GÜN O GÜN OLSUN
Kİ...
("Faşizm
üzərində qələbə
- 70" silsiləsindən)
Böyük Vətən müharibəsi
Azərbaycan poeziyasının
görünməmiş dərəcədə
fəallığını, xalqla birbaşa əlaqə və bağlılığını, ünsiyyət merianlarını
genişləndirdi. Azərbaycan şairləri
də əsgərlərə
döndülər, təbii
ki, onların silahı Söz idi. Bu Söz beş il
ərzində döyüşçülərə
qələbə ruhu aşıladı, səngərləri
gəzdi, Azərbaycan
əsgərlərinin igidliklərini
vəsf etdi, arxa cəbhədə yaşayan anaların, ataların, nişanlı qızların həsrətini,
intizarını və
əlbəttə, qələbəyə
inamını əks etdirdi. Yazılan hər bir şeir həm qələbə, həm də nifrət üstündə köklənmişdi.
Qələbəyə inam
və düşmənə
nifrət! Bu yazıda
biz o illərdə diqqəti
cəlb edən bir neçə şeirdən söz açacayıq.
Müharibənin ilk illərində şeirimizdə
çağırış və səfərbərlik
ruhu güclü idi. Şairlər cəbhəyə yollanan oğullarımızı
qələbəyə, qisas
almağa səsləyir,
onlara Vətəni qorumağı, onun şərəfini uca tutmağı tövsiyə
edirdilər. Özləri də and içirdilər.
Süleyman Rüstəm
yazırdı:
Mən istərəm sağ çıxmayım bahara,
Təki anam düşmənə baş əyməsin.
Bu müqəddəs, son davada
hər yara
Mənə dəysin, vətənimə
dəyməsin!
Süleyman Rüstəm poeziyası həmişə vətənpərvərlik
ruhunu aşılayıb. Onun müharibə
illərində yazdığı
bir çox şeirlər dillər əzbəri idi. Onun səsi xalqın səsi idi, hamının adından danışırdı:
Gün
o gün olsun ki, qurtarsın dava,
Dağılsın buludlar, açılsın
hava.
Alınsın düşməndən intiqam, qisas,
Torpaq nəfəs alıb dincəlsin bir az.
Silinsin könüldən, ürəkdən
ağrı
Bir də tapdanmasın vətənin
bağrı.
Yaxası
ordenli igid yar gəlsin,
Xəbəri gəlməyən oğullar
gəlsin!
Süleyman Rüstəmin o illərdə
qələmə aldığı
qəzəllər, "Cənub
şeirləri", xüsusilə
"Ana və poçtalyon"
şeiri dillər əzbəri idi. Sanki ikinci bir Süleyman
Rüstəm doğulmuşdu
ki, öz poetik düşüncələrini
daha sanballı ifadə etsin. Onun "Gözlə" şeiri arxa cəbhə ilə döyüşən
cəbhənin birliyini,
vəhdətini ifadə
edirdi, bu şeirin qəhrəmanı
öz sevgilisinə
"məni gözlə,
qayıdacağam!" deyirdi.
Sağlığımdan uzun aylar xəbərin olmasa da,
Saxla ilk
eşqimi qəlbində
əmanət, gözlə!
Desələr öldü, yalandır!
Ölümümdən qorxma,
Görəcəksən məni qarşında hal-əlbət,
gözlə!
Müharibə illərində belə
bir keyfiyyət dəyişikliyi Rəsul Rzanın poeziyasında da hiss olunurdu. O, hələ müharibədən
öncə faşizmi
lənətləyən şeirlər
və "Almaniya"
poemasını yazmışdı.
Müharibə illərində isə
onun şeirləri döyüşçülərimizi qələbəyə çağırış
ruhunu ifadə edir, Vətən məhəbbətini uca tutmağı aşılayırdı.
Rəsul
Rzanın "Bəxtiyar"
şeiri müharibə
illərinin poeziyasında
xüsusi poetik təravəti ilə seçilirdi. Şeir igid
döyüşçü Bəxtiyar Məmmədovun
ölümünə həsr
edilmişdi, O Bəxtiyar
Məmmədovun ki, on
bir faşistlə təkbaşına vuruşmuşdu,
onları məhv etmişdi, özü də həlak olmuşdu. Şeir on
hecalı (Azərbaycan
şeirində çox
az təsadüf
olunan formada) qələmə alınmışdı:
Külək qarı səpələr,
Bəxtiyar!
Ağ geyinib təpələr, Bəxtiyar!
Gecə
qara, yol uzaq, qardaşım;
Göylər bulud, çöl-düz
ağ, qardaşım;
Kaman çalan o kimdir,
o, Bəxtiyar?
Küləkdir ya şamdır, o, Bəxtiyar?
Hənirini duydumu kəhərin?
Tüfənginə yapışdı əllərin.
Düşmən on bir, təkcə sən, nə zərər?
Tənlik
işarəsidir güllələr!
Gənclik, həyat şirindir,
qardaşım;
Vətən qat-qat şirindir, qardaşım.
Sən qorudun vətəni, Bəxtiyar!
Vətən unutmaz səni, Bəxtiyar!
Bundan sonra fəxr ilə analar
Körpəsinə ad qoyar: Bəxtiyar!
Müharibə illərində bir şairin də yaradıcılığında dönüş başlandı. Bu, öz lirik, rübayi şeirləri ilə diqqəti cəlb edən Əhməd Cəmil idi. O, hələ müharibədən öncə
"Can nənə, bir
nağıl de" şeirini
yazmışdı, bu
şeir "müharibə
dövrünün əhval-ruhiyyəsi
və hadisələri
ilə qəribə şəkildə səsləşirdi.
Atası
orduya getmiş balaca bir oğlanla
onun nənəsi arasında soyuq qış gecəsində
gedən adi bir dialoq onların
hər ikisinin daxili aləminə baş vurmaq, hansı hisslər və arzularla yaşadıqlarını görmək
üçün geniş
imkan verir" (Bəkir Nəbiyev).
-Ay nənə, bir nağıl de!
-Ömrüm-günüm, yat
daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
-Can nənə, de birini də.
-Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə
keçib, ev
soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə
məstan pişik, odur yatıb bayaqdan.
Ört üstünü,
dərdin mənə,
bax, eşikdə yel əsir.
Mehdi Hüseyn
vaxtilə bu şeir haqqında yazırdı ki, şair son dərəcə
orijinal bir formada optimist bir əsər yaratmışdır.
Bu əsərin gözəlliyini
duymaq üçün
onu başdan-ayağa diqqətlə oxumaq lazımdır. Bu şeirdə hər şey yenidir: məzmun da, ideya da,
forma da, sözlər də.
"Can nənə, bir
nağıl de!" hər
şeydən əvvəl
həyatımızın ən
tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni
bəzəmir, "romantikləşdirmir",
amma əsər gözəl rayihəli bir romantika ilə
nəfəs alır.
Burada lirika da vardır,
xəfif bir kədər də, bahar ətri verən bir sevinc də".
Bir gizilti duyur uşaq
vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı.
-Bəs ay nənə, atam indi haradadır,
görəsən?!
-Bıy, başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
-Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü
qar, külək?
Etiraf edək
ki, Azərbaycan poeziyasında bu dərəcədə səmimi
şeir o qədər
də çox olmayıb. Həm də bu poetik nümunə süjetli şeirin ən gözəl örnəklərindən biri
hesab edilməlidir.
Əhməd Cəmil bütün
yaradıcılığı boyu poema adına bircə nümunə də yazmadı.
O, ömrünün sonunacan lirik şeir ustadı kimi tanındı. Xüsusilə müharibə illərində
yazdığı şeirlərdə
pafos və ritorika yoxdur, mədh və tərənnüm zilə
qalxmır, şair əsgər qəlbinin çırpıntılarını şeirə gətirirdi.
Səməd Vurğun
yazmışkən: "O öz
incə rübabında
çaldığı nəğmələrlə
həyat və səadət ordumuzun qəlbinə ilham və qüvvət verir, qəhrəmanlarımızın
mərd əllərini
alqışlayır, həyat
və azadlıq bayquşlarının törətdiyi
dözülməz faciələrin
bədii tablosunu verir".
Səməd Vurğun şairin
müharibə illərində
yazdığı "Nişan
üzüyü" şeirini
xatırladır:
Qarlı
düzdən uçub
qonur komaya qış axşamı,
Şölə çəkir kənd
evinin titrək, yanan ağ
şamı.
Əsgərlərin miz üstünə əyilmişdir
başları,
Qəzəbdənmi, kədərdənmi çatılmışdır
qaşları.
Ortalıqda bir üzük var...Üstündə qan ləkəsi,
Gəzir
evdə əldən-ələ
soyuq alman qəməsi...
Şam əriyir, ocaq sönür, hamı dalğın, hamı lal...
Buz bağlamış pəncərədən
baxır bir solğun xəyal:
O, tanıcaq üzüyünü,
ala gözləri dolur,
Sonra yenə
buz bağlamış
pəncərədə yox
olur.
Əhməd Cəmil insan hisslərinin, duyğularının
rəssamı idi. İndi bəzən
o illərin poeziyasından
söz açan bəzi müəlliflər
yazırlar ki, sovet dövrünün şairləri zərif hisslərdən, duyğulardan
yan keçmişlər.
Bu fikrin nə
qədər yanlış
olduğunu sübut etməyə ehtiyac yoxdur.
Budur, müharibənin od-alov saçan səngərindən
bir əsgərin qəlbi həzin-həzin səslənir:
Ocaq sönür, yel əsir, yağış döyür səngəri...
Yenə düşür yadıma ömrün ötən günləri.
Hanı,
hanı deyirəm, o dilimin əzbəri,
İlk görüş,
son ayrılıq xatırında
qalırmı?
Görəsən, o gözəl qız məni yada salırmı?
Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim
də kəndə.
Görün, bağa-eyvana sərin
kölgə düşəndə
O qız yenə oxuyub şən mahnılar çalırmı?
Görün, hər nəğməsində
məni yada salırmı?
Bir sözlə,
müharibə illəri
poeziyası öz xüsusi ahəngi, vətənpərvərlik ruhu,
həm də qələbəyə inam
duyğuları ilə
ədəbiyyat tariximizdə
yeni bir səhifə açdı.
Ədalət.-2015.-6 may.-S.7.