POLKOVNİKİ KİM ÖLDÜRDÜ?

ƏDƏBİ HƏYAT

 (AQİL ABBASIN "Allahı qatil edənlər" romanı haqqında)

I

Yox, bu roman qəhrəmanlığın vəsfinə həsr edilməyib. Məmləkətdə kifayət qədər tanınmış yazıçı Aqil Abbas "Allahı qatil edənlər" romanında dövrün qəhrəmanının obrazını yaratmaq vəzifəsini qarşısına məqsəd qoymayıb.

Qəhrəmanlıq adətən, döyüş-vuruş meydanında, düşmənə qarşı amansız mübarizədə meydana çıxır. O insan ya döyüşdən sağ-salamat geri dönür, millətinin başını ucaldır, ya da şəhid olur. Böyük türk şairi Nihal Atsız yazırdı ki: "Qəhrəmanlıq içərək Acı ölüm tasından İrəliyə atılmaq və sonra dönməməkdir". On əsr əvvəl Vezuvi vulkanı püskürəndə Pompey şəhərini yerlə-yeksan edərkən postda dayanan bir əsgər yerindən tərpənmir. Bütün adamlar qaçdığı halda, o, vəzifə başında dayanıb durub. Vulkanın atdığı daş parçaları onun başına tökülür, qaz onu boğurdu. Əsgər həlak oldu. Həmin əsgərin xatirəsi bütün italyanların qəlbində bir cəsurluq, qəhrəmanlıq rəmzi kimi əbədi yaşadı. Neapol şəhərindəki bir muzeydə həmin əsgərin əlində mızraq, köksündə zireh qiymətli bir eksponat kimi heykəli durur. Kəndli qızı Canna Dark öz misilsiz qəhrəmanlığı ilə Fransa ordusuna böyük dəstək oldu, ingilislərin ölkədən qovulmasında müstəsna rol oynadı. Həlak oldu, amma fransız xalqı onu unutmadı. Heykəllər ucaldıldı ona.

Qəhrəmanlıq təkcə güc və qüvvətlə ölçülən müstəsna igidlik deyil, həm də ağıl və idrak göstəricisidir. Babəki xatırlayaq. Ərəb tarixçiləri onu kafər, mürtəd adlandırırlar, amma ağıllı sərkərdə olduğunu da etiraf edirlər. Babək min bir əzabla öldürülür, ancaq onun ölüm səhnəsi qəhrəmanlığın ölümünə yox, təsdiqinə çevrilir. Ənvər Məmmədxanlı Babəkin ölüm səhnəsindən belə bir epizod verir. Babək üzünü xəlifəyə tutub deyir: "Ey kor yapalaq, bütün müstəbidlər kimi sən də səhv edirsən, çünki mənim dastanım elə bir dastandır ki, nə Babəklə başlanmışdır, nə də Babəklə qurtaracaq. Ey yazıqlar, siz heç vaxt dərk etməyəcəksiniz ki, Azadlıq yanğısı nə deməkdir. Elə dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq! İstər o şirin, istərsə acı olsun-yalnız o idi mənim səcdəgahım! Və bu müstəbid ki, məni öldürür, o da heç vaxt anlamayacaq ki, ölümü ilə azadlıq fədaisi büsbütün məhv olmur".

Müasir dövrdə, XXI əsrdə də Qəhrəman olmaq, xalqın, millətin sevimlisinə çevrilmək nümunəsini biz Qarabağ uğrunda haqq müharibəsində həlak olan soydaşlarımızın timsalında gördük. Mübariz İbrahimovun qəhrəmanlığı Azərbaycan tarixinin qəhrəmanlıq ənənələrinin parlaq bir nümunəsi deyilmi?

 

II

Aqil Abbasın təsvir etdiyi Akademik ləqəbli oğlan döyüşdə, vuruş meydanında qəhrəmanlıq göstərə bilmir. Lakin o, bütün varlığı ilə belə bir qəhrəmanlığa hazır idi. Cismən də, ruhən də. Beyni, hissi-bütün varlığı buna köklənmişdi. Özü də romantik arzulardan doğmamışdı bunlar, gerçək duyğularının ifadəsi idi. Onu - bütün varlığı əsl qəhrəman olmağa səfərbər edən, ya da döyüşə səsləyən hisslər artıq bütün cismini sarmışdı. Onu əsgərliyə çağırırlar və burada gördüyü mənzərə Akademiki tamam çaşdırır. "Akademik: Qardaşlar, biz bura Vətəni qorumağa gəlmişik, komandirlərə fəhləlik eləyib gün keçirməyə yox! Evə dönəndə sevdiyiniz qızlara, analarınıza, balaca bacı-qardaşlarınıza nə deyəcəksiz? Nə ilə lovğalanacaqsız? Semant qarışdırmağınızla, daş daşımağınızla? Yoxsa axşamlar ucuz araqlardan içib şellənməyinizlə? Sizi bilmirəm, mən daha heç kimə nökərçilik edən deyiləm".

Əlbəttə, Akademikin bu əhval-ruhiyyə ilə yaşaması təbiidir, amma adi bir şücaət və qəhrəmanlıq üçün ən adi və normal şərait olmalıdır. Bu yoxsa, heç bir qəhrəmanlıqdan söhbət gedə bilməz. Babəkin misilsiz sərkərdəliyi, Həzi Aslanovun faşist orduları üzərində müzəffər qələbələrini tək bir insanın qələbəsi saymaq düzgün olmazdı. Amma qəhrəmanlıq həm də fərdi şəkildə, məsələn, Mübariz İbrahimovun təkbaşına qərar qəbul edib qəhrəmanlıq göstərməsi kimi də həyata keçirilə bilər. Amma Akademik elə bir mühitdədir ki, orada təkdir, heç kəs onu anlamır və anlayırlarsa da, dediklərini qulaq ardına vururlar. Akademikin xidmət etdiyi hərbi hissədə ağır cinayət hadisələri baş verir, intiharlar qeydə alınır, rüşvətxorluq halları, yeyinti xirtdəyəcəndir. Bunu az-çox ağıllı adam olan Qərargah Rəisi də bilir. Amma o da çarəsizdir, çünki bunların qarşısını almaqda acizdir. Deyir ki: "Biz bu Vətəni, o görünən dağları, meşələri, o göy üzünü, bu dağların bulaqlarını, quşlarını da əsgərlərə etibar etmişik. Bu dövlət də, bu millət də əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilmiriksə, deməli, bu Vətəni də, o dağları, o meşələri, o göy üzünü də qoruya bilmirik". Çox acı bir etirafdır. Əlbəttə, bu başıpozuqluğu, hərc-mərcliyi, xaosu Azərbaycan Milli Ordusunun heç də bütün hərbi hissələrinə şamil eləmək olmaz, amma belə neqativ halların hökm sürdüyü bir məkanı təsvir eləməklə Aqil Abbas istisna bir vəziyyəti qələmə alıb. Ona qalsa, mənfi və neqativ hallar başqa-başqa sahələrdə də nəzərə çarpır. Məgər ticarətdə, tikintidə, nəqliyyatda, bəzi dövlət idarələrində belə hallar görünmürmü? Televiziya kanalları, mətbuat bu barədə sözünü demirmi?

Aqil Abbasın "Allahı qatil edənlər" romanından əsas məqsəd bu mənfi halları qabartmaqla yanaşı, həm də və ən başlıcası, qəhrəmanlıqla antiqəhrəmanlığın, Xeyrin Şərlə qarşılaşmasını qələmə almaqdır. İnsanı ali niyyətlərdən, müqəddəs hisslərdən, igidlik və qəhrəmanlıqdan yayındıran mikromühitlər həmişə olub və indi də qalmaqdadır. Bəzən ən kiçik mühit elə qorxulu hallar törədir ki, onların qarşısını almaq çətindir. Bu mənada Aqil Abbasın ədəbi qəhrəmanı ilə vaxtilə, keçən əsrin yetmişinci illərində Sabir Əhmədovun və Əkrəm Əylislinin qələmə aldıqları Laçın və Qədir obrazları arasında bir doğmalıq hiss edirsən. Laçın ("Yamacda nişanə") düşdüyü mikromühitdə anlaşılmazlığın, biganəliyin qurbanı olur. Qədir isə ("Kür qırağının meşələri") nəinki qayıtdığı doğma kəndində, heç arvadı Səltənətdən də mehribanlıq, şəfqət, mərhəmət görmür və başını götürüb kənddən çıxır. Zəmanə dəyişib, lakin hələ də insana biganəlik, onu anlamamaq, hisslərini, arzularını qiymətləndirməmək halları qorxulu virus kimi yaşamaqdadır.

Akademik obrazı fikrimcə, Aqil Abbasın uğurlu bir obrazıdır. Doğrudur, onun taleyi faciə ilə sonuclanır, onu təhqir edirlər və Akademik bu təhqirlərə dözməyərək üç əsgəri qətlə yetirir (həmin əsgərlər Polkovnikin göstərişi ilə Akademiki təhqir etmişdilər), amma oxucu belə bir obrazın həyati olduğuna qətiyyən şübhə eləmir. Bir yazıçı kimi Aqil Abbas rəğbət bəslədiyi hər hansı bir obrazı oxucuya təqdim edərkən onu hazır vəziyyətdə, necə deyərlər, üstündə nə varsa, əsərə gətirir. Biz bunu Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" povestində və "Dolu" romanında görmüşük. Povestdəki Müəllim obrazı bütün çalarları ilə həyatidir, hətta səni onu dəfələrlə görmüsən deyə...gMəqsədi aydın, ölümü də məlum. Müəllif ona heç bir əlavə ştrix aşılamır."Dolu"dakı Pələng və Drakon da həmçinin. Onlar qəhrəmancasına şəhid olurlar və Aqil Abbas Azərbaycanda belə oğulların varlığını təsdiq edir. Amma Akademiki Müəllim, Pələng və Drakon olmağa qoymurlar. Çünki o, elə mühitdədir ki, burada qəhrəmanlığa şərait yoxdur, antişəhrəmanlıq qəhrəmanlıq üçün möhkəm, keçilməz bir sədd yaradıb. Antiqəhrəmanlıq öz işinə vicdanla yanaşan Müstəntiqi sıxma-boğmaya salır, çünki müstəntiq hərbi hissədə baş verən cinayətlərin səbəbkarının kim olduğunu qəti müəyyənləşdirib. Amma nə olsun? "Lap yuxarılardan" ona güclü təzyiqlər olur və o da istefa verir, keçir alverə və dolanmağın yolunu tapır. Antiqəhrəmanlıq hər cür cəza vasitələrinə əl atır və Akademikin əsgərlər arasında çox baş apardığını görüb hər dəfə qaupvaxta yollayır. Antiqəhrəmanlıq hərbi hissədə xidmət edən əsgərlərin Vətən və qeyrət hissini heçə endirib, hamı borş yeməklə, araq içməklə, gün keçirməklə məşğuldur. Bax, Aqil Abbas öz əsərində məhz həqiqi qəhrəmanlığa gedən yolları kəsən nadürüstlərin "sərgisini" bizə təqdim edir.

Akademik obrazını uğurlu hesab etdim. Ona görə ki, Aqil Abbas qəhrəmanlığa köklənən, amma qəhrəman ola bilməyən bir gəncin son dərəcə neqativ bir mühitdə əyilmədiyini, sınmadığını bizə təqdim etmək istəmişdir. Doğrudan da beyni, varlığı Vətən hissi və haqqsevərliklə dolu bu gənc dediyindən dönmür. "Məni sındıra bilməyəcəksiz. Döysəniz də, söysəniz də, həftədə bir dəfə bura salsanız da, sındıra bilməyəcəksiz... Məni nə qədər şərləyib həbsxanaya salsanız da, xeyri yoxdu. Məni o biri uşaqlar kimi intihara məcbur edə bilməyəcəksiz. ...Mən bura Vətəni qorumağa gəlmişəm, nökərçilik etməyə yox. Nə məni sındıra biləcəksiz, nə də qoymayacam başqalarını sındırasız". Amma hadisələr elə cərəyan edir ki, Akademikin üç əsgər yoldaşı onu təhqir edirlər, Akademik bu rüsvayçılığı içində qisasa çevirir. Bu, doğrudurmu? Aqil Abbas qəhrəmanının faciəsini başqa üsulla həll edə bilməzdimi? Yox! O, təhqirə cavab verməliydi və bir hərbi hissədə baş verən belə cinayətlərin -bu tipli antiqəhrəmanlığın mövcud olduğunu sübut etməliydi. Onun intiharı da məntiqidir. O üç əsgərin və Akademikin qanı ermənilərə qarşı vuruşda da tökülə bilərdi və burada doğrudan da paradoks yaranır.

Romanın süjetiylə bağlı ikinci bir şaxəsi də var. Akademikin Atası, Anası, Bacısı, Qardaşı və bir də Müstəntiqdən sonra bu cinayətin, qətlin səbəbini aşkarlamaq istəyən Kriminalistin romanda rolu heç də az deyil. Akademikin anası Polkovniki qətlə yetirir və bu hadisəyə romanda yer ayrılmasa da, o da biz Ananın çəkdiyi mənəvi ağrıların, oğul itkisinin mütləq bu sonuca gəlib çıxacağını düşünə bilərdik. Doğrudur, Akademikin ölümündən sonra romana kriminal çalarlar daxil olur. Kriminalist qətlin mahiyyətini, nə səbəbdən törəndiyini aşkarlamaq üçün öz peşəsinin təlqiniylə hərəkət edir. Akademikin atası ona deyir: "Söz sənindir. Sənin də anan var, bacın var. Nə fərqi, mən öldürmüşəm, yoxsa xanımım. Əslində, bunu mən etməliydim, kişiliyim çatmayıb. O məndən kişi çıxıb. Əsas odur ki, cinayəti açmısan. Rütbəni alacaqsan, bəlkə prokuror da qoyacaqlar. Amma heç vaxt vicdan əzabı çəkməyəcəksən. Özün deyirdin ki, soğan satarsan, vicdanını satmazsan. İndi nə soğan sat, nə də vicdanını, sadəcə olaraq bir kişilik elə".

Romanın final hissəsi yenə təbii və məntiqi təsir bağışlayır. Kriminalist Akademikin atasının oğlunun qəbri üstə, əllərini göyə açıb dua oxuduğunu görür: "Axırıncı dəfə diz çöküb qəbrin torpağını sığalladı, oğlunu qucaqlayırmış kimi məzarı qucaqladı və hıçqırdı..."

Bəs sonra? "Kriminalist siqareti atdı, maşının qapısını açıb silahı götürdü, bir silaha baxdı, bir oğlunun qəbrini sonuncu dəfə qucaqlayan ataya baxdı...gbaxdı... Və silahı tulladı çaya, keçib oturdu sükanın arxasında və maşını sürüb getdi".

Beləliklə, roman bitir və xanımı lap sonda kişidən soruşanda ki, polkovniki kim öldürüb, kişi deyir "Allah!" Bu da simvolikdir, yəni Allah bu haqsızlığa, bu zülmə tab gətirmədi, günahkarı isə kimin öldürməsinin heç bir fərqi yox...g

"Allahı qatil edənlər" janr tipinə görə bədii-publisistik romandır. Biz bu xüsusiyyəti Aqil Abbasın "Dolu" və "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" əsərlərində də izləmişik. Amma publisistika romanın bədiiliyinə qətiyyən xələl gətirməmişdir. Aqil Abbasın publisistikası bədiilik elementləri ilə zəngin olduğu kimi, bədii nəsri də əsil publisistikaya xas olan xüsusiyyətlərdən məhrum deyil. Canlı danışıq dili, bədii dillə xalq dilinin vəhdəti, dialoqlardakı təbiilik və yeri gəldikcə obrazların psixoloji aləminin görüntüləri hər üç əsərin bədii məziyyətləri sayılmalıdır.

Aqil Abbas həyatın, gerçəkliyin içində olan, müşahidəsi iti, bədii təfəkkürü aydın, dili səlis bir nasirdir və biz ondan məhz bu günün həqiqətlərini yeni roman və povestlərilə əks etdirməyi arzulayırıq...

 

Ədalət.-2015.-16 may.-S.15.