MƏMMƏD İLQAR
İncənimi soruşursan, əfəndim
Elə mən
özüm də bir neçə dəfə: - Məmməd,
az görünürsən, az təbliğ olunursan. Səndən
qat-qat zəif olan şairləri qapıdan qovurlar pəncərədən
girir, efirdən, ekrandan, ədəbiyyat dərgilərinin səhifələrindən
düşmürlər. Bu zamanda gizlənəni görmürlər
- desəm də, əllərini yelləyərək: - Bunlar
boş-boş şeylərdi. Qardaş, get halal
sözünü yaz, özünə sözünə xəyanət
etmə. Yazdıqların dəyərlidirsə, halaldırsa,
öz sahiblərini tapacaq, yerinə-yurduna sahib
çıxacaq, özlərini də, səni də sübut
edəcəkdi, - deyib.
Doğru deyir Məmməd İlqar. Bir dəfə Qazağa birgə səfərlərimizin birində, yolun Ağsu aşırımı ərazisində münasib bir yeməkxanada dayanıb çörək yemək qərarına gəldik. Uzaqdan çiyni sazlı aşığı görüb yanımıza çağırdıq.
- A bala, bir-iki hava çal, oxu görək bu tərəflərin aşığı necə oxuyur, - deyib əlini cavan aşığın cibinə saldı. Nəməri alan aşıq həvəslə bir-iki hava oxudu. Bu dəfə sifarişi mən verib:
- Oğul, Məmməd İlqardan söz bilirsənmi, - dedim.
- Niyə bilmirəm, əmi. Özüylə də dostam. Hər buralardan keçəndə mənə bir-iki hava oxutmamış getməz, - deyib bir az da lovğa bir görkəm aldı. Məmmədə göz vurub, üz vurmamasını işarə etdim. Aşıq doğrudan da cavan olmasına baxmayaraq yeni bir şövqlə təcnis havasına ayaq verib, Məmmədin məşhur təcnislərindən birini oxumağa başladı:
İlahi! Belə də gözəl olarmı?-
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz-üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir,
Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya bax bircə sən-
Gör gülün nazını nə gözəl çəkir?...
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl !..
Mən ölmüş neynim ki, gözündən, gözəl-
Nə bir könül doyur, nə göz əl çəkir !
Söz tamama yetəndə biz də durduq.
- Məmməd, bu cavan aşıq çox
xoşuma gəldi. Gör maşında varsa, kitabından birini imzanla ver bu
cavan oğlana.
Gələcəkdə əlində səninlə dostluğu
haqda sənədi olsun, - dedim.
Cavan
aşıq məsələni anlamışdı, bir az da yanaqları allanmışdı. Məmməd maşından "Quzey qönçəsi"
adlı kitabından birini imzalayıb aşığa
bağışladı.
Aşıqla
hallalaşaraq: - Həə, aşıq qardaş, sənin
dostun şair Məmməd İlqar budur, - deyib yolumuza davam
etdik. Bəli, bu doğrudan da belədir ki, Məmməd az reklam olunub, ancaq çoxlarından çox
tanınan, sevilən şairlərimizdəndir. Çünki
Məmmədin bütün qoşmaları, gəraylıları,
təcnisləri sazın fövqünə ucala bilib. Özü demiş, "Saza ucalan sözə
ölüm yoxdur".
***
Günlərin bir günü elçi kimi qapımı
açdı dostum Məmməd İlqar.
- Dəmirçioğlu,
biz dost idik, Allahın izni ilə indi də quda olmaq istəyirəm
səninlə, - deyib qızım Ülkəri oğlu Babəkə
istədi. Xeyli tərəddüdlərdən
sonra qohumluğumuz baş tutdu.
Günlər, aylar ötür gedir. Günlərin bir
günü səbirsizliklə nəvə gözləyən
dostumla söhbət əsnasında soruşdum:
-Arkadaş,
oğlum Daşqın mənim təkidimə baxmayaraq
oğluna mənim adımı yaraşdırdı. Böyük kürəkənim Elşən
babası Məhəmmədin adını oğluna ad elədi.
İndi atanın adını oğula qoymaq dəbdədi.
Oğul nəvən olsa yəqin ki, Babək də
oğluna Məmməd adı qoyacaq. Belə
olsa mən gərək nəvələrimi nömrələyim.
Xeyli
gülüb dedi:
- Təki
sağlıq olsun. Zaməddin Ziyadoğlu deyib
ki, Məmmədlər çox olsa basılmaz Vətən.
Xoş günlərin birində Məmməd baba oldu. Təbrik edib soruşdum:
-
Arkadaş, oğlandı, qız?
Telefonda
gülə-gülə:
- Ayə
bir gözəl Məmmədiyyə gəldi dünyaya, - deyib
o da məni təbrik etdi...
Etibarlı
dost olduğu qədər də gözəl ailə
başçısıdı Məmməd. Hərdən həyat
yoldaşı Fatma xanımla zarafatlarına, nəvələri
Nigarla, İlqarla oynamağına tamaşa edəsən. Fatma
xanıma, bir az baməzə, bir az da
zarafatyana yazdığı bir təcnis nümunəsinə
baxaq:
A
GÖYÇƏK
Göyçək
günlər gözləməkdən üzüldüm,
Gələcəkmi
göyçək günlər, a göyçək
?
Cənnətdəkilər
çəkəmmədi cəfanı -
Culadılar - sən çəkərsən, ay göy*,
çək.
Fağır
canım bir də dönüb baxdı nə...
Nolasıydı
bir cununun baxtı, nə ?
Görən
dedi, göydəş düşüb baxtına,
Mələkdisə,
mələyini a göy, çək!
Məmməd
İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən
bu söz nəyə yaradı?..
Beşcə
göyçək hərfdi - olub yar adı,
Dörd göyçəyin axırında "a"
göyçək.
*kürəkən
***
Artıq
bu gün bu fikirləri cəsarətlə söyləmək
olar ki, İncə Dərəsinin özünə məxsus
dil ləhcəsi, poeziya nümunələri,
çağdaş Azərbaycan ədəbiyyatı, tənqidi
tərəfindən ciddi bir formada qəbul olunmaqdadır.
Hörmətli ədəbiyyatşünas alim Rüstəm
Kamal: "Yüz imzasız şeir nümunəsinin içindən
İncəlilərə məxsus bircə nümunə olsa, mən
onu dərhal tanıyaram" - ifadəsi, çox hörmətli
professorumuz, millət vəkili Nizami Cəfərovun mötəbər
məclislərin birində: "İncəlilər dərsini
ancaq tanrıdan alırlar" - kəlamı bu fikirləri təsdiq
edə bilər.
Üzu
Əfqan Hacıdan bəri (17 əsir) başlanan bu yol,
Açıq Avdı Qaymaqlı sazında, sözündə
cilalanıb, aşıq Cəlal Qəhrəmanov,
açıq Kərəm İncəli, açıq Yəhya,
aşıq Sadıq Avdıoğlu və s. ozanların
sazında tumarlanaraq, Səyyar Vəli, Ələddin İncəli,
Qarasultan oğlu İbrahim ləhcəsindən mayalanaraq,
Ağamalı Sadiq Əfəndi, Akif Səməd, Hacı Məhəmməd
Astanbəyli, İbrahim İlyaslı, Rəfail İncəyurd,
Avdı Qoşqar, Mahmud Vəli (Bu gün içi mən
qarışıq adlarını sadalamadığım
çox İncəli şairləri var ki, bu siyahıya
görə məndən inciməsinlər) və nəhayət
Məmməd İlqar zirvəsinə yüksəldi. O
doğulub boya-başa çatdığı İncə Dərəsinin
mənzərəsini elə parlaq boyalarla, dilin elə bir
möcüsəsiylə yaradıb ki, nə özündən
əvvəl, nə də özündən sonra bu abidəni
yaratmaq başqalarına müyəssər olmayacaq:
Hüseyn
Əfəndiyə
İncənimi
soruşursan, Əfəndim,
Dünyanın
bir bucağında bir eldi...
Halal
yığar - haramılar daşıyar,
Haram bişməz ocağında bir eldi.
Əfsanələr
incələnib adında,
Binələnib
ürəyinin çatında,
Kök-köməci
yerin yeddi qatında,
Başı qardaş bıçağında bir eldi.
Yüz Məmmədə
ilqar verib - gözləyir,
Qibləm
- yönüm, Tanrım - Pirim gözləyir,
Qucağında
qəbir yerim gözləyir,
Qəbirləri qucağında bir eldi.
Elə bu
aradaca Məmməd İlqarın özünə məxsus
poeziya ləhcəsi, dil şirinliyi və hətta deyərdim
görk ola biləcək çox mükəmməl
təcnisləri, qoşmaları, gəraylıları haqda
söhbət açsaydıq yerinə düşərdi.
"Kəndə məktub" nümunəsindən bir
parça:
Salam, Qara
Quzey,
Salam,
Ağ dərə!
Çeyillər, çəmənlər, necə
varsınız?
Bir nəğmə
yazmışam - sizə göndərəm -
Müğənni kəkliklər, oxuyarsınız.
Sizdən
ayrılalı kiməm, gör nəyəm...
Bir parça ürəkdə min ölüm oldu.
Ağlama
ay bulub, mən də köytəyəm,
Mən
ölüm ağlama, mən ölüm oldu!
Nə
sirli sevdalar coşur canımda,
Dəli duyğuların yuxusu gəlmir.
Havaxtdı
tələbə çamadanımdan
Qoyun pendirinin qoxusu gəlmir.
Of, necə
qurutdu bu şəhər məni,
Ruhum aranızda, can qəfəsdədi.
Ta çətin
saxlayar fələklər məni,
O hicran
vardı ha, - son nəfəsdədi...
Və
yaxud ANAMIN SAÇININ QARA VAXTLARI
Nümunəsinə
nəzər salaq:
Hopub
yaddaşıma göy qurşağıtək,
Göynəyir
sinəmdə, sinə dağıtək,
Ovunmur
evimin kür uşağıtək
Anamın saçının qara vaxtları.
Ah, necə
duruydu eşqim, ay Allah,
Nə qədər
təmizdi ürəyim onda...
Nələr
vəd etməzdi mənə xəyallar,
Nə
daşqın dənizdi ürəyim onda -
Anamın saçının qara vaxtları.
Bilirdim
Göylərdə qar var, yağış var,
Bilirdim
yollarda eniş-yoxuş var,
Bircə
bilmirdim ki, bu yer üzündə
Neçə
" yox olmaq" var,
Neçə
"çıxış" var
Anamın saçının qara vaxtları.
Belə hərlənəsi
başım yoxuydu,
Belə
sellənəsi yaşım yoxuydu,
Sevgi məktubları
yazırdım hələ-
Bu gidi dünyayla işim yoxuydu.
Anamın saçının qara vaxtları.
Hələ
ümidlərin sıx vaxtlarıydı,
Arzumun
çoxunun sağ vaxtlarıydı,
Baxtımın,
günümün ağ vaxtlarıydı
Anamın saçının qara vaxtları.
Deyim ki,
yuxuydu -
yuxu
deyildi,
Deyim ki,
nağıldı-
Axı deyildi?
Bir onu
bilirəm, ay ağ saçlarım,
Anamın
ömrünə yağı deyildim
Anamın saçının qara vaxtları.
Məmməd
İlqar məhsuldarlıq baxımında az
yazan şairlərimizdən olmasına baxmayaraq, nər
sözün, nər misranın üstündə əsib, yadda
qalan, dillər əzbəri olan sənət nümunələri
yaratmışdır. Və ən maraqlısı da budur ki, az yazan adlandırdığımız bu
maraqlı şair sanki səs gülüstanının
bağında, bağçasında əl dəyməmiş
bir gül, bir çiçək qoymamışdır. Bu
danılmaz bir həqiqətdir ki, cinas meydanında onunla at
oynatmaq hər şairin işi deyil:
Ən
gözəl dərdimsən dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən,
gözəl.
Dərd
gözəl çəkilir - əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdən - ən
gözəl.
Sərdim
gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də, mən
- ömrün.
Hər
günü zülümdü dərd əmən ömrün-
Ölərmi sən kimi dərd əmən, gözəl.
Məmməd,
könül sevdi, kimə nə, dərdi
Özgə
kim sevdirər ki, mənə dərdi?...
Bilməm bu sevdanın kimə nə dərdi?
Mənə
dərd gözəldi, dərdə mən gözəl!
Hörmətli abimiz, poeziyamızın Məmməd
Aslanı deyir ki, təcnis dünyasında elə bir cinas
qalmayıb ki, ona Məmməd İlqarın əli dəyməmiş
olsun. Təkcə
cinas yox, Əlini hara atırsan:
... Narsan
- sənə bolüm yoxdur,
Yarsan - sənsiz
yolum yoxdur,
Varsan - mənə
ölüm yoxdur,
Dərdim,
ömrün uzun olsun...
Və
yaxud:
Dərd nə
şeydi, bilməyəsiz,
Sizə gələn mənə gəlsin.
Dərdin
işi mənimlədi,
Çox
gəlibdi, yenə gəlsin...
Yenə gəlib Məmmədlə rastlaşırsan.
Ümumən götürsək, Məmmədin
yaradıcılığını qətiyyən təhlil etmək
fikrim yoxdur. Əslində mən bir rəssam olaraq, haqqında
yazdığım insanların sözlə portret rəsmlərini
işləməyə cəhd edirəm.
Məmməd İlqar bütün
yazılarını, çıxışlarını, hətta
deyərdim şeirlərini də qısa, lokanik yazır. Amma
nədənsə mən onun haqda nə qədər
çalışdım, qısa yaza bilmədim. Əslində
heç uzun da yazmadım. Bəlkə heç nə
yazmamışam hələ...
Ədalət.-2015.-16 may.-S.10.