriallarda görünməməsinin səbəblərindən və Özbəkistandan gəlmiş film təklifindən ürək dolusu danışıb.

- Tariyel müəllim, özünüzü necə hiss edirsiniz?

- Çox sağ olun, yaxşıyam. Hələ ki, yaşayıram. Siz elə bilirsiniz ki, 76 yaşım var artıq qocayam? (gülür). Mənim anamın bu ilin iyulunda 100 illiyi olacaq. Hər həftə sonu anamı görmək üçün kəndə gedirəm. Allah bütün analara ömür versin!

- Teatrda vəziyyət necədir?

- Bu yaxınlarda elə “Sarıköynəklə Valehin nağılı” tamaşasında baş rolda çıxış etdim. Tamaşanın baş rejissoru Bəhram Osmanov idi. Deyilənə görə, tamaşa yaxşı alınıb. Bu, mənim teatrda, hələ ki, sonuncu işim olub. Həmkarlarım da Yasin Qarayev, gənc aktyorlar Elnur Kərimov və Günel Məmmədova idi.

- Teatrda yaşlı nəsil aktyorlar çox azdır. Bu gün gənclərlə çalışmaq sizin üçün maraqlıdır?

- Maraqlı olmağına maraqlıdır, çünki bizim teatrda istedadlı gənclər çoxdur. Amma biri var ki, Yusif Vəliyev, Hüseynağa Sadıqov kimi sənətkarla oynayırsan, birivar ki... Qabağında sən axtardığın sənətkarı görmürsən. İndiki aktyorlar bizə baxıb çox şey götürməlidirlər. Çünki vaxtilə biz də kimlərəsə baxıb sənətə gəlmişik. Çox təəssüflər olsun ki, indikilər bəzən bizi bəyənmirlər. Biz əsl sənətkarlarıq, çünki bizə dahi sənətkarlar dərs deyib.

- Yerli seriallarda niyə sizi görmürük?

- Seriallarda görünməməyimin yeganə səbəbi özüməm. Məni dəvət edirlər, amma mən getmirəm. Hər rejissorla birliyi qurmaq olmur. İndi əlinə kamera alıb, serial çəkməyə başlayan naşı adamlar çoxdur. Yeganə serial rejissorları içərisində bəyəndiyim Rövşən İsaxdır. O, dəvət etsə, böyük məmnuniyyətlə, gedib çəkilərəm. Onun “Pərvanələrin rəqsi”, “Aktrisakimi ekran işlərini çox bəyənirəm. Asif Abramovun “Muradına çatan günəş”, “Qisaskimi serialları da bəyəndiyim ekran işlərindəndir. Bu rejissorun da özünəməxsus dəsti-xətti var, çünki o, Türkiyədə kurs keçib gələn rejissorlardandır. Çox təəssüf edirəm ki, “Qisas” serialında məni çəkməyib. Halbuki, müəllif çox istəyib ki, orada mən polkovnik obrazında çəkilim. Bilmirəm Asif niyə məni çəkməyib... Yəqin ki, 1-ci serialdakı aktyor oyunumdan narazı qalıb. Amma bunu o deyə bilməz, çünki məndə əsas var. O, həmişə müsahibələrində mənim oyun tərzimdən razı qaldığını söyləyirdi.

- Ümumiyyətlə, qonorara önəm verirsiniz?

- Mənim üçün qonorar əsas deyil. Əsas ssenari güclü olsun rejissora inanım. Belə olan təqdirdə heç bir qonorardan söhbət gedə bilməz. Elə rejissor var ki, mən qonorarı danışıram. Çünki çəkilmək istəmirəm şərt qoyuram ki, istədiyim qonorarı verəcəksən. Bu, yeganə sənətdir ki, burada pul yoxdur. Ancaq dözüm sənəti sevmək var.

- Rejissorların siz teatr aktyorlarında bəyənmədiyi bir xüsusiyyət teatralni oynamağınızdır...

- Onu hansı rejissor deyirsə, yalandır. Ən böyük kinoaktyorlar teatr aktyorlarıdır. O rejissorlar özləri bilmir ki, çəkirlər. Yəqin ki, çəkdiyi aktyor onlara irad tutur ki, düz etmirsən filan... Ona görə bəhanə gətirirlər ki, biz teatralni oynayırıq. Kino təbiiliyi sevir, o da teatrdadır.

 

- Özbəkistandan gələn təklif haqda danışa bilərsiniz

- İnşallah, may ayında Özbəkistana gedəcəyəm. Azərbaycandan bu filmə təkcə məni dəvət ediblər. Özübaş rola. Mənim üçün xaricdə çəkilmək daha maraqlıdır. Xaricdə çəkilərkən o qədər diqqət və qayğı olur ki... Onlar həmişə sənin qulluğunda dayanırlar. Burada çəkiləndə deyirlər ki, saat 8-də filan yerdə olarsan... Amma orada elə bir şey yoxdur. Maşın gəlir və səni çəkiliş meydançasına aparır. Həqiqətən də, hiss edirsən ki, sən aktyorsan.

Ədalət.-2015.-1 may.-S.8.