İNSANLARIN SAYI QƏDƏR SİFƏTLƏR VƏ XARAKTERLƏR VAR

Bunu hər gün müşahidə etmək mümkündü

 

 

Hər kəs bir ömür yaşayır. Təbii ki, cismani mənada. Zaman-zaman yaddaşlarda, tarixdə, ürəklərdə yaşayanlar da var, onlar insanlığın fövqündə dayananlardı. Həmin insanlar daha çox mələklər, xilaskar qəhrəmanlar, qeyri-adi güc və ilahi qabiliyyətlərə malik varlıqların həyatda nümunələri, oxşarları, bənzərləri, hətta bəzən onların missiyasını daşıyanlardı. Bax, belə insanlar hamının gözünün önündə olur, hamı onları görür və onlar nə qədər ki var, onlar hamı üçün gərəkli olur. Elə ki dünyalarını dəyişdilər, onda həmin adamlar qədirbilənlər üçün, dəyər verənlər üçün, duyğusallar üçün hansı ürəkdə sevgi, ümid, inam, insanlıq toxumları səpiblərsə, həm də həmin ürəklər üçün yaşayırlar. Məhz o zaman dünyasını dəyişənlərlə qalanlar arasında təkcə xatirə körpüsü yox, həm də bir ruh körpüsü salınır. O körpüdən isə anlayışlılar, anlamaq üçün doğulanlar və bir də yaşadanlar, xatırlayanlar keçib gedirlər.

Çox dəyərli bir insan, çox duyğusal bir xanım və həyatda tanıdığım tək-tək yaşatmaq gücündə olan bir insan. Mən bu xanımı tanıdığım gündən onun yalnız cismən dəyişdiyini hiss etmişəm. Saçları bir az bəyazlaşıb, çöhrəsi bir az solub. Amma gözlərinin işığı, gözlərinin dərin mənası olduğu kimi qalıb. Sadəcə, o gözlərin sevincini daha çox kədər, ağrı-acı, sızıltı əvəz edir. Buna baxmayaraq, o gözlərdə yaşayan ümid işığı mənə elə gəlir ki, hələ də soraqdadı, hələ də axtarışdadı. Sizin də tanıdığınız həmsöhbətimi yenidən sizə təqdim edirəm. Bu təqdimat məhz bəhs etdiyim insanlığın, özü də mükəmməl insanlığın günümüzlə demək olar ki, üst-üstə düşən qüsurlu tərəflərinə aydınlıq gətirmək üçündür. Beləliklə, Sona xanım Çərkəzin vaxtını alıb ona bir neçə sualla müraciət edirəm:

 

- Sona xanım, siz oxucularımız üçün daha çox kövrək duyğuları, həsrəti, sızıltıları və bir az da həmin o dediklərimin işığında güvənci, şəxsi nümunəni həmişə qələmə alırsınız. Təbii ki, yaşa-dığınızı, gördüyünüzü yazırsınız. Şəxsən mən sizin bir oxucunuz olaraq hər bir məqalənizdən, şei-rinizdən sonra özüm öz içimdə müəyyən bir diskussiya, sorğu-sual edirəm və görürəm ki, yazdıq-larınız, ifadə etdikləriniz həm də mənim düşündüklərim, mənim yazmaq istədiklərimdi. Bax, bu mənada siz hər bir yazınıza ömrünüzün müəyyən hissəsini hopdurursunuz. Bu çətin deyilmi?

- Öncədən deyim ki, bu günlərdə, yəni aprelin 22-də Çərkəzin ad günündə məzarını ziyarət etmək üçün kəndə getmişdim və sualınız çox kövrək anımda lap yerinə düşdü. Mən biganəlikdən uzaq, minnətdarlıq hissinə isə çox böyük önəm verən birisi olduğumdan hər nəfəs alıb-verəndə Onu düşünür və hər an ilk ağlıma gələn Ona minnətdarlıq etmək və ruhu qarşısında səcdəyə qalxmaqdır. Uşaqlıq dövrümdə və məktəb illərimdə hər kəs kimi qəhrimi çəkən, təhsilimə xüsusi fikir verən, qürur yerim olan ziyalı valideynlərim hər zaman ağlımda və yaddaşımdadırlarg Ondan sonrakı həyatımın hər dönəmində isə məni güclü edən, sözümün keçərliliyinin səbəbkarı olan O idi - Çərkəz. Bu gün ən böyük ali məktəblərin birində - Bakı Dövlət Universitetində çalışmağım, eşidilən səsim, ziyalılar arasında tanınmağım da onun adı ilə bağlıdır. Məni ali məktəbdə oxudan (ailə qurduqdan sonra), öz yanına işə gətirən, daima köməyim olan O insana, yəni ömür-gün yoldaşıma, həyatımın sonunadək hər kəsdən çox minnətdaram və minnətdar olaraq da qalacağam. Hər dəfə universitetin qapısından girəndə yoxluğundan o ki var üşənirəm, evə qayıdanda yenə hər şey onunla bağlı xatirələrə qısılır və özüm-özümə təsəlli verərək divardan mənə baxan şəkli ilə danışıram. Deyirəm: Sən varsan, Çərkəz, evimizdəsən, heç soyutmadım ocağımızı bu 21 ildə. Hər nə oldusa dözdüm ...

- Təbii ki, mən sizin yaradıcılığınızın əksər hissəsiylə yaxından tanışam və birmənalı şəkildə deyə bilərəm ki, sizin publisistikanız, poeziyanız doğmalarla, dost-tanışla, öz ətrafınızla bir növü söhbətdi, onlarla qarşılıqlı ünsiyyətdən daha çox özünüzlə danışmaqdan, özünüzü-özünüzlə bölüşməkdən ibarətdi. Bunun səbəbi nədir?

- Açığını deyim ki, ömürdən uzun olan günlər, aylar, cavabı tapılmayan suallar kimi yorur məni, çünki əlyandıda hər işimi sonraya saxlayıb bəzilərinin bugünkü rahatlığının bünövrəsini qoyarkən heç düşünməzdim ki, bir gün bu suallarla üz-üzə qalaramg Məni dilə gətirən bizdən bəhrələnənlərin unutqanlığıdır. İnanmazdım ki, bir ömür haqq-sayım suya dönüb ovcumda buxarlanacaq. O üzdən illərlə ürəyimə ağırlıq edən giley-güzarını sizə açıq söyləyir və çatdırıram, hələ də məni anlamayan bəzi donuq və unutqan qohum-əqrəbaya. Və bilirəm elələri təəccüblənərək deyəcəklər çox uzaqdayıq ki, bir şəhərdə, bir bölgədə və ən azı bir ölkədəyik? Bir də insanların qulağından bir an belə aralanmadan məsafələri yaxınlaşdırıb ürəkləri soyudan telefona nə gəlib? Doğrudur, amma bəzən o telefon sahibləri belə ən yaxınının əhvalını soruşmaq üçün bir manatını qənimət bilib (konturum azdır deyərək) ya salam verib ardını soruşmağı unudur, ya da kürkünə bit salaraq olanları xatırladacaq fikirlərdən qorxub telefonunu heç açmırg Lakin məni bilən bilir ki, mən belə buz münasibətlərin, biganəliyin və laqeydliyin qənimiyəm, odur ki, ən doğrusu elə qələmlə ünsiyyətdə olmaqdır. Çünki yazılan söz əbədi qalır və bu gün olmasa da başqa bir gün daş qəlbli, küt beyinlərə batırg

- Sirr deyilsə, Sona xanım öz Çərkəzi ilə baş-başa qalanda nələri xatırlayır, nələrdən danışır və ya nələrə təəssüf edirlər?

- Mən hər vaxt düşüncələrimi və bir ömür haqq-sayımı tikə kimi udanlara qınağımı qələmim vasitəsi ilə söyləyir, ürəyimi didən naxələflikləri onunla bölüşürəm, çünki qələm bəzilərindən fərqli olaraq etibarlıdır, ələyəz yeli kimi gündə bir səmtə əsməyəndirg Qələm sözümü yarımçıq kəsməz, dediklərimi dəyişməz, bir də o mənim 21 illik Çərkəz ağrılarıma işıq tutan, Füzulisiz ötən acı günlərin atəşinə su səpəndirg Onu da deyim ki, elə ürəyimi qələmə açmağı da Çərkəz öyrətdi mənə, özünün yazıb qoyduğu 53 səhifəlik gündəliyi iləg 54 illik ömrünün nisgillərini də, uğurlarını da, sevincini də yazıb kitab rəfində saxlamışdı və yoxluğundan sonra o gündəliyi yuzlərlə ürəkli insanlar oxudu... Çox şeyləri sığdıra bilmişdi o gündəliyə Çərkəz... Bizim, yəni mənim və övladlarının xarakterlərimizi, qohumlara münasibətimizi, xüsusən mənim vali-deynlərimə sonsuz diqqətimi birər-birər yazaraq, hətta orada məni Səməndər quşuna da bənzətmişdig O gündəlik mənim 66 illik ömrümdə ən böyük mükafatımdır, çünki onu Çərkəz yazıb. O gündəliyi professor Tofiq Hacıyev, professor Əmirxan Xəlilov, professor İfrat Əliyeva, ürək dostum, professor Aysəba Əlizadə, övladım qədər doğma bildiyim Zemam və Aynurum, yəni qiymət verməyi bacaran, qədirbilən və mötəbər insanlar oxumuşlarg

- Bəli, "Bir gün gələn, bir gün gedər", deyimi doğrudur. "Ölənlə ölən olmayıb", bu da doğrudurg Amma varlığı qədər yoxluğu ilə də ölümü öldürənlər və bir çox xüsusiyyətləri ilə əbədi yaşam haqqı qazananlar var ki, bu ən böyük gerçəklikdir. Kiçicik komamızda bir nəslin gəlib-gedəninə üz verib qapı açan, hər bir kəsin möhübünü düzən bizləri və sonsuz haqq-sayımızı unutmaq olarmı? İdrakı inkişafdan qalanları, yaxşılığı bacarmayıb pişik kimi arxasını yerə vurmayaraq hər şeyi inkar etməklə məşğul olanları qılınclayan birisi kimi mən heç nəyi unuda bilmirəmg Olanları necə inkar etmək olar axı? Ən azı bir telefon zəngiylə və ya səmimi "necəsən"lə könül xoş etmək, "diqqətini, zəhmətini, mənə qucaq açmağını unutmaram, bil" demək çoxmu çətindir? Hiss etməsən, vicdanın dinməsə, necə deyəsən? Qapılarını valideyninin və doğmasının üzünə bağlayanları gördükcə bizim həyatımızın, (çətinliklərlə dolu olsa da), nə qədər əlçatmaz olduğuna bəzən də sevinirəm. Yeyib-içdiyini özünə qənimət bilən, tikə sayan, cılız fikirlilər anlamaz bizi. Xəmrəsi biganəlikdən yoğrulan, xəbis və şeytan xislətlilər nə bilər yaxşılıq, əzab-əziyyət, fədakarlıq nə deməkdir??? Onlar nə bilər bir gün yox, illərlə qohum-əqrəba qəhri çəkmək, dam-dar evlərdə hər kəsə yer eləmək, xəstəxana yollarında yorğun düşmək, kimlərisə əsgər yola salmaq, evlərə cer-cehiz yığıb sinə qabağa vermək, çoxlarının təhsil almasına valdeynindən daha artıq yardımçı olmaq və ya sınıq-salxaqlıqlarına çarə tapmaq, aça bilmədikləri qapıların üzlərinə açılmasına səbəbkar olmaq nə deməkdir? Amma el gözü də tərəzidir, insan gərək elinə-obasına, heç olmasa, ən yaxın ətrafına yararlı olub həyatda bir şey eləyə ki, deməyə də sözü olag

- Sirr deyilsə, ömrünüzün bu çağında təəssüf, yoxsa peşmançılıq hissləri sizi üstələyir?

- Bəzən nadana və naxələfə bu gün oturduğu yerdə kimə görə oturduğunu xatırlatmaq istəyəndə gördüyüm boz üzlərdən sarsılıb, özümü qınaq atəşinə tuturam ki, nədən belə kürəyi ağır yüklü olduq, nədən heç kimə turş qaş-qabaq eləməyi bacarmadıq, yox sözünü ağzımıza alammadıq və bircə gün özümüz üçün yaşaya bilmədik??? Bu nə məcburiyyət idi? Xeyrə-şərə tələsmək, dara düşənin dalınca (dəfələrlə) kəndə-kəsəyə yol döymək, zaman xərcləmək bizəmi qalmışdı? Evimizdə illərlə yataq salanlar hanı indi? Dəyərsizlərə yanaraq külə dönməyin sonu isə əfsus ki, saqqız tək çeynənmək və ya hər şeyin minnətdarlıq hissindən məhrum olanlar tərəfindən inkar edilməsini görmək oldu. Doğru fikirdir ki, yaxşılıq toxum kimidir, gərək biləsən hara əkirsən, natəmiz yerə düşən toxum çürüyər. Heyiflərim və əfsuslarım çox zaman sonsuzluğa üz tutub əl kimi boğazımdan yapışıb boğur mənig Özüm-özümə təsəllini anamın tez-tez söylədiyi aşağıdaki bir fikri ilə verirəm: "Ay bala, son sözünü əzəl deyə bilən düşüncəsizlərə baş qoşma, onlarınki, tək özləri, bir də balalarıdır, onlar sən deyilsən ki, ata-ana yükünə çiyin verib yanıb kül olalar"... Haqlısan, ana! Yanmağı bacarmayanlar danmağı əla bacarırlar... Amma mən onlardan fərqli olaraq son sözümü sonda deyirəmg

- Sona xanım, sizin ömür kitabınızdan xəbərim var. Tam səmimiyyətlə deyim ki, bir az pafoslu səslənsə də, ürəyinizin səsini də eşidirəm. Yaxşı bilirəm ki, siz dəyişən, başqalaşan deyilsiniz. Amma laqeydliyə, sayqısızlığa, nadanlığa qarşı dözümsüzsünüz. Bu da sizi çox ağrıdır, müəyyən mənada ömrünüzə balta çalır. Bu ömrü nadanlara görə baltalamağa dəyməz. Siz həm də Çərkəz müəllimlə qardaşınız Füzuli müəllimin ömrünün davamını yaşayırsınız.

- Dediklərinizi səmimi qəbul edirəm, sağ olun, minnətdaram. Yaxşı ki, məni anlayan sizin kimilər var. Yaxşı ki, mənim mələk ürəkli, məndən dualarını əsirgəməyən anam, nəvələrim Çərkəz, Sona və bir də etibarlı dostlarım var. Lakin biganələrə də deyəcəklərim var ki, heç olmasa, xəyalən dönün geri, keçdiyiniz yollarda qolunuzdan yapışanları yaxşı-yaxşı xatırlayın, adicə insan olmağı bacarın və ürəyiniz olsung "Allah verir", dediyiniz o ruzinin də, ayaqlarınız üstə bu gün dümdüz dayanmağınızın da səbəbkarları var, olub... Unutmayın!.. Unutmayın ki, yaxşılığın əvəzi olmur, ancaq onun urvatı olur. Onu urvatlı etmək üçün isə inkar etmək yox, böyük ürəkli insan olmaq gərəkdir...

... Bəli, mən Sona xanımla həmsöhbət olduğum zaman kəsiyində də onun öz ilkinliyində qaldığını, ruhunun isə adlarını öz adı ilə yanaşı yaşatdıqlarının yanında olduğunu anladım. Başa düşdüm ki, Çərkəz müəllimlə özünün doğum günlərinin arasında qələmə aldığım bu söhbət heç də təsadüf deyil. Bəlkə də bu, onların arasındakı məsafənin yaxınlaşmasıdı. Bir də ki, heç nə təsadüfi olmur. Axı, ruh ölmür!

Mən bilirəm ki, hər gün, hər an öz Çərkəziylə pıçıldaşan Sona xanım həmin pıçıltıları sonra misralara çevirir. Bu müsahibənin sonunda Sona xanımın Çərkəz müəllimə pıçıldadığı son misraları diqqətinizə təqdim edirəm.

 

KİMƏ DEYİM?

 

Çərkəzə

 

Daha əvvəlki tək hər ay

gələmmirəm məzarına.

Yəqin göylərdən baxırsan

mən yazığın güzarına.

 

Küsməzsən bilirəm məndən,

belə şey uzaqdır Səndən.

Özüm özümdən inciyəm

düşmüşəm ayaqdan-əldən.

 

Kimə deyim apar məni?

Allah üzü verib ətdən.

Töhmətə dözə bilirəm

qorxuram nəsə minnətdən...

 

Canımı dişimə tutub

ad gününə gələcəyəm.

Dayanıb Sənnən üz-üzə

dərd-sərimi böləcəyəm.

 

Sən mənimçün yenə varsan,

sözümüz-sovumuz birdir.

Nə olsun ki, görüşmürük

biz artıq - 21 - ildir...

 

Ədalət.-2015.-2 may.-S.9.