"Kür, ana kimi
mehriban, ata kimi sərtdir"
Persona.az-ın qonağı,
uzun illər Azərbaycan mətbuatında
çalışmış, yazıçı-jurnalist
Əlövsət Bəşirlidir. O, bölgələrarası qəzetin xüsusi
müxbiri, redaktor müavini, redaktoru, Azərbaycan radiosu təbliğat
redaksiyasının redaktoru, respublika televiziyası gənclər
redaksiyasının şöbə müdiri, "Mədəni
maarif" jurnalının baş redaktoru, Heydər Əliyev
adına Hərbi Akademiyada Redaksiya-nəşriyyat şöbəsinin
rəisi, baş redaktoru vəzifələrində işləmiş,
SSRİ Jurnalistlər İttifaqının mükafatı
laureatı olmuş, respublika Ali Sovetinin Fəxri Fərmanına,
Azərbaycan mediasının inkişafında uzunmüddətli
və səmərəli xidmətlərinə görə Mətbuat
Şurasının mükafatına və diplomuna layiq
görülmüşdür.
-
Yazılarınızın birində belə bir obrazlı ifadə
var: Kür mənim tərcümeyi-halımdır. Bəlkə
bir qədər Kürdən söhbət açaq...
-
Dünyaya gözümü Kürün qırağında,
ata-baba yurdum Salyanın qədim Cəngən kəndində
açmışam. Kürün suyu,
balığı, çörəyi, mer-meyvəsi ilə boy
atmışam. Onun qoynunda sapsağlam
böyümüşəm. Lap ilk
çağlarımdan, qonşunun uşağı çayda
boğulanda özüm üçün bir həqiqəti
"kəşf" etmişəm: Kür ana kimi mehriban, ata
kimi sərtdir. İməkləyə bilməyən
çağa anasının qucağında rahatlıq
tapır, üzməyi bacarmayan Kürün qoynunda boğulur.
Bu sadə, adi həyat həqiqəti erkən
çağlarımdan məni yaşıdlarımla birlikdə
yayın cırhacırında üzməyi öyrənməyə
məcbur edib.
Kürlə bağlı xatirələrim tərcümeyi-halımdır,
unudulmaz çağlarımdır, mənə çox əzizdir.
Doğma sahildə, Kür qırağında ürəyim
sinəmə sığmır, döyüntüsü
qulaqlarımda səslənir. Sonra elə bil dərin
sükuta qərq oluram. Və birdən bu əsrarəngiz
sükut içində qulağıma səs gəlir,
Kürün səsi... "Bəs niyə qəlbimdə
ümman döyünür; mən qulaq asdıqca Kürün
səsinə? (S.Vurğun)". Hər
dəfə gözlərimi yumub diqqət kəsilmişəm:
mənə elə gəlib ki, çox uzaqlardan qopub gələn
bu səs... ulularımın səsidir. Ana Kürün bərəkətli
sahillərində yurd-yuva tikən, məskən salan,
barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil
torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan,
uğrunda canlarını əsirgəməyən uluların
ruhunun səsi...
Sanki
ürəyimdən keçən arzumu ünlü şairimiz
Əliağa Kürçaylı dilə gətirib:
Sən mənə
ömrüm boyu
Bir
bulanıq Kür suyu,
bir
söyüd yarpağı ver...
Canımdan
əziz olan,
üstündə çiçək solan
şor
Muğan torpağı ver...
- Siz uzun
müddət çox şərəfli, eyni zamanda çətin
bir peşənin - jurnalist peşəsinin
daşıyıcısı olmuşsunuz. Operativ,
həm də ədalətli olmaq çətin deyil ki?
- Şübhəsiz çətinliklər olur. Mən
xüsusilə mətbuatda işləyərkən müəyyən
çətinliklərlə üzləşmişəm.
Universiteti bitirəndən sonra rayonlararası qəzetdə
ədəbi işçi, xüsusi müxbir, redaktor
müavini vəzifələrində
çalışmışam. Bakıda
müxtəlif qəzet-jurnallarda qələmimi sınasam da, tənqidi
yazılara, xüsusən felyetonlara üstünlük
vermişəm. Həmişə
çalışmışam ki, obyektiv olum, ədalətli
mövqe tutum. Buna baxmayaraq qınaqlar,
narazılıqlar, bəzən şikayətlər də olub.
Lakin konkret, danılmaz faktlara söykəndiyimə
görə haqlı olduğumu sübut etməkdə çətinlik
çəkməmişəm.
- Belə
bir ifadə var: mənə informasiya verin, dünyanı tərpədim.
"Dünyanı tərpətdiyiniz vaxt" yəqin ki,
"tərpənən dünyanın" qəzəbinə
də tuş gəlmisiniz...
- Əlbəttə (gülür), "dünyanı tərpətməkdən"
söhbət gedə bilməz, bununla belə, tərpənən
bölgənin, eləcə də bəzi məmurların qəzəbinə
tuş gəlmək qaçılmazdır. Redaktoru
olduğum "Yeni gün" qəzetinin "Dəryaz"
satira və yumor səhifəsində yüksək vəzifəli
və özündənrazı birisindən karikaturası ilə
birlikdə felyeton vermişdim. Elə qəzəblənmişdi
ki, raykomun bürosunda dil boğaza qoymur, əl-qolunu
ölçürdü. Mənə söz veriləndə
konkret faktları sadalayıb bunları sübut edən sənədləri
rayon rəhbərinin qarşısına qoydum... Az sonra yoxlama keçirildi, felyetonun qəzəbli
"qəhrəmanı" cəzalandırıldı.
- Sovet
dövrünün 60-cı illərində ədəbiyyatda
olduğu kimi jurnalistikada da bir çox uğurlu imza
özünü tarixin yaddaşına həkk edə bildi. Bunun da kökündə mükəmməl təhsil
dayanırdı. Təhsil aldığınız illərdən,
müəllimlərdən söz açırdınız...
- Bəxtimdən
çox yaxşı müəllimlərim olub: orta məktəbdə,
universitetdə, həyatda!
Azərbaycan Dövlət Universitetində təhsil
aldığım tələbəlik illəri məni
büsbütün dəyişdi. Sanki hər müəllim əsl məktəb,
xəzinə idi: akademiklər Həmid Araslı, Cəfər
Cəfərov, professorlar yazıçı Mir Cəlal, Səlim
Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas
müəllimlərimiz, jurnalistika kafedrasının müdiri
Həsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd
Hüseynov, Nüsrət Bağırov, Seyfulla Əliyev, Nəriman
Zeynalov...
Görkəmli jurnalist, gözəl qələm sahibi,
maraqlı oçerklərin müəllifi, həm də əsl
müəllim, qayğıkeş insan idi Nurəddin Babayev. Qrupumuzla ilk
görüşündə bizimlə açıq söhbət
edib demişdi: "Bu günədək mən sizin heç
birinizi tanımamışam. Burada qohumum,
yaxınım yoxdur. Müəyyən vaxtdan
sonra isə olacaq. Yadınızda saxlayın: kim jurnalist
sənətinə hörmətlə yanaşsa, bunu öz qələmi
ilə sübut etsə, mətbuatda yazıları ilə
çıxış etsə, mən həmkarım, qələm
dostum kimi ona hörmət bəsləyəcəyəm".
Nurəddin müəllim sözünün üstündə
möhkəm durdu. Bizə sənətin sirlərini, yazı
mədəniyyətini öyrətdi. Sonra
müxtəlif mövzularda yazılar tapşırdı.
Onun köməyi ilə mətbuata ayaq
açdım, yazılarım dərc olundu, efirdən səsim
gəldi.
Nurəddin müəllim həmişə bizə deyərdi
ki, qələmi olan jurnalist ac qalmaz. Bənna daşdan,
jurnalist qələmindən pul çıxarar.
Salyanda rayonlararası qəzetdə müxbir işləyərkən
Bakıdakı redaksiyalarla əlaqə saxladım. Respublika mətuatında
yazılarım dərc olundu. Nəriman
müəllim "Kommunist" qəzetində kənd təsərrüfatı
şöbəsinin müdiri idi. Yazılarım
xoşuna gəlirdi. Deyirdi ki, Salyana,
Neftçalaya, Puşkinə (indi Biləsuvar), Astarxanbazara
(indi Cəlilabad) müxbir göndərmirəm, sənə
arxayınam. Mən də müəllimimin
etimadını doğruldur, onun tapşırığı ilə
qonşu rayonlara da gedirdim. O vaxt respublikada birinci qəzet
sayılan "Kommunist"in ştatdan kənar müxbiri kimi
hər ay yaxşı qonorar alırdım. Azərbaycan
radiosnun efirindən tez-tez səsim gəlirdi. Mən
informasiyanı, müxbir söhbətini, reportajı hadisə
yerindən Hacı müəllim (Hacı Hacıyev Respublika
radiosu Xəbərlər və Təbliğat
Redaksiyasının baş redaktoru, sonralar Azərbaycan
Jurnalistlər İttifaqının sədri - Ə.B) demişkən,
"isti-isti" ötürməyi hələ tələbə
ikən öyrənmişdim.
-
Jurnalistikada sizə ən çox uğur gətirən
hansı janr olub? Ümumiyyətlə
jurnalistikanın hansı janrına üstünlük
verirsiniz?
- Hələ
tələbəlik illərində daha çox oçerk
yazmağa həvəsim olub. Nurəddin müəllimin
tapşırığı ilə beşinci kursda bir ay Neft
daşlarında qalmışam. "İnsan
və dəniz" oçerkim diplom işim kimi "əla"
qiymətə layiq görülüb. Sonralar,
xüsusən uzun müddət Cəlilabadda işləyəndə
tənqidi yazılara, felyetonlara üstünlük vermişəm.
- Siz hər
iki dövrün, həm hakim ideologiyadan asılı olan
senzuralı medianın, həm də azad medianın
şahidisiniz. Bu dövrlər arasındakı fərqi
necə xarakterizə edərdiniz?
- Azərbaycan
mətbuatı klassiklərinin təməlini qoyduqları
gözəl ənənələri sovet dönəmində
senzura qadağalarına, məhdudiyyətlərinə
baxmayaraq özlərinə məxsus üslubda davam və
inkişaf etdirən, vaxtilə auditoriyalarda, sonra isə
redaksiyalarda, həyatda bizi öyrədən ustad jurnalistlərin
yaradıcılıq fəaliyyətlərini araşdıran
elmi- tədqiqat işləri aparılmalı, gənc jurnalistlər
nəslinə yetərincə
çatdırılmalıdır. Mənim
fikrimcə bu, çox vacidir, mənəvi borcdur. Heç vəchlə tarixi mərhələ təşkil
edən bütöv bir dövrün üzərinə qara pərdə
çəkmək olmaz.
Mətbuatda senzuranın ləğvi, Azərbaycanda azad,
müstəqil medianın yaranması böyük tarixi hadisədir. Yaşlı
jurnalistlər nəslinin nümayəndəsi kimi Tanrıma,
taleyimə minnətdaram ki, ömrün bu çağına
yetirdi məni. Uzun illər şahidi olduğum, indi isə
qəzet-jurnal məqalələri ölçüsünə
sığmayan hadisələri, xarakterləri, hiss və həyəcanlar
burulğanını bədii təfəkkür süzgəcindən
keçirib ədəbiyyata gətirməyə imkan tapdım.
Yeri gəlmişkən, cavan həmkarlarıma bir vacib məsələyə
diqqət yetirmələrini tövsiyə edərdim. Mətbuat,
söz azadlığı jurnalistin bir qələm sahibi kimi məsuliyyətini
qətiyyən azaltmamalıdır. Əksinə,
onu düşündürən, narahat edən mövzuları
yüksək məsuliyyət hissiylə, konkret faktlara əsaslanaraq
yazmalıdır. Tənqidi təhqirə
çevirmək, heç kəsin şəxsiyyətinə
toxunmaq olmaz. Hər hansı informasiya, adi xəbər
belə oxucuya, dinləyiciyə düzgün, qərəzsiz,
vicdanla çatdırılmalıdır.
- Bu gün jurnalist təhsili olmayan bir çox tanınmış jurnalistlər var. Sizcə peşəkar jurnalist üçün jurnalistika təhsili vacibdirmi?
- Mənim subyektiv fikrim belədir: peşəkar jurnalist üçün jurnalistika təhsili lazımdır. Müvafiq təhsili olmadan mediada çalışıb tanınanların belə bu ixtisasa mükəmməl yiyələnmələri üçün uyğun kurslarda biliklərini təkmilləşdirmələri faydalı olardı.
- Bu gün istər televiziya jurnalistikasında,
istərsə də mətbuat və virtual sahənin
jurnalistikasında Azərbaycan dilinin normaları tez-tez pozulur. Həmişə
dilin keşiyində dayanan bir yazar kimi belə hallar sizə necə
təsir edir?
- "Azərbaycan Respublikasının dövlət dili
haqqında" Qanunda deyilir ki, bütün kütləvi
informasiya vasitələri (mətbuat, televiziya, radio və s.),
kitab nəşri və digər nəşriyyat işi ilə
məşğul olan qurumlar Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidirlər.
Çox təəssüf ki, dilimizin normaları tez-tez
pozulur. Dilin qayda-qanunlarına əməl etmədən
yazmaq, danışmaq getdikcə dəb halını alır.
İndi efirdən tez-tez oblast, industriya, rezerv,
yerli-yersiz prioritet sözlərini eşitmək olar.
"Sakitçilik", "xoşbəxtçilik",
"bədbəxtçilik",
"narazıçılıq", "bu günlərim",
"sonram" və s. bu kimi ifadələrin müntəzəm
olaraq işlədilməsinə, məntiqsiz fikirlərə nə
deyəsən?!
Efirdən reklam xarakterli "Nəriman Nərimanovda yerləşən
qadın salonu" və yaxud "Uşaq bağçasının
Elmlər, Əcəmi, Xalqlar filialları" kimi ifadələrin
səslənməsi sələflərimizə, tariximizə,
dilimizə hörmətsizlikdir.
Kütləvi informasiya vasitələri dilin
qorunmasını, işləkliyini təmin etməyə
birbaşa borcludur və bunun üçün məsuliyyət
daşıyır. Bu mənada kadr seçiminə diqqət
yetirilməsi vacibdir.
-
Nümunəvi bir ailəniz var. Həyat yoldaşınız
da tanınmış jurnalistdir. Nəzərə
alsaq ki, bu sənət insanı bütünlüklə
özünə tabe edir, çətin olmadı ki, sizin
üçün?
- Əksinə, həm ailədə, həm də işdə
bir-birimizə dayaq olduq. Qarşımıza çıxan çətinlikləri
birlikdə aradan qaldıra bildik.
Tale elə gətirdi ki, mən Azərbaycan
Televiziyasının "Gənclik" redaksiyasının
şöbə müdiri işləyəndə 1970-ci ildə
Mərkəzi Komitənin qərarı ilə Cəlilabad rayon
qəzetinə redaktor təyin olundum. Ailəmiz həmin
rayona köçdü və birlikdə işləyib
yaşadıq, uşaqlarımızı boya-başa
çatdırdıq. Əvvəlki təcrübəmiz
və bir yerdə çalışmağımız öz bəhrəsini
verdi: "Yeni gün" qəzeti nəinki
Azərbaycanda, hətta keçmiş Sovetlər
İttifaqında tanındı, SSRİ Jurnalistlər
İttifaqının ən yaxşı rayon qəzetləri
üçün təsis etdiyi mükafata layiq
görüldü. Sonra mən felyetonlarıma və
tənqidi yazılarıma görə SSRİ Jurnalistlər
İttifaqının mükafatı laureatı oldum və idarə
heyətinin şəhər-rayon qəzetləri üzrə
bürosunun üzvü seçildim.
Həyat yoldaşım da, mən də sənətimizin vurğunu, qətiyyətli, nikbin olmuşuq. Nazim Hikmətin bir sözü yadıma düşür: xoşbəxt o adamdır ki, evdən işə, işdən evə tələsir. Biz bütün günü evlə redaksiya arasında çalışır, çarpışır, ailəmizlə, ürəyimizcə olan işimizlə nəfəs alırdıq.
Həyatımızın unudulmaz illərini - düz 20 ilini Cəlilabadda yaşayıb işləmişik, öz elinə, torpağına bağlı olan əqidəli, sadə insanlarla, ziyalılarla duz-çörək kəsmişik. Azərbaycanın bu gözəl guşəsinin göz oxşayan, ürək açan mənzərələri yaddaşımızda dərin iz salıb.
- Jurnalistika ilə yanaşı bədii yaradıcılıqla da məşğul olursunuz. Bədii yaradıcılığınızı jurnalist fəaliyyətinizin tərkib hissəsi kimi qəbul etmək olarmı?
- Əlbəttə, olar. Bunu ilk dəfə mənə görkəmli yazıçı-jurnalist, ustadım Nahid Hacızadə Televiziya və Radio Verilişləri Komitəsində birlikdə işləyəndə demişdi. O, baş redaktor kimi yazılarımı diqqətlə oxuyurdu, oçerklərimi sənədli hekayə kimi dəyərləndirirdi. Həvəslənib etüdlər, kiçik hekayələr yazmağa başladım. Rayonda işlədiyim müddətdə şahidi və iştirakçısı olduğum real həyat hadisələri əsasında yazdığım povesti Nahid müəllim bəyəndi, "Azərbaycan" jurnalında çap etdirməyimi məsləhət gördü. Povestin taleyi uğurlu oldu. Onun ardınca "Zirvədən zülmətə", "Günah", "Susmuş çayın nəğmələri" povestləri və "Qəsd" romanı nəşr edildi.
"Qəsd"in maraqlı, oxunaqlı bir əsər olduğunu, romanda sərt, amansız həyat gerçəkliyinin müxtəlif insan taleləriylə qovuşduğunu ədəbi tənqid xüsusilə qeyd etmişdir.
Son illərdə "Azərbaycan", "Ulduz", "Yada düşdü" jurnallarında, "Ədəbiyyat" qəzetində, "Kaspi", "Ədalət" və "525-ci qəzet"də povest, hekayə, esse, publisistik məqalə və xatirələrim ("Adamsız adam", "İblis xisləti", "İnsan kimi", "Qürub çağı", "Üfüqdə qaralan dağlar", "İnam", "Yalqız", "Gecə yarısı döyülən qapılar", "Kürün sahilləri, ömrün dolayları") çap olunmuşdur.
Hazırda "Həyat hekayələri" silsiləsindən hekayələr və esselər üzərində işləyirəm.
- Çox sağ olun. Sizə yaradıcılıq uğurları və cansağlığı arzulayırıq.
Ədalət.-2015.-2 may.-S.12.