Milli-mənəvi dəyərlər və Heydər Əliyev

 

Dünya yaranandan, insan şüuru formalaşmağa, yetkinləşməyə başlayandan üzü bəri maddi mədəniyyət nümunələri ilə paralel olaraq, kortəbii şəkildə olsa belə, mənəvi dəyərlər sisteminin də bünövrəsi qoyulmağa başlamışdır. Çünki bizə elə gəlir, insan elə yarandığı çağlardan təkcə bioloji varlıq deyil, eyni zamanda mənəviyyata sahiblənmək potensialına malik canlı varlıq kimi həyata göz açmışdır. Zaman keçdikcə isə həmin potensialın gerçəkləşməsi prosesi başlamış, davamlı, sürətli inkişafı, zənginləşməsi reallaşmışdır. Yəni görkəmli alman filosofu Hegelin insanın ana bətinində bitki, doğularkən heyvan mahiyyətli olmasını, mədəni və mənəvi qabiliyyətlərə, dəyərlərə sonradan sahiblənməyə başlamasını iddia edən müddəası ilə razılaşmaq mümkünsüzdür.

Bu gün də hər bir xalqın, millətin fərqli özünəməxsus mənəvi dəyərlər sistemi mövcuddur. Lakin ümumi götürsək, bütün dünya xalqlarının mənəvi dəyərlərini böyük bir sistem halında eyni və ya oxşar mahiyyətdə cəmləşdirmək də olar. Ümumiyyətlə, insanın fiziki-bioloji ehtiyacları ilə yanaşı, geniş mənəvi mühit içərisində sosiallaşmağa, yaradıb-yaşatmağa, başqa canlılardan fərqlənərək, yüksəkdə dayanmağa eytiyacı çox böyükdür. Çünki o, qeyd etdiyimiz kimi, anadan bu potensialla doğulur. Cəmiyyətin ən ali ideallar sistemini - mənəvi dəyərləri formalaşdırmaq insanın təkcə ehtiyacı yox, hesab edirik, qabiliyyəti və ehtiyacıdır. Bu qabiliyyət və ehtiyac isə müəyyən özünəməxsusluqlar, fərqlənmələrlə milli istiqamətlərə yönlənəndə zənginləşərək daha dəyərli, daha uzunömürlü olur. Və bu millilik, xarakter istiqamətləri fərqləndiyi qədər də bir-biri ilə əlaqədə, qarşılıqlı təmasda olanda bütövlükdə ümumbəşəri mənəviyyatı formalaşdırır.

Xoşbəxtlikdən Azərbaycan xalqının tarixində belə şəxsiyyətlər çox olmuşdur və bu gün də var. İstər ədəbiyyat, söz-sənət, istər siyasət, dövlətçilik sahəsində onların xidmətləri misilsizdir. Xüsusi qeyd etmək lazımdır ki, mənəviyyatın milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi, zənginləşməsi, gələcək nəsillərə ötürülməsi proseslərində ədəbiyyatla siyasət, sənətkarlıqla idarəçilik, yaradıcılıqla dövlətçilik həmişə birgə, çiyin-çiyinə dayaq olaraq, bir-birini tamamlayaraq fəaliyyət göstərmişdir.

Təsadüfi deyil ki, görkəmli şəxsiyyətlərimizdən Şah İsmayıl Xətai, Qaraqoyunlu Cahanşah Həqiqi həm görkəmli şair, həm də böyük dövlət xadimləri olublar. Heydər Əliyev gözəl ədəbiyyat bilicisi olub və s. Eləcə də Mirzə İbrahimov, Süleyman Rüstəmov, Rəsul Rza, Bəxtiyar Vahabzadə və başqa böyük ədiblərimiz eyni zamanda da görkəmli ictimai və dövlət xadimləri kimi tanınıb, seçiliblər. Bunun da məntiqi səbəbləri var. Belə ki, mənəvi dəyərləri yaradan, zənginləşdirən, inkişaf etdirən, gələcəyə ötürən sahə ədəbiyyatdır. Onu qoruyan, qayğısını çəkən, inkişafına münbit zəmin yaradansa siyasi hakimiyyətdir, dövlətdir, dövlətçilik ideologiyasıdır. Dövlətin başında dayanan şəxsiyyətin kimliyindənsə çox şey asılıdır.

Çox uzağa getməyək. Elə xalqımızın Ümummilli lideri Heydər Əliyev son dövrdə zəngin mənəvi irsimizin yaşadılmasına və inkişafına yol açmış, milli birliyimizin, bütövlüyümüzün möhkəmlənməsində əvəzsiz rol oynamışdır. Onun respublikamıza rəhbərlik etdiyi illərdə mənəviyyatımız yenidən çiçəklənmə dövrünü yaşamışdır. Xüsusən Heydər Əliyevin birbaşa iradəsi ilə dilimizin dövlət dili kimi təsbit edilməsi, "Dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu, folklorumuza, sənət adamlarına qayğı və diqqətin artırılması, klassik və yazılı abidələrimizin öyrənilməsi, mədəniyyətimizin, mənəviyyatımızın YUNESKO səviyyəsində dünyada genişmiqyaslı təbliği və s. xüsusi qiymətləndirilməyə, alqışlanmağa layiqdir.

Tariximizin yenidən işlənərək, daha dəqiq, düzgün, qərəzsiz və hərtərəfli tədqiq olunub yenidən yazılması, folklor sahəsindəki fəaliyyətin yenidən canlanması, kitab çapının geniş vüsət alması, kitabçılığın və kitabxanaçılığın inkişafı, ədəbiyyata, elmə, musiqiyə güclü dəstək Heydər Əliyev siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. O, ölkəmizə rəhbərlik etdiyi əvvəlki dönəmlərdə olduğu kimi, müstəqillik illərində də mənəvi sahə ilə bağlı məsələlərə, milli-mənəvi dəyərlərimizin qorunmasına, öyrənilməsinə, inkişafına xüsusi önəm verdi. Elm, mədəniyyət, incəsənət xadimləri, görkəmli ziyalılarla, şairlər və yazıçılarla tez-tez görüşlər təşkil etdi: onlarla söhbətləşdi, tövsiyələrini verdi.

Heydər Əliyev ayrı-ayrı ziyalıların, ədiblərin simasında belə mənəvi dəyərlərimizi həm sovet hakimiyyəti illərində ölkənin birinci şəxsi olarkən, həm də Azərbaycanın müstəqillik dövründə qorumuşdur. Bəxtiyar Vahabzadə "Gülüstan", Nəriman Həsənzadə "Kimin sualı var", "Nəriman" poemalarını yazdıqlarına, bu əsərlərdə səsləndirdikləri sərt etirazlara görə ciddi təqiblərə məruz qalanda, hər iki xalq şairini məhz Heydər Əliyevin qoruyub xilas edərək, imperializmin qılıncından qurtardığını çoxumuz bilirik. Bu cür xeyixahlıqlarının kökündə, bünövrəsində ulu öndərimizin yazılan əsərləri şəxsən mütaliə etməsi, anlaması, həmin əsərlərdə səsləndirilən vətənpərvər etirazlarla qəlbən şərik olması dayanırdı.

Hələ yetmişinci illərdə "Nəriman" poemasını yazmaq üçün dəqiq tarixi sənədlərlə tanış olmaq istəyən N.Həsənzadəni üzdəniraq qüvvələr arxivlərə buraxmayanda o, Heydər Əliyevə müraciət edir. Ulu öndərin göstərişi, sərt tapşırığı ilə Nəriman Nərimanovla bağlı sənədlər, tarixi materiallar saxlanılan arxivlərin qapıları şairin üzünə açılır. Poema yazılıb ərsəyə gələndən sonra yenə təqiblər, əsərin çapına maneələr başlanır. Bu problemi də Heydər Əliyev aradan qaldırır. Moskvada nəşrə göndərilən əlyazmanın 1600 misrası ixtisara salınıb məhv edilsə də, əsərin nəşrinə nail olunur.

Bütün bunlardan əlavə, Azərbaycan tarixi ensiklopediyasının, folklor antologiyalarının hazırlanıb nəşr olunması, "Kitabi-Dədə Qorqud" dastanlarının geniş öyrənilməsi və təbliği, 1300 illik yubileyinin keçirilməsi kimi əhəmiyyətli işlərin görülməsi də Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörənliyi, vətəninə, xalqına sevgisi, milli-mənəvi dəyərlərimizə qəlbən, ruhən bağlılığı o qədər güclü idi ki, bu sahələrdə görülməli olan işlərin çoxunun ideyasını özü verirdi. Ən vacib məsələlərin ilk təklifi çox vaxt Heydər Əliyevin dilindən səslənirdi. Həm olduqca çətin siyasi şəraitdə dövləti bacarıqla idarə etmək, həm milli-mənəvi dəyərlərin qorunmasına, inkişafına bu qədər diqqət ayırmaq hər siyasətçiyə, dövlət xadiminə nəsib olan xoşbəxtlik deyil. Bu, ulu öndərə Tanrının verdiyi fitri istedad kimi qiymətləndirilməlidir.

Fikrimizcə, milli-mənəvi dəyərlərimizi qoruyan, yaşadan dövlət xadimləri arasında Şah İsmayıl Xətai və Heydər Əliyev xüsusilə fərqlənirlər. Onların hər ikisinin ölkəsi, xalqı qarşısındakı xidmətləri bir-birinə bənzəyir. Məsələn, Xətai də Azərbaycan dilini dövlət dili elan elədi, Heydər Əliyev də. Xətai də aşıq, şair, yazıçı və ailmləri ətrafına toplayır, onlara dövlət səviyyəsində qayğı, diqqət göstərir, dəyərli mənəviyyat adamlarını daim qoruyurdu, Heydər Əliyev də. Xətai də azərbaycançılığı təbliğ eləyirdi, Heydər Əliyev də və s. və i.

Xalqımızın milli kimliyinin, özünüdərkinin formalaşmasında ən əhəmiyyətli rol oynayan sahələrdən biri olan folklorumuzun, şifahi xalq ədəbiyyatımızın müstəqillik dövründə çiçəklənməsində də ulu öndərin böyük rolu oldu. Ötən əsrin doxsanıncı illərinin ortalarında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində xüsusi statusa malik Folklor Sarayı Elmi-Mədəni Mərkəzi yaradıldı. 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun xətti ilə çoxcildlik "Azərbaycan Folkloru Antologiyası"nın "Naxçıvan folkloru" adlanan birinci cildi işıq üzü gördü. Görkəmli folklorşünaslarımızdan Təhmasib Fərzəliyev və Məhərrəm Qasımlının hazırladıqları bu akademik nəşrin elmi redaktoru professor İsrafil Abbaslı kitaba sanballı ön söz yazmışdır. Müqəddimədə çoxcildli antologiyanın hazırlanma zərurəti, əhatə edəcəyi başlıca istiqamətlər aydınlaşdırılır, tarixi təcrübəyə dəyər verilir. Müəllif çox böyük uzaqgörənliklə söylədiyi mülahizədə qeyd edir ki, "milli folklorşünaslığın inkişafına qayğı və diqqətin artması, xalq yaradıcılığı işinin müasir texniki tərəqqi əsrinə layiq elmi prinsiplər əsasında yenidən qurulması folklorumuzun toplanması və nəşri sahəsində yeni perspektivlər açır. Folklorşünaslığımızın bütün səylərini müəyyənləşdirmək, ayrı-ayrı tarixi qaynaqlarda, şəxsi və ictimai arxivlərdə səpələnmiş el ədəbiyyatı sərvətinin vahid mərkəzini yaratmaq, respublikamızın bütün rayon və kəndlərinə ekspedisiyalar keçirmək, toplama işində ardıcıl iş rejiminə nail olmaq, beləliklə də milli folklor incilərinin - çoxcildli şifahi ədəbiyyat külliyyatının çapa hazırlanmasına başlamaq qarşıda duran ən ümdə və təxrəsalınmaz vəzifələrdəndir".

Göründüyü kimi, çoxcildli folklor antologiyasının əhatə dairəsi olduqca geniş arealı çevrələyəcəkdir. Miqyasın bu cür genişliyi toplama-nəşr fəaliyyətinin Azərbaycan folklor külliyyatı və atlası kimi nəhəng akademik nəşrlərlə nəticələnməsinə hesablanıb. Hazırlanan antologiya isə qarşıya qoyulan missiyanın reallaşma prosesində əsas baza materialı xarakteri daşıyır. Xalqımızın milli mədəniyyət, mənəviyyat çevrəsinin bütün sahələrini aydınlaşdırmaq, müəyyənləşdirmək, ayrı-ayrı bölgələrin tarixən daşıdığı adları üzə çıxarmaq kimi əhəmiyyətli işlər həmçinin tarix, dilçilik kimi elmlərin inkişafına xidmət etmək sayıla bilər.

Qeyd edək ki, ulu öndər Heydər Əliyev siyasi kursunun dəstəyi, himayəçiliyi ilə həyata keçirilən bu fundamental işlərin artıq əksər hissəsi görülüb, başa çatdırılmaq üzrədir. Folkor Sarayı Elmi-Mədəni Mərkəzinin qısa vaxta hazırladığı kadr potensialı folklorumuzun toplanması və nəşri istiqamətində köklü dəyişikliklərə, sürətli irəliləyişlərə nail ola bilmişdir. Bir-birinin ardınca "İraq-türkman folkloru", "Göyçə folkloru", "Şəki folkloru", "Qarabağ folkloru", "Gəncəbasar folkloru", "Dərbənd folkloru", "Zəngəzur folkloru", "Şirvan folkloru", "Ağbaba folkloru", "İrəvan çuxuru folkloru", "Qaraqoyunlu folkloru", "Ağdaş folkloru" və s. cildlərin ictimaiyyətə təhvil verilməsi buna əyani sübutdur.

Antologiyanın adıçəkilən nəşrlərinin bəzən bir neçə cildinin bir ilin içində ərsəyə gəlməsi faktı bu sahədəki elmi-təşkilati fəaliyyətin yüksək səviyyədə qurulmasının nəticəsidir. Foklor nəşri sahəsində heç vaxt bu qədər qaynar və çevik fəaliyyət müşahidə olunmayıb. Burada əsas rol oynayan başlıca amillərdən biri yenə dövlət dəstəyi, dövlətin folklor işi ilə məşğul olanlara yaratdığı şərait, Heydər Əliyev siyasətinin milli-mənəvi dəyərlərə xüsusi önəm verməsidir. Bu qayğının, bu dəstəyin nəticəsində ölkəmizdə folklorun toplanması, nəşri və tədqiqi işi böyük miqyas aldı. Nəhayət, 2002-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdindəki Folklor Elmi-Mədəni Mərkəzi daha yüksək akademik qurum səviyyəsinə yüksəldi və beləliklə, bu gün özünəqədərki iş prinsipi ənənələrini ləyaqətlə davam etdirən, Azərbaycan folklorunun ən müasir beynəlxalq elmi tələblərə cavab verən nəşrlərini uğurla həyata keçirən AMEA-nın Folklor İnstitutu yaradıldı.

Milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və təbliği işində bu gün dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də müasir texnologiyalardan, kompüterlərin imkanlarından geniş istifadə olunmaqdadır. Kitab nəşri-poliqrafiya işlərinin fundamental şəkildə yeniləşməsinə nail olunmuşdur. Kompüter texnologiyası sahəsində əldə edilmiş nailiyyətlərin mətbəələrdə geniş tətbiq olunması kitab çapı ilə bağlı bir sıra əngəlləyici, ləngidici prosesləri aradan qaldırmış, bu işlərin daha sürətlə həyata keçirilməsinə şərait yaratmışdır.

Onu da qeyd edək ki, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı və diqqət təkcə sadaladıqlarımız, xatırlatdıqlarımızla məhdudlaşmır. Muğamlarımızdan, musiqimizdən, tarixi-memarlıq abidələrimizdən tutmuş milli bayramlarımıza, adət-ənənələrimizə, etnoqrafiyamıza, dilimizə, dinimizə, elmimizə, ədəbiyyatımıza, təhsilimizə, gənclərimizin təlim-tərbiyəsinədək mədəni-mənəvi ailəmimizin bütün sahələri onun daim diqqət mərkəzində, qayğı və himayəsində olmuşdur. Qeyd etdiyimiz kimi, bütövlükdə milli-mənəvi dəyərlərimiz Heydər Əliyev dövlətçilik ideologiyasının, Heydər Əliyev siyasi kursunun əsas prioritet istiqamətlərindən olmuşdur və bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu xətt uğurla, bacarıqla davam etdirilməkdədir.

 

Ədalət.-2015.-22 may.-S.5.