"Sizsiz"

Aydın Canıyev

 

MÜQƏDDİMƏ

 

Siz deyirəm: cəmi bəşər üçün, içində bizolmaqla, şair, nasir qədər çalışan, vuruşan, düşünən ikinci bir humanist bəzən sənət, bəzən də peşə sahibi yoxdur, olmayıb, olmayacaq da. Ammalakin... elə cəmi bəşərin, içində bizolmaqla, göstərdiyi ən qəddar münasibət şairə, nasirə olub! Ağlım kəsməyindən, kitab oxuya bilməyimdən 40 il keçir - məktəbdə, universitetdə, yolda, səfərdə, evdə, işdə, qürbətdə, tənhalıqda ən müxtəlif dillərdə, ən müxtəlif millətlərin təmsilçilərinin saysız-hesabsız kitablarını oxudum. Heç birində dərman atmadım! Fəqət, ötən əsrin səksəninci illərinin sonlarında tanıdığım gündən "Ustad-Şəyird" münasibətində olduğum Şakir Yaqubov Cerom Ceromun, Gennadi Boçarovun, Pavel Qutiontovun, Uilyam Staffordun, Knut Hamsunun, Moemin və başqalarının kitablarını arxivindən mənə bağışlayandan sonra jurnal variantında oxumaq üçün verdiyi "Sizsiz" roman-xatirə kövrək gəncliyimin, kənd(li) məsumiyyətim ilə şəhər(li) qəddarlığımın üz-üzə durduğu, xarakterimin formalaşdığı, zamanın və yaşamın kriteriyalarını seçim ərəfəmdə yaddaşımda son nəfəsəcən qalan bir qiraət oldu! Belə bir halı bir daha Yeji Hoffmanın "Türkəçarəçi" filminə baxanda yaşamışdım. Onda isə... bir neçə ağrıkəsici həbiylə gecəni səhər etdimoxudum!

"Sizsiz" sadəcə yazıçı-dramaturq Anarın xatirəsi deyildi, həm də "Sizsiz"in bir parçası birbaşa özümə aid idi: jurnalistika fakültəsində ərəb dilini Fidan Rzayeva tədris edirdi. Ərəd dilini yüksək səviyyədə mənimsəməyimi görən Fidan xanım əvvəl şərqşünaslıq fakültəsinə keçməyim üçün yol aramağımı təklif etdi. Biləndə ki, hərbi xidmətə çağırılasıyam, onda da SSRİ Müdafiə Nazirliyinin müvafiq ali təhsil ocağında ingilis-ərəb dili fakültəsini məsləhət bildi. Özü də əminliklə: "səni özləri qəbul edəcəklər". Və mən "Sizsiz"i oxuyanda insanın adam balası bilib vətən üçün daha bir insan formalaşması naminə mərhəmətinin, diqqətinin, dəyərləndirməsinin bu boyda nəhəngliyini həzm edəcək tabda deyildim! Ətraf hamısı təmənnalı adamlarla, hər addımın arxasında təmənna durduğu halda, siyasətin artıq ən iyrənc halda xalqın əzminə, nüfuzuna, ərazi bütövlüyünə təcavüz etdiyi dönəmdə ağrıkəsicisiz oxumaq mümkün deyildi! "Sizsiz" düşündürürdü: deməli, həyatın adamlarla birgə - qohumlu-yadlı, doğmalı-ögeyli, dostlu-düşmənli, - bilərəkdən və bilməyərəkdən bu boyda sarsıntıları yaşatmış olduğu Fidan xanım auditoriyada bizim idi! Bizim üçün var idi - amma pozitiv! Özünün olan heç bir dərdini bizimlə bölüşmür, bizim hamımızın dərdini görür, bizim uğurumuza yol açırdı. "Sizsiz"i oxuyanda artıq Fidan xanım bizə dərs demirdi - mən mərhəmətin, diqqətin, dəyərin bu dozasından bayılırdım və əzab çəkirdim ki, axı niyə mən Fidan xanımın yaşadığı əzabları sezməmişəm! Axı mən hələ onda məsumiyyətdən məhrum olmamışdım!.. "Sizsiz"i oxuyanda artıq Anar SSRİ qurultayında Qorbaçovdan zərbə alırdı - Azərbaycanda valideynlərinə, özünə zərbə vurmaq istəyənlərin səsləri-nəfəslərii kəsilmişdisə də, hamısının əvəzinə bunu Qorbaçov edirdi! Ancaq Anar yenə həyata səsləyirdi: "Sirdaş" qəzetində müsahibəsində dediyi təxminən yadımda qalıb: "Yazmaq üçün Qarabağ problemindən başqa da dərdlər var. Məgər daha dünyaya övladlar gəlmir, ailələr qurulmur..." Sentimental gənclik üçün opiuma döndərilmiş "Qarabağ problemi" onun bütün gələcəyini əlindən almağa hesablananda heç birimiz bunu anlamırdıq - biz siyasətin bizim üçün görüntülədiyi kadrları qəbul edirdik. Müstəmləkə tərbiyəsi altında yaşamış, yaratmış xalqın müstəqillik dönəminin ilk illərində, əlbəttə ki, milli xarakteri formalaşmamış toplumun qəfil xaotik azadlıq təranələri altında tvist oynamağı heçxoş gələcək vəd etmirdi - bunu mənim kimi ağzından süd iyi gələn gənclik bilməzdi. Bunu Anar əvvəldən görmüşdü də, bilirdi də, yazmışdı da. Çünki... çar əsarətindən qurtulub sovetcəsinə müstəqillik əldə edən xalqın belə müstəqillikdə xarakterinin formalaşmasının ilk cəfakeşlərindən iki canlı əfasanənin biri Atasıydı, biri Anası. Bu mübarizənin nələrə başa gəldiyini isə Anar kimdənsə eşitməmişdi, hardansa oxumamışdı. Şəxsən iştirakçısı olmuşdu! Şəxsən yaşamışdı o əzabları. "Sizsiz" bu baxımdan həzm oluna bilmirdi! Xalqın bir əliqələmlisi digərinin məhvinə necə susayarmış!? Kütlə-toplum onun üçün vuruşan, onun uğrunda özünü qurban verən adamı necə ayağa verərmiş!? İyirmi yaşlı bir yeniyetmə üçün, həyatda ədəbiyyatı önərmiş bir gənc üçün bu iyrəncliklər, əlbəttə, başağrısıydı, can ağrısıydı, ürək ağrısıydı, ən nəhayət, vicdan ağrısıydı! Yaxşısı bu qədər az olan xalqın pisi bu qədər pərpətöyün kimi bitməliydimi hər yerdə?! "Sizsiz" yazılanda və artıq oxunma şkalası pik həddinə çatanda Rəzul Rza üçün özlərini Əzrayıl bilənlərin tör-töküntüləri aşırma şalvarda gəzirdilər. Anar onda necə dəstək olduğunu, Rəsul Rzanın bu vurdumduymazlıqları necə dəf etdiyini qələmə alanda məndə qəribə inam vardı: "Sizsiz"i oxuyanlar bundan sonra nəinki Anara, Azərbaycanın hətta ən ucqarda yaşayan əyalət yazarına da çamur atmaz. Çünki... heçsirr qalmır. Nə olsun ki, "Sizsiz"də ad çəkilməyib. Görünür, Rəsul Rza, Nigar Rəfibəyli kimi, Anarın da müstəsna xidmətləri unudulmasa da, görməzlikdən gəlmə aqibətinə məhkum imiş. Eyni taleyi övladlar da yaşamalıymış! "Sizsiz"i oxuyandan sonra daha çox digər Azərbaycan yazıçılarına rəğbətlə yanaşdım. Rəsul Rza-Nigar Rəfibəyli-Anar triosunun üstünə bu qədər gedilibsə, qalanlarına daha çox haqsızlıq olub, zənnindəydim. Anar "Sizsiz"lə başqa imzalara sevgi yaratdı, onları oxutdu - ən azından mənə! Hesab edirdim ki, haqsızlığa məruz qalanlardan kimisi səsini içinə salıb, kimisi ömründən keçib. Heç olmasa, zəhmətlərini qiymətləndirib oxuyaq. Qoy oxuyanın biri də mən olum. Sevərək oxuyanın! Ancaq illər elə bil yağış imiş, Rəsul Rza-Nigar Rəfibəyli-Anar üçlüyü bir daha və yenidən hədəfə alındı. Bu yazı əleyhdarlara cavab olmadığından, Rəsul Rzanın 115 illiyi ərəfəsində bir daha və yenidən yaşadıqca oxuduğumuz, unutmadığımız bir korifeyin varlığına ehtiram etirafdır. "Kim bilir? Bəlkə də... Bəlkə doğrudan da belədir. Bəlkə varlığın izahsız Vaxt düzümündə İndi yoxdur, yalnız Keçmiş və Gələcək var; Olmuşlar artıq olmuş, Olacaqlar hələ olacaq, onların - Arxadaqalanla İrəlidəngələnin - rastlaşdığı yer, toqquşduqları nöqtə isə mövcud deyil". Bir ömrə yaşam üçün bəs edəcək qədər gözəl yanaşmaydı. Həmişə gələcəyə can atdım bu fikrin üstündə! Amma həmişə də gələcəyi, ömrümə gələnləri "eyni cür çöl dünyamızdan içəri dünyamıza gəlmək istəyən hər yeni insanı, ideyanı, təəssüratı sərhəddə çək-çevirə salırıq, yüz ölçüb bir biçirik - bu gələn kimə bənzər, bu gələn nəyə bənzər? Casus kimi, çuğul kimi gəlir-içərimizi ələk-vələk edib bizi "aləmə demək" üçün? Pozucu kimimi gəlir içərimizdə tikdiklərimizi, qurduqlarımızı dağıdıb tar-mar etməkçün?..Ya da bəlkə..." deyib də qarşılamadım.Və bu ömrü uduzdum!

Artıq daha neçə il yaşayacağımın anlamını itirəndə yenə də Anarın yazdıqlarını xatırladım "Sizsiz"dən: "Amma nə fərqi var? Tutalım, lap bu həddə də çatdım, onuda ötdüm, atamın yaşını - 71-i də haqladım, 80-ə, 90-a da yetdim. Bu halda belə, mənimçün indən belə yalnız Keçmiş var. Əgər İndi yoxdursa, insan yalnız Keçmişlə və GələcəkləYaşayırsa, mənimki-Keçmişdir". Və yubiley ərəfəsində bir daha Rəsul Rzanı "Sizsiz"lə xatırlayıram: ""Dözüm". Bu sözü tapıb, seçib, kitabının adıyla öz həyat devizi kimi təsdiq edən Rəsul Rzanın ədəbi, ictimai həyatda dözümdən danışmağa tam haqqı vardı". Məhz dözüm Rəsul Rzanı da, Nigar Rəfibəylini də, Anarı da bu gün yaşadır. Nələrə dözüm, hamı bilir! Mən isə illərin peşində "Sizsiz"dəki sualların acısını yaşamasam da, həqiqət yükünü hətta bir neçə ağrıkəsici ilə ötüşdürə bilmirəm: "Niyə mümkün olmadı bu, niyə? Hansı iclaslar, bədii şuralar, redkollegiyalar, çıxışlar, görüşlər, səfərlər, cari işlər, dost məclisləri, yaşıdlarla ünsiyyət sevincləri və bütün başqa sevinclər - bax, həmin o saatları, o günləri - Onlarlı saatlarımı, Onlarlı günlərimi aldı məndən? Yuxarıda sadaladıqlarımın hansı birisi atamla anamın sifətləri, sözləri, səsləri, ya da sadəcə susmaları, sükutları qədər mənə əziz, doğma, munis ola bilərdi!" 46 yaşında bu əsəri yazan anarı 26 yaşımda oxuyan mənə elə 46 yaşımda atam söylədi":İndiyə qədər neynədinsə, məni nəzərə almadın, indi heç olmasa nəzərə al ki, mənim qabaqda ölməyim var".

"Sizsiz"i iyirmi yaşında oxuyan mənə beləmi deyilməliydi? - mənim kimi nə qədəri həyatını "Sizsiz"i qulaq ardına vurub yaşadı, hərçənd oxusa da... "Sizsiz"i bitirəndə özüm üçün qeyd etmişdim: "Nazim Hikmət atam haqqında üç məqalə, atam isə onun haqqında bir neçə şeir yazıb". Bu gündən baxanda Nazim Hikmətə səcdə edənlərin Nazim Hikmətin haqqında üç yazı yazdığı Rəsul Rzaya və şəcərəsinə hücumu görəndə bir daha o qənaətə gəlirəm: biz haçan özümüz özümüzə qənim olmaqdan yorulacağıq!? Amma yenə də cavabı "Sizsiz"dən alıram: "Paxıllar zümrəsinin, nadanlar dəstəsinin, talantsızlar güruhunun tənə daşları hansı sənətkarı yolundan qaytara bilmişdir? Məgər sən mənim az-çox sənət adamları qəbilindən olduğuma şübhə edirsən? ...Oğlum! İnsan anlamağa qadirdirsə, heç bir məhrumiyyət, çətinlik, zərbə onu sarsıda bilməz. Mən xoşbəxtəm ki, anlamağa qadirəm..."

Təəssüf ki, Anarı və valideynlərini bu dünyada daha çox anlanılmamaq dərdi girinc qoydu! Bu gün Azərbaycan ədəbiyyatının durumu, mövqeyi elə Anarın öz durumu, mövqeyidi. Anara münasibətdi! "Anarın qəlyanı"na qiymət verənlər "Anarın qələmi"nə qiymət vermirlər deyən dostum haqlıdı! ... Mən gələcəklə yaşayan adam olduğum üçün hansısa formada, buya digər şəkildə keçmişim olmalıdı, eləcə də hamımızın - sağ olun ki, bizim keçmişimiz "Sizsiz" deyil! "Sağ olun - deyirəm. Sağ olun ki, vardınız. Sağ olun ki, varsınız. Sağ olun ki, həmişə bizimlə qalacaqsınız".

 

Ədalət.-2015.-19 may.-S.7.