"FƏXRİ KÜRSÜ"də Sibel Özkan : "Azərbaycanı təmsil edən
idmançılar çox
şanslıdırlar"
"Ölkənizdə
idmana verilən yüksək dəyər göz önündədir"
Sibel Özkan 1988-ci ildə Türkiyə cümhuriyyətinin Afyonkarahisar şəhərində anadan olub. Ağır atletika növündə mübarizə
aparan idmançı indiyədək qazandığı
uğurlarla adını
Türkiyə idmanı
tarixinə qızıl
hərflərlə yazdırıb.
Sibelin ulduzu
2008-ci ildə keçirilən
Avropa çempionatından
parlamağa başlayıb. 48 kiloqram çəki dərəcəsində ikinci
olan atlet uğurunun təsadüf olmadığını Pekin
yay Olimpiya Oyunlarında artıqlamasıyla
sübut edib. O, dördilliyin zirvə yarışının gümüş
mükafatını qazanıb.
Bir il
sonra Cənubi Koreyanın Qoyanq şəhərində keçirilən
dünya çempionatında
ikinci olan atlet gümüş medal kolleksiyasını tamamlayıb.
O, 2010- u ildə doğma
divarlar arasında və 2014-cü ildə Almatıda keçirilən
mundiallarda da fəxri kürsünün
ikinci pilləsində
qərarlaşıb.
S. Özkan nəhayət, bu il,
el məsəli ilə
desək, şeytanın
qıçını sındıra
bilib. O, Tiflisdə keçirilən Avropa çempionatında birinci
pilləni heç kimə güzəştə
getməyib.
Adalet.az-ın "FƏXRİ
KÜRSÜ" rubrikasının növbəti qonağı
olimpiya və dünya çempionatlarının
mükafatçısı, Avropa çempionu SİBEL
ÖZKANdır.
"İlk məşqlərə
sevgi ilə başlamamışdım"
- Sibel xanım, keçən ay Tiflisdə
keçirilən Avropa
çempionatının qalibi
oldunuz. Turnir necə keçdi?
- Yarışa çox da ciddi hazırlaşmamışdım.
Çiynimdəki ciddi zədə
səbəbindən həftənin
iki günü sadəcə birdənqaldırma
hərəkətini yerinə
yetirirdim.Təkanlaqaldırmada isə üç ay ərzində bir dəfə də olsun özümü sınamamışdım. Fəqət, bunlara rəğmən, Avropa çempionu ola
bildim.
- Belə demək olarsa, çox da çətinlik çəkmədiniz...
- Rəqiblərim illərdir
tanıdığım idmançılar
idi. O qədər zəif də deyildilər.
- Rio olimpiadasına
artıq 1 il
qalır. Hazırkı
formanıza nəzərən,
Pekində bir addımlığından döndüyünüz
çempionluğu qazanacağınıza
inanırsınız?
- Olimpiya oyunlarından öncə hazırda mənim üçün önəmli olan ABŞ-da təşkil olunacaq dünya çempionatında uğurlu
iştirakdır. Orada çempionluq
üçün mübarizə
aparacam. Dünya çempionatını
qazanacağım təqdirdə
olimpiya oyunlarında rahatlıqla çempion olacağıma inanıram.
- Üç dəfə də dünya çempionluğunun
bir addımlığında
dayanmısınız. Bütün hallarda
qızıl medal üçün
nə çatmadı?
- 2009-cu ildə Koreyada keçirilən dünya çempionatında təkanla
qaldırmada kiçik
qızıl medal qazandım.
Çox
çalışdım ki,
toplamda çempion olum, alınmadı. Bir il sonra vətəndə keçirilən mundialda rahatsızığımdan dolayı,
ürəyim istəyən
kimi çıxış
edə bilmədim. Bundan sonra ailə
həyatı qurmağımla
əlaqədar 4 il karyerama ara verdim. 2014-cü
ildə Qazaxıstanda
keçirilən dünya
çempionatı üçün
cəmi 2 ay hazırlıq
prosesi keçdim.
Bu qədər qısa zaman ərzində hazırlaşmağıma
və turnir ərzində ayağımda
yaranan ciddi problemlərə baxmayaraq,
ikinci olmağı bacardım.
- Qadınların
o qədər də rast gəlinmədiyi bir idman növündə
mübarizə aparırsınız.
Maraqlıdır, sizi ağır
atletikaya gətirən
səbəb nə olub?
- Mən idmançı karyerama 1999-cu ildə -11 yaşım olarkən cüdo növü ilə başlamışam.
Klubumuzda
cüdo təlimləri
bağlandıqdan sonra
məşqçilərin israrlı
təkidləri ilə
ağır atletikaya gəldim. Çox qısa vaxt
ərzində məşğul
olmağıma baxmayaraq,
yığma komandaya cəlb edildim və beynəlxalq turnirlərdə iştirak
etdim. Çox keçmədi ki,
müəyyən uğurlar
qazanmağa başladım.
Ağır atletikaya gəlişimi tamamilə qismətlə əlaqələndirirəm. İlk məşqlərə
sevgi ilə başlamamışdım.
"Dünyaya yenidən gəlsəm, yenə ağır atlet olardım"
- Ətrafınız tərəfindən
təpki ilə üzləşmədinizmi? Qız hara, ağırlıqqaldırma
hara deyə...
- Xeyr. Sadəcə, onu deyim ki, ağırlıqqaldırma
ilə məşğul
olmağıma inanmırlar.
Deyirlər çox zərifsən.
(gülür)
- Heç peşman olduğunuz məqamlar olub?
- Əsla. Dünyaya yenidən gəlsəm,
yenə ağır atlet olardım.
- Bildiyim qədər ailəlisiniz. Bu qədər
güclü olmağınız
həyat yoldaşınızı
qorxutmur ki? (gülərək)
- Mənim güclü olmağım heç vaxt həyat yoldaşım üçün
problem olmayıb. Çünki
o da heç də zəif fiziki göstəricilərə
malik deyil.(gülür)
- O da idmançıdır?
- Xeyr. Özəl şirkətdə işləyir.
- Türkiyə ictimaiyyəti sizi necə tanıyır; Azmı, çoxmu?
- Türkiyəyə ağır
atletika növündə
ən böyük uğurları gətirən
qadın idmançıyam.
Hər
10 nəfərdən 7-si məni
tanıyır.
- Bir idmançı olaraq layiq olduğunuz dəyəri görürsünüz?
- Bizdə ağır atletika növünə böyük dəyər verilmir. Bir sponsor və ya
klub tapmaq belə, çətindir.
Hələ də təmsil
etdiyim klub yoxdur. Bu yaxınlarda
bəlkə "Çaykur
Rizəspor" klubu ilə ilkin razılığa gəldim.
Rəhbərlik ilk dəfə olaraq
klubun tərkibində
ağır atletika bölməsi yaradıb.
- Azərbaycandan dəvət gəlsə, qəbul edərsiniz?
- Azərbaycanla danışıqlarım
olub, sadəcə, şərtlər qanedici deyildi. Bir klubla görüşdüm.
Gələcəkdə şərtlər uyğun olarsa, təbii ki, dəyərləndirərəm.
- Necə fikirləşirsiniz, Türkiyə
ağır atletikası
bir daha Xəlil Mutlu və Naim Süleymanoğlu
yetişdirə biləcəkmi?
- Təbii ki, yox. Onlardan bir daha olmayacaq.
- Amma heç vaxt "heç vaxt" deməzlər...
- Hazırda xeyli istedadlı yeniyetmə və gənc idmançılarımız var,
onlara lazımi dəstək göstərilərsə,
gələcəkdə çox
böyük uğurlar
qazana bilərlər. Məsələn, biri Daniyar İsmailov. Son Avropa çempionatında çox uğurlu çıxış etdi. Sonda da çempion
oldu. Baxmayaraq ki, bu, onun qatıldığı
ilk böyük turnir idi.
Mənim özüm də indikindən daha yaxşı dəstək görəcəyim təqdirdə
nəticələrimin bundan
qat-qat yüksək olacağına inanıram. İdmançı üçün dəyər
çox önəmli
faktordu.
"Azərbaycanda bu idman növünə yüksək dəstək
göstərilməsi məni
çox sevindirir"
- Azərbaycan haqqında nələri bilirsiniz?
- İdmanı haqqında
məlumatım sadəcə,
ağır atletika səviyyəsindədir. "Zirvə" idman klubu haqqında məlumatım var. Ağır
atletikanı geniş maraq dairəsinə gətiriblər. Çox böyük
idman kompleksi yaradıblar. Bir çox
ölkələrdən olan
əcnəbi idmançılara
dəstək göstərirlər.
Bir ağır atlet olaraq Azərbaycanda bu idman növünə
yüksək dəstək
göstərilməsi məni
çox sevindirir.
Adət və ənənələri
bütünlüklə bizimlə
oxşardır. Ağzımızın dadı və
yeməklərimiz də
demək olar eynidir. Yeganə fərqli yeməyimiz
"Südlü aş"dır
ki, o da sizdə var, bizdə yox. (gülür)
- Hansı idmançılarımızı tanıyırsınız?
- Ağır atletika yığmasının üzvü
Boyanka Kostovanı tanıyıram. Tiflisdə keçirilən Avropa çempionatında çox gözəl çıxış etdi.
Formasını qoruya bilsə,
olimpiya və dünya çempionatlarında
da ən azından mükafatçılar
sırasına düşə
bilər.
- Sadəcə Boyankanı?
- Hazırda başqa birinin adı yadıma düşmür.
Bir neçəsini vizual olaraq tanıyıram.
- Karyeranızı
bitirməyi haçana
planlaşdırırsınız?
- Dəqiq bilmirəm. Bacardığım qədər medal kolleksiyamı genişləndirməliyəm.
Xüsusən, qızılların sayını artırmalıyam.
Ən əsası isə, dünya çempionu olmalıyam. Daha sonrakı hədəf olimpiya
zirvəsidir. Bunları bacarmasam,
gözüm arxada qalar.
- Qarşıdan gələn olimpiya və dünya çempionatları üçün
ciddi rəqib hesab etdiyiniz idmançılar kimlərdir?
- Çəkindiyim rəqib
yoxdur. Çünki əvvəlki yarışlara
nəzər saldıqda
onların qazandığı
nəticələr mənimkindən
zəifdir. Amma bir balaca ehtiyatlandığım
Çin idmançısıdır.
- Türkiyədə
hər kəsin tərəfdarı olduğu
bir futbol klubu mütləq var. Maraqlıdır, siz hansı kluba azarkeşlik edirsiniz?
- Mən qatı "Qalatasaray" azarkeşiyəm. "Cim-bom"u lap uşaqlıqdan sevirəm. Oyunlarını daim izləyirəm.
- Bir neçə gün sonra
paytaxtımızda təşkil olunacaq Avropa Oyunları
haqqında məlumatınız var?
- Bəli. Bu, tarixi
bir yarışmadır.
Amma təəssüf ki, ağır atletika bu mötəbər turnirin proqramına salınmadı. Yoxsa, ilk turnirin
ilk qaliblərindən olmağı
çox istərdim.
Ağır atletika o qədər də məşhur, hər kəsin azarkeşlik etdiyi idman növü deyil, amma ölkənizdə
təşkil olunan turnirlər həmişə
ajiotajla qarşılanır,
arena azarkeşlə dolur. Ümumiyyətlə, ölkənizdə idmana verilən yüksək dəyər göz göz önündədir.
Azərbaycanı təmsil edən
idmançılar hər
cəhətdən çox
şanslıdırlar.
Sahib ƏSƏDBƏYLİ
Ədalət.-2015.-27 may.-S.6.