MƏMMƏD İLQAR

DOST İTKİSİ

 

Məmməd İlqar - Ağamalı Sadiq dostluğunun çox şahidi olmuşam. Çox bağlıydılar bir-birinə. Qələmə alınsaydı, onların hər görüşü bir maraqlı dastan əhvalatına dönərdi...

Ağamalının qəfil ölüm xəbəri Məmmədi necə sarsıtmış, necə bükmüşdü, gözlərim şahid oldu. Ta torpağa tapşırana kimi cənazənin yanından əl çəkmədi. Ağır salğarı, ləngərli yerişi, duruşu ilə müdrik, ağsaqqal bir baba sandığımız bu böyük Türk kişisinin dünyadan köçəndə cəmi 48 yaşı varıydı. Bu itki hamını sarsıtmışdı. Elə mənim özüm. Qırx gün gözümün yaşı qurumadı. Amma Məmməd bu itkidən sonra birdən-birə qocaldı sanki."Gözəl dərd diləsən - dərdəm ən gözəl" söyləyibən, dərdin özü boyda ucaldı,"Bilməm bu sevginin kimə nə dərdi? - Mənə dərd gözəldi, dərdə mən, gözəl" - deyib dərdlə qol-boyun olub Ağamalı Sadiq Əfəndiyə laylalar oxumağa başladılar:

 

Üzümə bax, üzün varsa,

Üzümə bax, üzü dönmüş.

Bu qəmə qaya tablamaz,

Dözümə bax, üzü dönmüş.

 

Qara başım sözüm üstə,

Nə qəhrin var - gözüm üstə !

Dağın birmi, köysüm üstə -

Düzümə bax, üzü dönmüş.

 

Təkləmə bu halda məni,

Qanadına al da məni.

Nolar bircə yil da mənim

Sözümə bax, üzü dönmüş...

 

2

Sözümə bax, üzü dönmüş

Allahın zalım adamı

"Zulum ay mədəd" çağıran

Özünə zulum adamı -

Əhməd Əfəndinin oğlu.

 

Bax bu ömrü sən yaşadın,

Köksü - körük, dərdi - barıt

Torpaq deyə baltalanan,

Torpağa sərilən palıd -

Əhməd Əfəndinin oğlu.

 

 

Gəcavəni el götürür.

Heyim yox haxlayım səni

Sözümmü var urvatına,

Nə dildə ağlayım səni -

Əhməd Əfəndinin oğlu?

 

Misri qılınclar sivrilir,

Kötü dövranlar devrilir.

Üzümə bax, üzün varsa

dost beləmi sevilir -

Əhməd Əfəndinin oğlu?

3

Əhməd Əfəndinin oğlu,

Ahım oldun, ünüm oldun...

Qəbrin qibləm - yönüm oldu -

Ta yönüm Sənə sarıdı.

 

Sənsiz yaşamaq hardadı,

Çox da ki, dünya bal dadır...

Bir yandan tamah aldadır -

Bir yanım Sənə sarıdı.

 

Bu qalan ömrüm, həyatım,

Qəzəlim, qoşmam, bayatım.

Hər ayım, günüm, saatım,

Hər anım sənə sarıdı.

4

Hər anım Sənə sarıdı,

Bir yanım Sənə sarıdı,

Ta yönüm Sənə sarıdı -

Ta vaxtım sola hərlənir.

 

Çox da ki, belə göynədir,

Billah bu dərd köhnədi...

Pəjmürdə ruhum göydədi -

Sən gedən yola hərlənir.

 

 

Çətin varam yol başına,

Xəta gəlir qul başına,

Necə bülbül gül başına -

Başıma bəla hərlənim.

 

5

 

Başıma bəla hərlənir -

O da ağlaya-ağlaya

Baxtıma alışıb-sönən

Oda ağlaya-ağlaya.

 

Anıb-anıb ağladığım,

Yanıb-yanıb ağladığım,

Tanrı sanıb ağladığım

Ada, ağlaya-ağlaya.

 

Ovuda bilməz adamı,

Dünyada hər səs adamı...

Unuda bilməz adamı,

Adam, ağlaya-ağlaya.

 

6

"Adam ağlaya-ağlaya

Göz açırsa bu dünyaya,

Duraq biz kimi qınayaq -

Tanrı qoyduğu qərardı".

 

- Bu sözlər sənin dediyin...

Baxt - yığvalsa - düyün-düyün...

Saz götürüb yerin-göyün

Yeddi qatına varardın.

 

Sinən üstə sərtdi bu saz,

Sipərdi, sərhəddi bu saz.

Özü boyda dərddi bu saz -

Mizrabı dərdə vurardın.

 

7

 

Mizradı dərdə vurardın,

Neçə pərdədə vurardın,

"Beçə pərdə" vurardın

"Güllərin" ən gözəlini.

Qəza-qədəri deyirəm,

Qaytara geri deyirəm...

Sənli günləri deyirəm -

Günlərin ən gözəlini !

 

Səni baba görməliydik,

Borcumuzu verməliydik,

Təbrikinə dərməliydik

Güllərin ən gözəlini.

 

8

Güllərin ən gözəlini

Dərdi dostların, qəbrinə.

Əyilməz qara başları

Əydi dostların, qəbrinə.

 

Əlim-ətəyim, necoldun,

Balım-pətəyim, necoldun.

Necoldu Bəyim, necoldu,

Dəydin dostların qəlbinə?

 

Közün ocaqlara köçdü,

Sözüm dodaqlara köçdü,

Özün torpaqlara köçdün -

Dərdin dostların qəlbinə.

 

9

Dərdin dostların qəlbinə

Çökür - necə o çən ki var.

Çəkir qəlbimiz dərdini -

cürə - suçəkən ki var...

 

 

Şuşadan, Laçından gəlir,

Qurd kimi acından gəlir,

Ağlımız ucundan gəlir -

Başımıza gələn ki var.

 

Qəmi bizə çatan olur,

Qəlbimizə yatan olur...

Qəbramizə Vətən olur -

Bu torpaq deyilən ki var.

 

10

 

Bu torpaq deyilən ki var -

Hər yerdə birdi, dağılmış!

Qönçə-qönçə, çiçək-çiçək,

Qəbir-qəbirdi, dağılmış!

 

Sədadı-sazdan süzülür,

Sevgidi-gözdən süzülür,

Sehrdi- sözdən süzülür,

boyda sirdi, dağılmış.

 

Gələn gedir, bir gəlmir,

Gəlmir oğul, bil , gəlmir...

Qarğamağa bil gəlmir -

Kəbədi, Pirdi dağılmış!

 

Heç Ağamalını yaddan çıxarmadı Məmməd İlqar. Harda ondan söz istədilər, Ağamalı Sadiqdən dedi, onun şeirlərini oxudu hər məclisdə, mürşidim, ustadım dedi hər yerdə, hər zaman, özü bu gün bütün İncəlilərin mürşidinə çevrilmiş Məmməd İlqar.

Ağamalı Sadiqin sözü yerdə, gözü yolda qalmadı. Bir ara söhbətlərimizin birində"Məmməd İlqar bəşəri şairdir", demişdi mənə. Bu sözləri, hər sözlə heyrətlənməsi mümkün olmayan Ağamalı Sadiq Əfəndi demişdi. Məmmədin hər zaman"mürşidim, ustadım" dediyi Ağamalı Sadiq Əfəndi son sözünü ölüm ayağında, son nəfəsdə məhz yalnız ona pıçıldaya bilmişdi. Elə zamansa üzünü ona tutub vəsiyyət əvəzi pıçıldadığı bu şeir kimi:

 

 

İşdi bir gün məni səndən sorsalar,

De ki, o da yandığını yazardı.

De ki, onu alıb getdi ruzigar

O hardasa indi bir tək məzardı.

 

De ki, onun umacağı yox idi,

qohumdan, yaxından, yaddan.

De ki, onun gözü, könlü tox idi,

Əli açıq köçüb getdi dünyadan.

 

De ki, oda belə, bir cür adamdı,

Qohum qardaş susamışdı qanına.

De ki, bir gün bu dünyaya sığmadı,

Uçub getdi yaradanın yanına.

 

De, yurdunda yalqız idi o qərib,

Damağında doğma torpaq, daş dadı.

De, hardasa məzarından göyərib,

Bəlkə yenə yaşamağa başladı.

 

 

Ağamalı itkisindən sonra biz bir-birimizə daha çox bağlandıq. Çox yerlərə qoşa getdik, hər məclisdə bizə qoşa söz verdilər. Məmməd əslində hər şeiri, hər misrasıyla abidə yapan şairlərdəndi. Dostluğa qədər sədaqətlidirsə, sözə bir o qədər məsuliyyətlidir. Bircə dəfə çörək kəsdiyi yerə 10 il salam verən, bir yaxşılığı min qat dəyərləndirən bir insandır, Məmməd İlqar. Zəhləsi getdiyi şey zəif şeir, bir etibarsız adamdı.

Hərdən söhbətlərimiz əsnasında əsəbi halda deyir."Qardaş, şeir zəif olmalı deyil. Zəifdirsə demək şeir deyil". Xoşlamır özünə lovğa-lovğa"şairəm" deyənləri. Sakit göründüyü qədər çılğınlığı, tez əsəbiləşib özündən çıxmağı da olur. Özünü reklamdan zəndi-zəhləsi gedir. Ümumiyyətlə gözə girmək, hara gəldi getmək, harda oldu görünmək xislətində yoxdur. Halal haqqı olaraq deyilən xoş sözlərdən, təriflərdən çox sıxılar, üzündə xoş bir təbəssümlə başını aşağı dikib bu təriflərin tez bitməsini gözləyər...

 

(Ardı var)

Ədalət.-2015.- 9 may.-S.10.