"FƏXRİ KÜRSÜ"də
Elnur Məmmədli: "İçim özümü,
çölüm özgəni yeyir"
"I Avropa Oyunlarının ölkəmizdə təşkil olunması tarixi bir hadisədir"
Elnur Çingiz oğlu Məmmədli 1988-ci ildə Azərbaycan respublikasının Bakı şəhərində dünyaya gəlib. O, çıxış etdiyi cüdo
idman növündə qazandığı bir çox
uğurlarla adını Azərbaycan tarixinə qızıl hərflərlə
yazdırıb. 2006-cı ildə keçirilən Avropa
çempionatının qalibi olmaqla ulduzu parlayan
idmançımız bir il sonra
Braziliyanın Rio de Janeyro şəhərində keçirilən
dünya çempionatında fəxri kürsünün ikinci
pilləsinə qalxıb. E. Məmmədlinin
karyerasının zirvə yarışı isə şübhəsiz
ki, 2008-ci il Pekin yay Olimpiya Oyunlarıdır.
O, yeddi il öncə dördilliyin zirvə
yarışında 44 nəfərdən ibarət Azərbaycan
olimpiya yığmasına yeganə qızıl medalı
qazandırıb.
E. Məmmədli
2011-ci ildə İstanbulda keçirilən Avropa
çempionatında ikinci dəfə qitənin ən
güclüsü olub. Bundan başqa, o, dəfələrlə
"World Master", "Böyük Dəbilqə" və
digər seriyadan olan nüfuzlu beynəlxalq turnirlərin
baş mükafatına sahib çıxıb.
Dünya şöhrətli cüdoçunun beynəlxalq
arenada qazandığı nailiyyətlər dövlət tərəfindən
yüksək qiymətləndirilib. O, Azərbaycan respublikasının
prezidenti İlham Əliyevin sərəncamı ilə
"Şöhrət" ordeni ilə təltif olunub, Prezident
təqaüdünə layiq görülüb.
Adalet.az-ın "Fəxri kürsü"
rubrikasının növbəti qonağı cüdo üzrə
olimpiya və ikiqat Avropa çempionu, Azərbaycan Cüdo
Federasiyasının vitse-prezidenti Elnur Məmmədlidir.
"Əməkhaqqı mənim
üçün heç vaxt prioritet olmayıb"
- Elnur bəy,
federasiya rəsmisi olaraq Azərbaycan cüdosunun hazırkı
vəziyyətini necə dəyərləndirirsiniz?
-
Cüdoçularımızın son vaxtlar göstərdiyi
çıxış, qazandığı nəticələr
bizləri çox sevindirir. Onların
hazırlığı hazırda çox yüksək səviyyədədir.
İnanıram ki, yığmamız Avropa
Oyunlarında da uğurlu nəticələr əldə edəcək.
Federasiya daxilində
müəyyən problemlər var idi, onlar da artıq həll
olunub.
-
Yığma üzvlərinin aksiya keçirməsi problemi səciyyələndirən
səbəblərin heç də kiçik olmamasından xəbər
verirdi...
- O
boş bir aksiya idi. Bütün federasiyalarda
problemlər olur. Sadəcə, belə məsələlərdə
idmançılardan anlayış tələb olunur. Onlar maaşların gecikməsindən şikayətlənirdilər.
Onu nəzərə almaq lazımdır ki, əvvəlki
problemlərin yanında hazırkılar çox cüzi
görünür. Bir neçə il
bundan əvvəl təlim-məşq toplanışlarında
iştirak edə bilmirdik, Edirdiksə də bu, iki-üç
günlük olurdu. Amma indiki yığma
üzvlərinin təlim məşq toplanışları 10
günlərlə davam edir. Şəxsən
mən çıxış edən vaxtlar qarşıma
qoyduğum əsas məqsəd dövlətimi, xalqımı
sevindirmək olub. Əməkhaqqı və
onun miqdarı mənim üçün heç vaxt prioritet
olmayıb.
Onları maraqlandıran bütün məsələrlə
bağlı mən də daxil olmaqla federasiya rəsmilərinin
iştirakıyla geniş tərkibdə görüş təşkil
edildi və bununla da hər şey yoluna qoyuldu.
Hərdən elə olub ki, maaşlar vaxtından bir xeyli
tez verilib. Çox güman bunu sizə - deməyiblər.
Heç deməzlər də...
- Əməkhaqqı
məsələsindən əlavə, onlar təlim məşq
toplanışlarının təşkilindən və
lisenziya xarakterli turnirlərdə iştirak etməməkdən
gileylənirdilər...
- Beynəlxalq Cüdo Federasiyasının reqlamentində
ay ərzində orta hesabla 4 turnir yer alır. Komanda olaraq
onların hamısında iştirak etmək
qeyri-mümkündür. Həm də biz
onları qoruyuruq, istəmirik ki, digər ölkənin
yığmaları bizim cüdoçuların
döyüş üslubu haqqında hər şeyi bilib, analiz
etsinlər. Mən o vaxtlar bu səbəbdən
çox turnirlərdə, təlim-məşq
toplanışlarında iştirak etmirdim. Avropa
çempionatında mübarizə aparırdım,
başımı qaldırıb baxırdım ki, Yaponiya,
Koreya və digər qitələrdə yerləşən
güclü cüdo yığmalarının funksionerləri
məni izləyir, görüşlərimi videokamerayla çəkirlər.
Bizim üçün əsas məqsəd I Avropa
Oyunlarında uğurlu çıxış etməkdir. Ondan sonra da
qarşımızda duran hədəf Rio de Janeyro yay Olimpiya
Oyunlarında layiqincə çıxış edərək
Londondakı uğursuzluğu unutdurmaqdır. Bizim özümüzdə- İsmayıllıda
cüdo bazası var, yığmamız beynəlxalq turnirlərdə
iştirak etdikdən sonra yarışın keçirildiyi
ölkədə qalaraq üç-dörd gün təlim-məşq
toplanışı keçirlər. Bəyəm
bunlar bəs deyil?!
Bizim də
hesabımızda bəlli vəsait var ki, onu bir il
ərzində dövr etdirməliyik. İdmançıları
isə mövcud vəziyyətə heç cür qane
olmurlar, lap çox istəyirlər. Bunu da
qarşılamaq mümkün deyil.
- Bir ara karyeranızı bərpa etməyinizlə
bağlı xəbərlər yayılmışdı. Hətta
Avropa Oyunlarında iştirak edəcəyiniz deyilirdi...
-
Keçən il Çelyabinskdə
keçirilən dünya çempionatını izlədikdə
vaxtilə məğlub etdiyim rəqiblərin qalib olduğunu,
mükafatçılar sırasına
düşdüyünü gördüm. Qərara
gəldim ki, yenidən idman arenasına qayıdım.
Dizimi dörd dəfə əməliyyat edən alman həkimlə
məsləhətləşdim, o dedi ki, Məmmədli nəbadə
bu fikirdə qalasan. Mən ona əhəmiyyət
vermədim, məşqlərə başladım. Bir neçə gün sonra ayağımdakı zədə
özünü biruzə verməyə başladı. On gün müalicə olundum. Yenidən məşqlərə
başladım, iki gün sonra yenə ayağımı
tutdum.Həkimlər mənə bildirdi ki, iki həftə məşqlərə
ara verməlisən. İki həftə
sonra məşqlərə başlayanda ayağım
şişdi, şiddətli ağrılar hiss etməyə
başladım. Bundan sonra artıq qərarımı
dəyişməyə məcbur oldum.
Çox istəyirdim ki, Avropa Oyunlarında
çıxış edərək xalqımızı
sevindirim. Amma
nə etmək olar, alınmadı...
- Yalnız Avropa Oyunları
üçün qayıtmaq istəyirdiniz, yoxsa ümumiyyətlə?
-
Ümumiyyətlə.Beynəlxalq Cüdo Federasiyası bu il keçirilməli olan Avropa
çempionatı turnirini Avropa Oyunları ilə birləşdirdi.
Bu səbəbdən cüdo yarışları
həm Rio Olimpiadasına lisenziya xalları, həm də iki
medal verirdi. Rio olimpiadasında da iştirak
etmək fikrim vardı.
Hərdən
oturub fikirləşirəm, mənim nə yaşım var ki, idmandan uzaq
düşmüşəm. Bu yaş idmandan getmək
üçün çox tezdir. Camaat 35
yaşına kimi çıxış edir. Zədəm olmasaydı, mən zaldan
çıxmazdım, gecə də orda yatardım. O dərəcədə
mən cüdoya bağlıyam.
- Belə mülahizələr var ki,
sizin karyeranızı bitirməyinizdə yığmanın
keçmiş baş məşqçisi Piter Zeyzenbaxerin də
rolu olub. Bu məsələ nə dərəcədə
həqiqətəuyğundur?
-
Düzdür, onun da rolu oldu. Zeyzenbaxer
idmançı kimi özünü sübut etsə də, məşqçi
kimi bir qəpiklik deyildi. O, psix idi. Mən
bunu onun üzünə qarşı da deyirdim. Fikirləşmirdi ki, kiminsə zədəsi, problemi
var, məşq proqramını məcbur icra etdirirdi. İdmandan kənarlaşmağıma 70 faiz zədəm
səbəb oldusa, 30 faiz də onun rolu oldu. O Azərbaycan cüdosunun qara səhifəsi idi.
Elə bir tip idi ki, hətta komanda üzvləri ilə məzələnirdi.
Deyirdim, ayağım şiddətli
ağrıyır, şişib, olarmı mənə istirahət
verəsiniz? Cavabında deyirdi ki, mənim
üçün fərqi yoxdur, get aptekdən təzə ayaq
al. O, nə məqsədə qulluq edirdi, heç özü də
bilmirdi.
- "Mən iki, sən isə
bir dəfə olimpiya çempionusan, özünü
yuxarıdan aparma, dediyimi etməyə məcbursan" söhbəti
olub aranızda?
- Təbii,
o hər kim olsa da, yığmanın
baş məşqçisi idi, mən və komanda
yoldaşlarım onun dediyini etməyə məcbur idik. O,
xüsusən, məni özümdən çıxarmaq
üçün müxtəlif vasitələrə əl
atırdı. Bir gün eşitdim deyib ki, Elnur təsadüfən
olimpiya çempionu olub. Dedim, cənab Zeyzenbaxer, istəyirsiniz,
interneti açıb baxaq, görək kim
hansı səviyyədə mübarizə apararaq olimpiya
çempionu olub. O hər iki çempionluğu ölə-ölə
qazanıb, mən isə dünya tarixinin ən tez müddətə
olimpiya çempionu olan cüdoçusuyam.
- Pekin
olimpiadasından sonra qaydalarda edilən dəyişiklər də
sizin çıxışınıza təsirsiz
ötüşmədi...
- Bəli.
Dəyişiklər nəinki mənə, Azərbaycan
hətta ümumilikdə Qafqaz cüdo məktəbinə mənfi
təsir etdi.
- Bir
neçə il - karyeranızın
sonlarınadək çıxış etdiyiniz 81 kiloqram
çəki dərəcəsində hazırda boşluq var.
Bir ara Tural Safquliyev bu çəkidə çıxış
edirdi, o da müəyyən nəticələr göstərdikdən
sonra 90 kiloqram çəki dərəcəsinə
keçdi...
- Biz
çox istəyirik ki, hər bir çəkidə
güclü rəqabət olsun. Baxıram ki, 81
kiloqram çəki dərəcəsində nəinki rəqabət,
heç bir nəfər də olsun uğurlu
çıxış sərgiləyən idmançı
yoxdur. Bir ara bu çəkidə Məhəmmədəli
Mehdiyev bizi beynəlxalq yarışlarda təmsil etdi. O da
hazırda zədəlidir.
"Deyirdilər
ki, kiminlə düşürük düşək, bircə
Elnur Məmmədli ilə düşməyək"
- Olimpiya
çempionu olduğunuz 73 kiloqram çəki dərəcəsində
hazırda Rüstəm Orucov çıxış edir. Onun da son vaxtlar göstərdiyi nəticələr nəinki
yerli, həttta dünya cüdo ictimaiyyətinin diqqətini cəlb
edir. Necə fikirləşirsiniz, onu ikinci
Elnur Məmmədli kimi qələmə vermək olarmı?
- Rüstəm
hazırda çox yüksək formadadır, amma, o, bundan daha
da yaxşı çıxış etmək
iqtirarındadır. O, hazırkı nəticələrə
arxayın olub, formadan geri düşməməlidir, əksinə,
daha da artırmalıdır. Ona həmişə
deyirəm ki, Rüstəm, sənə hazırda böyük
diqqət var, bu səbəbdən üzərindəki məsuliyyət
ikiqat artmalıdır. Çalışıram
ki, onu motivasiya edim. Bizim komandadan çox
yığmalar qorxur. Bünovrəmiz
güclüdür. İki olimpiya, bir
dünya və üç Avropa çempionumuz var.
Hegemon hesab olunan Rusiya
yığmasının üzvləri mən
çıxış edən dönəmlərdə deyirdilər
ki, kiminlə düşürük düşək, bircə
Elnur Məmmədli ilə düşməyək. Bu barədə xeyli faktlarım da var. Gürcülər,
koreyalılar və digər güclü cüdo ölkələrinin
təmsilçiləri də məndən çox çəkinirdilər.
Yığmanın üzvlərinə həmişə
deyirəm ki, yarışdır, idmançının biri
mütləq qələbəyə, digəri isə məğlubiyyətə
məhkumdur, əsas özünüzü zədədən
qoruyun. Zədə idmançının qorxulu kabusudur.
Necə ki, mən gənc yaşda zədə
ucbatından idmandan uzaq düşmüşəm. İçim özümü, çölüm
özgəni yeyir.
- Avropa Oyunlarında kimlərin
medal qazanmaq şansını yüksək qiymətləndirirsiniz?
- Mən
iki çəki - 81 və 90 istisna olmaqla, digər çəkilərdə
mübarizə aparan kişi
cüdoçuların hamısından medal gözləyirəm.
- Ən
ağır çəkidə vəziyyət daha pisdir...
- (Gülür) O çəkidə bizdə nailiyyət
qazanan idmançı heç vaxt olmayıb deyə artıq
elə bir çəki dərəcəsinin mövcud
olduğunu unutmuşam.
- Son dünya çempionatında
yığma komandamızda nəticə qazanmaq
üçün nə çatmadı?
- İnam. Mən həmişə onu
vurğulayıram ki, peşəsindən asılı olmayaraq
hər bir insan özünə inanmalıdır. İnam
olmadan heç kim nəticə qazana bilməz.
Elə olub ki, yüksək formada olmuşam, amma
özümə inanmamışam deyə iştirak etdiyim
turnirdə əliboş qalmışam. Elə
də olub ki, formada olmamışam, amma özümə
inandığım üçün qalib olmuşam.
- Hazırda 81 kiloqram çəki dərəcəsinin
lideri gürcüstanlı Avtandil Çkirişvilidir. Onun çıxışına baxdıqda nə
fikirləşirsiniz? O sizinlə bacara bilərdimi?
Mənim çıxış etdiyim vaxtlarda onun adı
favoritlər sırasında hallanmırdı. O vaxtlar bizim çəki dərəcəsində
5-6 nəfər lider vardı. Dünya reytinqində birinci
braziliyalı Leandro Quilhero, ikinci Koreya təmsilçisi Kim Cay
Bum, üçüncü mən, dördüncü və
beşinci isə müvafiq olaraq Rusiya cüdoçuları
İvan Nifontov və Sirac Maqomedov idi. Avtandil o
vaxtlar ilk iyirmilyin zirzəmisində qərarlaşırdı.
Onunla beynəlxalq yarışlarda qarşılaşmasam
da, təlim-məşq toplanışlarında qüvvəmi
sınamışam. Dünya çempionatına
hazırlaşarkən Antalyada keçirdiyimiz təlim-məşq
toplanışında onunla güləşib, iki dəfə
ippon fəndi atmışdım. Eləcə
də hazırda ikinci pillədə qərarlaşan fransız
cüdoçusu ilə dəfələrlə məşqlərdə
gücümü sınamışam. Cəmi üç
dəqiqə davam gətirirdi, sonra özü özünü
yerə atırdı(gülür).
- London
Olimpiya Oyunlarının startında məğlub olduğunuz
kanadalı Antuan Value Fortis son vaxtlar göstərdiyi nəticələrlə
özünü sübut etməyi bacarıb. Hazırda 81
kiloqram çəki dərəcəsinin liderlər qrupunda qərarlaşır...
- O, elə
də güclü cüdoçu deyil. Mənim
səhvim onda oldu ki, Fortisə ciddi rəqib kimi
yanaşmadım. Özümü motivasiya
etməkdə də çətinlik çəkdim. İkinci görüşdə yerli idmançı
Bartonla qarşılaşmalı idim deyə fikrim
kanadalıdan çox onunla görüşə yönəlmişdi.
Düşünürdüm ki, ilk rəqibi
keçmək mənim üçün su içimi kimi bir
şeydir. Açığı, Fortislə
görüşdə daha aktiv olan tərəf mən idim,
hakimlər "xantey"i ona yox, mənə verməliydilər.
Hazırda 81 kiloqram çəki dərəcəsində
dünya cüdosunda mən elə də güclü bir
idmançı görmürəm. Tatamidə olsaydım,
onlar mənimlə rəqabətə davam gətirməzdilər.
Digər çəkilərdə güclü
idmançılar çoxdur. Məsələn, 90
kiloqram çəki dərəcəsində İlias
İliadis, Eşli Qonzales və Varlam Lipertiani kimi dünya səviyyəli
cüdoçular var.
- Amma Lipertiani Elxan Məmmədovla heç cür
bacarmırdı. (gülərək)
- Niyə,
onun Elxanı məğlub etdiyi görüşlər də
olub.(gülür) Elxan indiyədək
çox məşhur cüdoçuları məğlub edib. Onun qədər olimpiya çempionlarını məğlub
edən cüdoçu yoxdur.
"Rüstəm
gərək bundan sonra on il məşq etsin ki, mənə
çatsın"
-
Hazırkı yığma üzvləri ilə qüvvənizi
sınayırsınız?
- Hərdən
gedib onların müvazinətini yoxlayıram. (gülür)
İnanırsınız, heç biri mənimlə
bacarmır.
- Rüstəm də yox?
- Rüstəm
gərək bundan sonra on il məşq
etsin ki, mənə çatsın. (gülür)
Dizimdəki zədə səbəbindən ağır
çəkili idmançılarla mübarizəyə
girişmirəm. Amma arada Elmar Qasımovla gücümü
sınayıram.
- Demək olar ki, bütün turnirlərin
qalibi olmusunuz. Qızıl medal kolleksiyanızda
yeganə çatışmayan dünya
çempionatının baş mükafatıdır. Bu baxımdan karyeranızı bitirərkən
gözünüz arxada qalmadı ki?
- Yox. Qətiyyən.
Bu barədə heç fikirləşmirəm. 2007-ci ildə
keçirilən dünya çempionatının finalında
bilirsiniz də mən kimə məğlub olmuşdum?
- Pekin
Olimpiya Oyunlarının həlledici görüşündə
məğlub etdiyiniz Koreya cüdoçusuna...
- Bax, mən
onu dünya çempionatında məğlub etsəydim, bəlkə
də olimpiadada yenilərdim.Bu mənə daha pis təsir edərdi.
O dünya çempionatının finalında məni
yalnız "koka" xalı ilə üstələmişdisə,
mən onu olimpiadanın finalında cəmi 11 saniyəyə
"ippon"la məğlub etdim. Mən
idmançı üçün ən pik nöqtəni-
olimpiya zirvəsini fəth etmişəm. İdman aləmində
olimpiya oyunlarından böyük turnir yoxdur, gələcəkdə hər
hansı kosmopolit bir yarış təşkil olunarsa, birtəhər
ayağımı müalicə edib, tatamiyə dönərəm
(gülür).
- Deyəsən,
həmin Koreya cüdoçusu da artıq karyerasını
bitirib. Neçə vaxtdır tatamidə görünmür...
- Bu
yaxınlarda onu turnirlərin birində gördüm. 81 kiloqram çəki dərəcəsində
çıxış etməyə başlayıb.
- 2008-ci ilin 11 avqustu... Bu
gündən sonra həyatınızda nə dəyişdi?
-
Çox müsbət dəyişikliklər oldu. Ailə qurdum, iki övladım dünyaya gəldi.
Cənab Prezidentimiz gənc yaşda mənə
böyük etimad göstərərək "Şöhrət"
ordeninə və şəxsi təqaüdünə layiq
gördü. Mənfi məqam isə o oldu
ki, olimpiadadan sonra əməliyyat olundum, 8 ay çarpayıda
qaldım.
Dostlar
üçün həmin Elnur oldum. Şükürlər
olsun ki, xarakter etibarilə dəyişmədim, yanlış
istiqamətlərə yönəlmədim.
"Haqqımda
elə şeylər danışırlar ki, başıma hava gəlir"
-
Çoxları fikirləşir ki, özünüzdən
çox razısınız...
- Mən hamı üçün yaxşı ola bilmərəm. Kimlər ki, deyir, mən özündənrazıyam, ola bilsin onlar məni daha çox istəyirlər. (gülür). Vallah nə deyim...Mən lovğa olub neyləmişəm ki? Bəzən yaxından tanımadığım biri qonaqlığa dəvət edir, mən bu təklifdən imtina edirəm. Hər halda tanımadığım insanla gedib çörək kəsəsi deyiləm.
Bizdə belədir ki, bir nəfər xalqın sevimlisi olursa, digərlərinin gözü götürmür, başlayırlar onun haqqında mənfi fikirlər söyləməyə. Hələ lovğalıq yarğısı yaxşıdır, hərdən haqqımda elə şeylər danışırlar ki, başıma hava gəlir. Əvvəllər bunlara aqressiv yanaşırdım, amma indi heç əhəmiyyət belə, vermirəm.
- Oğlunuzu gələcəkdə
idmançı - daha dəqiq, cüdoçu kimi görmək
istəyirsiniz?
- Əlbəttə. İdmançı həyatı
çox şərəflidir. Meyli olsa heç vaxt mane olmaram. İstərdim
ki, övladım mənə layiq olsun. Necə
ki, mən valideynlərimə layiqli övlad olmuşam.
İstərdim, o gedib dünya çempionu olsun, evimizdə
bayaq siz vurğuladığınız qızıl medal
kolleksiyasını tamamlasın(gülür).
Amma necə deyərlər, hər oxuyan Molla Pənah
olmaz.
- İdman aləmində daha
çox kimlərlə yaxınsınız?
- Fərid
Mansurov, İlqar Abdulov və Rəşad Əhmədovla
yaxın münasibətlərim var. Biz hər həftənin
dördüncü günləri yığışaraq,
birlikdə futbol oynayırıq.
- Futbolla maraqlanırsınız?
-
Çox.
- Hansı
kluba azarkeşlik edirsiniz?
- "Barselona"ya. Klubun stadionunda da
olmuşam.
- Onda sizi təbrik edək;
"Barselona" UEFA Çempionlar Liqasının
finalındadır. Rəqib də
"Yuventus"dur. Sizcə, hansı klub
qalib olacaq?
- "Yuventus".
- Niyə elə fikirləşirsiniz?
-
"Yuventus"un finala qədər gəlməyi,
yarımfinalda hegemon "Real" Madridi məğlub etməyi
bir oyundur. Futbol hazırda böyük biznesə
çevrilib. Bura qədər irəliləyibsə,
"Barselona"nı da məğlub edəcək.
Milyonlarla insan bukmeker kontorlarında "Barselona"nın qələbəsinə pul qoyacaq ki,
bunun əksi pulların lazımi yerlərə
çatmasına zəmin yaradacaq. Futbolçulara
milyonlar verilir, onların mənbəyi haradır? Təbii ki, camaatın bukmeker kontorlarına
qoyduğu pullar.
- Demək istədiyiniz nə isə
qaldı?
- Cənab Prezident və birinci xanım Mehriban
Əliyevaya öz təşəkkürümü bildirirəm
ki, idmançılara yüksək diqqət və
qayğı göstərirlər. I Avropa
Oyunlarının ölkəmizdə təşkil olunması
tarixi bir hadisədir. İllər, əsirlər
keçdikdən sonra hər yerdə deyəcəklər ki,
bu turnirin vətəni Azərbaycandır. Bu
da bir idmançı, ən əsası Azərbaycan vətəndaşı
olaraq mənə qürur hissi verir.
Sahib ƏSƏDBƏYLİ
Ədalət.-2015.-20 may.-S.6.