MƏMMƏD İLQAR
4-cü yazı
Məmməd
İlqar haqda bitib tükənməyən fikirlərimi, onunla
bağlı xatirələrimi nə qədər qısa
yazmağa çalışdımsa, uzun alındı deyəsən.
Ümidvaram ki, "Ədalət"in oxucuları Məmməd
İlqar haqda sonuncu yazımı da maraqla qarşılayacaqlar. Bu bir həqiqətdir ki, həm dəyərli,
şair, həm dəyərli dost, həm də ümumən
çox maraqlı insan olan Məmməd İlqar haqda bundan
qısa yazmaq mümkün olmadı...
Maraqlı xasiyyətlərindən
biri də sözə, şairə olan münasibətidir. Belə
ki, az-az şair, az- az şeir haqda ağız dolusu təriflər
söyləyər. Daha doğrusu onu qane edən
mükəmməl şair, mükəmməl söz
barmaqlarının sayından çox deyil bəlkədə.
Elə mən özüm, uzun illər yazdığım
şeirlər haqda ondan xoş söz eşitməyin çox
arzusunda olmuşam. Bu onun xəsisliyi deyil, sadəcə
olaraq onun tamahı düşən şeirlər yazmaq
lazımdır yəqinki. Bəlkə ona görədir ki,
günlərin bir günü:
Qələm əldə,
söz dodaqda kilitdi,
Mən isdəyən
yazılmır ki, yazılmır.
Yazdıqlarım
yazılıbdı min ildi,
Mən isdəyən
yazılmır ki, yazılmır...
şeirini yaza bildım. Amma "Söz - Söz açılan göy üzü" kitabının təqdimat mərasimində bir cüt xoş söz eşidə bildim, arkadaşımdan: - "Məmməd o şairlərdəndir ki, tək-tük şeirlərinə tamahım düşür. Amma yapdığı heykəllərə - Ağamalı Sadiq Əfəndiyə və Akif Səmədə ucaltdığı abidələrə daha çox tamahım düşüb". Hətta aşağıdakı şeirlə sifarişini də verib:
Dəmirçioğlu, ilğımdı,
Dumandı - döşlə getsin...
Zornan - zülümnən gələn
Olurmu xoşla getsin?
Ömürdü - amanatdı,
Qarsanmadı, afatdı...
Demirəm zarafatdı,
Demirım
boşla getsin...
Arxamca bir
saz ağlar,
Arar da
bulmaz, ağlar...
Yaxınlaşır
uzaqlar -
Büstümü
başla getsin...
Məmmədin qəribə ithaf şeirləri
yazmağı var. Mən deyərdim ki, illərlə bir
şeir üstündə işləyən Məmməd, ithaf
şeirlərini çox zaman elə məclisə getdiyi
anlardaca yazır. Daha doğrusu bir neçəsinin
yazılmasına gözlərimlə şahid olmuşam.
Ağsaqqal şairimiz Ələddin İncəlinin 70
yaşı münasibəti ilə Kəmərliyə tədbirə
gedərkən elə yoldaca dizinin üstündə
yazdığı şeiri misal gətirə bilərəm:
Bilirəm
yetmişə necə yetmisən,
Yetmişin yetmiş min dərdi var, abi.
Günlər
yaşanmasa il başa varılmaz,
Günün
də sayası, sərti var abi...
Günlərin bir günü Akif Səməd, Məmməd
İlqar, mən və Mehti Şıxlinski, Mehtinin
Ceyrançoldəki qoyun yataqlarına getmişdik. Mehtinin əmisi Vayna kişi bizi çox xoş qarşılayıb
bir quzu da kəsmişdi. Yaxşıca yeyib içdikdən
sonra yanağı qızarmış, kepqası yana
əyilmiş Vayna kişinin maraqlı söhbətləri
qeyri adi jestləri Məmmədə o qədər xoş təsir
bağışlamışdi ki, elə o andaca qələmə
aldığı bu şeir nümunəsini də nəzərinizə
çatdırmaq istərdim.
KƏNDÇİ
KİŞİLƏRƏ
ŞƏHƏR
SOVQATI
Sovqatımı
qəbul edin,
Sovqatdı
paylı kişilər,
Adınıza
layiq ola
Kaş bu gəraylı, kişilər.
Aran-yaylaq
köçündə də,
Əkində
də, biçində də,
Dərdin-qəmin
içində də
Haylı-haraylı kişilər.
Hər nisgili bölərsiniz.
Hər
müşgülü bilərsiniz,
Siz
ayrı kişilərsiniz -
Var olun
ayrı kişilər!
Bar-bərəkət
aylarında,
" İp atdırmaz" öylərində....
Oğul-uşaq
toylarında
Kepqası
əyri kişilər!
Söz düşmüşkən bunu da qeyd etmək
yerinə düşərdi. İlk nəvəm
dünyaya gələndə Akif Səmədlə məsləhətləşib
məni təbrik etmək üçün bizə gəlirlər.
Yolda Akif Səməd soruşur ki, "ayə, a
Məmməd, bə biz Dəmirçioğlugilə əliboşmu
gedək?" Məmməd isə "səni
bilmərəm, mən bir şeir yazmışam, elə
yoldaca. Amma iki bəndi var,
üçüncüsünü evə çatana kimi gərək
tamamlayım" deyibmiş. Məclisimizin
taraz yerində gördüm ki, Məmməd nə isə
yazir. Sən demə, şeirin
üçüncü bəndini tamamlayırmış.
Akif Səməd,
çoxdu hələ
Tostumuz Dəmirçoğluna.
Tanrı
bir nəvə göndərib,
Dostumuz Dəmirçoğluna.
Köçümüz
körpüyə çatır,
Gücümüz
gör nəyə çatır-
İstimiz
özgəyə çatır,
Tüstümüz
Dəmirçoğluna.
Yazdım
ki, varağa düşsün,
Sevgimiz
sınağa düşsün,
Qəbrimiz
Qazağa düşsün,
Büstümüz
Dəmirçoğluna.
Məmməd İlqarın "Qaratel" poeması
haqda da qısaca məlumat vermək istərdim. Artıq ikinci il idi ki, Məmməd bütün məclislərdə,
mərəkələrdə, evində-eşiyində,
işində-gücündə çox dalğın, fikirli
dolaşırdı. Deyərdim ki, hər an, hər
dəqidə Qaratel haqda düşünür-daşınırdı.
Hərdən biz dostları ilə məclis
quranda söz əsnasında Qaratel poemasından söz
açıb deyərdi - "bircə Allah mənə möhlət
versin Qaratelə borcumu verə bilim". Verdi
borcunu Məmməd İlqar. Ləyaqətlə,
layiqincə, hamımızın əvəzindən də verə
bildi bu borcu.
Çağdaş ədəbi tənqidimizin
öncüllərindən biri olan Vaqif Yusifli Məmmədin bu
əsərini yüksək qiymətləndirərək son illərin
ən uğurlu poeması kimi dəyərləndirmişdir. Həmin poemadan bir
parçaya nəzər salaq:
Qaratellə
birinci görüş
Bura - Məmləkətin
ağlağan yeri,
Bura - Qədd
əyilən, bel bükülən yer...
Bura - Sinələrin
dağlanan yeri,
Bakının
başına daş tökülən yer...
Daşlar
eyni boyda, eyni biçimdə,
Şoxundan gözlərim alacalandı.
Bir az da böyüdü dərdim içimdə -
Bu
dünya bir az da balacalandı...
İlahi!
Budurmu sonu varlığın?
Kərəm
qıl - xiyaban olmaz bu boyda...
Qapısı
bağlansın bu məzarlığın -
Qapılar
bağladı gör neçə sayda...
Şahlar
ki beş əllə yapışdı
taxtdan,
Düşman
qarşısına güllə yeridi, -
Bu qara
xiyaban elə o vaxtdan
Paytaxtın
üzündə şillə yeridi!
Buludlar
böyüdü ahlarımızdan,
Yağdı
başımıza qəfil bəlalar...
Duman
dağılmadı dağlarımızdan -
Daşlara
dağıldı şəkil balalar...
Haqqın
Divanından qaçılarmı heç -
Gül-çiçək gətirir-gələnlərə
bax.
Gör o
gül-çiçəkdən seçilirmi heç,
Gül-çiçək namına ölənlərə
bax.
Vaxtında
kəlləni kölgəyə verdik,
Vurmadıq həyacan təbillərini.
Gültək
körpələri gülləyə verdik -
Güllərə tuturuq qəbirlərini.
El
keçir-yanağı yaş altındadı,
Dərdimiz birdimi, beşdimi, fələk?
Hər
oğul bir qara daş altındadı,
Dinmirsən, ürəyin daşdımı, fələk?!
Hamı
qannı-qannı baxır göylərə,
Bir bəndə, günahı özündə bilmir.
Qarğışlar,
nifrinlər yağır göylərə,
Nə
desin? Tanrının özü də bilmir...
Xeyir
güdən günü şər tapasıyıq,
Hələ
xeyri-şəri düz bilmiriksə...
Ərzin
yaxasında sirr bafasıyıq -
Bizi kim biləcək - biz bilmiriksə?
Aşıqlar,
mollalar və şairlərik,
Gah fala baxırıq, gah deyişirik.
Nə
bilim, və sair... və sairlərik...
Hər
işdən bezəndə, şah dəyişirik!
Daşır
şöhrətimiz, tutur dünyanı -
Kim belə bəzəyər gorxanaları?
Bizəmi
daş kəsir bütün dünyanın
Mərmər mədənləri, karxanaları?
Dön
bax təzə əsrin astanasından,
Bizdən nələr qaldı? viranələrdi!
Bizim qismətimiz
asdan ağzında,
Bizim
qüdrətimiz - əfsanələrdi!
Yerlə-Göy
arası sədamız olub,
Göydənmi gəlmişik, Yer oğluyuqmu?
Düzdü
-Koroğlular babamız olub -
Amma gör birimiz Koroğluyuqmu?
"Dostların"
niyyəti qaranlıqdı ki,
Nə kənar dururlar, nə tən gəlirlər.
Kimlərin
kefinə qurbanlıqdı ki,-
Bağır
parasını bağrına basıb
Özünü qayadan atan gəlinlər?!
Yurda can
qıyanın evi yurd olub,
Başdan
papaq salır mülkü, bəylərin!
Ovu aslan
olub, ovu qurd olub
Xəlvət
dərələrdə tülkü bəylərin...
İtirib
başını çadır şəhərcik,
Kim görüb - başsız da bədən olarmı?
Səni
andıra qal, andır şəhərcik! -
Səndən balalara VƏTƏN olarmı?
Əllər
ətəkləri gəzir hələ də,
Əngəl var ətəklə əl arasıda.
Bir belə
qanların günahkarları,
Bu
cansız canların günahkarları
Günahsız
başları kəsir hələ də -
Günahkar
axtarır el arasında...
Söhbəti
bir ayrı vaxta qoyuram ,
Deyəsən mətləbi yersiz uzatdım.
Burda
gileylərə nöqtə qoyuram -
Daha
Qaratelin qəbrinə çatdım...
Son
söz əvəzi
Məmmədlə bağlı yol xatirələrim
çoxdu. Onlardan birini son söz əvəzi yazmaq istərdim.
Belə hallar çox olub ki, Məmmədlə birgə
İncə dərəsinə səfərlər etmişik. Yolun
damarını qırmaq üçün çox zaman ya Məmməd,
ya da mən bir qafiyə atıb bədahətən deyişə-deyişə
yol getmişik. Məsələn, Ağ sudan
keçərkən: "Perevaldan tamaşa qıl
Ağsuyu", Göyçaydam keçərkən: "Gəl
indi də tərif edək Göyçayı" - kimi rədiflərə,
yarızarafat, yarıciddi deyilmiş o deyimlər ele
ağzımızdan çıxıb havaya uçaraq yox olub
getmişlər. Amma onlardan biri qalıb. Necə olubsa, bizim deyişməmizi yanımızda
oturanlardan biri (səhv etmirəmsə, Nofəl Sadiq Əfəndi
olub) gizlicə qələmə alıb. Hərçəndi
bu deyişməni ciddi şeir nümunələri kimi qəbul
etməsək belə, maraqlı olduğu üçün necə
yazılıbsa eləcə də nəzərinizə
çatdırmaq niyyətinə düşdüm:
M.
İlqar
Ömrü
boyu çox ötmüşük yanından,
Baah! Nə gözəl məkanıymış Həsənsu.*
Su -
saflıqdı, bu hesabnan götürsək,
Nə o sudu, nə mən suyam, nə sən su.
M. Dəmirçioğlu
Bulaq oldu,
zümzümədə dil açdı,
Cadar-cadar təşnələrə əlacdı.
Qönçə-qönçə
çiçək açdı, gül açdı,
Damcı-damcı göy üzündə əsən su.
M.
İlqar
Sağlıq
olsun, qış ötüşər, yay olar,
Günəş doğar, ulduz olar, ay olar.
Arzumuznan
sağ- solunda toy olar,
Səbr eləsin, səbirləri kəsən su.
M. Dəmirçioğlu
Yaz olanda
döndü coşan sellərə,
Tablamadı nərəsinə dağ-dərə.
İçimizi
car eylədi ellərə,
Gözümüzdən, könlümüzdən küsən
su.
M.
İlqar
Demə
dünya fil qulağı- yatmışıq,
Şöhrətinlə çox şöhrətə
çatmışıq.
Hansı
suyu səndən artıq tutmuşuq,
Yalandısa
de: bu mən su, bu sən su?
M. Dəmirçioğlu
Suvardıqca
boy eyləyir ot, çayır,
Dəryalarda saman çöpü batmayır...
Onsuzdan da Tanrımıza çatmayır,
Bu qıyvatı ha mən deyim, ha sən su.
M. İlqar
El namına el qəhrini çəkirsən,
Eldən ötrü səndə bir cür kökürsən.
Düzə qalsa, nə Arazsan, nə Kürsən,
Məzəlisən, məzən olsun, məzən, su.
M. Dəmirçioğlu
Su eşq imiş, şəlaləylə dillənər,
Daşı deşər, dağı aşar, sellənər
Bahar çağı çıçək açar, güllənər-
Açan puçur, lalə, nərgiz, süsən - su.
M.
İlqar
Sular
axsın, gözəlliklər bol olsun,
Baxışlardan könüllərə yol olsun.
Sağın-solun
lilpar olsun, göl olsun,
Ağ qularla bəyaz geyin, bəzən su.
M. Dəmirçioğlu
Ahu-zarın
dağ başında - qardadı,
Göz yaşların gizlənibdi - nardadı.
Yerin-
yurdun, elin-oban hardadı,
Bu dünyanı diyar-diyar gəzən su?
M. İlqar
Hansı səmtə yönün düşdü - həyatdı,
Ürəyimdə minbir arzu boy atdı.
Arzu təzə, bu dərd, bu qəm boyatdı,
Məmməd adlı balasından küsən su.
M. Dəmirçioğlu
Anlamazın bu dünyada nə dərdi,
Biz oxuyan, qəm qoxuyan kədərdi.
Dəmirçoğlu yazdı, pozdu-hədərdi,
Su səsinə, su nəğmənə əhsən, su.
son
*Ağstafada
yer və çay adı
Ədalət.-2015.-23
may.-S.10.