Bitməyən bir matç
Azərbaycan futbolunun əfsanələrindən sayılan
Nazim Süleymanov yenidən
oyuna çıxır
Ələkbər Məmmədov, Anatoli
Banışevski, Kazbek Tuayev,
İqor Ponomaryov, Nazim Süleymanov, İsgəndər Cavadov, Vəli Qasımov, Arif Əsədov... Azərbaycanın yetirdiyi bu futbolçular istedadları
sayəsində böyük
uğur qazanıblar.
Sovet dönəmində beynəlxalq
yarışlarda adından
söz etdirən, xarici klubların diqqətini çəkən
bu futbolçularımızın
bəzilərinə legioner
həyatı yaşamaq
da qismət olub.
Bir neçə
ay öncə 50 yaşını
qeyd edən Nazim Süleymanov sözün əsl mənasında futbolumuzun əfsanə isimlərindən
sayılır. Müstəqil Azərbaycanın milli komandasının ilk kapitanı olmaq və yığmanın
ilk qoluna imza atmaq onun bəxtinə
düşüb. "Alaniya" klubun heyətində Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov
1995-ci ildə Rusiya çempionatının ən
məhsuldar legioneri olmağı bacarıb.
Rusiyada adı iki dəfə
ilin "33 ən yaxşı futbolçu"
siyahısına daxil edilib. Şimali Osetiyanın "Şöhrət" ordeninə
layiq görülən
istedadlı futbolçu
bu gün də həmin respublikanın "Fəxri
Vətəndaşı" titulunu daşıyır.
Sumqayıtda böyüyən dağlar
oğlu
Əslən Lerik rayonundan olan Hacıbaba kişinin oğlu Nazim tanınmış idmançılar yetirən
Sumqayıtda doğulub. Lap kiçik
yaşlarından top qovmaqla
məşğul olan Nazim inadkarlığı və bacarığı ilə yaşıdlarından
fərqlənməyi bacarıb.
Məhəllələr və məktəblər
arasında keçirilən
yarışlarda özünü
yaxşı tərəfdən
göstərən gənc
futbolçu tezliklə
peşəkar məşqçilərin
diqqət mərkəzinə
düşür. Onuncu sinifdə
oxuyanda Mingəçeviri
təmsil edən
"Avtomobilçi" komandasına
dəvət olunur.
17 yaşında isə
Nazim Süleymanov minlərlə azərbaycanlı
gəncin arzusunda olduğu xoşbəxtliyə
qovuşur- topla məharətlə davranan
istedadlı futbolçunu
"Neftçi"nin
heyətinə götürürlər.
O zamanlar "Neftçi"nin formasını geyinib stadiona çıxan hər bir oyunçuya azərbaycanlılar əfsanəvi
insan kimi baxırdılar. Nazim Süleymanovun "Neftçi"nin
heyətindəki Səməd
Qurbanov, İqor Ponomaryov, Maşallah Əhmədov, İsgəndər
Cavadov, Əsgər Abdullayev, Rəşid Özbəyov, Asim Xudiyev, Asif Əliyev,
Şakir Qəribov, Yunis Hüseynov kimi futbolçuların arasında özünəməxsus
yeri var idi. Nazim bu komandanın
forması ilə çıxdığı oyunlarda
rəqib qapıçıları
27 dəfə məyus
edib.
"Real"ın
diqqətini
çəkən sehrbaz
"Neftçi"dəki çıxışları ilə
təkcə azarkeşlərin
deyil, futbol mütəxəssislərinin də
diqqətini çəkən
istedadlı Nazim Süleymanov böyük perspektiv vəd edirdi. Valeri Lobanovski və
Oleq Romantsev kimi dünya səviyyəsində tanınan
məşqçilər bu
azərbaycanlı futbolçunu
öz komandalarında
görmək istəyirdilər.
Lakin tale elə
gətirir ki, Nazim Rusiya çempionatında
mübarizə aparan
"Alaniya" klubunu
seçir. Futbolçu və məşqçi
kimi populyar olan Valeri Qazzayevin
komandası ilə Nazim Süleymanov böyük uğurlar qazanır. Özünün və Azərbaycanın
adını yüksəklərə
qaldırır. "Alaniya"nın Rusiya çempionatının qalibi
və mükafatçısı
olmasında əsas
pay sahiblərindən biri
olur, Şimali Osetiyanın "Şöhrət"
ordeninə, respublikanın
"Fəxri Vətəndaşı"
adına layiq görülür.
"Alaniya"nın heyətində Avropa miqyaslı yarışlarda
iştirak edərkən
İspaniyanın dünya
şöhrətli "Real" klubunun nümayəndələri
azərbaycanlı futbolçunu
bəyənirlər. Nazim Süleymanovun
öz zəhməti hesabına əldə etdiyi bu uğurlar
və qazandığı
populyarlıq Valeri Qazzayevi qıcıqlandırır
və o, çıxış
yolunu Nazimi komandadan uzaqlaşdırmaqda
görür. Baş məşqçi
1996-cı ildə Sankt-Peterburqda
"Alaniya" ilə
Moskva "Spartak"ı
arasında baş tutan "Qızıl oyun"dakı bir epizoddan əsl fürsətçi kimi istifadə edir. Futbol azarkeşləri həmin oyunu yəqin ki, yaxşı xatırlayırlar- Nazim əlverişli vəziyyətdən
yararlana bilmir. Futbolçu özü "Qızıl
oyun"dakı epizodu
hələ də unuda bilmir. Nazim Süleymanovun təbirincə desək, o
matç hələ bitməyib...
Məşhur futbolçu və
məşqçi Qazzayev
illər sonra Nazim Süleymanov haqqında etirafda bulunur: "...Nazim çox əla futbolçu və əsl usta idi.
Rusiya futbolunun və xüsusi ilə o dövrdə çempion olan "Alaniya"nın tarixində silinməz izlər qoyub. Oyun texnikasına görə öz dövrünün ən yaxşı futbolçularından
biri idi..."
Nazim Süleymanova
dəfələrlə Rusiya
yığmasında oynamaq
təklif edilsə də, o, əsl vətənpərvər kimi
Azərbaycan millisinin formasında meydana çıxmağı üstün
sayır. Millimizin ilk kapitanı və
ilik qolunun müəllifi kimi tarixə düşür.
Dəyərli kitab
50 yaşlı Nazim
Süleymanovun həyatında
tarixə yazılan anlar çox olub. İstedadlı futbolçu məşqçi
kimi də özünü sübut etməyi bacarıb.
O, ölkədən xaricdə
baş məşqçi
işləmiş nadir mütəxəssislərimizdəndir.
Rusiyada çalışarkən
bir zamanlar Nazimi futbolçu kimi Soçinin "Jemçujina" klubuna dəvət edənlər
az sonra
baş məşqçi
postunu ona tapşırırlar.
Nazim Süleymanovun
adı 2004-cü ildə
yaradılan "Xəzər
Lənkəran" peşəkar
futbol klubunun ilk baş məşqçisi
kimi də tarixə düşüb. O, "AZAL" komandasına başçılıq
edərkən klub birinci dəfə Avropa miqyaslı yarışlara vəsiqə
qazanıb. Nazim qısa müddətdə
"Neftçi"nin
də baş məşqçisi olub. Uzun müddət futbol funksionerlərimizin diqqətindən
kənarda qalan bacarıqlı mütəxəssis
bu gün 19 yaşlı futbolçulardan
ibarət Azərbaycan
millisinə başçılıq
edir.
Azərbaycan futbolunun canlı əfsanələrindən sayılan,
ürəyində mənsub
olduğu xalqa sonsuz sevgi gəzdirən,
sadə və səmimi insan Nazim Süleymanovun həyatından kitab yazmaq, onu gənclərimizə
olduğu kimi çatdırmaq lazım idi. Nə yaxşı ki,
bu vacib işi görən tapıldı. İstedadlı jurnalist, yazdığı
bədii əsərlərə
görə son illər
ölkədə və
xaricdə müxtəlif
ödüllər qazanan
Varis bu işi ustalıqla görüb. Varisin yubilyar haqqında qələmə aldığı
"Bitməyən matç"
kitabı 50 yaşlı
Nazim Süleymanovu tanıyıb sevənlər
və tanıyıb sevmək istəyənlər
üçün əla
bir hədiyyədir.
İki dildə
- Azərbaycan və rus dillərində nəşr edilən "Bitməyən matç"da
görkəmli futbol mütəxəssisləri Nazim
Süleymanov barədə
fikirlərini bildiriblər. Onlardan bəzilərini bu yazıda xatırlatmağa
ehtiyac var:
"O, elə bir oyunçu
idi ki, onun
ətrafında bütöv
bir komanda qurmaq olardı"
(8 qat Rusiya çempionu,
tanınmış məşqçi
Oleq Romantsev)
"Tamaşaçılar məxsusi
olaraq Nazimin oyununa baxmaq üçün stadionlara
gələrdilər"
(FİFA agenti Anatolo Sıçov)
"Nazimin oyunu doğma
Azərbaycandakı şəbəkə
naxışlarını xatırladan
nadir bir tapıntı
kimi qəbul olunurdu"
("Sovetskiy sport"
qəzetinin şərhçisi
Aleksandr
Qulyayev)
"Stadiona girərkən
Nazimin necə alqışlandığını görəndə onunla fəxr etdim. Mən belə şey görməmişdim"
(AFFA-nın ilk prezidenti Fuad Musayev)
Əfsanə yenidən
yaşıl meydana çıxır
Futbolda uğurlara imza atmağı bacaran Nazim Süleymanovun milyonların sevimlisi olan bu idman növü haqqında maraqlı deyimi var - "Futbol sadə bir oyundur. Ancaq futbolda sadə oynamaq çox çətindi".
Bu maraqlı fikrin müəllifi Nazim Süleymanovun 50 illik
yubileyinə həsr edilən tədbirlər davam
edir. Nazimə həmişə böyük sayğı ilə yanaşılan
Vladiqafqazda sabah "Alaniya" və "Neftçi"
komandalarının veteranları qarşılaşacaq.
Əfsanə futbolçu "Şöhrət"
ordeni aldığı, "Fəxri Vətəndaşı"
olduğu bu respublikada yenidən yaşıl meydana çıxacaq.
Ədalət.-2015.-23
may.-S.11.