"Özünü sübut etmək həmişə çətin
olub"
Əməkdar artist, Prezident Mükafatçısı
Məmməd Səfa hesab edir
ki, I Avropa Oyunları
keçirməklə üzərimizə böyük
məsuliyyət götürmüşük
Ölkə başçısının bu günlərdə imzaladığı
sərəncamla bir qrup tanınmış incəsənət xadimi Prezident Mükafatına layiq görüldü. "YUĞ" Dövlət Teatrının
aparıcı aktyorlarından
biri, Əməkdar
artist, Mədəniyyət və
İncəsənət Universitetinin
dosenti Məmməd Səfa növbəti
dəfə bu şərəfə nail olanlardandır.
İstedadlı aktyor, bacarıqlı
pedaqoq və təvazökar insan kimi tanınan Məmməd Səfa qəzetimizə verdiyi müsahibədə Prezident
Mükafatı alan bütün sənət dostlarının
sevincinə qoşulduğunu
bildirdi. Söhbət zamanı müsahibimizin
yaradıcılıq planları
barədə də danışdıq, Bakıda
keçiriləcək I Avropa
Oyunlarına münasibətini
öyrəndik.
- Adınızı növbəti
dəfə mükafatçılar
siyahısında görmək
bizim üçün
xoş oldu. Könül istər ki, tez-tez belə
şad xəbərlər
yayılsın...
- Bu sənətlə maraqlananların,
yaradıcı insanların
uğuruna sevinənlərin
könlünü Allah həmişə
xoş eləsin.
2008-ci ildən Prezident
Mükafatı alıram,
sağ olsunlar ki, bu il də məni bu şərəfə
layiq gördülər.
Fürsətdən istifadə edib
dövlət başçısına
minnətdarlığımı yetirmək istəyirəm,
ölkəmizin inkişafı,
mədəniyyətimizin himayə
olunması ilə bağlı gördüyü
böyük işlərdə
Allah ona kömək olsun. İnanın ki, internetdən
Prezident sərəncamını
oxuyanda siyahıda adı olan bütün
sənət adamlarına,
həmkarlarıma görə
sevindim. Azərbaycan incəsənətinə
xidmət edən, yaradıcılıq uğurları
qazanan sənətkarımız
çoxdur. İnşallah, onlara da bu
mükafat verilər.
İncəsənət xadimlərinin hər il
belə mükafata layiq görülməsində
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin də əməyi var. Tək mənə yox, çalışdığım
"YUĞ" Dövlət Teatrının bütün
kollektivinə nazirimiz
həmişə diqqətlə
yanaşıb. Bu gün
də həmin diqqəti hiss edirik.
- Bəzən sənət adamları rəsmi dairələrdən diqqət,
stimul gözləyir. Fəxri adların, mükafatların verilməsi
bu baxımdan lap yerinə düşür...
- Diqqət, stimul peşəsindən, mövqeyindən
asılı olmayaraq hər bir insana
lazımdı. Bunsuz yaşamaq
çox çətin
olar yəqin. Ona görə də arzum budur ki,
hər kəs öz layiq olduğu
qiyməti alsın, rəsmi dairələr, ətrafdakılar insanı
sağlığında qiymətləndirsinlər,
çəkdiyi əziyyətə
dəyər versinlər.
- "YUĞ"da Məmməd
Səfanın işləri
necə gedir?
- Əla! Repertuarımızdakı tamaşaları oynayıram,
yeni əsərlərin
məşqində iştirak
edirəm. Kollektivimiz həmişəki
kimi, gərgin çalışır, baş
rejissorumuz Gümrah Ömər Kamal Abdullanın "Bir, iki, bizimki" pyesinin yeni bir
versiyasını hazırlayır
və mənə də bu tamaşada
rol verib.
- Bu arada sizi Akademik
Milli Dram Teatrının
səhnəsində də
görmək olur...
- Akademik Milli Dram Teatrı böyük sənət məbədidir.
Bu teatrda həmişə
görkəmli aktyorlarımız,
rejissorlarımız çalışıb,
bu gün də ənənə davam edir. Sənət biliciləri, tamaşaçılar
Akademik Milli Dram Teatrına bir nömrəli teatr kimi yanaşıblar.
Tale elə gətirdi
ki, bu kollektivlə
birgə çalışmaq
mənə də nəsib oldu. Xalq artisti, professor
Azərpaşa Nemət
Əli Əmirlinin
"Şah Qacar" əsərinə verdiyi quruluşda Kərim xan Zənd obrazını
mənə həvalə
etdi. Gümrah Ömərin hazırladığı
"Nadir Şah" tamaşasında
isə Nadir Şahı
oynayıram. Yunus Oğuzun
əsəri əsasında
səhnəyə qoyulan
tamaşada Nadir Şah
rolunda Xalq artisti Ramiz Novruzla
dublyoram. Hər iki
rola dəvət alanda işin məsuliyyətini dərk
edərək razılıq
verdim. Yuxarıda qeyd etdiyim kimi, Akademik Milli Dram Teatrının tələbləri yüksəkdir,
bu səhnədə özünü realizə
etmək aktyordan böyük güc tələb edir. Oynadığım hər iki tamaşa teatrın repertuarındadır və
müntəzəm oynanılır.
- Mədəniyyət və
İncəsənət Universitetinin
dosenti kimi bir yandan da
başınız imtahanlara
qarışıb...
- III kursun tələbələri
ilə hazırladığım
Süleyman Sani Axundovun "Tamahkar" tamaşasını artıq
təqdim etdik. Qarabasma oyunu kimi müəyyən
etdiyimiz bu tamaşa tələbələrin
kurs işi idi. İmtahanların əksəriyyətində yaxından iştirak etdiyimdən deyə bilərəm ki, həqiqətən də istedadlı, ləyaqətli,
bu peşəni sevən və bu peşəyə layiq olan gənclərimiz
çoxdu, yaxın gələcəkdə onlar
aktyor və rejissor kimi özlərini
sübut edə bilərlər. Bir müəllim
kimi onlara inanıram, çox istərdim ki, həmin istedadlı tələbələr bu inam hissini özlərində
qoruya bilsinlər.
Çünki bu çox vacib bir amildir.
Yaşamaq, var olmaq, özünü
sübut etmək və cəmiyyətdə
yer tutmaq tarixin bütün dövrlərində insan üçün çətin
olub. Özü də bu məsələdə söhbət
təkcə puldan, maddi sərvətdən getmir. Bu gün
gənclərimiz öz
gələcək həyatlarını
qurmaqla bağlı düşünərkən düzgün
qərar verməyi bacarmalıdırlar.
- Belə anda hər bir gəncin
ağıllı müəllim
sözünə ehtiyacı
olur...
- Ona görə də müəllimliyi çətin peşə sayırlar. Müəllim düzgün istiqamət
verməyi bacarmalıdı.
- Həyatda müəllim sarıdan bəxtinizin gətirdiyini demək olar?
- Əlbəttə, istər
orta, istərsə də ali
məktəbdə gözəl
müəllimlərdən dərs
almışam və bu gün də
onları ehtiramla, rəhmətlə xatırlayıram.
Əsl müəllim adını
daşıyan, bu peşəyə daim hörmət gətirən
həmin insanların bəziləri bu gün də yaşayır. Allah onlara cansağlığı
versin. Ən böyük ustadım
isə rəhmətlik
Vaqif İbrahimoğlu
idi. Onunla uzun illər
bir yerdə olmuşuq, Vaqif bəy ən çətin anda insanda ümid hissi oyada bilirdi.
- "Dolu" bədii filmindəki Komandir obrazından sonra kinoda sizi yeni
bir rolda görmürük...
- Komandir kinoda hələlik sonuncu rolumdu. "Hələlik"
ifadəsini özüm
xüsusi vurğuladım,
çünki bundan sonra yenə bədii filmlərə dəvət alacağıma
inanıram. Mənim çəkilməyim
əsas deyil, əsas olanı odur ki, bu
gün Azərbaycan kinosu yaşayır, yeni ekran əsərləri
yaranır, beynəlxalq
festivallarda uğur qazanır. Bu günlərdə Elxan Cəfərov yeni bir işini təqdim etdi. "Yarımçıq xatirələr" bədii
filmi çox xoşuma gəldi, bu filmdə gözəl rejissor işi, aktyor oyunu var. Elxan Cəfərov bu filmlə "Dolu"da qazandığı uğurun
təsadüfi olmadığını
bir daha sübut elədi.
- Mühüm bir hadisə ərəfəsindəyik,
Bakıda I Avropa Oyunları keçiriləcək.
Tanınmış bir
ziyalı kimi bu məsələyə münasibətinizi bilmək
istərdik...
- I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi
həqiqətən də
böyük bir hadisədir. Düşünürəm ki, belə bir yarışı təşkil etməyə
hazır olduğunu bildirən gündən Azərbaycan dövləti
öz üzərinə
böyük bir məsuliyyət götürüb.
Lakin ölkəmizin hər bir vətəndaşı
da bu məsuliyyəti
öz çiynində
hiss etməlidi. Çünki evə qonaq gələndə ailə başçısından tutmuş
sonbeşiyəcən hamı
öz işini mükəmməl görməyə
çalışır.
Azərbaycanın bütün dünyada sülhsevər, müasir zamanla ayaqlaşmağı
bacaran və güclü dövlət olduğunu bir daha sübut etmək üçün gözəl bir fürsət qazanmışıq. Elə bir
coğrafi məkanda yerləşirik ki, tarixən müxtəlif ölkələrin maraqları
Azərbaycanda kəsişib.
Həmişə olduğu kimi,
yenə həm dostlarımızın, həm
də düşmənlərimizin
diqqəti bura yönələcək. Əminəm
ki, biz I Avropa Oyunlarını yüksək
səviyyədə keçirib
dost ölkələri sevindirəcəyik.
Azərbaycanı gözü götürməyən
dövlətlərə, torpağımıza,
malımıza göz
dikən, xəbis, bu gün üzbəüz
döyüşdən qorxub
qaçan Ermənistana
göz dağı verəcəyik.
Ədalət.-2015.-16
may.-S.11.