"ƏLİMDƏ BİR OVUC
BUĞDA..."
ƏDƏBİ HƏYAT
(Gənc şairə
Könül Həsənqulunun ilk şeirlər kitabı haqqında)
Könül Həsənqulu Azərbaycan
Dillər Universitetinin tərcümə fakültəsini
bitirib. Hazırda Azərbaycan Milli
Elmlər Akademiyasının doktorantıdır. Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür. Ali təhsil
müəsisəsində müəllim işləyir.
Şeirləri mütəmadi olaraq qəzet və jurnallarda, bədii antologiyalarda müxtəlif dillərdə dərc olunur. Daha öncə "Ulduz" jurnalının "Dərgidə kitab" layihəsində "Sol çiynində qarğa gəzdirən qızcığaz" adlı kitabı çap olunub.
Gənc şairə Könül Həsənqulunun "O zəminin sahili" adlı ilk şeirlər kitabı bu sözlərlə bitir. Doğrusu, böyük həvəslə oxuduğum bu kitabın müəllifinin kimliyi barədə heç fikirləşməmişdim də. Kitabı qapadım, amma oradakı şeirlər, o şeirlərdəki poetik hava hələ də məni tərk etmirdi. Ədəbiyyata istedadlı bir şairin gəlişi və onun gəlişiylə bir orijinal nəfəsin, SƏSin zühur etməsinə sevindim.
Könül Həsənqulu XXI əsrin, bu zamanın şairidir və onun şeirlərindəki ab-hava təzədir. Odur ki, bu şeirlər barədə söz deməyi "qocaman" bir tənqidçi kimi özümə borc bildim. Amma onu da deyim ki, Könülün "O zəminin sahili" kitabından əvvəl "Ulduz" və "Azərbaycan" jurnallarında şeirlərini oxumuşdum.
Zəmi anlayışı bizə çox tanışdır və bu anlayışdan doğan digər mənalar da həmçinin... Sünbül, bərəkət, çörək, təbiətin sığal çəkdiyi bir gözəllik mənzərəsi. Amma Zəmi Könülün "Bir qucaq sünbül" silsiləsində öz adi mənasına sığmır, Zəmi Könülün dünya, insan, təbiət, tale və s. haqda düşüncələrinin bir məkanına çevrilir. Yeri gəlib deyim: Könül Həsənqulu duyduqlarını poetik düşüncə axarına yönəldən şairdir.
Bu gün cavan
şairlərin bir qismi
məhz məlum obrazlara müraciət edir, bu obrazların "yeni variantını" təqdim etməyə
çalışırlar. Əslində, OBRAZ şairin
poetik düşüncələri üçün bir vasitədir,
şair bu obraz vasitəsilə dünya,
həyat, təbiət və insan
haqqında söz deyir.
Gənc şair Könül
Həsənqulunun "Zəmi nəğmələri" bizə
məhz belə təsir bağışladı. Bu silsiləyə Könül
sırf peyzaj təəssüratları ilə
başlayır. "Sıx zəmi-sünbüllərin
bağrın yaran Arpalar...
Bir azca mən, bir azca
sən... Bir ovuc göy, bir ovuc yer...
Və zəmi dolu buğdalar..." Sonra sünbüllərin pıçıltısını
eşidirik. Sonra "Biçinçi
nəğməsi" gəlir.
Əlimdə bir ovuc buğda...
Və alıb
Baxışını da ovcuna
Əlim uçur havada.
Günəşsə zəmini qucaqlayır.
Günəş
Şüalarına qarışıb
Zolaq-zolaq
zəmiyə axır...
Hörüklü saçlarını-
Sünbülləri sığallayır.
Biçinçilər oxuyurlar orda,
Biçinçilər...
Küləklərə
Buğda-arpa sevdasını üfürürlər.
Silsilənin sonrakı şeirlərində
isə Zəmi konkret peyzaj funksiyasını itirir. Zəmi haqqında
romantik təəssüratı
müxtəlif düşüncələr
əvəz edir.
Zəmidən dünyaya, sünbüllərdən
silahlara, inqilablara, üsyanlara, qəhrəmanlara
"yürüş" başlanır.
"Ağır silahlar girir hər gecə yuxuma, Yad dildə
danışan əsgərlər
Atəş açırlar
çarpayıma. Üstümdən qırıcı təyyarələr
uçun tavanda, Hardansa üst mərtəbədən Cəsədimə
dərman səpir helikopterlər". Zəmi artıq
məğlub olmuş
döyüş meydanını
xatırladır. Ancaq
bu məğlubiyyət
həm də qələbədir: "Uzaqdan
burnuma çörək
ətri gəlir".
Başa düşürük,
Könül Həsənqulu
sürrealist bir tablo yaratmağa cəhd edib, silsilədə bir-birindən
tamam fərqli məfhumları Zəmi obrazına "yükləyib"
və bu obraz vasitəsilə iç dünyasında onu təlatümə gətirən duyğu və düşüncələri
paylaşdırır.
Könül xanımın "İnqilabdan
əvvəl-Moskva" silsiləsi
də duyğu və düşüncələrin
mütəhərrikliyi ilə
diqqəti cəlb edir. Könül xanım istəyir
ki, xatirələr dünyasındakı yaşantıların
təsvirini versin, amma bu təsvirdə
bizi maraqlandıran o yaşantıların necə,
hansı poetik naxışlarla təqdim olunmasıdır. "Qızdırma güllə
yarası kimi Yıxıb məni bu dəmir çarpayıya,
Üstəlik tavandan baxan 120 voltluq elektrik lampa" - bu misralarda təşbih
və metafora "diridir". Könülün digər şeirlərində
də onun dilin poetik imkanlarına
bələd olduğu
aydın görünür.
Misalların sayını artıra
da bilərik. Amma şeirin oxucuya estetik təsirini təkcə bu dairə ilə məhdudlaşdırmaq olmaz.
Könülün Moskva xatirələrində
təəssürat zənginliyi
var, bu təəssüratlar
bir ömrün unudulmayan anlarının mənzərəsidir. Uşaqlığın
dəmir çarpayıda
- qızdırma içində
keçən günləri
təbii ki, ağrılar - qəm, qüssə doğurur, amma bu uşaq
qəmin içindən
boylanıb "tavandan
özünü asan sapsarı lampa"nı görür, o "sapsarı
lampa"nın açıqca
gözlərinin içinə
dolduğunu hiss edir.
Qovaqlardan
Küknarlardan
Sırğa kimi sallanan sırsıraların da
yadımdadı...
Sevimli çantasını bir andaca
yerə atıb,
Şaxta
vurmuş sərçəni
əlcəyinin
içinə salan,
Onu ağ əllərinin
arasında
tumarlayan qızcığazın
da
yadımdadı...
Bunları Qafqazda unutmaq
çətindir, Moskva!..
Mən
o qırmızı çantamı
Və toxunma əlcəklərimi
Yalnız
o kiçik sərçəyə
görə
sevərək xatırlayıram...
"Şaxta vurmuş
sərçəni əlcəyinin
içinə salan o qızcığaz" - şeirdə
ən çox yaddaqalan bu obrazdır.
Könül Həsənqulunun təəssürat
aləmində Lorkalı
İspaniya da canlanır. Lorka şeirlərinin təsiri - bu şeirlərdən alınan
təəssürat Könül
xanımın təxəyyülündə
Əndəlis çöllüyünə,
tünd qoxulu limonluqlara, qaraçılar
aləminə gedib çıxan İspaniya mənzərəsi yaradır.
Bu, onun təxəyyülündən
doğan İspaniyadır.
"Hərb və sülh" silsiləsində
mənzərə dəyişir:
misraların içindən
güllə səsləri
gəlir, ölümün
nəfəsi hiss edilir.
"Ölüm qapıları taybatay açır, içəri
girib əylənir, Ucadan qəhqəhə çəkib çıxır.
Ölüm küçədə Qoca poçtalyonu kürəyindən vurub yıxır. Bağrına sıxdığı məktublar
qana boyanır".
Könülün bu il
"Azərbaycan" jurnalında
çap olunan şeirlərini də oxuyandan sonra məndə belə bir qənaət hasil oldu ki,
ədəbiyyata istedadlı
bir cavan gəlir və bu cavanın müasir şeir mədəniyyətinə belə
tez yiyələnməsi
bir oxucu kimi məni çox sevindirir. Onun üçün adi bir predmet, səs,
işıq, qlobusun fırlanması, Günəşin
doğması, sübh
mənzərəsi, ana
südü, ata əlləri şeir mövzusuna çevrilir.
Əslində, mövzu
zahiri səciyyə daşıyır, əsas
odur ki, adi görüntülərin
içindəki qeyri-adilikləri
görə biləsən:
"Küçədə əl izləri", "damlarda göz yaşları" - bir yay günü. Bu görüntü hələ
heç nə demir, amma sonra:
Ovcunda tutub bir kişi üst-üstə
iki çörək
Sol qolunda saatı
Əlində qara eynək
Çörəyin üstündəsə
Qat-qat öpüş izləri-anamın
dodaqları
Bu-
Sənin fotoşəklindir
Ata!
Bəlkə bu şeir kiməsə mücərrəd bir fotonu xatırlatsın, amma mən burda bədii təxəyyülün axtarış şövqünü duyuram. Kimsə deyə bilər ki, Könülün şeirlərində "avropalaşmış" ünsürlər, müxtəlif "izm"lərin qatqarışığı hiss olunmurmu? Cavabında deyərəm ki, müasir şeir millilikdən, Şərq düşüncə tərzindən uzaqlaşmamaq şərtilə özündə dünya şeir mədəniyyətinin müxtəlif çeşidlərinin təsirini də əks etdirirsə, bundan qorxmağa dəyməz... Lap görmədiyin İspaniyadan da, Sezar Valvexoyadan, Əndəlis çöllüyündən də yaza bilərsən, amma o şeirdə sən Şərq bədii təfəkkürünün daşıyıcısı kimi görünürsən - Könül Həsənqulunun şeirlərini oxuyub bunu duyacaqsan. "And olsun axşam çağına- İkindi vaxtına, əsr namazına, zamanına və ya Peyğəmbərin əsrinə ki Gözlərimin yaşıyrla yudum Qədr gecəsini". Bu, bir Şərq şairinin düşüncəsi. Amma Lorkanın güllələndiyi yerlə Əliağa Vahidin dodağındakı qan arasında bir assosiasiya yaratmağa nə deyirsən? Məgər dünyadakı bütün nəsnələr, predmetlər, talelər, görünüşlər arasında belə paralellər tapmaq yasaqdımı? Amma vaxtilə yasaq idi. Ustad tənqidçi-filosof Asif Əfəndiyev Vaqif Səmədoğlunun "teleqraf üslubu" nəzəriyyəsinin əməli ifadəsi olan" şeirlərinə irad tutmuşdu. "O vaxt nə Koroğlu vardı, nə Meri Pikford, nə Ləmbəranski, nə Henrix Ford" misralarına istehza edib yazmışdı ki: "Əgər şeirimizin xidməti Koroğlu ilə aktrisa Meri Pikford, Ləmbəranski ilə H.Ford arasında əlaqə yaratmaqdan ibarətdirsə, bizi gözəl günlər gözləyir Bir də gördük A.Matrosov Bismarkla, Həcər xanım madam Kennedi ilə eyniləşdirildi". O zamankı tənqidçi-filosof təfəkkürü bu paralelləri rədd və inkar edirdi, amma indi bu tipli paralellər heç bir etiraz doğurmur. Təbii ki, bu, "eyniləşdirmə" deyil, necə deyərlər, "müxtəlifliyin birliyidir".
Könülün assosiativ şeirə meyl etdiyi onun əksər yazılarında nəzərə çarpır. O, bir-birilə əlaqəsi olmayan, hətta bu əlaqələrin təsəvvürə gətirilməsi mümkün görünməyən nəsnələri, predmetləri bir araya gətirir. Bu üsul şeirimizdə ilk təşəbbüs deyil, amma hər şair yeni bir assosiasiya ilə bizi təəccübləndirə bilər. Könülün şeirlərində sözlərin müxtəlif variasiyaları, "rəngləri", çalarları xüsusilə diqqəti cəlb edir. Amma sözlərin sıralanaraq məna kəsb etməsi əsasdır və necə deyərlər, "hər bir əşya qarşımda diz çöküb mənə yalvarır ki, məna yoğur məndən"... onun şeirlərində bu fikrin poetik təzahürləri ilə qarşılaşırıq.
Şəhərin qaynar küçəsində
maşın yolunu keçən
Azmış ev pişiyinin azadlığı kimidir
Mənim azadlıq sevincim.
Bütün sürətli maşınlar
mənim üstümdən adlar,
Səkidə mənim ayaqlarımı tapdalayar
Tələsən insanlar.
İnsan ayaqlarının axınından
gözlərim böyüyər,
Çağırmaz məni zərif səslər.
Səslər qovar, itələyər.
Pişik kədəridir duyduğum indi,
Pişik kədəri!
"Güllü bağ" silsiləsindən olan şeirlərdə kədərin obrazı zərif nuanslarla təqdim edilir. Ata ölümündən doğan kədəri Könül özünəməxsus "rəsm" edir, bu kədərin assosiativ yönümünü bizə təqdim edir.
Atam öləndə
Səpələyib
Dağıtdılar onu evimizə;
Divar-divar
Əlbəəl gəzdi atam
Şəkillərdə.
Könül Həsənqulunun kamil bir şair olacağına inanıram. Və inandığım üçün də onun şeirlərindəki bəzi qüsurlardan yan keçməyəcəyəm. Səhv etmirəmsə, o dilçidir, həm də tərcümə ilə məşğul olur. Şeirlərindəki dilin səlisliyini nəzərə çarpdırdıq, amma bu "səlis ərazidə" "müqəvvasız otluqlar", "külək saçlarımı qaldırıb havaya, oynadır əhvalıyla", "biçinçilər... folk nəğmələr oxuyurlar", "bütövlükdə özümdəyəm", "əllərim mühasirələnib nəzəriyyələrinizin qalaq-qalaq kağızlarıyla", "nəzəriyyələrinizin üstündəcə halqalanıb fincanımın Alt nahiyəsinin sarımtıl izi" kimi qeyri-səlis, şeirə yaraşmayan, onun bədii effektini aşağılayan sözlərə, ifadələrə də rast gəlirik. Şeirdə sözləri hərflərə və hecalara bölüb misra-misra alt-alta düzmək də indi yaman dəb düşüb və Könül xanım də "YHQ-Yazı hərəkət qaydaları" şeirində bu "əməliyyatdan" vaz keçməyib. Bəzən söz oyunbazlığını nümayiş etdirən şeirlər də diqqətdən yayınmır. "Felin icrası" şeirində bunu gördük ki, müəllif sözləri fırladır, oynadır, məna - fikir o fırfırada yox olur.
Könül Həsənqulunun
şeirləri barədə bu qeydlərimi
burada bitirirəm. Bir
istedadlı şairədən, poeziyamıza yeni
ab-hava gətirən belə cavan müəlliflərdən biri
kimi Könülə uğurlar
arzulayıram!
Ədalət.-2015.-23 may.-15.