"Fiaskoya uğramayan adam heç vaxt qələbəyə can
atmaz"
Bugünkü müsahibim Yuğ
teatrının aktyoru, əməkdar artist Vidadi
Həsənovdu.
-Vidadi bəy, nədənsə mən sizi hər dəfə səhnədə, ekranda görəndə bir az təəssüf hissi keçirmişəm. Mənə elə
gəlir ki, "Bəyin oğurlanması",
"Burulğan", "İşarəni dənizdən
gözləyin" kimi filmlərdə
gördüyümüz və sevdiyimiz aktyor bir az tez
yaşlandı, ahıllaşdı. Sizcə
ömür necə belə tez ötüb keçir?
-İnsan təbii ki, yaşlanmalıdı. Məsələyə vizual
tərəfdən yanaşsaq, bəlkə də sizin təəssüratınız
bununla bağlıdır ki, on səkkiz il
mən heç bir filmə çəkilmədim. On səkkiz ildən sonra isə insan heç cür
cavan qala bilməz. Mənəvi tərəfdən isə
insan yaşa dolduqca, bir az müdrikləşir,
ağırlaşır, ağıllanır. O, istəsə də,
istəməsə də gənclik illərindəki kimi ola bilmir. Məncə heç
olmaq da lazım deyil. Çünki bizim də
yaşımızın öz gözəlliyi, öz ləzzəti
var. Qocalmaq böyük xoşbəxtlikdir... Hər adam da qocala bilmir. Çox insan
heç qocalıq yaşına gəlib çatmır. Bu baxımdan qocalıq da Allahın insana bir bəxşişidir.
Qocaldıqca insanın həm zahiri, həm də
daxili dəyişir. Dünyaya
baxışı, fəlsəfəsi də qocalıqda öz
sözünü deyir. Cavanlıqda sənə
faciəvi görünən məsələlərə
yaşlılıq zamanı daha təmkinlə
yanaşırsan, bəzən gülürsən. Yaxud da, əvvəllər güldüyün məsələlər
sonradan sənə daha ağır, daha
düşündürücü gəlir. Yəni
biz aktyorlar da adi insanlarıq. Başqa
insanlarla nə baş verirsə, bizdə də eyni prosseslər
gedir.
-Xaraktercə
necə, nikbin insansınız?
-Mənə
belə gəlir ki, çox nikbin insanam. Fazil
İskəndər adlı bir yazıçı var. Onun yumor
haqqında bir deyimini xatırladım. İndi
onu deyəcəm və bu, sizin sualınıza cavab olacaq.
O, deyir ki, əsl yumor odur ki, insan nihilizmin, pessimizmin lap dibinə
çatır, ordan o yana baxıb
görür ki, ancaq boşluqdu, fənadı. Və
o geriyə qayıdanda, atdığı hər bir addım əsl
yumordu, nikbinlikdi.
Bilirsinizmi, biz bəzən yumoru, komediyanı, nikbinliyi
bir-birinə qarışdırırıq, düzgün
anlamırıq. Yumor içərisində böyük həyat
yükü, ağrısı olan gülüşdü. Mən hırıltıdan, lağlağıdan
danışmıram. Əfsuslar olsun ki,
indi onlar daha dəbdədi. Biz əsl incəsənətdən
danışırıq. Orda isə məsələlər
daha estetik, daha incədir. Məntiqlə,
loqika ilə orda heç nə etmək olmur. İndiki ağlımızla, gerçək
dünyayla hansı incəsənət əsərini
çözələməyə başlasaq, həmin incəsənət
əsəri darmadağın olar. Axı
biz incəsənət sözünün əvvəlinə bədii
sözü də artırırıq. Deməli,
yanaşdığımız əsər hər nədirsə
artıq ozündə bədiilik anlamı daşıyır.
Və bunu gerçək dünya qaydaları ilə
araşdırsaq heç nə alınmayacaq. İnsan həyatı da elədi. Yumor, nikbinlik hamısı başqa ovqata, hala
bağlıdı. Bu səbəbdən də
mənə belə gəlir ki, əsl nikbinlik o tərəfi
görüb qayıtmaqdı.
-Müsahibələrinizin birində
aktyorluq sənətini seçməklə ən qorxulu işi
seçdiyinizi vurğulayırsınız. Nə
üçün qorxulu?
-Bəli,
aktyorluq çox qorxulu və təhlkükəli sənətdir.
Ona görə ki, dünyada adamı öyrənməkdən
çətin heç nə yoxdu. İnsan
bir-birinə baxıb geyimindən, baxışından, hərəkətindən
nəyisə müəyyənləşdirə bilər.
Biri də var ki, mövcud olmayan biriylə məşğul
olursan. Müəllifin hərflər vasitəsi
ilə yazdığı, mövcud olmayan bir obrazı öyrənməyə,
araşdırmağa başlayırsan. Stanislavskinin
təbirincə desək, özündən ona yaxınlaşırsan.
Və o zaman görürsən ki, bu o qədər də asan
iş deyil. Başa güllə çaxıb
ölmək daha tez və asan baş tutur. Amma
bu cür tədrici ölüm çox təhlükəlidi.
Çünki aktyor hər dəfə öz
ömründən, canından, qanından kiməsə verməli
olur. Buna məcburdu. Başqalarını
öyrəndikcə, insan özünə daha yaxın və mərhəm
olur. Bax, o zaman məlum olur ki, insan yeri gələndə
güclü, xeyirxah, yeri gələndə isə aciz və qəddar
ola bilir. Düşünən
insanlar özlərini tədricən ölümə məhkum
edənlərdilər.
-Mütaliə
edən aktyorsunuz. Ədəbiyyat sizə yəqin ki, köməklik
edir...
-Mən təkcə
ədəbiyyatla məşğul olmuram. Və
düşünürəm ki, sənət adamı incəsənətin
bir çox sahələri ilə məşğul
olmalıdır. Belə olanda adam daha
təkmilləşir, müdrikləşir. Bəzən
rəsm çəkə bilmədiyim üçün
çox təəssüflənirəm. Əfsus
ki, bu sahədə heç bir bacarığım yoxdur. Mən musiqiylə, ədəbiyyatla ona görə məşğul
oluram ki, sənətçiyəm. Həm
də bunlar insanı daha tutumlu və dolğun edir.
Tutaq ki, fəhlə zavodda işləyirsə, orada nə
isə emal edir. Biz aktyorlar da öz əzablarımızı,
kədərimizı, sarsıntılarımızı emal
edirik. Bizim də işimiz bundan ibarətdir.
Bir fransız yazıçısı var. O
deyirdi ki, "yaradıcı insan öz əzablarından
danışır". Əzabı olmayan
sənətçi nədən danışacaq?
Əzabı da duymaq, anlamaq, danışdırmaq
üçün köks - sinə bir az
geniş olmalıdı. Mütaliə etmək,
şeir yazmaq da bir növ mənəvi təmizlikdi. Və təbii ki, xeyli köməklik edir.
Bəzən
deyirlər ki, nə çox şair, yazıçı var.
Hamı şeir yazır və s. Adam az
qalır desin ki, çoxlu oğru olsa, yaxşıdı? Kimsə
oturub şeir, hekayə yazırsa, burda nə pis iş var? Əksinə bu hal insanın mənəvi təmizliyinə
köməklik edir.
-Siz
şeir də yazırsınız. Amma mən bəzi
müsahibələrinizə baxdım. Və hiss elədim
ki, şeir yazmağınızla bağlı söhbət etmək
sizə o qədər də xoş gəlmir...
-Mənə
aktyorluqla da məşğul olursunuz deyəndə xoş gəlmir.
Çünki çox adamlar belə söhbətlərin
içərisinə başqa məsələlər də
qarışdırırlar. Digər tərəfdən
isə formaca şeir olsa belə mən şeir yazmıram.
Şeir - Ramiz Rövşənin, Vaqif
Bayatlının, Vaqif Səmədoğlunun, Adil Mirseyidin
şeirləridi. Şeir yazmaq olar, şair
olmaq isə çətindi. Mən sadəcə
olaraq yaradıcılıqla məşğul oluram.
-Müsahibədən əvvəl sizə
zəng vuranda, bildirdiniz ki, müsahibəni tamaşa olmayan
günlərə salaq. Həm də əlavə etdiniz ki, kənddə
yaşayırsınız, təsərrüfatla məşğulsunuz,
yolunuz uzaqdır, gecəyə düşüb evə gedib
çıxa bilməzsiniz. Həmin sözlərdə
ironiya yox idi?
-Əsla.
Heç bir ironiya yox idi. Öz
həyətimdə, bağımda işləməyimi ən
böyük istirahətim hesab edirəm. Adam
var ki, gedib Antalyada dincəlməyi özünə istirahət
hesab edir, amma mən isə öz həyətimdə işləməyi,
şitil, göy-göyərti əkməyi.
-Yəqin ki, Antalyaya da getmək istərdiniz?
-İnanın ki, getmək istəməzdim. Mənim getmək
istədiyim yerlər Lerikin, Gədəbəyin kəndləridi.
Və düşünürəm ki, mənim Antalyada, Bodrumda
gördüklərim burda gördüklərimdən bir azca
parıltılı ola bilər, vəssalam.
Harasa getmişəmsə də geri qayıdandan
sonra fikirləşmişəm ki, kaş getməyəydim.
Öz evimdə, bağçamda istirahət mənə
daha xoşdu.
-Bəs
tutaq ki, xarici ölkə aktyorlarının həyatı ilə
müqayisə etdikdə adi insan həyatı sizi bezikdirmir?
-Davud
peyğəmbərin bir sözü var: Allahım sən məni
nə həddindən artıq kasıb eləmə, nə də
həddindən artıq varlı. Mən isə
düşünürəm ki, saat kəfkiri kimi insanın həyatı
o tərəf, bu tərəfdə yox, ortada dayananda daha
maraqlı olur. Çox zəngin həyat
da lazımlı deyil. Zəngin insanlar bəlkə
də çoxdan peşman olublar. Ancaq
çox kasıblıq da yaxşı deyil. Bu iki qütbün sınağından
çıxmaq hər kişinin, hər adamın işi deyil.
Amma orta həyat şərti, insanın halal ruzi
ilə çörək qazanıb, könül xoşluğu
ilə evinə getməsi yaşantının ən gözəlidi.
-İtkilərlə
barışan insansınız?
-Bəli.
Çünki müəyyən bir yaşdan
sonra bilirdim ki, atam da, anam da nə vaxtsa rəhmətə gedəcək.
İndi tam əminəm ki, bir gün mən də bu
dünyadan gedəcəm... İnsanın
içərisində həyat eşqi nə qədər
güclü olsa da, bu belədi, həyatın qanunudu. Dünya belədi. Doğulan insan
bir gün başa düşür ki, hökm-zər var. Və
hamı gedəridi.
Həyata ölüm pərdəsinin ardından baxmayan
insanlar azğın və qəddar olurlar. Ancaq
ölüm pərdəsinin ardından boylanan insanın həyatı
da, düşüncəsi də başqa cür olur. Həmin ölüm pərdəsi insanın əxlaqını,
gerçəkliyini tərəzinin iki gözü kimi həmişə
tarazlaşdırır.
-Həmin ölüm pərdəsi
dediyimiz gerçəkliyi qəbul etdikdən sonra yaranan məğlubiyyət
hissini necə dəf etmək olar?
-İnsan həyatı kardioqramma kimidi. Onun qələbələri
də olmalıdı, məğlubiyyətləri də...
Fiaskoya uğramayan adam heç vaxt qələbəyə
can atmaz.
İnsan ömrünün axırına kimi
özünü dərk edib, anlaya bilmir. Amma o, ömrü boyu buna can atdığı üçün
çox şeylərə nail olur. Ölümü
heç kəs dərk etməsə də hamı ona doğru
gedir.
-Vidadi
müəllim, məlumdur ki, teatr elitar sənət
növüdür. Digər tərəfdən də
formalaşan və formalaşmayan tamaşaçını
teatra dəvət edirik. Sizə elə gəlmir
ki, bu teatrı elitarlıqdan çıxara bilər.
-Tetar mənəvi,
bədii işlə məşğul olmaqla yanaşı, həm
də bir dövlət müəssisəsidi. Deməli,
həm də biznes sahəsidi. Bəli, teatra
tamaşaçı gəlməlidi, pul verib belet almalı,
tamaşaya baxmalıdı ki, aktyor da maaş
ala bilisn. Bilirsinizmi, biz çox vaxtı
danışanda bədii, mənəvi tərəfi nəzərə
alırıq, amma teatrın eyni zamanda bir müəssisə
olduğunu unuduruq. Burda təkcə
aktyorlar çalışmır. Teatrda
qapıda dayanan mühafizəçidən tutmuş,
müdiriyyətə qədər xeyli sayda işçi
çalışır. Bunların da
hamısı teatra, yaradıcılığa qulluq edən
insanlardılar. Bu baxımdan da teatrdakı
mənəvi və maddi sahə bir-birindən ayrılsa,
dağıntı baş verər. Satış
da təşkil etmək lazımdı, açıq kassa da.
Yəni tamaşaçı teatra gəlməlidi.
-Sizcə tamaşaçı faciə
gedən səhnəyə baxıb gülürsə, onda bunun
günahı kimdədir?
-Birinci təbii
ki, günah onun ailəsindədi. Çünki
ilk tərbiyə ailədən gəlir. Sonra
isə təhsil aldığı məktəbdə, universtetdədi.
Əgər tamaşaçı gəlib faciəyə
baxıb gülürsə, bu onun öz mədəniyyətidir.
Buna nə siz, nə də mən heç nə
edə bilmərik. Heç həmin adama
demək olmaz da ki, gülmə. Ola bilsin
ki, ona gülməli gəlir. Zövqü
o cürdü. Bilirsiniz heç kimə
heç nəyi diktə etmək olmaz. Kim
ki, incəsənəti, teatrı, ədəbiyyatı sevir,
anlayır, onlar da teatra gəlir və arzulanan reaksiyanı
göstərirlər. Kiməsə bu sahə
maraqlı deyilsə, onda biz niyə onu məcbur etməliyik
ki, teatra gəlsin. Həmin
tamaşaçı gəlib mütləq siz dediyiniz kimi faciəvi
səhnə zamanı güləcək.
-"Yuğ"
teatrının gələcəyini necə
görürsünüz?
-Siz məndən
soruşsaydınız ki, öz gələcəyinizi necə
görürsünüz? Mən cavab verəcəkdim
ki, öz gələcəyimi görmürəm. Nə də desəm hamısı uydurma olacaq.
Çünki gələcəkdən çox az
adam xəbər verə bilər ki, onlar da dahi insanlardılar.
"Yuğ" hərgünkü həyatını
yaşayır. Siz indi sual verdiniz ondan sonrakı saniyə
artıq "Yuğ"un gələcəyidi.
Sabah artıq gələcəkdi. Birisi gün isə daha uzaq gələcəkdi.
İnsan hər an, hər dəqiqə işləməlidi ki,
gələcək baş versin.
Mən "Yuğ" haqqında bir söz deyə bilərəm
ki, hətta bizim müəllimimiz, ustadımız da rəhmətə
gedən gündən bəri biz işləyirik. Bizim işlərimiz
kiməsə xoş gələ bilər, kiməsə gəlməyə
bilər. Və yaxud da kimsə bu teatra gələ
bilər, kimsə gəlməyə bilər. Bunlar hamısı qəbulolunandı. Yəni burada qeyri-adi heç nə yoxdu. Əsas olan odur ki, işləmək, fəaliyyətdə
olmaq və yaşamaq lazımdır.
Ədalət.-2015.-15 may.-S.7.