GÖZƏLLİK ŞAİRİ - ÜRƏK ŞAİRİ

 

(Şair Musa Ələkbərlinin 65 yaşına)

 

ƏDƏBİ HƏYAT

 

Qırx ildən artıqdır onu tanıyıram. Bizim dostluğumuzun tarixi də elə o gündən başlayır - Musa Ələkbərlini tanıdığım gündən. İki kurs ondan yuxarıda oxuyurdum və tez-tez universitetin filologiya fakültəsində, Bakının müxtəlif kitabxanalarında keçirilən şeir gecələrində onu görürdüm. Musanı o illərdə hamı cavan şair kimi tanıyırdı. 14 yaşında (1964-cü ildə) ilk şeirini rayon qəzetində (Gədəbəydə) dərc etdirən Musa filologiya fakültəsində təhsil alarkən artıq şairliyinin pöhrə dövründən çıxmışdı. O, həm universitet qəzetində, həm də digər qəzet və jurnallardı şeirləriylə çıxış edir, müxtəlif ədəbi tədbirlərdə şeir oxuyur və təbii ki... cavan qızlar, cavan oğlanlar onun sevgi şeirlərini maraqla izləyirdilər.

Yetmişinci illərin əvvəlləriydi. Yerdən, Göydən də şeir havası gəlirdi. Poeziya gecələrində sinəsini kürsüyə dirəyib şeir deyənlərin sayı indiki kimi çox deyildi. Amma şeir gecələri kiminsə tərifinə, boyundan yuxarı tullanışına deyil, oxucuların, poeziya həvəskarlarının ruhuna, könlünə, həyat sevgisinə köklənirdi. Musa Ələkbərli də o şeir gecələrinin iştirakçılarından biri idi, elə olurdu ki, ona da bir-iki şeirini oxumağa imkan verirdilər. Və beləcə illər keçdi, Musa Ələkbərli də poeziyada öz sözünü deyə bildi və o şeir gecələrinin qəhrəmanlarından birinə çevrildi. Universiteti bitirəndən sonra isə uzun müddət "Gənclik" nəşriyyatında çalışdı. Elə indi də nəşriyyat işçisidir, "Şur" nəşriyyatının direktorudur.

Musa bu ay ömrünün altmış beşinci baharına qədəm qoyur. Doğrusu, mənə heç də təəccüblü gəlmir, "şairin yaşını onun şeirlərinin yaşı təyin edir" fikrilə mən də şərikəm. Şair qocala bilər, lap ölə bilər - bu, Allahın işidir, amma şairin neçə şeiri yaşayırsa, yaşı da o qədərdir. Elə bilirəm ki, Musanın şeirlərinin yaşı öz yaşından çoxdur. Həm də bu şeirlərin bir çoxunun qocalmaq qorxusu da yoxdu və bu səbəbdən də Musa elə şeirləri kimi cavandır.

Musa Ələkbərli ənənədən dördəlli yapışan, xalq şeirinə, heca şeirinə möhkəm bağlı olan şairlərimizdəndir. Heç kimi təqlid etməyən, poeziyada yalnız öz cığırını tutub gedən Musa yaxşı bilir ki, ondan qabaqda kimlər var və ustadların arxasınca qoşmaq üçün o da öz sözünün, özününkü olan misraların qədr-qiymətini bilməlidir. Şeirlərinin birində yazıb:

 

Gecədir, ün çatmır ulduza, aya,

Mənzilə çatarmı bu cığır görən?!

Elə bil yad yerdə təkəm, tənhayam,

Nə işıq gələn var, nə də it hürən.

Sazaqlı bir külək əsir canımda,

Gözümdə hər nə var dərddir, ələmdir.

Belə pis günümdə, çətin anımda

Son ümid işığım kağız-qələmdir.

 

Bu dərdsiz heç nəyəm mən elə bil ki,

Ağrı da, acı da həyat üçündü.

Şeir məndən ötrü sənət deyil ki,

Şeir məndən ötrü ömürdü, gündü.

 

Musanın bu əlli illik şeir yaradıcılığına nəzər yetirəndə baxıb görürsən ki, bütün şairlərimizi düşündürən mövzulara o da müraciət edib. Amma fərq orasındadır ki, Musa öz sözünü deyə bilib. Öz kökünə-soyadına, ocağına-suyuna bağlıdır Musa. Özü şəhərdə yaşasa da, sir-sifətindən, yerişindən, danışığından, hətta şeirlərindən doğulduğu kəndin qoxusu gəlir. Mən Ağa Laçınlı haqqında bir yazımda demişdim ki, Ağa Laçınlı "şəhərdə yeriyən bir parça kənddir", bu sözləri Musa Ələkbərli haqqında da deyə bilərəm. Bəli, Musa indi də öz kəndçi təbiiliyindən sıyrılıb çıxa bilmir. Altı il öncə Gədəbəyə - qocaman şairimiz İlyas Tapdığın 75 yaşını qeyd etməyə getmişdik. Musa da bizimlə idi. Onda gördüm ki, Musa Ələkbərli bir anın içində necə cavanlaşdı, lap azca əyilmiş qaməti çinara döndü, torpaqlaşdı, ağaclaşdı, bulaqlaşdı, çiçəkləşdi Musa. Onun bir şeirini xatırladım o zaman:

 

Gülər üzlə dindirəndə,

Bir qaraca daş dinərmiş.

Şehli-şehli gül dərmişik -

Duyğuların təzələnmiş.

 

Doğma yurda qonaq gəldim,

Çörək kəsdim, tikə böldüm.

Bildiyimi bir də bildim

Budaq kökdən su içərmiş!

 

Bu yazıda təbii ki, mən Musa Ələkbərlinin - artıq şeir kitablarının sayı onu-on beşi ötən bir şairin yaradıcılığı barədə təfərrüatı ilə söz aça bilmərəm. Ancaq onun daimi oxucularından biri kimi könlümə, duyğuma yaxın olan şeirləri barədə qısaca söz aça bilərəm. Musanın "Necə yazım, axı bahar şeirini" ...çox sevirəm. Bu şeirdə bir həsrət var, elə bir həsrət ki, kəndindən, o kəndin baharından, gülündən, çiçəyindən ayrı düşən bir insanın könül harayını duyursan: "Bu yol ayrıcında bitən tək ağac" şeiri, o ağacla insan ömrü arasında bir bənzəyiş görürəm. "Ay işıqlı adam" şeirini oxuyuram, gözəl insanlar, nurlu ürək sahibləri yada düşür. "Yazıçı Şahmarın xatirəsinə" ...bu şeirdə isə həyatdan nakam gedən istedadlı qələm dostumuz Şahmar Hüseynovu xatırlayıram. Və nəhayət, neçə-neçə şeirdən sonra bu:

 

Dost, bu Qarabağdı, qara baxt deyil,

Soruş ürəyindən: vaxtdı, vaxt deyil?!

Hər şeyin olsa da, yaşamaq deyil

Dünyaya qeyrətsiz gəlib yaşamaq.

 

Gözümdən, könlümdən yağan dolu var,

Yurdun Təbrizəcən neçə qolu var?!

Torpağı gedənin bircə yolu var:

Yaşayıb ölmək yox, ölüb yaşamaq!

 

İllər gəlib keçdi... Bu da doxsanıncı illər... Bu də yeni əsrin əvvəli. İndi Musa dövrlə, zəmanə ilə, bu günlərin ağrı-acıları, sevincləri-qəmləriylə bağlı şeirlər yazır, içərisindəki dərdləri, həyəcanı şeirlərinin ağrısına çevirir... Narahat, qüssəli, sərt, çılğın, ağrı-acılı şeirlər yaranır.

 

 

Köhnə qəbir kimi batır kənd, şəhər,

Hadilər gorsuzdu, məzarı yoxdu.

Hamı matahını satır birtəhər,

Təkcə şeirin, sözün bazarı yoxdu.

 

"Dünya sevgidən doğulub" Musa Ələkbərlinin sonuncu şeir kitablarından birinin adıdır və kitabın adı da təsadüfi qoyulmayıb. Musanı həm də sevgi şairi kimi tanıyırlar. Yenə xatırlayıram yetmişinci-səksəninci illərin o şeir gecələrini, elə bilirəm Musa yenə kürsüyə qalxacaq və yenə sevgi şeirləri oxuyacaq:

 

Ürəyimdə bir həsrətin göynəyi,

Gecə-gündüz göyüm-göyüm göynəyir.

Biləmmədim heç yer nədir, göy nədir,

Həyat bildim mən bu dərdi, ələmi,

Məhəbbətdən çox yazıram, eləmi?!

Bu misralarla M.Ələkbərli elə bil, bir çox oxucuları da düşündürən bir mətləbə toxunmuş olur - bütün yaradıcılığın boyu eyni mövzudan uğurlu şeirlər yazmaq olarmı? Bu sual dahi Məhəmməd Füzuliyə aid olsaydı, Musanın özü də buna belə cavab verərdi ki, bəli, yazmaq olar. Özü də hər yeni şeirdə poetik hünər göstərməklə. Bu mənada Füzuli özündən sonrakı çox-çox şairi onun kimi hünər göstərməyə şövq etdi, amma heç kim o hünər zirvəsinə yüksələ bilmədi və Füzulidən sonrakı bütün şairlər üçün Füzuli sevgisi bir poetik meyar rolunu oynadı. "Tərk eyləməzəm bəlayi-eşqi" - bu misra sanki Azərbaycan poeziyasında sevgidən - bu ali hissdən söz açan şairlərin şeirlərinin epiqrafına çevrildi. O cümlədən Musa Ələkbərlinin də...

Musanın gənclik illərində yazdığı şeirlərinin əsas mövzusu bir kəndli balasının romantik duyğularını əks etdirirdi. Hələ həyatın keşməkeşləri və üzüntüləri ilə rastlaşmamış bir gənc şəhərdə bir qıza vurulur (çoxumuzun başına gələn bir sevda!). Çox zaman bu qız şəhərli olurdu. Bu şəhərli qızı ilə kəndli balasının sevgi macərası əksər hallarda uğursuzluqla nəticələnirdi və əlbəttə... kimisə burada günahkar saymaq doğru olmazdı. Müəyyən məişət fərqləri, sevənlərin gələcək taleyi ilə bağlı maneələr bəzən qarşıda bir sədd kimi ucalırdı və o səddi aşmaq mümkün olmurdu. Ortada nə qalırdı? Təmiz, pak bir sevgi.

M.Ələkbərlinin lirik qəhrəmanının sevgi tarixçəsini bu məhdud zaman daxilində arasaq, birtərəfliliyə yol vermiş olarıq. Əsl məhəbbət ayrılıqdan başlayır - Azərbaycan poeziyasının sevgi xəttini təyin edən bu əbədi "marşrut" Musanın lirik qəhrəmanı üçün də səciyyəvidir.

 

Şairlər qovuşmur ilk sevgisinə,

Yollar haçalanır, yollar uzanır.

Ay da bu həsrətdən pərişan gəzir,

Günəş də hirsindən od tutub yanır.

 

Özləri sığışmır vaxta-vədəyə,

Təkcə sevgiləri vaxtına düşür.

Nədənsə qızların ən insafsızı,

Elə şairlərin baxtına düşür...

 

Elə bilirəm, Musanın sevgi şeirlərinin bütün məğzini, mahiyyətini həmin bu üç bənd təşkil edir. Təkcə Musanınmı? Mən Musadan yaşlı olan, Musa yaşına gəlib çatan və ondan sonrakı ədəbi nəslin də sevgi şeirlərində elə bu həsrəti, bu yanğını görmüşəm: Şairlər qovuşmur ilk sevgisinə. Amma bu ilk sevgidən gözəl sevgi şeirləri də yaranır, sanki bir konveyer altından çıxan bəsit şeirlər də... Paradoksdur, eləmi? Məsələ burasındadır ki, çox zaman ilk sevgisinə qovuşmayan şairlər o həsrəti, o yanğını poeziya dililə ifadə etməkdə acizlik göstərirlər, yaxud standart, şablon, yüz dəfələrlə işlədilən ifadələrə üz tuturlar.

Əlbəttə, Musanın sevgi şeirlərində ənənədən gələn motivlər də nəzərə çarpır və burada ənənəyə itaətdən yox, onu yeni bədii çalarlarla zənginləşdirməkdən söhbət açmaq olar. Baxırsan, klassik qoşmalardan, gəraylılardan gələn bəzi ifadələr Musanın şeirlərində də işlənir, yaxud şair həsrəti, ayrılıqdan doğan kədəri Füzuli kimi incələmək istəyir... burada ənənənin təsirini açıqca görürsən. Amma Musanın sevgi şeirlərində XX-XXI əsrin poetik təfəkkürü öz əksini tapır. Klassik aşıq poeziyasında, həmçinin XX əsr poeziyasında "Olmaz" rədifiylə neçə şeir adı çəkə bilərik. Birisini də Musa yazıb.

 

Ötəri duyğular ötədim, gözəl,

Bu incə hissim də ötəri olmaz.

Ağappaq bir sevgi döyür sinəmi,

Sən gəlsən, könlümün dərd-səri olmaz.

 

Demə kölgə kimi səni izlərəm,

Dinsən, bir kəlməni mən əzizlərəm.

Bu sirri sinəmdə elə gizlərəm,

Allahın özünün xəbəri olmaz.

 

Musa Ələkbərlinin 65 yaşına həsr elədiyim bu qeydlərimi də onun bir şeirindən bu misralarla bitirmək istəyirəm. Elə bilirəm onun 65 yaşında da qocalmayan cavan ürəyi bundan sonrakı şair ömrünə də işıq saçacaq:

 

Hələ ölməyibsə qəlbimdə heyrət

Deməli, yaşayır hələ bu sevgi.

Ədalət.-2015.-2 may.-S.15.