"Ədalət"in vaxtı: Qəşəm Nəcəfzadə ilə

“Zəmanənin çərçivələrindən çıxa bilirəm”

 

Zaman hər kəsi əhatə edib, hər birimizdə öz təsirini qoysa da, ona münasibətimiz, dəyərimiz başqadır – fərdidir. Maraqlıdır ki, bəzən zamana baxışımız öz içimizdən deyil, peşəmizin gözündən süzülür. Aktyor zamanı səhnədən görür, ictimai-siyasi xadim zamana bəşəri problemlərdən yol salır, jurnalist onu hadisələrdə axtarır... şair isə qələminin ucunda – sətirlərə düzdüyü misralarında zamanla çək-çevir edir. Olsun – sənətimiz seçdiyimiz yoldur və mənzil başına aparan sürət isə Əlahəzrət Zamanın özüdür. Bu dəfə zamanı şeirlərdə aradıq, bu axtarışda bizə yardım edən qonağımızı tanıyaq:  

Şair Qəşəm Nəcəfzadə  - 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsini bitirib. Uzun illər orta məktəb və universitetlərdə ədəbiyyat müəllimi işləyib. Hazırda Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəridir.

Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkələrin mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, almanbaşqa dillərə tərcümə edilib. Şairin Azərbaycandan başqa, Hollandiyada ("Eenwording – Birləşmə” holland dilində, "Sketches of prison – Həbsxana etüdləri” ingilis dilində – 2007), Tehranda ("Barmaqların öpüşüfars dilində – 2009), Türkiyədə ("Savaş, ayakkabı, ölüm” – 2008) və Kolumbiyada ispan dillərində kitabları nəşr olunub.

Şair uşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adına mükafatına, bundan başqa Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüb.

 

...Və Qəşəm Nəcəfzadə ilə zaman yolçuluğu:

 

Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

Zaman poeziyanın bir anlıq ayaq saxladığı yerdir. Mənim bütün şeirlərimdə zaman və məkan mövzusu var. İstər adicə bir qələmdən, bir yarpaqdan da yazsam, zaman və məkan anlayışı yaradıcılığımda əsas xətt təşkil edir. Orada zaman dayanır və zamansızlıq başlayır. Çünki təbiət, insan həyatı elə ən çox zamanla bağlıdır. Bir dahinin sözü var: "Kim yaşlananda atasına bənzəyirsə, demək qocalır”. Yaxud bir şeirimdə deyirəm: "Zaman yanımdan elə keçir ki, saqqalımın nə vaxt bitməyindən xəbərim olmur. Biri mənə söyləyir – niyə bu qədər qocaldın, ay saqqalı ağarmış?”

 

"Təqvimdən, tarixdən daha dəqiq şeir zamanı göstərə bilir

 

– Niyə məhz zaman bu qədər sizə ilham verir? Nədir sizi zamanda bu qədər çəkən?

Zaman, əslində mücərrəd bir anlayışdır. Əgər biz saatın əqrəblərini qarışıq bir tərəfə yönəltsək, onunla da işləyə bilərik. Yaxud təvəllüdümüzü pozsaq, heç dəyişməz. Biz zamanı saat əqrəbi, ay gün tarixləri ilə maddiləşdirmişik. Belə götürəndə, o rəqəmlər olmasa, elə zamansızlıq yaranar. Zamanın əsas göstərici vahidini şeir hesab edirəm. Çünki insanların icad etdiyi təqvimdən, tarixdən daha dəqiq şeir zamanı göstərə bilir. Şeir yazıldığı zamanı bir anlıq tutub saxlayır. Şeirlə bilirsən ki, bunu vaxt yaşayıb, vaxt yazmısan. Nizami Gəncəvinin bir misrası var: "Min dənə sürünü görsə canavar, yenə yoxsulun payını çalar” – bu XII əsrdə yazılıb, amma bu gün aktualdır, min il sonra da öz gerçəkliyini qoruyub saxlayacaq...

 

Onda belə çıxır ki, dəyişən zaman deyil, insanlar dəblərdir?

Bəli. Ona görə həmişə demişəm ki, bütün şairlərin cəmi-cümlətanı bir kitabı olur. Onu bölüb 5 edər, 10 da. Deyək ki, 80 illik ömrüm var bu həyatımın içində olub ki, 17 yaşıma da qaçmışam, 80-dən yazmışam. Mənim bu yaş içində oyan-buyana getməyim zaman içində gəzintimdir, 80 isə son – finiş xəttimdir. Olub ki, qocalıq şeirlərimi indidən yazmışam.

 

Yeri gəlmişkən, insanın onu əhatə edən zamandan başqa bir daxili zamanı da olur. O daxili zamanda siz hardasınız, hansı yaşdasınız?

Onu dəqiq bilmirəm. Bircə onu bilirəm ki, şeirlərimdə dəyişirəm, istədiyim yaşda oluram. Məsələn mən, sevəndə ayrılıq şeirləri yazmışam, ayrılanda isə sevgi şeirləri... Bax elə bu, ömür içində zaman yolçuluğumdur. Ola bilsin ki, sevərkən bəri başdan ayrılığı görmüşəm.

 

"Zamanı çərçivəyə salıb, onun əsirinə çevrilmişik

 

Yəni zamanı qabaqlayırsınız...

  Bəlkə ... Ayrılığın xofundan da irəli gələ bilər. Ayrılığı duyub 10 il öncədən onun şeirini yazmışam. Ona görə az öncə qeyd etdim ki, poeziya zaman anlayışı ilə sıx bağlıdır. Mənə elə gəlir ki, harda şair varsa, onun şeirləri irfandır. Çünki bütün insanlar haradansa qopub gəlib. İnsan dünyaya çatanda nadanlaşır, o, yalnız gəldiyi yerdə kamildir. Bu, bütün dinlərə mənsub şairlərdə belədir, mövzu həmişə bu olub. Sadəcə, tədqiqatçılar poeziyanı, irfana, sürrealizmə, modernizmə, postmodernizmə bölürlər. Amma bütün məqamlarda ədəbiyyatın bir hədəfi var: yaxşı yazmaq. Zamanı təhlil edəndə, öyrənəndə çox məsələlər üzə çıxır. Biz özümüz zamanı çərçivəyə salıb, onun əsirinə çevrilmişik...

 

Bəlkə zamanı yaratmaqla onu idarə edəcəyimiz düşünmüşük?

Vaxt ölçüsü , həyat qrafiki üçündür. İnsan vaxtı idarə edə bilər, zamanı yox.  Məsələn, günün bir tarixini çərçivəyə salmışıq. O zamanın məngənəsindən bizi Allah şeir çıxarda bilər. Təəssüf ki, biz özümüz bu çərçivəni yaratmışıq: təvəllüdlərimizlə, qrafikimizlə, hətta şeirlərimizin altına yazılan tarixlə... Zaman anlayışını məhbəsə salmaqla özümüzü dustaq etmişik. Xətib Təbrizi deyir: "Ey ölüm, gəl, həyat bizi öldürdü”. Bizim düşmənimiz, ölüm yox, əslində həyatdır. Ona görə deyirəm ki, insanı zaman dustaqlığından şeir çıxarır. Məhz şeirdə insanın öz aləmi, öz zamanı olur. İstədiyi yaşa gedə bilir. Məsələn, mən şeir yazmaqla bütün zaman ölçülərini qırıram, zamanın üzərindən uçuram, şəxsiyyət vəsiqəmdən doğum tariximi pozuram  s. Biz təkcə zamanı deyil, ədəbiyyatı da çərçivəyə salırıq. Hər şeyi müqəddəsləşdirməyə çalışırıq. Bu Sovet ideologiyasından qalma bir şeydir.

 

Niyə Sovet ideologiyasına bu qədər qarşısınız ki? Həmin zamanda yaşamamısınız? Siz ki Sovet ədəbiyyatının bəhrəsiniz?

– Mən 1978-ci ildən çap olunuram, amma bir dənə də olsun Leninə, Partiyaya aid şeirim yoxdur. Bu günə kimi 27 kitabım çıxıb. Lakin heç birinə ön söz yazılmayıb. Sonuncu kitabda Vaqif Yusifli "Kaspi” qəzetində məqalə yazmışdı və onu götürüb kitaba yerləşdirmişəm. Orada da müəllif məni tənqid etdiyi üçün ondan istifadə etmişəm. Dediyim odur ki, sovet dövründə yaşasam da o ideologiyanın əksini düşünmüşəm.

 

– İdeologiyası bir-birindən kəskin fərqlənən ayrı-ayrı zamanları yaşayıb görmüsünüz. Hansı zamanda yazmaq sizə daha rahat olub?

İndi. Təbii ki, bu dövrdə fikirlərimi daha rahat ifadə edirəm. Amma yenə də tam şəkildə deyil. Mənim indiçap problemim var. Baxmayaraq ki, əksəriyyəti bunu danır, amma bu var. Yazanda da, müsahibə verəndə də bu problemlə rastlaşıram. İnkubator cücələri kimi bir-birinə bənzəyən cümlələri işlətməyə nə var! Əlbəttə təntənəli cümlələri çap edəcəklər. Bu axı çap deyil! Çap odur ki, mənim dediyim sözləri olduğu kimi versinlər, təəssüf ki verilmir...

 

"Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir”

 

Çünki hər şey bir-birinə zəncirvari şəkildə bağlıdır, əlavə problem özü də məngənədir...

– Elə ona görə də deyirəm ki, bu zəncirin buxovlarından yalnız şeirdə azad olmaq olar. Mənim belə bir şeirim vardı. Ona çoxları irad tuturdular:

Atam nəvələri ilə domino oynayır,

Nəvələri əl çalır, babalarının uduzmağına.

Anam sağ olsaydı, atam domino oynamazdı,

Oynasaydı da, uduzmazdı...

 

yaxud:

 

Gəlinləri nahara səsləyir atam,

Atam tələsir...

 

Bu səsləməklə, tələsmək arasında elə bir zaman yerləşir ki, onun özü şeirdir. Atam ona görə tələsir ki, gec dursa, gəlinləri süfrəni yığışdıracaq. Bax, zaman burda gizlənib. Adamlar düşünür ki, şeir misraları elə rəngarəng, biçimli, gurultulu olmalıdır. Şeir misraların, fikirlərin arasında qoyulan boş zamandadır. Təntənəli şeir gözləyən auditoriya buradakı gizli zamanı ayaqlayıb keçəcək, onu anlamayacaq. Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir. Poeziya da paralel zamanlarda, onların assosiasiyalarında yaranır. Sahil bağında o tərəfə gedən qızla, eyni istiqamətdə yolu qayıdan oğlan yuxarıdan baxanda paraleldir, qafiyədir.

 

Şeirdə o zamanlamanı tuta bilirsiniz, bəs həyatda necə?

Məncə tuta bilirəm. Düzdür, vaxtla uzlaşmağı sevmirəm. Heç nəyi qəlibə salmıram. Mən hadisəyə doğru getmirəm, hadisə mənə doğru gəlir. Amma bəzən deyirlər ki, şairlər çox sadəlövh olurlar. Amma şəxsən bu, mənə aid deyil. Məni heç kim aldada bilməz, çünki həyatın hər üzünü bilirəm, çox çirkinliklərini görmüşəm. Heç özüm saf, müqəddəs adam deyiləm. Həyatı da olduğu kimi qəbul edirəm. Ürəkdən kin-küdurəti çıxaraq: tam məhəbbətlə yaşamaq olmur axı! İnsan orqanizmi tam oksigenlə yaşaya bilməz, oksigen bolluğunda ölə bilər. Həm ağaclara da karbon qazı lazımdır... Çirkinlik olmasa, gözəlliyi duymarıq, pislik olmasa, yaxşılığın qədrini bilmərik. Bunlar həyatın paralelləridir. Bunu duymaqla həyatı, zamanı duyursan.

 

Sizcə, bu zəmanənin adamısınız?

Bəli, mən zəmanəmin adamıyam. Eyni zamanda, yaşadığım zəmanənin çərçivələrindən çıxa bilirəm.

 

Vaxtla bağlı insanlara tövsiyə edirsiniz?

Ürəkləri istədiyi kimi yaşasınlar, özlərini qəlibə salmasınlar. Heç nəyin dalınca qaçmasınlar, baş verən onsuz da olacaq.  

 

Biz "Ədalətinvaxtı”nın qonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

 

Şəfiqə Şəfa

Ədalət.-2015.-21 may.-S.3.