Nərgiz Cəlilova: "Yaradıcı insanlar həmişə özlərini təsdiqləməlidirlər"
"“Sevilənlər” birgə
yaradıcılığın məhsuludur"
Hazırladığı müxtəlif verilişlərlə daim tamaşaçıları sevindirən tanınmış teleaparıcı Nərgiz Cəlilovanın Azərbaycan Televiziyasındakı yeni "Sevilənlər” verilişi də maraqla qarşılanıb. Artıq bir aydır yayımlanan "Sevilənlər” elə adına uyğun olaraq tanınmış simaları qonaq etməklə, müxtəlif mövzulara toxunmaqla tamaşaçıların görüşünə gəlir. İzləyici marağını nəzərə alaraq Nərgiz Cəlilova ilə "Sevilənlər”dən danışdıq. Adalet.az müsahibəni təqdim edir:
- İlk
olaraq yeni verilişiniz münasibətilə təbrik edirik. Həmişəki kimi
çox uğurlu
alınıb. Şəxsən bir
tamaşaçı kimi çox
bəyənirəm. İstərdim ümumulikdə nəzər
yetirək: necə oldu ki,
yenidən Azərbaycan Televiziyasında veriliş
aparmaq qərarına gəldiniz?
- Əvvəlcə onu qeyd edim ki, bu veriliş Azərbaycan Televiziyasının layihəsidir. Telekanalın rəhbərliyi məni dəvət etdi və məmnuniyyətlə bu təklifi qəbul etdim. Mən buna görə çox minnətdaram. Bilirsiniz ki, mən ilk dəfə Azərbaycan Televiziyasında aparıcılığa başladım və 10 il burda çalışandan sonra digər kanallarla işlədim. Düz 22 ildən sonra yenidən bu doğma divarların arasına qayıtmaq çox xoşdur.
- Yəqin ötən illərin nostaljisi də var.
- Əlbəttə,
nostalji hisslər doğrudan
da keçirtdim. Hətta bir az qorxdum
da... Çünki Azərbaycan Televiziyasında
çalışmaq o qədər
böyük məsuliyyət
tələb edir ki! Bu telekanalın
tələbatı, qaydaları
başqadır. Çox böyük
özəllikləri var,
bütün dünyaya
yayımlanır. Burada dilin
təmizliyinə, diksiyaya,
aparıcılığa, davranışa,
dəvət olunan qonaqlara çox fikir verilir. Mən də Azərbaycan televiziyasının yetirməsi
kimi artıq bunları bilirdim və mənim üçün yenilik deyildi. Təbii ki AzTV özəl telekanallardan fərqlənir. Əlbəttə, mənim digər kanallara da böyük
sayğım var, birlikdə gözəl layihələr həyata keçirdik, həmkarlarımı
da hörmətlə xatırlayıram. Çünki televiziya işi çox ağırdır,
məsuliyyətlidir, böyük
zəhmət tələb
edir, burada çalışan işçilərə
xor baxmaq olmaz. Amma qeyd etdiyim kimi
AzTV-də tələbat
daha çoxdur, xüsusilə uzun illər efirdə olan insandan daha
peşəkar iş tələb olunur.
- Eyni gözlənti tamaşaçıda da olur. Çünki izləyicilər Nərgiz
Cəlilovadan və digər peşəkar teleaparıcılardan daha səviyyəli veriliş,
arzuladıqları proqram
görmək istəyirlər...
- Bəli, elə təəssürat yaranmamalıdır
ki, artıq bir neçə iri layihələrə, verilişlərə imza atmısansa, deməli çox arxayın olmalısan. Əksinə, məsuliyyət birə on artır. Çox qəribə hissiyatdır,
sanki bir daha özünü təsdiqləməli olursan.
Düşünürəm ki, yaradıcı
insanlar həmişə
özlərini təsdiqləməlidirlər.
Çünki yaradıcı insan
üçün pik nöqtə yoxdur. Hər dəfə yeni işə başlayanda bir daha sübut
etməlidir ki, o, daha peşəkardır.
Hər işə sanki ilk dəfə başlayırmış
kimi yanaşmalıdır.
Və məsuliyyətli insanlar bunu həmişə diqqətdə saxlayırlar.
Daha maraqlı, daha gözəl iş təqdim etmək istəyirlər.
- "Sevilənlər”in
sizin digər verilişlərinizdən fərqi
nədir, bu proqramda nəyə üstünlük verirsiniz?
- Bunu həmişə söyləyirəm ki, mən televiziya aparıcısıyam, bütün
ixtisaslara yiyələnə
bilmərəm. Amma qonaqlarımız müxtəlif
sahələrdən, peşələrdən
olur: burda yazıçı, aktyor, müğənni, eləcə
də digər sahələrdən ola bilər, müxtəlif mövzulardan
danışa bilərik...
- Hətta futboldan da danışdınız...
- Bəli, yazıçı
Çingiz Abdullayev qonağımız olanda, onun yeni seçildiyi
vəzifəsi ilə
əlaqədar bu mövzuya da toxunmalı olduq. Bu sahəni az bilsəm də, istər-istəməz öyrənməli,
qonaqla söhbətə
hazırlaşmalı oldum.
Çünki verilişimiz
populyar formatdadır, sırf ixtisas verilişi deyil. Bundan başqa, çalışırıq
ki, qonaqların geniş kütlə tərəfindən tanınmayan
cəhətlərini, həm
də yaxşı tərəfdən göstərək.
Axı insanları onların yaradıcılığı,
işləri ilə yanaşı iç dünyaları da maraqlandırır!.. Biz daha
çox o sarı simlərə toxunmağa çalışırıq. Amma təbii ki, bəlli həddə qədər...
- Yəni qarşınızdakı
qonağın səmimilik
sərhəddinə hörmətlə
yanaşırsınız...
- Əlbəttə! Aparıcı
gərək hiss etsin ki, müsahibi ilə hara qədər
danışa bilər. Onun statusunu,
kimliyini nəzərə
almalıdır. Çox vacib
amildir ki, onunla hansı həddə qədər səmimi danışa bilərsən, duyğularına
hansı nöqtəyə
qədər toxuna bilərsən. Hissiyyat ayıq
olmalıdır. Bir
balaca hiss eləyəndə
ki, qonaq bundan o tərəfə keçmək istəmir, aparıcı mütləq
orda dayanmalıdır.
Həmsöhbətlərin insani tərəflərini
açmaq mənim üçün maraqlı
olub. Çünki biz - televiziya işçiləri
onları tanıyırıq,
amma geniş tamaşaçı kütləsi
onları tanımır.
Bizim də işimiz odur ki, onların
sevdikləri məşhurları
tanımadıqları tərəfdən
göstərək. Tamaşaçılar sevdikləri sənətkarları
bir başqa tərəfdən də kəşf etsinlər.
Əsas məqsəd budur.
- Hətta məşhurların
ailə üzvlərini
də dəvət edirsiniz. Elə ilk verilişinizdə mərhum
musiqiçi Rafiq Babayevin bacısını
qonaq qismində çağırmışdınız, şəxsən mənim üçün çox maraqlı oldu, məşhur qardaşı
bir də bacısının dilindən
eşitdik...
- Bəli, bəli. İmkan yarandıqca, təbii ki təklif edirik. İstək olanda, verilişimizə
qatılıb, öz ürək sözlərini
deyirlər. Onların həm
özlərinə, həm
tamaşaçılara xoş
olan mövzularda söhbət edirik. Yəni müsahibədən çox,
qarşılıqlı söhbət
yaranır. Sevinirəm ki,
bu alınır, həmsöhbətlərim razı
qalırlar.
- Verilişin buraxılışları
arasında da fərqlilik var, yəni biri digərini təkrar etmir. Məsələn, ilk verilişdə daha çox qonaq - ailə üzvləri, dostlar dəvət etmişdiniz, sonrakı bölmədə
isə, deyək ki, yalnız Çingiz Abdullayevlə futboldan danışırdınız.
- Adından da göründüyü kimi
əsas hədəf -
"Sevilənlər”dir, yəni
əhatə dairəsi
genişdir, məhdud deyil. Bəzən hansısa mövzunu
müzakirəyə çıxarırıq.
Orada da sevilənlərdən danışa
bilərik: sevilən musiqi, teatr, sənətkarlarımız ola bilər. Çünki gündəm bizə
başqa mövzular da verir və
biz onlara da toxunmalıyıq. Tamaşaçının tələbini, istəyini
nəzərə almalıyıq.
- Bütün televiziya layihələri kimi "Sevilənlər”in
də yəqin öz komandası var?
- Sözsüz ki. Verilişin redaktoru Afaq Vasifqızını uzun illərdir tanıyıram,
dostluq edirik və bu, işimizdə
də özünü
göstərir. Hər bir
mövzunu qarşılıqlı
müzakirə edib işləyirik, qonaqları
birgə seçirik, sualları birgə tərtib edirik. Ümumiyyətlə, işin uğurlu
alınmasında komandanın
çox böyük rolu var. Birlikdə çalışan insanlar
eyni düşüncədə
olmalıdır. Dünyagörüşü üst-üstə düşməlidir, fikirlər
bir-birini tamamlamalıdır.
Yəni ortada sual işarəsi
qalmamalıdır. Mənim üçün
kimlərlə çalışacağım
çox önəmlidir,
arada umu-küsü olmamalıdır, qarşılıqlı
hörmət əsasdır.
O zaman işin keyfiyyəti dərhal görünür.
Bir
sözlə, "Sevilənlər”
birgə yaradıcılığın
məhsuludur.
Şəfiqə Şəfa
Ədalət.-2015.-9 may.-S.8.