Cəlil Məmmədquluzadə və ana dili
Cəlil Məmmədquluzadə çoxsahəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti və ictimai fikir tarixində əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdən biridir. Və fikrimizcə,sənətkarın bu əbədiyaşarlığın təminatçısı, novatorluğun ən bariz nümunəsi kimi meydana çıxan yaradıcılığında - istər ədəbi, istərsə də ictimai fəaliyyətində mədəniyyət tariximizdə bir çox ilklərə imza atmasıdır. Ölkəmizdə ilk muzeyin- diyarşünaslıq muzeyinin açılması, Azərbaycan ədəbiyyatında tənqidi-realist nəsrin və ilk satirik mətbu orqanın əsasının qoyulması, milli dramaturgiyamızda tragikomediyanın, ilk alleqorik mənzum dramın yaradılması və s. yeniliklər bu böyük sənətkarın adı ilə bağlıdır.
Və zamanın ucalığından ədibin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır.
Bildiyimiz kimi, dərin müşahidə qabiliyyətinə malik olan ədib əsərlərinin, məqalələrinin mövzusunu müasiri olduğu cəmiyyətin həyatından götürürdü. Və mövzuda təzahürünü tapan problemləri, cəmiyyəti narahat edən ən vacib məsələləri hamının başa düşəcəyi canlı və anlaşıqlı bir dildə qələmə alırdı. Çünki ədibin əsl vətəndaşlıq amalının arxasında xalqı maarifləndirmək missiyası dururdu. Başqa sözlə desək, o, qələmini xalqın qurtuluş və səadəti üçün, avam xalqı qəflət yuxusundan oyatmaq üçün səfərbər etmişdi.
Qeyd etmək lazımdır ki, ədib yaradıcılığının bütün sahələrində ana dili məsələsinə xüsusi diqqət ayırmışdır. Nəsr və dramaturji yaradıcılığında sənətkar ədəbi dili xalqa yaxınlaşdırmış, ədəbi dili xalq dili əsasında inkişaf etdirmişdir. Görkəmli alim Mir Cəlal bu barədə belə yazır: "Cəlil Məmmədquluzadə cəsarətlə danışıq dilini, canlı dili, azərbaycanlıların şirin, əlvan, ahəngdar, məzəli, səlis, sərbəst danışığını yazıya, kitaba, hətta bədii əsərə gətirmişdir."
Qeyd edək ki, XIX əsrin II yarısında ana dilimizin saflığı uğrunda M.F.Axundzadə və H.B.Zərdabi tərəfindən aparılan mübarizəni XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu "Molla Nəsrəddin" jurnalı davam etdirirdi. Və sənətkarın ömrünün sonunadək davam etdirdiyi xalqın səadəti, azadlığı və tərəqqisi naminə apardığı mücadilənin əsasını ana dilinin saflığı, təmizliyi uğrunda mübarizə təşkil edirdi.
Sənətkarın ədəbi-bədii yaradıcılığında ədəbi dilin saflığına göstərdiyi sayıq münasibət publisistik əsərlərində danışıq dilinə də ünvanlanırdı. Onun naşiri olduğu "Molla Nəsrəddin" jurnalında çap olunan "Dil", "Əlifba", "Dərs kitablarımız", "Ana dili" və bu qəbildən olan bir sıra məqalələri məhz ana dili probleminə həsr olunmuşdur.
Təsadüfi deyildir ki, o, hələ "Molla Nəsrəddin" jurnalının I sayından başlayaraq: "Sizi deyib, gəlmişəm, ey mənim müsəlman qardaşlarım! Mən sizin ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi... Hərdənbir ana dilini danışmaqla keçmişdəki gözəl günləri yad etməyin nə eybi var?!"-deyə o, yazıçı-publisist kimi öz məramını və mətbu orqan olaraq jurnalın məramını açıq bəyan edirdi.
Sonralar, "Molla Nəsrəddin" jurnalının 1917-ci il 27 noyabr 24-cü sayında çap olunan və tədqiqatçılar tərəfindən Cəlil Məmmədquluzadənin azərbaycançılıq konsepsiyasının bəyannaməsi adlandırılan "Azərbaycan" məqaləsində dilimizin necə adlandırılması haqqında mövcud olan dolaşıq fikirlərə qarşı konkret mövqeyini açıq nümayiş etdirir:
- Mənim anam kimdir?
Öz-özümə cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan
dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir."
Məlumdur ki, dilə qarşı
məhəbbətin yaranmasında,
dilə yaxşı yiyələnməkdə məktəbin,
həmçinin dərsliklərin,
kitabların da rolu böyükdür. Belə
ki, vaxtilə Uluxanlı, Baş Noraşen, Nehrəm kəndlərində müəllimlik
edən,yetişən gənc
nəslə Azərbaycan
dilini tədris edən Mirzə Cəlilin müasiri olduğu dövrdə məktəblərdə tədris
olunan və şagirdlərin dili öyrənmək üçün
istinad etdikləri dərs vəsaitlərinin
dili də diqqətdən kənarda qala bilməzdi. Maarif Komissarlığında
mövcud olan nəşriyyat şöbəsinin
izni ilə çap olunan, məktəblərdə oxunan
"Üçüncü il" adlı kitab haqqında "Molla Nəsrəddin" jurnalında dərc olunan "Dərs kitablarımız" məqaləsində
o, razılaşmadığı bəzi məqamlardan sitat gətirərək dərsliyin dili haqqında tənqidi fikirlərini oxucularla bölüşür:
"Kitab kitabdır;
kitabın ki, buynuzu olmaz. Nə irad?
Nə tənqid? Amma mən bilmirəm,
mən hamıdan ağıllıyam, ya hamı məndən ağıllıdır.
Sözüm burasındadır ki, mən bu gün
böyük oğlumun
əlində kitabı
görüb aldım,
baxdım, axıra kimi də göz
gəzdirdim və məcbur oldum kitabın axırlarında
bir neçə vərəqi cırıb tullayam kənara." Daha sonra
sənətkar sitatları
verir və vərəqləri nə üçün cırdığını
acıqlayır. Sonda bu nəticəyə gəlir
ki, "aman günüdür, nə dil olur-olsun, - qoy məcus dili olsun, - ancaq
oxuyub qanmalı olsun."
Dilimizi köhnə anlaşılmaz
kəlmələrdən, milli
ruhumuza yad olan sözlərdən, tərkiblərdən, cümlələrdən,
varvarizmlərdən təmizlənməsinə
xidmət baxımından
yazılmış "Əlifba"
və "Ana dili"
məqalələri xüsusilə
diqqətəlayiqdir. Sənətkar
"Molla Nəsrədddin"
jurnalının 1913-cü il
13 yanvar tarixli 1-ci sayında çap olunan "Əlifba" adlı məqaləsində
öz tənqidi fikirlərini ana dilinə xor baxan,bu dildə danışmağı özünə
sığışdırmayan ədabazlara ünvanlayaraq
yazır: "... Bolqarlar öz
dillərini bilmədiyindən
xəcalət çəkəndə,
bizlər də öz dilimizdə danışmaqdan utanırıq.
Və balaca oğlumuz 4 yaşa çatan kimi aparıb qoyuruq rus evinə
ki, tərbiyə alsın.
Bəli, bu 4 yaşında oğlumuz gərək 10 ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfünunda da ki, duanın
bərəkətindən müsəlman-zad
söhbəti getdi işinə. Axırda cavan
oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman
qızı, ya rus qızı aldı və inşallah bunların yenə 4 yaşında uşaqlaı oldu və bu uşağı
da lazımdır müsəlman danışığından
uzaqlaşdırmaq ki,
gimnaziyada elmləri yaxşı oxuya bilsin.
Allah atana rəhmət eləsin,bəs ta hanı türk
dili ?
Qardaş zarafat deyil ki,
dilimizdən iyrənirik
vəssalam!"
Başqa
bir məqalədə,
Hərdəmxəyal imzası
ilə "Molla Nəsrəddin " jurnalının
1907-ci il tarixli nömrəsinin 4-cü sayında
gedən "Ana dili"
məqaləsində də
eyni millətin iki nümayəndəsi arasında gedən dialoq dilimizə qarşı biganəliyin acı təəssüfü
kimi səslənir:
" Hərdən mənim
xəyalıma belə
bir şey gəlir :
Mən universitet ,
yəni darülfünundan
təzə qurtarıb
vətənimizə gələn
günü şəhərimizin
qazisi Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç
kəs yox idi, anamdan savayı.
Bu övrət də çıxdı o biri otağa və qazi ilə
biz başladıq söhbəti.
Deməyinən yazıq anam
da qapının dalında durub qulaq asırdı.
Qazi içəri girən kimi mən qabağa
yeridim və dedim : salamməleyk.Cənab qazi mənə cavab verdi : ay əssəlamü
əleyküm,ay xudahafiz,əhvali-şərif,
ənasiri-lətif,maşallah,maşallah, Əxəvizadə neçə
müddətdi müntəziri-vücudi-zicudunuz
və müştaqi-didarınız
idim, inşallah zati-alinizin məzacı-mübarəkləri
salimdir.
Mən bir şey başa
düşməyib dedim : da.
Cənab
qazi bir qədər baxdı mənim üzümə və genə başladı: Əxəvizadə,təhsili-fünunuzu əncama
yetiribsiniz,ya dübarə
təkmili-nöqsan üçün
darülelmə əvdət
etməlisiniz?
Mən genə bir şey
başa düşməyib
dedim ki, cənab axund,yaxçı
panimat eləmirəm ki, nə ərz
edirsiniz.
Axund soruşdu :
necə?
Mən dedim : çto?
Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını
geyinib çıxdı
getdi.Anam girdi içəri və mənə dedi : balam mollaynan
nə dil danışırdınız ki,
mən heç başa düşmədim.
Dedim: ana, mollaynan biz ana dili danışırdıq.
Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi : yazıq ana dili !"
Son olaraq qeyd edək ki, Cəlil
Məmmədquluzadənin ədəbi-publisistik
fəaliyyəti ilə
dilimiz bu "yazıqlıq" mərhələsindən
qurtuldu, təmizləndi,
duruldu. Bu gün
də dilimizin varlığına, gözəlliyinə,
səlisliyinə görə,
dilimizi sevdiyimizə görə müəllim,
yazıçı, dramaturq,
publisist, naşir Mirzə Cəlilə borcluyuq.
Ədalət.-2015.-26 may.-S.5.