Elvin Mürsəliyev : "Futbolçularımız bizim qədər əziyyət çəksəydilər, dünya çempionu olardılar"

 

"Avropa Oyunları dünya çempionatından da nüfuzlu turnirdir"

 

Elvin Mürsəliyev 1988-ci ildə Azərbaycan respublikasının Bakı şəhərində dünyaya gəlib. İdmanın yunan-Roma güləşi növündə mübarizə aparan Mürsəliyev bir sıra turnirlərdə adından söz etdirib. 2010-cu ildə paytaxtımızda keçirilən Avropa çempionatında ikinci olan idmançımız ötən il yenidən qitə çempionatının fəxri kürsüsündə qərarlaşıb. Vantaada keçirilən Avropa çempionatında üçüncü olan pəhləvanımız Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan mundialın da bürünc mükafatçısı olub. Bundan başqa, o, dəfələrlə Azərbaycan çampionatının, Qızıl Qran-Pri turnirlərinin, digər beynəlxalq yarışların qalib və mükafatçısı olub. E. Mürsəliyev martda İranda təşkil olunmuş Dünya Kuboku turnirində yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, hazırda 75 kiloqram çəki dərəcəsində Dünya Güləş Birliyinin reytinqində dördüncü pillədədir.

 

Adalet.az-ın "FƏXRİ KÜRSÜ" rubrikasının növbəti qonağı yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının liderlərindən biri olan Elvin Mürsəliyevdir.

 

"Məni qorumaq üçün məşqçilər bəzi yarışlarda çəki salmağıma da icazə vermirlər"

 

- Elvin, qarşıdan I Avropa Oyunları gəlir və siz çox güman bu  turnirdə iştirak edəcəksiniz...

-Bəli, demək olar ki, iştirakım dəqiqləşib. Əlimdən gələni edəcəm ki, üzərimə düşən vəzifəni artıqlamasıyla yerinə yetirim. Növbəti təlim-məşq toplanışı bu gün bitib(red; 1 may). Məşqçilər korpusu bədənimizin bərpa olunması üçün bir neçə günlük istirahət veriblər. Komanda olaraq məşqlərə məsuliyyətlə yanaşırıq, bütün proqramları artıqlamasıyla yerinı yetiririk. Avropa Oyunlarınadək cəmi iki təlim-məşq toplanışımız qalıb.

 

- Bu turnir sizin üçün hansı əhəmiyyəti kəsb edir?

- Avropa Oyunları dünya çempionatından da nüfuzlu turnirdir. Doğma divarlar arasında keçirildiyindən içi özüm qarışıq bu turnirdə bütün idmançılarımız nailiyyət qazanmaq istəyi ilə alışıb-yanırlar.

 

- Bir neçə il yığma komandada iştirak baxımından çətinlik çəkdiniz. Əsas heyətə düşmək uğrunda mübarizədə Rafiq Hüseynova uduzurdunuz...

- Bildiyiniz kimi, 2010-cu ildə paytaxtımızda keçirilən Avropa çempionatında ikinci oldum, bundan sonra məndə sanki "ulduz xəstəliyi" yarandı. Çəkimi gözləmədim, yarışlara əvvəlki kimi ciddi yanaşmadım. Rejimim pozulmuşdu, gecədən səhərədək internetdə olurdum. Düşünürdüm ki, mən Avropa çempionatının mükafatçısıyam, yerli idmançılardan heç kim məni bu çəkidən sıxışdıra bilməz.  Bu da məşqçilər korpusunun diqqətindən yayınmadı. Heyətə düşmək baxımından yaşadığım problemin səbəbini heç kimdə deyil, sırf özümdə görürəm.

 

- Hazırda 75 kiloqram çəki dərəcəsində vahid lider təsiri bağışlayırsınız... Yoxsa elə deyil, gizli rəqabət var?

- Elədir. Məni qorumaq üçün məşqçilər hətta bəzi yarışlarda çəki salmağıma da icazə vermirlər. Çəkisalma prosesinin bərpası xeyli vaxt aparır. Ötən ilin dekabrında ölkə çempionatında 80 kiloqram çəki dərəcəsində mübarizə apardım və qalib oldum. Finalda da məhz Rafiq Hüseynovu məğlub etdim.

 

- Artıq 27 yaşınız var, amma hələ də olimpiadada iştirak etməmisiniz...

- Rio Olimpiadası mənim üçün demək olar ki, sonuncu şansdır. Orda iştirak edəcəyim təqdirdə fürsəti fövtə verməyəcəm.

 

- 75 kiloqram çəki dərəcəsində əsas rəqibləriniz Rusiya güləşçiləri Roman Vlasov və Aleksandr Çekirkin, xorvatiyalı Neven Zuqaj və erməni Arsen Julfalakyandır. Onlardan hansı ilə qarşılaşmaq daha çətindir?

- Hazırda dünya güləşində 75 kiloqram çəki dərəcəsində ilk beşikdəyəm. Siz adını çəkdiyiniz idmançılar da bu çəkinin ən güclüləri hesab olunurlar. Onların arasında erməni idmançısı ilə görüşmək ikiqat məsuliyyət tələb edir. Dünya çempionatında ona məğlub oldum. Həm üzərimdə start həyəcanı vardı, həm də çəki salmışdım, özümü yaxşı hiss etmirdim. İkinci, ya üçüncü görüş olsaydı, nəticə tam fərqli olardı.

 

 

- Julfalakyanla revanş görüşü haqda fikirləşirsiniz?

- Əlbəttə. Ermənilər Avropa Oyunlarına qatılmayacaq, amma onunla dünya çempionatında qarşılaşmaq şansımız var.

 

 

"Rəsul Çunayev üçün 75 kiloqram çəki dərəcəsində mübarizə aparmaq çətin olar"

 

 

- Avropa Oyunlarından sonra qarşıdan dünya çempionatı gəlir. Bu da Rio olimpiadasına lisenziya xarakterlidir. Las Veqas mundialı haqda nə düşünürsünüz?

- Hazırda qarşıda duran əsas məqsəd Avropa Oyunlarında uğurlu iştirakdır. Hazırda çəkisalma problemi gözümə durub.az, nə çəx 8 kiloqram çəki salmalıyam. Ondan iki ay sonra Amerikaya yola düşəcəyik. Çalışacam, Avropa Oyunlarından sonra çəkimi qoruyum ki, dünya çempionatında bununla bağlı problem yaşamayım.

 

- Belə görünür ki, çəkisalma prosesi sizə çox əziyyət verir. Nə əcəb, 80 kiloqram çəki dərəcəsinə keçmirsiniz?

- O olimpiya çəkisi deyil.

 

- Unutmuşdum(gülərək). Digər qeyri-olimpiya çəkisi də 71 kiloqramdır. Belə təəssürat yaranır ki, Rəsul Çunayev və Rafiq Hüseynov Rio Olimpiadasında iştirak baxımından sizin potensial rəqiblərinizdir...

- Lisenziya xarakterli dünya çempionatında 75 kiloqramda böyük ehtimalla ölkəmizi mən təmsil edəcəm. Hər üçümüz öz çəkimizdə uğurlu iştirak edəcəyimiz təqdirdə bizi sparinq xarakterli görüşlərdə və ya ayrı-ayrı turnirlərdə sınayacaqlar. Kim güclü olsa, olimpiadaya da o gedəcək.

 

- Onlarla müqayisədə öz şanslarınızı necə qiymətləndirirsiniz?

- Mən hazırda 75 kiloqramda çıxış etdiyim üçün özümü daha şanslı görürəm. Amma yenə də yekun qərar məşqçilərin olacaq. İxtiyar sahibi onlardır.

 

- Rafiq Hüseynov bir o qədər də yox, amma Rəsul Çunayev son vaxtlar uğurlu çıxışı ilə diqqəti cəlb edir…

- Rəsul Çunayev üçün 75 kiloqram çəki dərəcəsində mübarizə aparmaq çətin olar. Mənimlə müqayisədə Rəsulun iştirak etdiyi çəki dərəcəsində o qədər də ciddi rəqiblər yoxdur.

 O, daha çox texnikaya meylli idmançıdır, əvvəllər tanımırdılar, güləşmək onun üçün rahat idi, indi digər idmançılar onun fəndlərini, güclü və zəif xüsusiyyətlərini öyrəniblər.

 

- Avropa Oyunlarında komanda yoldaşlarından kimlərin şanslarını yüksək qiymətləndirirsiniz?

- Hamısı yüksək formadadır. Mənə elə gəlir ki, hər bir çəkidə medal qazanacağıq.

 

- 130 kiloqramda da? Sabah Şəriəti heç də uğurlu çıxış sərgiləmir...

- Sabah Şəriəti güləşə çox gec gəlib, cəmi 4-5 ildir. Bu səbəbdən böyük turnirlərdə güləşmək onun üçün bir qədər çətindir. Məşqçilər korpusu hazırda onunla ciddi hazırlıq işi aparır. Ümidvaram ki, o, çıxış edəcəyi təqdirdə Avropa Oyunlarında öz sözünü deyəcək

 

- Yığma komandanın lideri olaraq kimi qələmə verərsiniz?

- Hazırkı formasına görə Həsən Əliyevi xüsusi qeyd edərdim.

 

- Daşkənd mundialına qayıdaq. Siz orda ilk görüşdə məğlub olsanız da, sonradan bürünc medal qazana bildiniz...

- Kəçən il mən ilk dəfə olaraq böyüklər arasında dünya çempionatında iştirak edirdim. Onun üçün çempionatın ab-havasına uyğunlaşa bilmədim. İlk görüşdə məğlub olduqdan sonra məşqçilər məndən əlini tamamilə üzmüşdülər. Məğlub olduğum idmançı finala çıxanda özümə təlqin etdim ki, onun qalib gəldiyi rəqibləri mən də yenə bilərəm. Yalnız gürcü Datunaşvili ilə üçüncü yer uğrunda görüşdə çətinlik çəkdim. Son xal qaydası ilə qalib gəlsəm də, ondan əvvəl parter vəziyyətində xal qazanmışdım, hakimlər qeydə almadı.

 

- Hakim qərəzi ilə tez-tez rastlaşırsınız. Nə məsələdir?

- Mənə çoxları deyir ki, kənardan çox təkəbbürlü təəssürat oyadırsan. Yəqin hakimlər də belə düşünür, onlarda mənə qarşı bir növ antipatiya yaranır(gülür)

 

- İdman aləmində kimlərlə yaxın dostluq münasibətləriniz var?

- Veteran taekvondoçularımız olan Niyaməddin Paşayev və Rəşad Əhmədovla dostuq. Kikboksçularımızdan Babəklə sıx ünsiyyətdəyəm. Sərbəst güləş yığmasının üzvləri ilə də yaxınıq. Daha çox Toğrul Əsgərov və Cəbrayıl Həsənovla dostluq münasibətlərimiz var.

 

- Komanda yoldaşlarınızdan isə, deyəsən, Həsən Əliyevlə...

- Daha çox Rövşən Bayramovla yaxınam. Həsən Əliyevlə də yaxınıq, amma bütün sirrimi Rövşənlə bölürəm.

 

 

 "Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsəri məni çox təsirləndirmişdi"

 

 

- Yaxın dostu kimi Azərbaycan güləşinin brend isimlərindən olan Rövşən Bayramovu xarakterizə edərdiniz...

- Rövşən məndən bir yaş böyük olsa da, ünsiyyətdə özünü 15-16 yaşlı uşaq kimi aparır. Qapalı insandır, çox adamla sirrini bölüşməz. O, atasız böyüyüb, indiki səviyyəyə öz zəhməti, alın təri ilə çatıb. Hazırda ehtiyacı olanlara düşünmədən kömək əlini uzadır. Xəstə, dərman almağa imkanı olmayan və ya digər səbəbdən pula ehtiyacı olan insan Rövşənə müraciət etdikdə heç vaxt əliboş qalmaz.

Bir pis xasiyyəti var ki, birlikdə olanda bədii kitab oxumağa qoymur. Deyir, onsuz da başına girmir, havayı yerə özünə əziyyət vermə(gülür). Mən isə kitab oxumayanda özümü pis hiss edirəm.

 

- Kitab oxumağı belə çox sevirsiniz?

- Bəli

 

- Nə yaxşı...Mütaliəyəmeylli idmançılarımız çox azdır. Daha çox hansı janrda yazılan əsərləri və müəllifləri oxuyursunuz?

- Dedektiv janrını çox sevirəm. Yerli yazıçılardan Çingiz Abdullayev və Elxan Elatlını, xaricilərdən isə Aqata Kristini oxuyuram. Elxan Elatlının "Cəhənnəmdən gələn səs" əsəri məni çox təsirləndirmişdi. Düz bir həftə davamlı olaraq əsərdə cərəyan edən hadisələri yuxuda görmüşdüm.

 Digər janrlarda yazılan kitabları oxuduqda eyni effekti almıram.

 

- Karyeranızı bitirməyi haçana planlaşdırırsınız?

- Elə bir zədə alaram ki, növbəti yarışdan sonra böyük idmandan gedərəm. Amma qarşıma məqsəd qoymuşam ki, bütün titullara yiyələnib, adımı Azərbaycan idmanı tarixinə yazdıraraq karyerama nöqtə qoyum. Bunun üçün də mənə təxminən 3 il vaxt lazımdır.

 

- Gələcəkdə məşqçilik fəaliyyəti ilə məşğul olmaq haqda düşünürsünüz?

- Qətiyyən. Məşqçilik çox ağırdır. Hərdən elə olur ki, məşqçilərin bizə verdiyi məşq proqramı ağır olur, istəmədən özümüzdən çıxırıq.

 

- Yığmanın hazırkı baş məşqçisi Cəmşid Xeyrəbadi ilə münasibətləriniz deyəsən, çox yaxşıdır. Onun sizə qarşı xüsusi simpatiyası olduğu hiss olunur...

- (Gülür). O, məni keçən il Macarıstanda keçirilən dünya çempionatına aparmadı. Həmin ilin birinci yarısı yaxşı formadaydım. Türkiyədə keçirilən təlim-məşq toplanışında səhhətim pisləşdi, formadan geri düşdüm. Bu səbəbdən Budapeştə mənim əvəzimə Rafiq Hüseynovu aparası oldu. Söz verdi ki, gələn il məhz məni dünya çempionatına aparacaq. Apardı və nəticəsini də gördü.

Ümumiyyətlə, keçən il mənə verilən bütün etimadları artıqlamasıyla doğrultdum.

 

- Bayaq Rövşən Bayramov haqqında danışdınız. Mümkünsə, digər komanda yoldaşlarınızı da xarakterizə edərdiniz. Onların özləri və oxucular üçün də maraqlı olar. Başlayaq Həsən Əliyevdən...

- Həsəndir də(gülür). Aramızda tez-tez zarafatlar olur. Həsən çox hazırcavabdır. O, elə bir insandır ki, vəziyyətdən çıxmaq üçün bütün variantlara əl atır. Bildiyini də deyir, bilmədiyini də...

 

- Rəsul Çunayev.

- Rəsul da ancaq "ləzginka"nı qoşur oynayır, özünü bununla motivasiya edir(gülür)

 

- Rafiq Hüseynov.

- Rafiq 66 kiloqramda mübarizə aparanda münasibətlərimiz yaxşı idi. Mənim çəkimdə çıxış etdikdən sonra vəziyyət dəyişdi.

 

 - Emin Əhmədov.

 

- Emin Əhmədov da əvvəllər mənimlə bir çəkidə çıxış edirdi, amma onunla münasibətlərim həmişə qaydasında olub. Çoxları elə düşünür ki, Londonda qazandığı nailiyyətdən sonra onda başgicəllənməsi olub, bu səbəbdən yarışlarda az-az görünür, amma elə deyil, olimpiadadan sonra Eminin belində zədə yarandı, neçə vaxtdır bundan əziyyət çəkir.

Uşaqlar ona xəmir, mənə isə dəmir deyirlər(gülür)

 

- İslam Abbasov və Saman Təhmasibi.

- İslam çox perspektivli idmançıdır. Azərbaycan güləşinin gələcəyi hesab olunur. Onunla dəfələrlə bir otaqda qalmışıq, bir insan olaraq da çox müsbət xarakterə malikdir. Saman Təhmasibi isə sakit insandır.

 

- Sabah Şəriəti.

- O, Azərbaycan dilini çox zəif bilir. Biz də onun kimi fars dilini. Amma əsas sözləri ifadə edə bilirik(gülür)

 

- İki ay öncə Dünya Kuboku turnirində qalib oldunuz. Yığmanın heyətində özünü ən yaxşı tərəfdən göstərən idmançılardan biri də siz idiniz...

- Finaladək bütün görüşlərdə qalib gəldim, yalnız rus Vlasova uduzdum. Həmin görüş öncəsi də zədələnmişdim. Demək olar ki, final görüşünə simvolik olaraq çıxmışdım.

Dünya Kubokunda birinci olacağımıza inanmırdıq, bu, bizim üçün əsil sensasiya oldu. Dünya Kubokunun qazanmağa ən real namizəd ev sahibləri idi.

 

- Mən Rusiyanı deyərdim. Heyətlərində kifayət qədər titullu idmançılar var idi...

- İran yığmasında da demək olar ki, birinci nömrələr çıxış edirdi. Yalnız Həmid Sorian Reyhanpurla Omid Nooruzi yox idi.

İran yığmasını məğlub etdikdən sonra Dünya Kubokunu qazanacağımızı qətiləşdirdik.

 

 

"Güləşçi olmasaydım, böyük ehtimalla futbolçu olardım"

 

- Sevimli məşğuliyyətiniz nədir?

- Tez-tez Rövşənlə onun Mərdəkandakı bağ evinə gedirik. O kabab bişirir, mən isə samovar qalayıram(gülür) Kabab bişirməyi heç cür bacarmıram.

 

- Güləşdən əlavə hansı idman növü ilə maraqlanırsınız?

- Futbolla yaxından maraqlanıram. "Bavariya"nın qatı azarkeşiyəm. Güləşçi olmasaydım, böyük ehtimalla futbolçu olardım. Futbol mənə güləşdən daha asan idman növü təsiri bağışlayır. Futbolçularımız bizim qədər əziyyət çəksəydi, dünya çempionu olardılar.

 

- Elvin Mürsəliyevi çoxmu tanıyırlar, azmı?

- Yolda məni görən 10 nəfərdən heç olmasa 4-ü tanıyır.

 

- Bəs kimi Azərbaycan idmanınının ən tanınmışı, bir növ brendi hesab edirsiniz?

- Fərid Mansurov, Namiq Abdullayev və Rövşən Bayramovu.

 

- Son sözünüz...

- Avropa Oyunlarında bütün idman növlərində ölkəmizi təmsil edəcək idmançılarımıza uğurlar arzu edirəm. İnanıram ki, nəticələrimiz yüksək olacaq.

 

 

Sahib ƏSƏDBƏYLİ

Ədalət.2015.-6 may.-S.6