"PƏNCƏRƏMİ AÇDIM SABAHA..."

 (Rəsul Rza-105)

 

 

I məqalə

 

Pəncərəmi açdım sabaha;

gördüm insanlar keçib gedir;

illər üstündən,

aylar üstündən.

Sərhəd dirəklərindən körpülər salınıb;

dənizlər üstündən,

çaylar üstündən.

Mən də onların içindəydim,

siz də.

Çağırdım: ey qardaşlar!

-Qardaş-deyə səsləndi min bir ağız.

Danışdıq, danışdıq, danışdıq

tərcüməsiz, dilmancsız.

İnan bu sabaha

oğlum, qızım,

bacım, qardaşım-İnsan!

Atam, anam-İnsan!

Yaşamaq olarmı,

inanmasan?

 

Bu şeiri böyük şairimiz Rəsul Rza 1961-ci ildə, Yuqoslaviyanın Ohrid şəhərində, avqust ayında qələmə almışdı. O zaman Rəsul Rza əlli bir yaşını keçmişdi və yaradıcılığının müdriklik çağlarına qədəm qoyurdu. İlk misrasından son misrasına qədər insana, onun sabahına böyük inam aşılayan bu şeir öz nikbin pafosuna görə R.Rza poeziyasında nə birinci, nə də axırıncı idi.

Böyük Nazim Hikmət Rəsul Rza yaradıcılığına həsr etdiyi üç məqaləsindən birində yazır: "Şair (Rəsul Rza - V.Y.) sadə və gündəlik məsələləri elə təsvir edə bilir ki, ətrafındakı hər şey onun poeziyasının güclü işığına qərq olur. Axtaran şair xoşbəxtdir. O, həyatın və bizim özümüzün səadətini kəşf edir".

Doğrudan da, bu poeziyaya baş vurduqda səndə elə bir inam yaranır ki, XX əsr tarix kitablarından öncə Rəsul Rzanı (eləcə də bizim digər böyük şairləri) oxumaq lazımdır. Təkcə XX əsr yox, bəşəriyyətin keçmişi, bu keçmişin ictimai-siyasi mənzərələri, insanlığın keçdiyi yol Rəsul Rza poeziyasında öz əksini tapmışdır.

Lakin heç şübhəsiz, R.Rza poeziyasının qəhrəmanı, əsas mövzusu və əsas predmeti böyük hərflərlə yazılan İNSANDIR. İNSAN adına layiq nə varsa (qəhrəmanlıq, mərdlik, ağıl, hünər, mübarizlik, inam, qətiyyət) bu obrazda öz əksini tapır. Şair məqalələrinin birində yazırdı ki, "insan mürəkkəb, böyük mənalı, mübhəm, zəngin, heç bir zaman sona qədər dərk edilə bilməyəcək bir varlıqdır. Əgər bu varlığın heç olmasa, bir hissəsini anlamaq, duymaq, başqalarına nağıl etmək üçün bir ömür lazımdırsa, bunu məmuniyyətlə etmək bir şərəfli iş deyilmi?"

Rəsul Rzanın təsvir etdiyi insan ən ali, humanist duyğularla yaşayır. Bu haqda çox söz demişlər və təkrara ehtiyac yoxdur. Ancaq bir məsələni incələmək lazımdır - Rəsul Rzanın böyük məharətlə təsvir etdiyi insan öz milli varlığından qətiyyən təcrid olunmur.

 

Gecə keçmiş, ulduzlar , göy, qara:

Söykənmişəm qocaman bir ağaca,

Gecə qara durdum, düşündüm bir az.

Dedim: - nədən ulu çinar yıxılmaz,

Birdən çinar dilə gəldi: - dedi, bax!

Bu torpaqda dərindən kök salaraq

Hər tərəfə ucaltmışam qolumu,

Övladlarım bürüyüb sağ, solumu.

Belə məğrur dayanmağa haqlıyam,

Mən kökümə, bu torpağa bağlıyam.

 

Kök deyəndə şair mənsub olduğu xalqın böyük tarixini və milli-mənəvi dəyərləri nəzərdə tuturdu.

Lakin bu insan həm də bəşəridir, o, bəşərilikdə isə millilik itmir, ərimir. Rəsul Rzanın insan və dünya, insan və zaman paralelləri üzərində qurulan silsilə şebrləri bunu bir daha sübut edir.

 

Üz qoyardım ən adi, tozlu-torpağına

Yurdum! - deyə - Anam! deyə

Mən sənin oğlunam,

Yerdə köləlik zəncirini.

Göydə imkan hasarıını qıram,

İnsanam - deyə.

Planetim mənim!

 

Rəsul Rzanın humanizm konsepsiyasında böyük bəşəri mənalar bəzən adi, amma gözlənilməz hadisə və olaylarda reallıq kəsb edirdi və bu vəhdət səni heyrətə gətirirdi:

 

Gözlərimi qapadım

Söndürdüm son ulduzug

Hamletin səsi gəldi qulağıma;

İstədim yaxınlaşam ona

Qurğuşun asıldı ayaqlarımdan

Gedə bilmədim.

İstədim deyəm. Hamlet!

çırpınma belə.

Atanın qatili öz əmindir.

Deyə bilmədim

Gözlərimi açdım.

Pəncərədə yandırdım günəşi.

İstədim çağıram Hamleti də,

Layerti də

deyəm balalarım!

atın ədavəti, kini!

Xəbəriniz varmı,

dünən, dolu vurub

dağ ətəklərində əkini.

 

Rəsul Rzanın ayrıca "İnsan" silsiləli şeirləri olmasa da, onun müxtəlif illərdə yazdığı bir çox şeirləri belə bir silsilədə cəm etmək olar. Əlbəttə, bu silsilədə ayrı-ayrı şeirlər var ki, onlar nəinki R.Rza poeziyasının, ümumən XX əsr Azərbaycan poeziyasının uğurlarıdır. Və nəinki uğurlarıdır, həm də müəyyən mənada bu poeziyanın axarını, istiqamətini müəyyənləşdirməkdə böyük rol oynayır.

Rəsul Rzanın "Ömür keçdi, gün keçdi" adlı avtobioqrafiq səciyyəli bir şeiri var. Lakin bu təkcə bir insan ömrünün poetik tərcümeyi-halı deyil, XX əsr insanının keçdiyi tarixi yolun bədii salnaməsi kimi oxuna bilər.

 

Soruşdular:

-Bir girvənk0ə daş ağır olar,

bir girvənkə pambıq?

-Bir girvənkə daş!-dedim-

sevinə-sevinə.

Xoşbəxt idim.

 

Kvant nəzəriyyəsi!

Nisbət nəzəriyyəsi!

Bölünən atomların fəsadı!

Cavablarım elmi, dürüst.

Hər sualva bir dəftər dolduraram

yaza-yaza!

Yazıq sənə, yazıq!

Rəsul Rza!

Şeir təzadlar üzərində qurulub. Ancaq bu təzadlar insanın bütün ömrü boyu keçdiyi tarixi yolun, dünyanı sadədil anlamağından onu dərk edənə qədər yaşadığı ömrün tarixidir. Ağıl, zəka böyük tərəqqiyə, elmi kəşflərə, fütuhatlara yol açıb, lakin bəşəriyyətin özüünn yaratdıqları indi özünə qarşı çevrilir. Bir zamanlar acanda, susuyanda, bir yeri ağrıyanda, anasının qucağına can atanda, külək bərk əsəndə, əl uzatdığı kəpənək uçanda, yuxusu qaçanda ağlayan KÖRPƏ xoşbəxt idi, amma indigyaşının ixtiyar çağında ağlaya bilmir. Raketlər xərabə qusur, ölüm ömrü pusur, kirəc damarlarını bərkidirgnə atası var, nə anasıgağlaya bilmir.

Bu şeir də altmışıncı illərdə yazılıb. Bəşəriyyətin müharibələr, üsyanlar, inqilablarla əhatə olunduğu, atom fəlakətinin qorxu törətdiyi, "raketlərin xərabə qusduğu" bir dövrdəg

 

...Əlimdə mürəkkəbi qurumuş qələm.

Dirsəklərimin altında

masamın sığallı üzü.

Lampamın telləri külə dönüb.

Lampa bitirdi ömrünü

son saniyəsinə qədər yana-yana!

Biz necə bitirəcəyik ömrümüzü?

Ayaq basmadan ən yaxın bir ulduza?!

Yazıq sənə, yazıq

Rəsul Rza!

 

Rəsul Rza həmin şeirində "ən dəhşətli nüsxə insanlar içindədir" deyir. Məsələ burasındadır ki, dünyanın mənzərəsi müxtəlif olduğu kimi, insanların da çeşid-çeşid növləri var. "İnsan var ki, dedikləri həqiqətdir. Acı olsa sözü, yenə qədir bilən insanlara bir nemətdir. İnsan var ki, cır arı tək sancır; demir, bu da candır, bu da ətdir". R.Rzanın təsvir etdiyi müxtəlif insan tipləri ilə üzləşəndə nədənsə yadıma böyük şairimiz Mirzə Ələkbər Sabirin yaratdığı obrazlar düşür.Burada bir haşiyə çıxmağı lazım bilirəm: XX əsr Azərbaycan şairləri içərisində ruhən Sabirə ən doğma şairlərdən biri Rəsul Rza olmuşdur. R.Rza yazırdı: "Mənim ilk əsərlərimə ən dərin təsiri bizim milli ədəbiyyatımız və ilk növbədə, Sabir yaradıcılığı göstərmişdir. Bu da çox təbiidirg Sabiri çox sevirəm. Bəlkə də "sevirəm" sözü, hər dəfə bu əziz adı çəkdiyim zaman duyduğum həyəcanı ifadə edə bilmir. Bu ad qəlbimdə xalqım üçün bir iftixar hissi oyadır. Onun şeirlərində elə cəsarət, elə mətanət, elə kədər, elə ağrı, elə təsir gücü var ki, bəzən heyrət edirsən, belə bir şair ucqar bir şəhərdə, böyük bir ailə qayğısı altında, gecə-gündüz işləməyə, sabun bişirməyə məcbur olmuş, dərs deməklə məşğul olmuş, bir parça çörək qazanmaq üçün çarpışmış bir adam, yalnız öz əsarətdə inləyən xalqının tarixi taleyini deyil, dahiyanə surətdə anlamaq deyil, eyni zamanda Yaxın Şərq ölkələrində, İranda, Türkiyədə yaşayan milyonlarla insanların arzu və əməllərini necə gözəl anlamışdır".Bu mənada R.Rza öz böyük sələfinin yolunu uğurla davam etdirib. Sovet dövründə Sabir ənənələrini yaşadan bir-iki şair vardısa, onlardan biri də R.Rza idi. Çünki Sabirdən sonra satirik şairlərimiz daha çox xırda nöqsanları, eyib və qüsurları "ifşa" edirdilər, Amma R.Rzanın şeirlərində məhz Sabirdən gələn bir cəsarət vardı.Məsələn, çox şair rüşvətxorluğu tənqid edirdi, amma R.Rza "Damğa" şeirində rüşvətxorun külünü göyə sovurub və indinin özündə də bu şeiri istənilən rüşvətxorun və onun daha da ətə-qana dolmuş, şişmiş, özünə sığmayan xələfinin-korrupsiyanerin üzünə oxumaq olar:

 

Yəni sən də kişisən!

Gözünə girsin o maaş!

Bilirsənmi ən layiq adın

nədir, sənin?!

AŞın müqəyyəd qafiyəsi!

Anladınmı?!

Qulaq as!

Dara-bara salma!

Sus!

Rüşvət puluna külfət saxlayan

dəyyus!

 

R.Rzanın "Sabir sağ olsaydı" silsiləsindən qələmə aldığı "Qorxuram" şeiri də elə bil bu günlər üçün yazılıb..Yerlipərəstliyin, regionçuluğun meydan suladığı, bəzən vəzifələrin, karyeraların istedada, ağıla və professionallığa görə deyil, "sən də bizim kəndlisən" prinsipinə görə müəyyənləşdirildiyi bir çağda "Qorxuram" şeirini heç nədən qorxmayıb oxumaq istəyirsən:

 

Taksi maşınla çıxıram yollara,

şoferi lülxan görürəm, qorxmuram.

 

Gah zooparkda gəzirəm səllimi,

hər cürə heyvan görürəm, qorxmuram.

 

Modaya vurğun bala meymunları

az qala üryan görürəm, qorxmuram.

 

Sözləri əzbər, quru natiqləri

kürsüyə qalxan görürəm, qorxmuram.

 

Böylə şücaətlə, sözün doğrusu,

neyləyimg

Qoy olanı söyləyim:

Yerlipərəstlikdə hünər göstərən

arxalı nadan görürəm, qorxuram.

 

Bisəbəb qorxmuram, vəchi var-

Fikrini qan-qan görürəm, qorxuram.

Dəyməsələr onlara, mikrob kimi

günbəgün artan görürəm, qorxuram.

Qorxuram, qorxuram, qorxuram...

 

Ədalət.-2015.-20 may.-S.5.