Şair Böyükkişi Təmkinin poetik dünyası

 

İsmayıl İmanzadə,

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair-publisist

 

Ötən il may ayının sonlarına yaxın dünyasını dəyişən şair Böyükkişi Mirzəzadənin səksən doqquz illik ömür yolunun silinməz izlərindən soraq verən ədəbi yaradıcılığı onu indən belə də zaman-zaman yaşatmağa qadirdir. Çeşidli ədəbi janrlarda qələmə aldığı əsərlərinin böyük bir qismini "Təmkin" təxəllüsüylə sərgiləyən Böyükkişi müəllim sözün əsl mənasında səbirli, təmkinli bir insan kimi tanınsa da, yeri gələndə haqsızlığa qarşı mübarizə aparmağı, tanıyıb-tanımadığı adamların tapdanmış haqlarının müdafiəsinə qalxmağı da bacarırdı.

Vətənini, xalqını, qəlbən bağlı olduğu və şəninə şeirlər qoşduğu böyük Türk dünyasını ürəkdən sevən Böyükkişi Mirzəzadə özünün ilk uşaqlıq çağlarından yurd nisgiliylə üz-üzə qalmış, atası Abbas kişi ilə bərabər Göyçə mahalındakı Zod kəndini ağlar gözlə tərk edərək, bolşevik cildinə girən daşnakların təzyiqlərindən qorunmaq üçün Gəncəbasara üz tutduqları günləri ömrünün sonlarına qədər acı təəssüf hissiylə xatırlamışdır...

Faşist Almaniyasının məğlubiyyəti ilə bitən İkinci Cahan savaşından sonra ailə üzvləri ilə birlikdə Mingəçevirdə məskunlaşan Böyükkişi Mirzəzadə, şəhərin ilk qurucuları sırasında yer almış, fəhləlikdən başlayan əmək yolunu ali təhsilli mühəndis kimi davam etdirməklə, halal duz-çörəkli bir insan olaraq el-obada hamının ehtiramını qazanmışdır...

Yuxarıda qeyd etdiyimiz kimi, Böyükkişi müəllim ilk gənclik illərindən etibarən Mingəçevirin quruculuğunda fəal iştirak etdirsə də, ancaq onu o vaxtkı yaşıdlarından fərqləndirən başlıca əlamətlərdən biri ədəbiyyata yönəlik marağı, - illah da əsrlərin sınağından çıxan şifahi xaq ədəbiyyatına olan sevgisi idi. Böyükkişi Təmkin ixtisasca mühəndis olsa da, ədəbiyyat aləminə, söz xəzinəsinin incilərinə dərindən bələd idi. Məhz elə buna görədir ki, onun çeşidli ədəbi janrlarda qələmə aldığı əsərlər illər keçsə də təravətini və aktuallığını qoruyub saxlamaqdadır.

Böyükkişi müəllimin ömrünün böyük bir hissəsi sovet hakimiyyəti illərinə təsadüf etsə də, o bu qanlı-qadalı rejimlə heç vaxt barışmayıb. Daxilən azad ruhlu bir insan olduğundan, xalqımız ikinci dəfə dövlət müstəqilliyi əldə edəndə, ürəkdən sevinib. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını birmənalı şəkildə alqışlayıb. Şanlı tariximizə dərindən bələd olduğu kimi, türk dünyasının birliyinivacib hesab edənlərdən biri olub. 1970-ci ildə Azərbaycan dilinin latın qrafikası əsasında əlifbasını tərtib edib və ömrünün axırına kimi əsərlərini həmin qrafika ilə qələmə alıb. Qardaş Türkiyə ilə Azərbaycanın tarixi qardaşlığından bəhs edən publisistik yazıları bir sıra mətbuat orqanlarında dərc olunub...

Xalq şairi Nəriman Həsənzadənin "Təmkin" təxəllüslü şairin poetik dünyası" adlı bir yazısında Böyükkişi müəllimin ömür yolunun cizgiləri açıq-aşkar görünməkdədir: "Böyükkişi Mirzəzadənin uşaqlıq və gənclik illəri elə bir mühitdə keçmişdir ki, istər-istəməz onun həyatı, tərcümeyi-halı təkcə ailəsi, uşaqları üçün deyil, həm də sonra gələn nəsillər üçünolduqca maraqlı və ibratamizdir. Bəlkə də elə buna görə "Təmkin" təxəllüsünü özü seçməyib, zaman özü onu, ona diqtə etmişdir. O, təmkinli olmalı, yaşadığı Göyçə mahalında namərd qonşuları öz istedadı ilə, poetic duyğuları və ürəyinin paklığı ilə məğlub etməli idi. Bununla belə onun şeir yaradıcılığında mənəvi sıxıntıları, iztirabları tam aydınlığı ilə əks olunmuşdur.

Şeirimizin müxtəlif növlərində gözəl əsərlər yaradan və qədim Göyçə mahalında ustad Aşıq Ələsgər məktəbindən qaynaqlananTəmkin, sonralar ata-baba yuvaları olan türk torpaqlarından deportasiya edildiyindən, ailəsiylə birlikdə mənəvi ağrılar keçirmiş, tariximizə, millətimizə dövlət səviyyəsində olan qəsdləri unuda bilməmişdir..."

Böyükkişi müəllimin 2011-ci ildə ildə "Azərbaycan" nəşriyyatı tərəfindən çap olunan "Seçilmiş əsərləri"nin birinci cildində yer alanünlü şairimiz Nəriman Həsənzadəyə məxsus olan yuxarıdakı sətirlər, mərhum sənətkarın həyat yolunu və ədəbi yaradıcılığını doğru-dürüst əks etdirməkdədir...

Ölkəmiz müstəqillik yoluna qədəm qoyandan sonra Böyükkişi Təmkinin "poetik üfüqləri" daha da genişləndi. Ömrünün müdriklik çağlarında belə gənclik həvəsiylə yazıb-yaradan şairin bir-birinin ardınca "Ustadnamə, nəsihətnamə və lirik şeirlər", "Rübailər", "Səhnə əsərləri", "Poemalar və hekayətlər", "Seçilmiş əsərlər" (birinci cild) adlı kitabları oxucular tərəfindən hərarətlə qarşılandı. Yerli və mərkəzi qəzet-jurnallarda imzası tez-tez görünməyə başladı...

Yeri gəlmişkən deyim ki, bir el ağsaqqalı və yaradıcı ziyalı kimi Böyükkişi müəllimin xətrini çox istəyən, onun klassik şeir növlərində qələmə aldığı əsərlərinə yüksək dəyər verənlərdən biri də mən olmuşam. 1993-cü ilin payızında yurd nisgiliylə Mingəçevirə üz tutandan sonra imdadıma çatanların bəlkə də ən birincisi o, idi. Həmin illərdə tez-tez görüşümə gəlir, maraqlı-ibratamiz söhbətləri ilə məni ovundurmağa çalışır, ədəbi proseslərə dərindən bələd olduğu oxuduğu şeirlərindən də açıq-aşkar hiss olunurdu. Yaxşı yadımdadır, 1999-cu ilin oktyabr ayının 23-də xalq yazıçısı Anarın, xalq şairi Fikrət Qocanın və o vaxtkı şəhər rəhbəri, söz xiridarı Məhəbbət Qarabağlının xeyir-duaları ilə Yazıçılar Birliyinin Mingəçevir bölməsi fəaliyyətə başlayandan sonar, növbəti görüşlərimizin birində dedim ki, Böyükkişi dayı, qoy sənədlərini hazırlayıb səni Yazıçılar Birliyinə üzv qəbul etdirim. Təbəssümlə üzümə baxıb təşəkkürünü bildirdi, sonrasa özünə məxsus təmkinlə əlavə etdi: "İsmayıl, sovetlər dövründə mən bu təşkilata heç vaxt üzv olmağı müəyyən səbəblər ucbatından arzulamasam da, söz adamı olduğumun məsuliyyətini heç vaxt unutmamışam. İndisə növbə gənclərindir, bilirəm ki, son illərdə şəhərimizdə xeyli sayda istedadlı gənc qələm sahibləri ortadadır. Mənə bəslədiyin etimadı onlar səmtə yönəlt ki, qoy vaxtında sənət yoluna çıxa bilsinlər..." Bax, Böyükkişi Təmkin sözün əsl mənasında belə biçimdə böyük kişi, böyük ürək sahibi idi. Ömrünün sonlarına kimi sözlə nəfəs alır, bir-birindən ğözəl əsərlər yazır, yeri gələndə bizdən nəsihətlərini əsirgəmirdi...

Bir daha təkrar edirəm ki, Böyükkişi Təmkin istedadlı, duyumluaqil söz adamı idi. Ayrı-ayrı vaxtlarda qələmə aldıgı ustadnamə, nəsihətnamə, divani, gözəlləmə, qoşma, gəraylı, rübai, təcnis, qəzəl, həcvlər, poemalar və səhnə əsərləri onun ustad el şairi olduğunu təsdiqləyən başlıca əlamətlərdən biridir. Onun aşağıda ayrı-ayrı əsərlərinə istinadən sərgilədiyimiz şeir parçaları da bunu sübut edir:

 

İnsandırmı ruhu, zövqü olmayan,

Həyatdan mənəvi qida almayan?

Şeir, qəzəl nə olduğun qanmayan

Qiymət verməz o, təcnisə, nə fayda?

 

ya:

 

Soruşdu birisi sevdiyin nədir,

Dedim ki, Vətəni, eli sevirəm.

Duyub düşündüyüm, dərk elədiyim

Anam öyrətdiyi dili sevirəm.

 

Bilirəm, dolaşıb gəzsəm hər yanı,

Heç yerdə tapmaram Azərbaycanı.

Mənim diyarımtək bir diyar hanı?

Odlar diyarını, bəli, sevirəm.

 

ya:

 

Gəncliyimdə bir bağ saldım,

Yetən gəlib gül apardı.

Talan oldu malım, mülküm

Dəydi haram əl apardı.

 

Cəhd eləyib erkən durdum,

Öz-özümü vaxtsız yordum.

Dağ başında binə qurdum,

Qopdu tufan, yel apardı.

 

Vəfasıza könül verdim,

Artdı möhnət, artdı dərdim.

Yad diyarda ömür sürdüm,

Ömrümdən ay, il apardı...

 

yaxud:

 

Var yığmaq naminə tamahkır bəndə,

Əl atdı hiyləyə, əl atdı fəndə.

Çoxları fələyə boyun əymədi,

Fələk onları saldı kəməndə.

 

***

 

Həyatda köhnə də, təzə də vardır,

Dərd ilə yanaşı məzə də vardır.

Yazılıbdı alnımıza əzəldən,

Orda xoşbəxtlik də, qəza da vardır.

 

***

 

Kim bilir həyatda nələr olacaq,

Bu dünya gah dolub, gah boşalacaq.

Namərd ölsə nişanəsi itəcək,

Mərd ölsə şərəfli adı qalacaq.

 

***

 

Mərd olan ziyandan keçər,

Hər kəs əkdiyini biçər.

Yaxşını yamandan seçər,

Bil, insan naşı olmasa.

 

***

 

Təmkin, sözün qiymətini

Qanan, saxlar hörmətini.

Qoruyar şan-şöhrətini,

Kimin boş başı olmasa...

 

Mərhum şair dostumuzun söz aləminə istinad etməklə, onun necə çeşidli poetik düşüncəyə sahib olduğunu isbatlamaq elə də çətin deyil. Hər şeydən qabaq ana vətəninimizi, dövlət müstəqilliyinə qovuşan Azərbaycanımızı övlad məhəbbətiylə sevib əzizləyən Böyükkişi Mirzəzadə Nəriman Həsənzadənin təbirincə desək, tanınmış alim-politolq, millət vəkili Aydın Mirzəzadə biçimli altı dəyərli övlad böyüdüb tərbiyə etməklə yanaşı, qələmə aldığı əsərlərdə bütün varlığıyla türk oğlu türk olduğunu isbatlayan sənətkar idi. Şairin söz gülüstanında çiçək açan şeirləri də, publisistik yazıları da bunu deməyə əsas verir. Onun ayrı-ayrı dönəmlərdə qələmə aldığı "Zamanın hökmü qətidir", "Məkrli məhəbbət", "Yanlış da bir naxışdı", "Ailədə xəyanət" və "Su səhəngi suda sınar" adlı səhnə əsərləri bu günün özündə də aktuallığını qoruyub saxlamaqdadır...

Son bir ildən bəri haqq dünyasına qovuşsa da, sağlığında qələmə aldığı əsərləri ilə insanları həmişə məftun etməyə qadir olan şairin avqust ayında doxsan yaşı tamam olacaqdır. Elə bəri başdan əminlik hissiylə deyirəm ki, yaşadığı şəhərin ədəbi aləminin formalaşmasında əvəzsiz xidmətləri olan Böyükkişi Təmkinin yubileyi bir vaxtlar ilk quruculuğunda fəal iştirak etdiyi Mingəçevirdə layiqli şəkildə qeyd ediləcəkdir. Allah ona qəni-qəni rəhmət eləsin!

 

Ədalət.-2015.-13 may.-S.5.