NÖVRAĞI DƏYİŞƏN YEVLAX
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
"... Bu gün müstəqil
dövlətik və ölkəmiz üçün,
xalqımız üçün nə
lazımdırsa, onu edirik.
Bax, müstəqilliyin üstünlükləri
bu layihələrin icrasındadır. Azərbaycan
nəinki müstəqildir, müstəqil siyasət aparır
və güclü dövlətdir. Ancaq güclü dövlətlər
belə nəhəng layihələri icra
edə bilər".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Azərbaycanın bölgələri arasında Yevlağın özünəməxsus yeri var. İstər şəhər kimi, istərsə də rayon mərkəzi kim Yevlağın təkcə coğrafiyamızda yox, həm də ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri var. Əgər yaxın-uzaq tarixə baş vursaq, onda bu bölgənin sovet dönəminin ən uğurlu illərindən tutmuş müstəqilliyimizin ilk illərinə qədər keçdiyi yolu xatırlamalı olarıq. Görərik ki, bir təsərrüfat rayonu kimi daha çox əkin-biçin sahələri ilə diqqəti çəkən bu bölgədən göz-könül oxşayan müasir heç nə görmək mümkün deyil. Təbii ki, bu da həmin quruluşun, həmin zamanın tələblərinin bəhrəsi idi. Çünki sovet dönəmində sosial həyatdan daha çox iqtisadi mənzərəyə, kənd təsərrüfatına, sənaye obyektlərinə diqqət ayrılırdı. Bölgələrə yolu düşən hər kəs daha çox köhnə, yararsız, ürəksıxan mənzərələrlə qarşılaşırdı. Ən yaxşı halda rayon mərkəzlərində müəyyən inzibati binalar diqqəti çəkirdi. Bütün bunlar sovet dönəmi Azərbaycanın bir növü təsərrüfat ölkəsi kimi görünməsində, tanınmasında müəyyən çalarların əks-sədası idi. Amma...
Bəli, bu gün sovet dönəmi Azərbaycanın artıq tarixin əl çatmayan arxivinə atılıb. Ona görə əlçatmayan fikrini qabardırıq ki, həmin Azərbaycanla bugünkü Azərbaycanı müqayisə etmək qeyri-mümkündü. Təkcə Yevlax rayonun timsalında diqqətə təqdim etdiyimiz məqamlara ötəri nəzər salsaq, onda dediklərimiz bir daha təsdiq olar. Odur ki, təkcə Kür boyunca uzanan istirahət parkını xatırlamaq, maşını əyləyib bu parkda düşüb gəzmək, orada bir stəkan məxməri çay içmək günümüzün Yevlağını və onun yaşantılarını nöqtə-vergülünə qədər ifadə etmiş olar. Baxıb görərik ki, bu gün Yevlax Azərbaycanın Gəncə Sumqayıt, Lənkəran kimi şəhərləri ilə yanaşı dayanmağa, onlarla yarışmağa hazır olan bir iri yaşayış məskənidi.
Bugünlərdə yolumuz bu qədim məskənə düşmüşdü. Kürdəmirdən keçib gedəndən sonra adətən mənzilbaşına daha tez çatmağın bir göstəricisi də Yevlağa yetişməkdi. Bu şəhərə gəlib çatanda özümdən asılı olmadan yolun narahat hisəsinin arxada qaldığına sevinirsən. Xüsusilə Kür boyu hərəkət edib Yevlax şəhərinə daxil olanda adamın gözləri önündü möhtəşəm bir mənzərə açılır. Bu panorama kənardan diqqəti çəkir və gördüyün yeniliklər, müşahidə etdiyin tikinti-abadlıq bir anlıq dayanmağa, hər şeylə yerində tanış olmağa adamı vadar edir.
Yevlax şəhər icra hakimiyyətinin binası qarşısında dayanıb ətrafa diqqət yetiririk. Bu binanın görünüşü və onun ətrafında yaradılmış uyğun şərait rayonda aparılan tikinti-abadlıq işlərinin bir növü güzgüsü kimi qiymətləndirilə bilər. Çünki ətraf bir kompleks halında yenidən qurulmuş, binaların fasadları, küçələr, səkilər, meydanlar həm arxitektura və tikinti-mühəndis işi baxımından, həm də bir ekoloji görünüş baxımından bir-birini elə tamamlayır ki, gördüklərindən gözünü çəkə bilmirsən. Elə buradaca tanış olduğumuz, yerli sakinlərin söylədiklərinə görə, son illərin uğurlu kadr islahatları Yevlax şəhərini demək olar ki, bütünlüklə dəyişibdi. Şəhərin əksər küçələri, dalanları tam şəkildə yenidən təmir edilib, səkilərə və səki boyu divarlara ağ laylar, tametlər döşənibdi. Şəhərin gecə işıqlandırılması bu abadlığı bir az da diqqətçəkən edib. Ümumiyyətlə isə şəhər icra hakimiyyətinin, xüsusilə icra başçısı Qoca Səmədovun işgüzarlığı, tələbkarlığı problemlərin vaxtında və yüksək keyfiyyətlə aradan qaldırılmasına göstərdiyi reaksiya ilə yevlaxlıların rəğbətini qazanıbdı.
Biz Yevlax şəhərində olarkən bu ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən toplantının materialları ilə tanış olduq. Diqqətlə gözdən keçirdiyimiz həmin sənədlərdən məlum oldu ki, bütün ölkəmizdə olduğu kimi, bu ilin birinci rübündə də Yevlax şəhərində uğurlu islahat proqramı davamlı şəkildə icra olunur. Əgər konkret rəqəmlərlə ifadə etsək, onda görərik ki, 2015-ci ilin birinci rübündə də Yevlaxda abadlıq, tikinti, quruculuq işlərinin yüksək sürətlə davam etdirilməsi, yeri infrastrukturun yaxşılaşdırılması istiqamətində diqqətçəkən nailiyyətlərə imza atılıb. Məhz həmin nailiyyətlərin sırasında cari ilin birinci rübündə şəhərin ümumdaxili məhsulun həcmi təqribən 108 milyon manat olmuşdur. Həmçinin bu ilin birinci rübündə əldə edilmiş həmin ümumdaxili məhsulun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 milyon manat artmışdı ki, bu da faizlə ifadə ediləndə 10 faizə yaxın müsbət göstəricidi.
Təbii ki, bölgənin inkişafında məhsul istehsalının, ümumiyyətlə ayrı-ayrı sahələrin inkişaf etdirilməsi xüsusi rol oynayır. Bir danılmaz gerçəklik var ki, sırf kənd təsərrüfatı rayonları digər qarışıq, yəni sənaye və kənd təsərrüfatının və yaxud sənayenin paralel inkişaf etdiyi rayonlara nisbətən müəyyən mənada arxa planda qalıb. Amma Yevlax şəhər icra hakimiyyətinin başçısı Qoca Səmədovun rəhbərliyi altında işlənib hazırlanmış inkişaf proqramını bütün sahələri əhatə etməklə ortaya qoymuşdu. Bu da öz növbəsində bu ilin birinci rübündə ümumdaxili məhsulun 5 faiz, qeyri-neft sektorunun isə 7 faiz uğur əldə etməsinə səbəb olmuşdu. Ümumi prizmadan baxanda onda məlum oldu ki, Yevlax şəhərində bu ilin birinci rübündə əldə edilmiş ümumdaxili məhsulun 98 faizdən çoxu qeyri-dövlət sektorunun payına düşür.
Göründüyü kimi, bu ilin birinci rübü yevlaxlılar üçün müqayisə apardığımız 2014-cü ilin birinci rübündən daha uğurlu olubdu. Həmin uğuru isə əvvəldə qeyd etdiyimiz təqribən 10 faiz artım özü-özlüyündə təsdiq edir.
(Ardı var)
Ceyhun RÜSTƏMOV
Ədalət.-2015.-14 may.-S.7.