SİZ
BİZƏ GƏRƏKSİNİZ, YUSİF
MÜƏLLİM!
Doğma yurddan o qədər
də uzaqda olmayıb, ələ düşən hər fürsətdən yararlanaraq
tez-tez bu qədim türk yurduna üz tutsam da, daim Borçalıdan xoş soraq intizarındayam, aldığım hər şad xəbər qəlbimi dağa döndərir. Bu xəbəri
bir dostdan isti-isti eşitməyin sevinci isə ikiqat olur. Ötən
ilin sentyabr ayı idi. Dostum Səməndər
Məmmədov zəng edib
adəti üzrə coşquyla Borçalıyla
bağlı yeni bir xoş xəbərin müjdəsini verdi və üstəlik dedi ki, sənə Borçalıdan bir ərməğan da var.
Yuxarıda da qeyd etdiyim kimi, Borçalı və borçalılarla bağlı hər xoş soraq məni sevindirib, amma bu xəbərdən sevincim ölçüyəsığmaz
oldu. Çünki budəfəki xəbərdə
söhbət ayrılıqda
bir fərd, bir kənd və
ya rayon, yaxud təşkilat haqqında yox, bütövlükdə
Borçalı naminə
görülmüş müqəddəs
və xeyirxah bir işdən gedirdi. Borçalıda hamının müdrik bir el ağsaqqalı,
maarif fədaisi və söz adamı, qələm əhli kimi tanıdığı, elə
Azərbaycan ədəbi
mühitində də
yaxşı tanınan
Yusif Yusifli mənə özünün
araya-ərsəyə gətirdiyi
"Gürcüstan azərbaycanlılarının
ədəbiyyat tarixi"
kitabının II cildini
göndərmişdi.
Yusif müəllimə bu qiymətli hədiyyəsinə görə
təşəkkür edir
və bildirmək istəyirəm ki, çox
böyük bir zəhmətə qatlaşıb,
ortaya sanballı bir əsər qoyub, adını Borçalının tarixinə
yazıb. Əslində,
bu kitabı yazmasaydı belə, o, çoxillik səmərəli
pedaqoji fəaliyyəti
və ədəbi-bədii
yaradıcılığı ilə bu ölməzliyi
çoxdan qazanmışdı.
Onun haqqında indiyədək yazılmış
çoxsaylı elmi-publisistik
məqalələrdən bir
sitat gətirməklə
fikrimi əsaslandırmaq
istəyirəm. Yusif müəllimin
uğurları saysız-hesabsızdır
deyən professor Fərhad Xubanlı
haqlı olaraq yazır: "Yusif müəllimdən
söhbət açmaq
ziyalılıqdan, qeyrətdən,
fədakarlıqdan danışmaq
deməkdir. Onun ömür yolu bir nəfərin tərcümeyi-halından çıxaraq
ictimai məzmun qazanıb".
Yusif müəllimin bu
dəyərli kitabını
oxuyarkən klassiklərin
kitab haqqında söylədikləri
dahiyanə fikirlər
yadıma düşdü:
Həsən bəy Zərdabi
kitabı "qiymətli
zinət" adlandırır,
A.S.Makarenko isə "kitab cildlənmiş
insanlardır", - deyir.
Bekon isə deyir ki: "Kitablar zamanın dalğalarında
səyahət edən
və öz qiymətli yükünü
ehtiyatla nəsildən-nəsilə
aparan fikir gəmiləridir". Kitab haqqında
bu çox qiymətli fikirlərdən
çıxış etsək,
o zaman inamla deyə bilərik ki, Yusif müəllim
bu qiymətli zinəti cilalayıb xalqın malı edən zərgərdir, xalqın mənəvi sərvətini əsrlərdən
əsrlərə, nəsillərdən
nəsillərə daşıyan
fikir gəmisinin kapitanıdır, nəhayət,
Borçalının canlı
ensiklopediyası olan
KİTAB-İNSANdır.
Doğrudur, indiyədək Gürcüstanda
yazıb-yaratmış qələm
adamları haqqında
çoxsaylı tədqiqatlar
aparılıb, kitablar
yazılıb. Ancaq bu kitablar, tədqiqatlar
əsasən ayrı-ayrı
şair və yazıçılara həsr
olumuşdusa, Yusif müəllimin
tədqiqatı bütövlükdə
Gürcüstanda yaşayıb
yaratmış qələm
adamlarının hamısına
həsr olunub. Gürcüstan azərbaycanlılarının
ədəbiyyat tarixini
tədqiqatçılar, o cümlədən,
mərhum professor Əflatun
Saraçlı - şifahi
xalq ədəbiyyatı,
XIX əsr-XX əsrin
20-ci ilinədək və
XX əsrin 20-ci illərindən
bu yana olmaqla
üç dövrə
bölürdülərsə, Y.Yusifli Gürcüstan
azərbaycanlılarının ədəbiyyat tarixini aşağıdakı dövrlərə
bölür: Şifahi
xalq ədəbiyyatı;
XVIII əsr; XIX əsr;
XX əsrin əvvəlləri;
XX əsrin ortaları
və XX əsrin sonlarından bu günədək olan dövr. Və haqlı olaraq bu qənaətə gəlir: "Gürcüstan
azərbaycanlılarının həm şifahi, həm də yazılı ədəbiyyatı
Azərbaycan ədəbiyyatının
dərin kökləri
üzərində boy atmışdır".
Özünün də dediyi kimi, Yusif müəllim
"Gürcüstan azərbaycanlılarının
ədəbiyyat tarixi"
kitabının birinci
və ikinci cildlərini araya-ərsəyə
gətirmək üçün
uzun illər axtarışlar aparıb,
Gürcüstanın azərbaycanlılar
yaşayan bölgələrini
az qala kəndbəkənd
gəzib, kitabxanalarda,
şəxsi arxivlərdə,
S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat
və İncəsənət
arxivində axtarışlar
aparıb, eyni zamanda özünün şəxsi arxivindəki ədəbi materiallar da köməyinə çatıb.
Əsərləri kitablarda
və mətbuatda nəşr olunmayan, arxivlərdə rastlanmayan
şairlərin şeirlərini
isə yaşlı nəslin yaddaşından
yazıya alıb.
Gürcüstanda azərbaycanlıların yazılı ədəbiyyatının
tarixinin XVIII əsrdən
başladığını hesab edən müəllif onu bütövlükdə Azərbaycan
ədəbiyyatının tərkib
hissəsi kimi təhlilə cəlb edir və xüsusilə
vurğulayır ki, qədim
türk yurdu olan Borçalıda yaranan ədəbiyyatımız
da türkçülük, islamçılıq, milli və
bəşəri dəyərlərə
söykənərək zənginləşmişdir.
Gürcüstan azərbaycanlılarının
ən yeni dövr ədəbiyyatını yüksəliş
dövrü kimi xarakterizə edən müəllif vurğulayır
ki, məhz bu dövrdə yazarlar qələmlərini müxtəlif
janrlarda sınayaraq dərin məzmunlu əsərlər yaradıblar.
Təbii ki, bir qəzet məqaləsində 874 səhifəlik
bir kitab haqqında əhatəli söhbət
açmaq imkansızdır.
Əslində bu kitab haqqında ədəbiyyatşünas
alimlər, eləcə
də, Borçalının
tanınmış ziyalıları
çox yazıblar və hələ bundan sonra da çox yazılacaq. Çünki bu kitab ədəbiyyat tariximizə
ayna tutmaqla yanaşı, həm də gənc ədəbiyyatşünaslar, gələcək
tədqiqatçılar üçün
çox qiymətli bir mənbədir, Yusif müəllimin zəhməti
isə əvəzsizdir.
Yusif müəllimin ədəbi-bədii
və pedaqoji fəaliyyətindən söz
düşəndə istər-istəməz
Xalq şairi Zəlimxan
Yaqubun məktəbə, müəllim
əməyinə verdiyi
qiymət yada düşür:
"Məktəb - Məkkə,
müəllim - Peyğəmbər,
kitab isə Allahın
danışan dilidir".
Professor F.Xubanlının
da qeyd etdiyi kimi: "Yusif müəllim
milli ziyalıdır, odur
ki, istər elmi araşdırmalarında, istərsə
də publisistik yazılarında milli mənafeyi
hər şeydən üstün tutdu. Xalqın sərvətini özünə qaytarmaq naminə Borçalı ədəbi mühitinin dərin qatlarına üz tutdu. Külli miqdarda yeni faktlar, ədəbi-bədii materiallar
üzə çıxararaq
təhlilə yönlətdi.
"XX əsr Borçalı
nəsrinin inkişaf yolları" elmi məqaləsi gələcək
tədqiatları düzgün
istiqamətləndirmək, dəqiqləşdirmək baxımından
etibarlı mənbə
kimi çox əhəmiyyətlidir."
Hər dəfə yaradıcı
şəxsiyyətlərdən, onların əsərlərindən
yazanda Xalq şairi Məmməd Arazın
bu misralarını xatırlayıram:
... Ömür karvanının
sənət yükünə
Bir-iki qeyrətli
söz yükləməsək,
Sən kimə gərəksən,
mən kimə gərək?!.
Bəli, qələm əhli,
yaradıcı insan ömür karvanının
sənət yükünə
elə sözlər yükləməlidir ki, həm
o sözün, həm
də müəllif kimi özünün ömrü uzun olsun, yorulub yolda qalmasın. Bu mənada, Yusif müəllim
xoşbəxtdir. Çünki
bu karvana yüklədiyi əsərlər
zaman-zaman yaşayacaq və
onu da yaşadacaq.
Yusif müəllimə sağlam və uzun ömür, daha böyük uğurlar arzulayır və deyirik: Siz bizə gərəksiniz,
Yusif müəllim!
Musa Nəbioğlu
Ədalət.-2015.-21 may.-S.8.