"PƏNCƏRƏMİ AÇDIM
SABAHA..."
(Rəsul Rza-105)
III məqalə
Rəsul
Rzanın müasiri, unudulmaz İlyas Əfəndiyev yazırdı:
"Rəsul Rzanın
poeziyasında qılınc
kimi kəskin həqiqətlər vardır.
O, heç bir zaman zahiri gözəlliyə,
heç bir zahiri effektə aludə olmayıb. Onun hisslərində bəzən
Sabirin incə qəlbi duyulur. O, sözün həqiqi mənasında inqilabçı,
novator bir sənətkardır". Rəsul Rza
novatorluğunun mahiyyətini
həm də bu "qılınc kimi kəskin həqiqətlər"də axtarmaq
lazımdır. Əgər
Füzüli klassik formada - qəzəldə misilsiz bir ustalıq
göstərmişsə, lirik
"mən" - aşiq
obrazının sevgi dünyasından böyük
dünyaya bir pəncərə açmışsa,
Sabir elə klassik formalarda oyanan əsrin ruhunu ifadə etmişsə, Rəsul Rza həm formada,
həm də məzmunda novatorluq etmişdir. Dahi rus tənqidçisi Belinski Puşkinə həsr etdiyi məqalələrinin birində
yazırdı: "Şairin
yaradıcılıq fəaliyyətinin
mənbəyi onun şəxsiyyətidə ifadə
olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin, ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində
axtarmaq lazımdır".
Mən istəyirəm:
buludlar ağlasın,
uşaqlar ağlamasın;
analı ya anasız.
Mən istəyirəm:
güllər açılsın,
güllələr açılmasın,
amanlı ya amansız.
Mən istəyirəm:
qapılar qapanmasın,
soyuq olanda hava
gözlər qapanmasın.
Mən istəyirəm
yanğınlar sönsün,
ümüdlər sönməsin.
Meyvələr dəysin öz
fəslində
Ürəklərə söz dəyməsin.
... hər şey
insana baxsın
insan ələ baxmasın.
... mən istəyirəm
sevinc, səadət bol olsun
Ürəkdən - ürəyə
ölkədən - ölkəyə
Açıq yol olsun.
Bu şerdə Rəsul
Rza şəxsiyyəti
XX əsrin böyük
humanisti obrazı ilə həmahəngir. Bu böyük humanist "mən
kökümlə bu torpağa bağlıyam"
deyir - onun 25 yaşında gəldiyi bu qənaət bütün yaradıcılığı
boyu dəyişilməz
qaldı. Və beləcə,
Azərbaycan torpağı
bütün rəngləri,
çalarları ilə
Rəsul Rza şerində görünməkdə
idi. O, "Qarabağ
- baba yurdum" silsiləsində yazırdı:
Adım
qədimdir,
Xalqımın mübarizə tarixi kimi.
Çünki o, erməni tarixçilərinin
və millətçilərinin
məkrli niyyətlərindən
xəbərdar idi. R.Rza bir şerində Androniki lənətləmişdi,
başqa bir şerini Stepanakertdə
"məhkəmədən" sonra vəhşicəsinə
diri-diri yandırılmış
üç nəfər
azərbaycanlıya həsr
etmişdir:
Burda torpaq yanmışdı qapqara,
Tonqal tüstüsü yayılmışdı
yaxınlara, uzaqlara.
... Keçdi bir neçə gün,
Tonqal yerində
çicək əkdilər.
Ancaq deyən olmadı, burda...
qırmızı qərənfillər
Tonqaldan
qabaq gərəkdilər,
yanıq ət qoxusundan qabaq,
qurbanlıq qoxusundan
qabaq.
Soruşan olmadı,
Tonqalı kimlər qaladı,
çicəkləri kimlər
əkdi?
Rəsul Rzanın "Ömürdən
səhifələr" adlı
bir şeiri də var. Bu şeirdə şair, uşaqlıq illərini xatırlayır,
anasıyla bağlı
keçirdiyi nisgilli anları yada salır. Rəsul Rzanın uşaqlıq
və gənclik illərinin narahat və həyəcanlı günləri bu şeirdə son dərəcə
dəqiq ifadəsini tapıb, lakin həmin şeirdə bizi maraqlandıran bir anımı qeyd etmək istəyirik. Şair "Ömürdən
səhifələr"də Fransaya etdiyi səfəri də xatırlayır, bu təəssüratların avtobioqrafiq
səciyyəli bir şeirə gətirilməsi
heç də bizi əsas mətləbdən yayındırmır,
elə bu da ömürdən səhifələrdir. Budur:
...Per-Laşez!
Kommunarlar divarı.
Hörmətlə açıram başımı.
Bəs
o kimdir at üstündə,
özündən razı.
Kimə
oxşayır, allah,
kimə?
Elə bil ki, qaba
əl toxunur
incə simə.
Gözlərimdə canlanır
Naxçıvanın Arazı.
Söndürülmüş ocaqlar.
Əbədi susdurulmuş uşaqlar.
Qanlı üzlər keçir gözlərimdən.
min-min azı.
Bağırmaq istəyirəm
-Hardan gəldi bura
bu dələduz!
Daşa
dönmüş daş
ürəkli quduz!
"Bəs o kimdir
at üstündə, özündən
razı"-Rəsul Rza bunu deyərkən
cəllad Anlraniki nəzərdə tuturdu. Yerevanda isə
artıq bundan xəbər tutmuşdular və deyilənə görə, Rəsul Rzanı bir daha Ermənistana buraxmayacaqdılar. Deməli,
sovet dönəmində
yaşasa da, Rəsul Rza erməni daşnaqlarının
Azərbaycanda törətdikləri
faciələrdən xəbəri
vardı və o dövrdə bu misraları yazmaq və Andraniki "dələduz" və
"quduz" adlandırmaq
da hünər tələb edirdi.
Rəsul Rza Azərbaycan tarixində qanla yazılmış qəhrəmanlıq
səhifələrini-Babək və Nəsimi səhifələrini poeziyada
yüksək sənətkarlıqla
canlandırmışdır. Xüsusilə, Babəkin ölüm səhnəsinin təsviri
qeyri-ada poetik detallarla əks olunmuşdur.
İki
on ildən artıq
Xilafəti titrətdi
qoç Babək,
babəkçilər.
Bir gün gəldi
gözəl ömrün
faciəli sonucu.
Babəkin ölüm səhnəsi
son dərəcə sarsıdıcıdır
və iyirmi iki il ərəb işğalçılarına
qarşı qəhrəmanlıqla
döyüşmüş bu
igid sərkərdə
və xalq qəhrəmanının necə
amansızlıqla qətlə
yetirilməsi bir çox tarixi və bədii əsərlərdə öz
əksini tapmışdır.
Xüsusilə, Əli
Kərimin "Babəkin
qolları" şeiri
necə də sarsıdır insanı...
Rəsul
Rzanın "Babək"
poeması da xalq qəhrəmanına daha möhtəşəm
poeziya abidəsi ucaltmışdır desək,
həqiqəti ifadə
etmiş olarıq.
bir ovuc qan götürdü
sağ əlilə
Çəkdi üzünə.
Saralan rəngi görünməsin
deyə
düşmənlərin gözünə.
Dişlərində çeynədi,
boğdu
canının göyüm-göyüm,
sızım-sızım ağrısını.
Dərin
yarğan, yarasından
süzülürdü qan.
Gözlərini pərdə-pərdə örtürdü
qırmızı bir duman.
Kəsdilər sağ qolunu da.
Ona elə gəldi ki,
qol deyil,
qılıncı düşdü
yerə.
Babək
nə uf dedi,
nə aman istədi.
Sanki uzaq-uzaqlardan,
qara kəhər atının
kişnərini eşitdi.
Qan qurumuş dodağından
İki kəlmə
qopdu.
Gəlmələr!
İtlər!
Bu nifrəti təkrarladı
Qolu bağlı babəkçi igidlər.
Azərbaycan ədəbiyyatında ŞƏHİDLİYİN ZİRVƏSİ olan dahi Nəsimiyə də şeirlər, poemalar həsr olunub. İsa Muğanna "Məhşər" romanını yazıb.B.Vahabzadə "Fəryad" pyesini qələmə alıb.Qabilin "Nəsimi" poema-dastanı var.Əli Kərimin "Şəhidliyin zirvəsi" şeiri var. R.Rza isə Nəsiminin ölümqabağı son gecəsini təsvir edən poemanın müəllifidir.. Assosiativ planda qələmə alınan bu poemada zindən təsvirindən tutmuş sabahkı edamı gözləyən Nəsiminin həyat, ölüm, varlıq, yoxluq, dünya haqqında düşüncələrinə qədər .. sanki hər şey saniyə-saniyə, dəqiqə-dəqiqə bizi Nəsimiylə bərabər o edama aparır. Amma poemada bu dəhşətli səhnə təsvir olunmur (Əli Kərimin məlum şeirində olduğu kimi). Nəsimi düşünür:
Nədən,
insanlığın iztirab yolu
belə uzun, belə sonsuzdur.
Əsrlər boyu
güc ədaləti susdurur.
...İlahi!
Mən ki səni danmamışam.
Səni dərk etmişəm özümdə.
Yalanlara, riyalara
fikir köləliyinin
müqəddəsliyinə inanmamışam.
...Məndə iki cahan sığdı,
sığa bilmədim bu cahana.
Yaşadım insana məhəbbətlə
İçimdən yana-yana.
...Bu yazıda böyük Azərbaycan şairi Rəsul Rzanın yaradıcılığında ancaq bir mövzu-İnsan mövzusundan söz açdım. Amma onun poeziyası o qədər çoxşaxəli, geniş və əhatəlidir ki, saatlarla, günlərlə bu haqda danışmaq olar. Uildlərlə kitablar, elmi əsərlər yazmaq olar.
Sənətkarı yaşadan ilk növbədə, onun hansı bir cəmiyyətdə yaşaması deyil, onu yaşadan əsərləridir. Rəsul Rza müdriklik çağlarından birində yazmışdı:
Sabirdən səkkiz yaş böyüyəm,
Koroğludan on dörd yaş.
Ancaq hələ
nə Sabir deyəni
deyə bilmişəm,
nə Koroğlu eləyəni
eləyə bilmişəm.
Deyirəm, bəlkə
çatanda Nizami yaşına
mən də bir şey verə
bildim
insanlığın
səadət uğrunda
savaşına.
İndi qətiyyətlə demək
olar ki, Rəsul Rza öz əsərləri ilə "insanlığın
səadət uğrunda
savaşına" çox
şey verə bildi.
Ədalət.-2015.-22 may.-S.7.