Əliağa Kürçaylı
Bakı
Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış əsərdir.
Çiçək desən- könül açan çiçəyi,
Külək desən- ev uçuran küləyi,
Qasırğada ağ dalğalar ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.
Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.
Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.
Yadına
düşürəmmi?
Qaldı arxada artıq ömrün xoşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?
Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək
bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar
arasında?
Heç
olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?
Gəl indi xatırlayaq bütün olanları
biz,
Özümüz yazmalıykən hökmü
biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə
qoymadıq xatirə dünyasında.
Heç
olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?
Əbədiyyət
Mən sənin nəğmənin
əks-sədası,
Könlünün tükənməz arzularıyam.
Qışında - bir ilıq payız havası,
Yayında - bir sərin quzey qarıyam.
Gecə
zülmətində, qaranlığında
Qəfildən parlayan qəmərinəm
mən.
Kədərli çağında, qəmli
çağında
Dərdini dağıdan xəbərinəm
mən.
Səadətli keçən illərinəm
mən,
Mənsiz itirirsən bu səadəti.
Günəşə uzanan əllərinəm mən
Məndədir qəlbinin od hərarəti.
Mən sənin yaşanmış
dəqiqələrin,
Hələ yaşanacaq ayın, ilinəm.
Mən sənin məhəbbət
adlı əsərin,
Sevgi xallarıyla
ötən dilinəm.
Mən sənin....
Təsviri mümkünmü məgər?
Hər şeyi
söyləmək çətindir,
çətin.
Axı necə deyim... Dağlar, dərələr
Kiçik zərrəsidir əbədiyyətin.
Qüssəli çağlarında...
Qüssəli çağlarında
Sənin
dodaqlarında
Təbəssüm görünübsə,
Gülüşə bürünübsə
Kədərlərin bir anda-
Bu uğurlu zamanda
Demək
hələ mən varam!
Ümid
dumanda, çəndə
Səni
atıb gedəndə,
Qəlbinə şölə kimi,
Kiçik bir gilə kimi
Təzə ümid dolubsa,
Belə
günün olubsa,
Demək
hələ mən varam!
Qış şaxtadan qılıncı,
Çiynində ağ yapıncı
Əlini
kəsən zaman,
Sərt
yellər əsən zaman
Bir çiçək görmüsənsə,
Əyilib
dərmisənsə,
Demək
hələ mən varam!
Baharınam xəzanda,
Bələdçinəm azanda.
İşığınam zülmətdə,
Həyatınam qürbətdə,
Sənin
çətin anında
Mən hazıram yanında,
Demək
hələ mən varam!
Xərclədim gəncliyi...
Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən,
əsirgəmədən.
Vardan-yoxdan çıxan bir
yoxsul kimi
Oxu axtarıram,
axtarıram mən.
Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim,
getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş
kimi itdi gəncliyim?!
Bir ovuc günəş
İlk dəfə anamdan eşitdim bunu:
Bir ovuc günəşin nə olduğunu.
Naqafil səsdən, bir gurultudan
Bizi bürüyərdi
qorxu, həyəcan.
Faşist
təyyarəsi gəlir
sanardıq,
Torpaq qazmalarda
daldalanardıq.
Elə ki qaranlıq qazmaya girdik,
Anam söylənirdi, gileylənirdi:
"Bir ovuc günəş
də qəhətdi bizə,
Qaranlıq yazılıb taleyimizə..."
O gündən bir ovuc günəş sözünü,
Bir ovuc günəşin, nurun özünü
Gəzdirdim qəlbimdə öz qanım kimi.
Nəmli daxmaların dərmanı
kimi.
Bildim o həyatdır,
güldür. çiçəkdir.
Hamıya hər yerdə günəş gərəkdir.
Gərəkdir barmaqlıq arxasında
da,
Laləli düzlərin yaxasında
da.
Ya bir ovuc olsun,
ya da bir
qətrə -
O gərək nurunu salsın hər yerə.
Al günəş parlayır
indi elimdə,
Bütöv bir günəş var mənim əlimdə.
Lakin gizləyərək öz
həsrətini,
Bir ovuc günəşin hərarətini
Gözləyən xalqlar var, qəbilələr
var.
Günəşsiz açılan neçə
səhər var.
Günəşsiz günləri açıram
bu gün,
Anamın sözləri keçir qəlbimdən.
Bir ovuc günəşi gətirmək üçün
Bir ömür
piyada yol gedirəm mən.
İzlər
Dünən qarın üstündə
mən
Gördüm ayaq izlərimi;
Bəs
o izlər itdi nədən
Bu gün günəş
doğan kimi?
Üzərində qarlı yerin
İz salmaq çox asan olur.
Asan düşən o izlərin
Ömrü, ey dost, bir an olur!
Çətin olsa belə, çalış -
İzin
düşsün daş
üstünə;
Min odlu yay, min qarlı
qış
Poza bilməz onu yenə!
İstərəm
Mən sənin eşqinin asimanında
Aya, ulduzlara
çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin
boynuna atmaq istərəm.
Bir sən, bir mən
olum, bir uçuq kaha -
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb
çox baha,
Sevinci havayı
satmaq istərəm.
Yaşayım yüz il də, milyon da, min də -
Həyatım bitəcək;
Həmin
o gündə
Sənin
gözlərinin dərinliyində
Boğulmaq istərəm, batmaq istərəm.
Yadıma
sən düşürsən
Hər çiçəyin öz
ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.
Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.
Göydə bulud dolaşır
axşam düşür,
yel əsir,
Heç
bilmirəm nədəndir
könlüm belə
tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm
mən.
Yadıma sən düşürsən.
Təklik
üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban...
Onları
belə xoşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.
Sevirəm səni
Qaldırdım dəstəyi,
Yığdım nömrəni.
Gözüm baxmasa da o gözlərinə
İkicə söz dedim:
- Sevirəm səni!
Dəstəyi yenə də qoydum yerinə.
Telefon zəng çaldı,
Çağırdı məni,
Qəribə vurğuyla döyündü
ürək.
İkicə söz dedin:
- Sevirəm səni!
İkicə söz deyib asıldı dəstək.
Yüz il də çatmayım vüsalına mən.
Yüz il də əlinə dəyməsin əlim, -
Bu iki kəlməni sənin dilindən
Eşitdim,
Sonrasa...
Qoy gəlsin ölüm!
Culyetta
Səni mənim qədər kimsə anlamaz,
Kimsə duya bilməz səni mənimtək.
Sən ölmək istədin dünyada bir az,
Beş saat...
Bir saat...
Bir qədər ölmək!
Sonra yenə qalxıb soyuq məzardan
Duymaq məhəbbətin
şirin dadını.
Sənə söyləyərdi hamı
o zaman
Cavan Romeonun gözəl qadını.
Vəssalam.
Yaxşıdır bəlkə bu ölüm -
Yenə dirilirsən, ömr eləyirsən.
Sevgidə Culyetta,
A mənim gülüm,
Belə bir oyunu istəmirəm mən.
Əgər baş tutsaydı bu oyun, düzü,
Min ləkə gələrdi saf məhəbbətə.
Nə sən, nə devdiyin Romeo özü
Qovuşa bilməzdi əbədiyyətə.
Uşaq oyuncağı deyil məhəbbət,
Onun əzabı da, nəşəsi də var.
O, həqiqət sevir, yalnız həqiqət -
Həqiqi bir həyat!
Həqiqi məzar!
ədalət.-2015.-23 may.-S.14.