MÜHARİBƏ OLMASA
("Faşizm üzərində qələbə -
70" silsiləsindən)
Xalq şairi, unudulmaz Məmməd Arazın poeziyasında
müharibə mövzusu da
mühüm yer tutur. Bu da
səbəbsiz deyil. Məmməd
Arazın uşaqlıq və ilk gənclik
illəri məhz o dövrə təsadüf
edir. Onun belə bir şeiri var: "Müharibə olmasa":
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə
Mars arasında,-
Müharibə olmasa!
Yer min illik barını
Bircə
gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb
yerə gətirər,-
Müharibə olmasa!
Sevənlər aləmində
Nə qəm,
nə həsrət olar.
Bəşərin gülləsi-söz,
Sözü-məhəbbət olar,-
Müharibə olmasa!
Bu şeri M.Araz
1956-cı ildə qələmə
almışdı. Bir il sonra
şair, "Üç
oğul anası" poemasını qələmə
aldı. Bu poemanın
M.Araz yaradıcılığının
ilk dövründə yazılması
bir şair kimi onun poetik
axtarışlarını əks
etdirirdi.
Böyük Vətən müharibəsinin
son qələbə fişənginin
atılmasından on ildən
artıq bir vaxt keçirdi, lakin müharibənin ağrı-acıları, neçə
nəslin taleyində oynadığı məşum
rol hələ unudulmamışdı. Bir məlum faktı da qeyd edək:
bəşər tarixində
kütləvi qırğınlara,
böyük insan tələfatına, maddi və mənəvi itkilərə bais olan müharibələr haqqında həqiqi sənət əsərləri
çox vaxt həmin müharibələrin
baş verdiyi illərdə yox, sonralar yaranır. Lev Tolstoyun "Hərb
və sülh" romanını xatırlamaq
kifayətdir. Azərbaycan ədəbiyyatında
da buna aid misallar gətirmək olar.
"23 ildən sonra yazılmış cavab"
adlı bir publisistik məqaləsində
M.Araz yazırdı:
"Mən vaxtilə
üç oğlunu itirmiş bir ananın faciəsindən
poema yazmışam. Kəndimizdə belə bir ana var idi.
O, təpədən-dırnağa qədər közdə qovrulub yanmağa hazır idi. Təki balalarından bir xeyir xəbər gələydi".
Buradan görünür ki, belə bir poemanı
yazmağı şair
neçə il əvvəl fikrində, xəyalında
dolandırırmış və
poemanın qəhrəmanı-Gülsənəm
qarını yaxşı
tanıyırmış.
"Üç oğul
anası" lirik-epik
səciyyəlidir, poemanın
süjetində ana ölümünün təsviri
ilə yanaşı, onun üç oğlunun davaya yola düşməsi, onlardan məktub alması, sonra bu məktubların kəsilməsi, ananın sonsuz iztirabları, qonşuların ona ürək-dirək verməsi
hadisələri də
diqqəti cəlb edir. Lakin bu hadisələrin
poemanın lirik ahənginə, axarına ciddi bir təsiri
olmur.
Poema şairin
etirafları ilə başlayır. O, neçə il kənddən
ayrıldığını, dumanlı, qarlı dağların üstündən
atlanıb keçmədiyini
etiraf edir. Kəndə uzun illərdən sonra ayaq basması
isə onu sevindirir, çünki uşaqlığı ötən
yerləri yad edəcək. Şairin yolu
kənd qəbiristanlığından
keçir və bir təzə məzar görür, onun üstündə nə heykəl, nə də məqbərə var, bu, Gülsənəm qarının qəbridir.
Və birdən şair xatırlayır ki, bir zaman
ona ana deyib...g
Poema Gülsənəm
qarının iztirablarına
həsr edilsə də. Müharibə dövrü anaların
nisgili, kədəri haqda geniş təəssürat yaradır.
Üç oğul anası əslində, Arxa cəbhənin obrazı kimi ümumiləşir:
Lampa işığına çörək
bişirdi,
Dedi:
"Əkin qalıb,
dağa qar düşüb".
İsti
otağında əsdi,
üşüdü,
Eşitdi şimalda soyuqlar düşüb.
Cəhrə arxasında bəzən
gecələr,
Yanıqlı-yanıqlı nəğmə oxudu.
Çoxları yatanda, səhərə
qədər,
O, köynək toxudu, corab toxudu.
"Kaş, bircə görəydim bunu geyəni,
Kimin geyməyinin
mənası yoxdur.
Bəlkə bir əsgərin
nazikdir əyni,
Bəlkə heç birinin anası yoxdur".
Məmməd Araz poemada bir
sıra təsirli, emosional təsvirlərə
keçir. Bu təsvirlər
yığcamdır, bəzən
bir-iki bənddən ibarət olur, amma konkret təəssürat
yaradır. Oğul əvəzinə
qara kağızı gələndə qarı,
birçəklərinə əl atır, gəlini isə dözəmməyib evdən
çıxır. "Eh, gəlin neyləsin, bu evdə o da Üç gün vüsal gördü, on üç
il hicran".
Bütün bu təsvirlər Ana obrazının daha görümlü, real və
inandırıcı, təsirli
və emosional görünməsinə imkan
yaradır. Xüsusilə. Gülsənəmin ölüm ayağı keçirdiyi sarsıntılar
poemanın bədii effektini artırır:
Dedi son nəfəsdə, bu sözü bircə:
"Yoxsa oğullarım, əli heç kəsin
Mənim gözlərimə torpaq tökməsin".
Poemanı oxuyub qurtarırsan, amma təsirindən ayrıla bilmirsən. Hətta poemanın
nisbətən o illərin
dəbinə uyğun
publisistik bir sonluqla bitməsi də bu təsiri
azaltmır.
"Üç oğul
anası" M.Arazın
poema janrında ilk təcrübəsi olsa da, uğurlu addımı idi. Ən başlıcası,
M.Araz belə bir həqiqəti sübut elədi ki, ədəbiyyata həyatdan gəlib, yalnız duyduğunu, düşündüyünü qələmə almağa
can atır.
İlk təcrübə olmasına baxmayaraq, poema bədiilik baxımından müvəffəqiyyətli idi: müharibə mövzusunda həmin illər çoxlu əsərlər yazılsa da, "Üç oğul anası" həmin əsərlər arasında seçilə bildi. Poemada lirik, həzin motivlər, ana iztirablarının təsviri şairin həssas münasibəti ilə birləşir, müharibəyə nifrət ruhuna köklənir.
Məmməd Arazın "Əsgər qəbri" poeması isə 1966-1968-ci illərdə yazılmışdır.
Bu illərdə M.Arazın poeziyasında ciddi keyfiyyət dəyişiklikləri baş verirdi. Şeirlərində bədii-fəlsəfi düşüncə güclənir, şairin dili sırf "ədəbi" ölçülərdən kənara çıxır, xalq arasında işlənən sözlərlə, özünün yaratdığı obraz-neologizmlərlə zənginləşir, bədii təsvir arsenalı güclənirdi.
Poema səkkiz müstəqil parçadan ibarətdir, lakin bunların müstəqilliyi bir qədər zahiri xarakter daşıyır, çünki hər parça məntiqi şəkildə digər parçalarla bağlıdır. Lvov şəhərinə səyahəti zamanı şair, üstündə İbrahimov yazılmış bir əsgər məzarı ilə rastlaşır və bu məzar ötən müharibənin ağrı-acıları, azərbaycanlıların müharibədə iştirakı, bəşəri fəlakətin hələ də planeti təqib etməsi və s. problemlər barədə söz deməyə bir vəsilə olur. Məzarda uyuyan İbrahimov familiyalı nakamla şairin doğma kəndindən doxsan igidin qayıtmaması, iki İbrahimovun-əsgərin və şairin mənəvi bağlılığı arasında poetik paralellər də maraqlıdır.
-Səsin gəlir, arzun mənəm,
Özün mənəm.
Mən dəfn olunan dünənimdən
üzülmərəm
İstəyirsən yerimizi dəyişək bir!
Famildaşım İbrahimov,
ayağa dur,
dil aç görək!
Şərəf ilə ölməkdən çox,
çox çətindir
Şərəf ilə ömr eləmək.
Məhəbbət də
bir dövlətdir.
Beləliklə, poemada nəsillərin: ataların, oğulların mənəvi varislik qüdrəti təsdiq olunur.
Bundan sonra poemada rənglərlə bağlı, assosiativ xarakterli dörd şeir parçası ilə qarşılaşırıq. Şair qara, ağ, mavi və qırmızı rəngləri seçir, bu rənglərin doğurduğu assosiativ anımlara üz tutur: qara rəng anaların taleyindəki qara günlərdir, hüzndür, kədərdir. Amma qaranın başqa çalarları da var: şair istəyir ki, "bir qara göz ulduz qonub, bir qara qaş ay dolansın başdaşına", bəlkə o başdaşında "iki qara göz dəfn olub". Ağ rəng sədaqətlər, etibarlar arasına soxulan xəyanəti, ədavəti, bütün silah yaslilərini, bütün raket bağçalarını boyatmaq üçündür. Mavi rəng Göy gölü, Xəzəri xatırladır. Ancaq indi ona-nakam əsgərə Ukrayna torpağının mavi gözlü qızları keşik çəkir. Qırmızı rəng ilə şair qalibiyyət, məğrurluq, mübarizə sözlərini yada salır, poema da bu rəngin işığıyla başa çatır.
Ey balladam,
Sən bir vida marşına dön.
Uyut onu-o əsgəri,
Aram-aram başına
dön.
Damız,
damız qəbrinə
sən,
O torpağın tozunun
bir zərrəsini.
Yenə
torpaq isindirir
Onun torpaq sinəsini.
Qoy o qəbrin baş daşında
Azərbaycan gülü bitsin.
Qoy o qəbrin baş daşında
Azərbaycan dili bitsin.
Ədalət.-2015.-7 may.-S.7.