SƏMİMİYYƏTİ VƏ
ÖZÜNÜ YAZMAĞIN ANATOMİYASI
Vaqif Bəhmənli
sözündə
Qarşımdakı təqvimə
baxıram. İki gün
qalıb. Amma bu iki günə qədər
mən uzun bir yol keçib gəlmişəm. Az qala bir
igidin ömrü qədər, bəlkə də çox. Amma
zarafat deyil, 1981-ci ilin payızından başlanan həmin o yol
döngələri, dolamaları arxada qoyub gəlib
çıxıb zamanımıza. Özü də gəlişi də maraqlı
olub, o yolun yolçuluğu da. Şəxsən mən
artıq uzunluğunu, yəni yaşını
xatırlatdığım bu yolda zaman-zaman dayanıb fikirləşmişəm:
nəyi necə edəcəyimi, sözümü, fikrimi necə
çatdıracağımı, hətta onun mənə olan
münasibətinə layiq olub-olmadığımı da...
Dövlət universitetinin tələbəsi idim. Tələbə
olana qədər də o dövrün mətbu orqanları ilə
əlaqə saxlayırdım, yazılarımı, şeirlərimi
göndərirdim. Çap olanı olurdu,
standart, yəni hər kəsə eyni formada verilən cavablar
da. İndi də hərdən o sözbəsöz
əzbərlədiyim cavabları xatırlayıb
gülümsəyirəm. Görünür
bu da zamanın bir yanaşması idi. Bütün qəzetlər
ona məktub göndərən oxucuya, təbii ki, şeirinin,
məqaləsinin çap olunmasını istəyən oxucuya
bax belə cavab yazırdı:
- Sizin
göndərdiyiniz məktubla tanış
oldum. Ancaq
redaksiyanın tələblərini ödəmədiyi
üçün çap edə bilməyəcəyik. Sizə
yeni uğurlar arzu edirik...…
Və təbii ki, sonda da ya şöbə müdirinin,
ya da məsul katibin imzası. Bu məktublardan mən
də almışam. Əvvəldə
dediyim kimi çap olunmayan yazılarıma görə, bunu bilərəkdən
xatırladıram. Çünki indi barəsində
yazdığım və iç dünyamda məhz həmin
tarixdən qeydiyyata düşən Vaqif Bəhmənli həyatımda
özəl yeri olan, özəl təsiri olan söz
adamlarından, şəxsiyyətlərdən biridir...…
Təbii ki, mən Vaqif Bəhmənlini öncə mətbuatdan
tanımışam. Məndən dörd yaş böyük
olan Vaqif Bəhmənlinin o vaxtlar çap olunan şeirləri
və ümumiyyətlə o dövrün ədəbi
mühiti mənə məlum idi. Çünki mən də
o mühitə daxil olmağa çalışırdım və
bu səbəbdən də az qala ölkədə
nəşr olunan bütün bədii nümunələri
arayıb, axtarıb, tapıb oxuyurdum. Amma
heç vaxt onunla yaxınlaşacağımı, onunla
doğmalaşacağımı düşünməmişdim.
Ona görə də bu doğmalığa, bu
yaxınlaşmaya səbəbkar olan bir insana (mən onu halal və
müqəddəs Kişi saymışam - Ə.M.) yəni mərhum
Nəriman Zeynalova
bütün ömrüm boyu duaçıyam. Belə ki, universitetdə həyatıma daxil olan tələbə
yoldaşlarım mənim üçün çox önəmlidi.
Məhz həmin tələbə
yoldaşlarımdan biri Nəriman müəllimin oğlu idi.
Artıq bir-birimizə qaynayıb
qarışmışdıq. Günlərin
birində həmin tələbə yoldaşım bildirdi ki,
evdə atama sənin barəndə danışmışam.
Gözləyəcək, yazılarını apar, şəxsən
özünə təqdim et.
Doğrusu, içimdə həm sevinc, həm də tərəddüd
hissi baş qaldırdı. Elə həmin o hisslərin
aurasında üz tutdum "Sovet kəndi" qəzetinə.
Redaksiyanın qapısını döydüm və
baş redaktorun katibəsinə kimliyimi, hardan gəldiyimi
söylədim. Bir neçə dəqiqədən
sonra məni içəri dəvət etdilər. O nurlu
insan oturduğu yerdən qalxıb əlini mənə tərəf
uzatdı. Tam səmimiyyətlə deyim ki, bu, həyatımda mənə tərəf
uzanmış ən müqəddəs, ən xeyirxah, ən
isti əllərdən biri idi. Ona qədər mənə
"Təşviqatçı" jurnalının baş
redaktorunun əlini sıxmaq nəsib olmuşdu. Bu dəfə
isə Nəriman Zeynalovla əl görüşürdüm.
Göstərdiyi yerdə əyləşdim. Bir az dərslərimi
soruşdu, ailə vəziyyətimlə maraqlandı... Sonra
katibəyə dedi ki, Vaqif Bəhmənlini çağır. Bir azdan Vaqif müəllim içəri daxil oldu.
Mən ilk dəfə şəklindən
tanıdığım Vaqif Bəhmənli ilə baş
redaktor Nəriman Zeynalovun otağında əl verib
görüşdüm. Nəriman müəllim bircə
kəlmə söz dedi:
-
Oğlumun tələbə yoldaşıdı, sənin də
həmyerlindi. Yazılarına bax, uyğun bilsən, bu
oğlana həmişə kömək et!
Məhz o tapşırıqdan, o doğmalıqdan sonra
Vaqif Bəhmənliylə bir növü yaradıcılıq əlaqələri
başlandı. Şeirlərim də çap olundu, hətta
redaksiyanın tapşırığı ilə
yazdığım yazılar da. Tələbə
üçün aldığı qonorarın necə bir
şirinlik, necə göydəndüşmə olduğunu yəqin
yazı-pozu adamları bilir. Mənə bu
şirinliyi bəxş edənlərdən biri də məhz
Vaqif Bəhmənli idi.
Aylar, illər bir-birini əvəz edirdi. Artıq Vaqif
Bəhmənli ilə o qədər
doğmalaşmışdım ki, günlərin birində onu
ərklə Tuğa dəvət etdim - yəni kəndimizə,
ata evimizə. Söz verdi və
sözünə də əməl etdi. Yay tətilinə
getmişdim, bir də
gördüm ki, qonşumun uşağı məni
səsləyir. Çəpərdən boylandım və
onların yanında Vaqif Bəhmənlini, Umud Rəhimoğlunu
və eləcə də orda tanış olduğum digər
insanları gördüm. Məhz
həmin an bir daha inandım ki, Vaqif müəllim
necə deyərlər, sözünün ağasıdı. Təbii ki, kənd yerində Bakı
restoranlarının süfrəsini açmaq mümkün
deyil. Biz sadəcə olaraq kasıbın
olanından, bir tikə çörək kəsdik, bir stəkan
çay içdik. Və burada həmin məqamı
təkrar vurğulamağımın əsas mahiyyəti məhz
sözünə sahib çıxmaqdı. Baxma, bir tələbənin,
özü də ucqar dağ kəndində yaşayan tələbənin
ata ocağına Bakıdan sayılan-seçilən
qonağın gəlməsi özü-özlüyündə
az qala bir hadisə idi, özü də
böyük hadisə. O vaxta qədər bu evdə Seyran Səxavət,
Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli,
Nadir Cabbarov, Hüseyn Arif, Əhəd Muxtar, Tofiq Bayram və
daha kimlər, kimlər olubdu...…
Tələbəlik
illəri davam edir və mənim də həyatımda Vaqif Bəhmənlinin
yeri, mənə əl uzadıb dayaq durmaq kimi görünən,
amma əslində isə məhz əlimdən tutub irəliyə
aparması heç kimin duymadığı, hiss etmədiyi bir
axarla gedirdi. Məhz o axarın içərsinidə
yazılarımın da, şeirlərimin də püxtələşdiyi,
özüm üçün hər gün hiss olunur,
görünür və mən də bundan ruhlanaraq
özümdə bir cəsarət tapıb Vaqif müəllimdən
işıq üzü görəcək növbəti
kitabıma ön sözü yazmağı xahiş etdim. Amma bu gün, bu
yazıda etiraf edim ki, mən o xahişi edəndən sonra
daxilən özümü silkələdim. Mənə elə gəldi ki, bu ricamda tələsmişəm.
Ola bilsin ki, Vaqif müəllim hardasa
özü-özünü məcbur edib nəyinsə xatirinə
mənə razılıq verdi. Həmin
hissi də Vaqif Bəhmənlinin mənə təqdim etdiyi və
alıb oxuduğum ana qədər içimdə
daşıdım. Təqribən bir həftə - on gün
sonra Vaqif müəllim ona təqdim etdiyim "Nişanə"
kitabımın əl yazısı ilə birlikdə mənə
özünün ön sözünü də verdi.
Öz yanında utandığımdan,
sıxıldığımdan açıb baxmadım. Otaqdan dəhlizə çıxan kimi əlimdəki
qovluğu açdım və elə pəncərənin
önündəcə Vaqif müəllimin yazdığı
ön sözün başlığını oxudum. Vaqif
Bəhmənli yazmışdı:
- NAMUSLU
SÖZÜN NİŞANƏSİ!
Bəli, bu, Vaqif Bəhmənlinin mənə həm də
xeyir-duası idi. Mən həmin o xeyir-duanı bu gün də üzərimdə
hiss edirəm. Çünki namuslu sözün məsuliyyəti
dağdan ağırdı!..
Artıq arxada qalan bu illərdə mən Vaqif Bəhmənlinin
həm oxucusu, həm yaxını, həm də həmkarı
kimi onu daha yaxından izləyə bilmişəm. Demək olar ki, həm o illərin,
həm də bu zamanın dövrü mətbuatında
çap olunan bütün publisist yazılarını,
xüsusilə Azərbaycan təbiəti ilə,
Ceyrançöl qoruğu ilə bağlı, həmçinin
Azərbaycanın qabaqcıl əmək adamları ilə
bağlı silsilə yazılarını sevə-sevə
oxumuşam və bu gün də oxuyuram.
Mənim kitab rəfimdə Vaqif Bəhmənlinin şeir
çələngləri xüsusi bir yer tutur. Mən bu şeirlərin içərisində
səmimiyyətin və bir də özünü
yazmağın az qala anatomiyasını görmüşəm
və indi də görürəm. Çünki Vaqif müəllim
özünün ağır uşaqlığından
qaynaqlanıb ana, baba sevgisiylə cilalanan həyatının
bütün nöqtələrini özü kimi, öz
halallığı kimi, öz rahat, həzin, həm də bir
az adamı kövrəldən səsi və nəfəsi ilə
misralara çevirib. Oxuyanda pafosu yox, gerçəyi
görürsən. Öz uşaqlığında
yaşadığını bu gün ona təkrar yaşadan nəvəsinin
timsalında izləyəndə
bir ömrün kompleksi gəlib durur göz önündə. Zənnimcə bu, Vaqif Bəhmənli ilə mənim
kimi oxucu arasında bir işıq yandırır - izahsız,
lüğətsiz bir işıq. Üzbəüz
oturub dinləyirsən. Vaqif Bəhmənli
danışır. Elə efirdə də
eyni bir mənzərədi. Vaqif Bəhmənli
qonağı olduğu bütün verilişlərdə
özündən, öz həyatından, öz içindən
danışır. Bu da elə hər
şey deməkdi. Zənnimcə, şairlə oxucunun
dost olması üçün bu ən yaxşı üsul, ən
yaxşı ölçü göstəricisidi.
Mən Vaqif Bəhmənlinin son illərdə
işıq üzü görən bir kitabını demək
olar ki, hər gün oxuyuram. Kitabın adı
"Hamı"dı. Mən
"Hamı"da məni, səni, bizi, onu, onları,
hamımızı gördüm və bu gördüklərimin
hamısı bu gün də yanımdadı.
Ətrafımda, qarşımda, sözümdə, söhbətimdə,
yazılarımda, bir sözlə, iç dünyamdadı.
Onları mənim iç dünyama tuşlayan insan da təbii
ki, məhz mənim iç dünyamda oturub
onları qarşılayır. Bu
qarşılayan da Vaqif Bəhmənlidi. Mən
də Vaqif Bəhmənlini qarşılayıram, özü də
böyük ürəklə. Çünki
iki gündən sonra Vaqif müəllim bu dünyamıza 60
yaşlı bir Kişi kimi qədəm qoyacaq. Deməli, bu 60 yaşdan 34-ü mənim payıma
düşür. Çünki 34-nün
müəyyən anlarında mən də olmuşam. Yəqin ki, o 34-ün mən yaşayan hissəsində
problem olmayıb. Elə həmin o
problemsiz, yəni hər şeyin yerli-yerində olduğu zamana
ayrılan vaxta görə Vaqif müəllimə təşəkkür
edirəm. Üstəlik, 60 yaşın mübarək
olsun! - deyirəm. Həm bir oxucu kimi, həm
də iç dünyamın adamları sırasında öz
yeri olan bir Kişi kimi.
P.S. Mən "İçimdə olan adamlar" silsiləmdə
həyatımın həm də müxtəlif anlarını
qeydə alıram, diqqətə çatdırıram. Düşünürəm
ki, bu həm də bir mənəvi borcdu. Amma Vaqif müəllimin
adına yazdığım bu yazı
heç də onun yubileyi ilə, doğum günü ilə
bağlı düşünülmüş, əvvəldən
hazırlanmış yazı deyil. Bu, sadəcə
bir təsadüfdü. Yəni Vaqif müəllimlə
bağlı olan yazım məhz bu tarixə təyin
olunubmuş. Özü də bütün
yazıları, yəni qismətləri, alın
yazılarını, həyat yazılarını yazan o Uca
varlıq tərəfindən. O Uca olan heç vaxt
yaxşıları unutmasın və inanıram ki, unutmur!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-21 may.-S.5.