SEÇİB TAPDIĞIM DOST

AĞSAQQAL HİDAYƏT BƏŞİROVUN 80 İLLİYİNƏ

 

1966-cı ilin söhbətidir. Aprelin axırları idi. Yazın gəlişi gecikmişdi. Dağlarda tala-tala qar görünürdü. Tarlalarda başlamışdı. Torpağa toxum səpilir, bağlar becərilir, zəmilərin alağı təmizlənir, arı pətəklərinə qulluğ edilirdi. Sürülər arandan qayıtmışdı. Bulaqların üstündə çadırlar qurulmuşdu.

Belə biz yaz günündə əməkdaşı olduğum rayon qəzetinin redaktoru məni yanına çağırdı. Stolun üstündəki məktubları götürüb varaqlamağa başladı:

- Bir həftəyə Siyov kəndindən beş məktub gəlib. Kolxozda təsərrüfat işlərinin ləngidiyindən, əmək intizamının pozulduğundan, texnikadan səriştəsiz istifadədən yazırlar, - deyib məktubları mənə uzatdı.

Alıb tanış oldum. İmzalar başqa-başqa olsa da, məzmun eyniydi. Belə qərara gəldik ki, faktları araşdırmaq üçün Siyova gedim, məktubların müəllifləri ilə görüşüm, işlərin gedişi ilə maraqlanım.

Ertəsi gün rayon mərkəzindən 40-45 kilometr aralıda olan kolxoza yola düşdüm. Yolun yarısını maşınla, yarısını da atla getməli oldum. Gün günorta yerinə gələndə mənzil başına çatdım. Birdən hava dəyişdi, şimşək çaxdı, yer-göy lərzəyə gəldi, leysan başladı. Özümü məktəbə çatdırıb direktorun otağına keçdim. Belə havada yola çıxmağım Hidayət müəllimi təəccübləndirsə , üstünü vurmadı. Peçi qaladı, çay dəmlədi.

Hidayət Bəşirovu 1961-ci ildən tanıyıram. O, Qışlaq kəndindəndi. Orta məktəbi rayon mərkəzində bitirmişdi. Bakıda Pedoqoji İnstitutun kimya-biologiya fakültəsində oxumuşdu. Ali təhsil alandan sonra təyinatla bu məktəbdə fəaliyyətə başlamışdı. Üç ildən sonra təşkilatçılığını, savadını nəzərə alıb direktor təyin eləmişdilər.

Hidayət müəllim məktəbə yaxın birotaqlı mənzildə qalırdı. Yağış ara vermirdi. Sel-sudan bayıra çıxmaq çətindi. Oturub gözləyirdik. Bu görüş bizi yaxınlaşdırdı, duz-çörək kəsdik. Dostluğumuzun təməli elə o günlərdə qoyuldu.

Ertəsi gün yağış kəsdi, mən təsərrüfatda işlərlə tanış oldum, adamlarla görüşdüm. İmzaları məktublarda qeyd olunan kolxozçular dedilər ki, bu cızmaqaralar rayonda yazılır, sədri ləkələmək məqsədi daşıyır. Sədrimiz ağsaqqal kişidir, camaatla dil tapıb, uzun illərdir işləyir...

Hidayət müəllimlə rayona qayıtmalı olduq. Piran kəndində çaydan keçmək müşgülə düşdü. Həm bu tayda, həm o tayda xeyli adam gözləyirdi. Nəhayət, çarə tapıldı. Qırağdakı quru ağac kəsildi, çayın üstünə düşdü. Adamlar növbə ilə bir-bir keçdilər.

Bu söhbətdən artıq yarım əsr keçib. Ötən illərdə dostumun həyatında xoş günlər, yadda qalan hadisələr az olmadı. Rəhbərlik etdiyi məktəbin məzunlarının sorağı institutlardan gəldi, adı respublikanın qabaqcıl maarif işçiləri cərgəsinə düşdü, məktəbşünaslıqda təcrübəsi təbliğ olundu.

Ailə səadətini Hidayət müəllim elə əmək fəaliyyətinə başladığı kənddə tapdı. Əsil-nəcabətli Şövkət xanım Mirələm qızıyla ailə qurdu, ev-eşik sahibi, oğul-qız atası, nəvə babası oldu.

***

 

1967-ci ilin avqust günlərində rayon müəllimlərinin konfransı keçirildi. Hidayət Bəşirovu maarif şöbəsinə, mərhum Mürsəl Mirzəyevin yanına dəvət etdilər. Şöbə müdiri Hidayət müəllimin pedoqoji ustalığına, biliyinə, isti münasibətinə bələd idi. Söhbətə girişsiz başladı, məqsədini söylədi:

- Sizi Lerik internat məktəbinə dərs hissə müdiri vəzifəsinə məsləhət bilmişik, fikrini öyrənmək istəyirik.

Təklif Hidayət müəllim üçün gözlənilməz oldu. Çünki böyük qardaşı Bəşir müəllim bu məktəbdə direktor işləmişdi. Hansı səbəbdənsə ərizəsi ilə işdən çıxmışdı. Pedoqojı institutda elmi işini müdafiə etmişdi. İnstitutun pedaqoqika kafedrasının dosenti idi. (Sonralar doktorluğu tamamlayıb prorektor seçildi).

Xeyli söhbətdən sonra Hidayət müəllim qərara gəlib:

- Məsləhət sizindir, etimad göstəribsiz, doğrultmağa çalışaram, - deyə razılıq verdi.

İnternat orta məktəbinin müəllimlərini yaxşı tanıyırdı. Məhərrəm Kazımov elmi üzərində çalışırdı, məqalələri metodik jurnalında nəşr olunurdu. Ataxan Baxşıyev Babulla Ağayev əməkdar müəllim idilər, Əliheydər Seyfullayevin təcrübəsi həmkarlarına nümünə göstərilirdi. Məktəbdəki nümünəvi şərait - fənn kabinetləri, laboratoriyalar, zəngin kitabxana, təşkil olunan açıq dərslər, bülletenlər, şifahi jurnallar tədrisin keyfiyyətini yüksəltməyə imkan verirdi.

Keçən əsrin yetmişinci illərində Lerik ziyalılarının həyatında intibah dövrü başlandı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi savadlı, bacarıqlı, ictimaiyyətin hörmətini qazanan insanların fəaliyyətinə yaşıl işıq yandırdı. Məhəbbət İbadov raykomun katibi, Qulamhüseyn Əsgərov mərkəzi xəstəxananın baş həkimi, Vəkil Ağababayev raykomun təlimatçısı, Mirzəisa İsmayılov rayon icraiyyə komitəsinin şöbə müdiri vəzifələrinə irəli çəkildilər. Elə bu dövrdə Hidayət Bəşirov da raykomun təbliğat təşviqat şöbəsinin müdiri təsdiq edildi. İdeoloji sahəyə rəhbərlik qədər məsuliyyətli olsa da, Hidayət müəllim şöbənin məsul işçiləri var qüvvələri ilə çalışıb məqsədlərinə çatırdılar.

1974-cü ilin avqustunda mən rayon qəzetinin redaktoru təsdiq olunandan sonra Hidayət müəllimlə əlaqələrim daha da möhkəmləndi. Lerikin həyatına dair qəzet səhifələrinə çıxarılan problem məsələlər şöbədə müzakirə olunur, bəzən büronun gündəliyinə salınırdı.

***

Hidayət müəllim 1975-ci ildə rayon xalq maarif şöbəsinin müdiri təyin olundu. O, bu vəzifə stolunda cəmi üç ay oturdu. Yenidən partiya işinə qaytardılar, raykomun ideoloji məsələlər üzrə katibi seçdilər. Məsuliyyəti ikiqat artdı. Onu tez-tez məktəblərdə, sağlamlıq mədəniyyət ocaqlarında, ticarət məişət obyektlərində görmək olardı. Kütləvi tədbirlərin hazırlanması keçirilməsini həmişə nəzarətə saxlayırdı. Vətəndaşlar dərd-sərlərini, ürək sirlərini, ehtiyaclarını ona deməkdən çəkinmirdilər. Bəzən cibindəki son manatı da verib yola salırdı.

Raykomda işlədiyi illərdə ikinci ali təhsil aldı, Bakı Alı Partiya məktəbini qiyabi bitirdi, yeni dostlar qazandı. Onlar bu gün Hidayət müəllimi unutmurlar, yeri gələndə ehtiyaclarını ona deyib kömək istəyirlər. Bir sözlə, onun dilindən "yox" kəlməsini eşidən olmayıb.

***

Hidayət müəllimi 1992-1995-ci illərdə daha yaxından tanıdım. Biz təhsil şöbəsində işləyirdik. Mən müdirdim, o müavin. Düzünü deyim, bəzi məsələləri yoluna qoymaqda ona müraciət etməkdən, məsləhət almaqdan, tövsiyyələrini eşitməkdən çəkinmirdim. Həm bizim fəaliyyətimiz respublikada çətin dövrə düşmüşdü. Hərcmərclik, özbaşınalıq baş alıb gedirdi. ancaq dözdük. Kəndlərdə məktəblər tikildi, bağçalar açıldı, avadanlıq alındı. Bu işlərin ağırlığı Hidayət müəllimin üzərinə düşürdü. Bir dəfə belə dilinə gətirmədi.

Yadımdadır, 1995-96-cı dərs ili üçün rayon məktəblərinin şəbəkəsini Təhsil Nazirliyinə bir yerdə aparmışdıq. Təsdiqdən sonra bir məktəbdə səhvə yol verdiyimiz aydınlaşdı. Yenidən sənədlərdə düzəliş aparıb Hidayət müəllimi Bakıya yola saldıq. Çətinliklərlə üzləşsə də, nazirin qəbuluna düşüb məsələ barədə məlumat vermişdi. Düzəlişdən sonra sənədi gətirmişdi.

Hidayət müəllim sözübütöv kişilərdəndi. Dili deyəni həmişə ona ürəyi dedizdirir. Ürəyində kin-küdrətə yer yoxdu. Həyatda yerini bilən adamdı, şəxsiyyətini qoruyan ziyalıdır. Onunla işləmək qulağıdinclikdir. Bunu bir daha yəqin eləmişəm.

On ilə yaxındır təqaüdə çıxıb. Evdə işsiz dayanmaq dostumun təbiətinə yaddır. Bağ-bağçada işləyir, arılara qulluq edir, həyət-bacanı sahmana salır. Gündə 5-6 kilometr piyada gəzir desəm mübaliğəsiz olar. Canına yaxşı baxır, vaxtında dincəlir. Göz dəyməsin, ilk dəfə görənlər ona 80 yaş verməzlər.

Dostum böyük bir ailənin başbiləni, yolgöstərəni, ağsaqqalı, doqquz övlad atasıdır. Oğlu Elxan Respublikada adlı-sanlı tanınmış adamıdır, iqtisadçı alimdir. Onun rəhbərlik etdiyi şirkətin məhsulları qonşu dost ölkələrdə də şöhrət qazanmışdır. Yüzlərlə həmvətənimiz daimi işlə təmin olunmuşdur. Qızı Yasəmən təcrübəli pedoqoqdur. Evdarlıqda anası Şövkət xanıma çəkib. Sonbeşik oğluna bu bahar toy eylədi.

***

Xalqımızın gözəl bir deyimi var: elin gözü tərəzidir. Yaxşıları qiymətləndirir, başqalarına örnək göstərir. Hidayət Yusubəli oğlu da belə insandır. Yubileyi ərəfəsində tanışlarını, vaxtilə bir yerdə işlədiyi ziyalıları dinlədim.

İdris Məhərrəmov:- Uzun illər bir kollektivdə, təhsil şöbəsində işləmişik. Hidayət müəllim ürəyitəmiz, sadə, ədalətli, halal, haqq tərəftarı adamdı. Həm müasirlərinə, həm də gənc nəslə xeyirxahlığı ilə nümünədir.

Nəriman Quliyev: - Biz bir məktəbdə oxumuşuq. Hidayət elə gəncliyindən ağlı, dərrakəsi, qanacağı və mərifəti ilə seçilirdi. İndi ictimaiyyətdə hörmət sahibidir, xeyir-şərdə el arasındadır. Təmənnasız, xeyirxah kişidir. 80 illiyi münasibəti ilə onu təbrik edib yüzü haqlamağı arzulayıram.

Hidayət Bəşirovun qüsursuz və səmərəli fəaliyyəti vaxtında qiymətləndirilib. 1978-ci ildə "Şərəf Nişanı" ordeni ilə təltif edilib. Aldığı mükafatlar arasında ən qiymətli bir sənəd var. Bu, Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasının 20 illiyi münasibətilə cənab Prezident İlham Əliyevin onu "Tərəqqi" medalı ilə təltif etməsi barədə Sərəncamdır. Bayramlarda bu medalı iftixarla döşünə taxır, müstəqil dövlətimizin mükafatı ilə fəxr edir.

Neçə ildir Hidayət müəllim rayonda məsul ictimai vəzifəyə seçilib. O, müharibə və əmək veteranları şurasınını sədri, bu qurumun respublika təşkilatının plenum üzvüdür. Veteranların mənzil-məişət şəraitini yaxşılaşdırmağa, onların istirahətinin təşkilinə həmişə diqqət yetirir, yerli təşkilatlarla əlaqə saxlayır. Veteranların yubileyini keçirərkən ağsaqqallar şurası ilə birgə fəaliyyət göstərir. Son bir ildə bir nəfərin anadan olmasının 80 illiyi, iki nəfərin isə 90 illiyi qeyd edilmişdir. Bu günlərdə 1941-1945-ci illərdə İkinci Cahan Müharibəsində qələbənin 70 illiyi ümumxalq bayramına çevrildi. Lerik şəhərinə dağ kəndlərindən döşü orden və medallı veteranlar, Qarabağ döyüşlərinin iştirakçıları gəlmişdilər.

Dostdan yazmaq çətindir. Özü də Hidayət müəllim kimi dost qədrini bilən, dostluğu qiymətləndirən bir insandan. Çünki o, kiminlə dostluq etməyi çox yaxşı bilir. Övladlarına və nəvələrinə də dostluqda sədaqətli olmağı öyrədir. Hidayət müəllimin dostu olmaq, həm asandır, həm də çətin. Asandır ona görə ki, təmənnasızdır. Çətindir ona görə ki, saxta pafosu sevmir. 80 yaşlı dostumu təbrik edib deyirəm: - Səndə gördüyüm şuxluğu, əzəməti, şən əhval-ruhiyyəni Allah bundan sonra da əksik eləməsin. Sənə ağrısız, acısız həyat arzulayıram. Özümü xoşbəxt hesab edirəm ki, qeyrətli, el-oba təsübkeşı çəkən bir dostum var.

 

Həmzə VƏLİMƏMMƏDOV

Lerik Rayon Ağsaqqallar Şurasının sədri,

əməkdar jurnalist

Ədalət.-2015.-21 may.-S.6.