Ustad sənətkar
Mirzə Mənsur haqqında xatirələr
Tahir Hacı ƏZİMLİ
musiqişünas
Dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin ən yaxın dostu və məsləkdaşı,
ilk Əməkdar incəsənət xadimi adı alanlardan biri,
1920-ci ildə Üzeyir Hacıbəylinin sədrliyi ilə təşkil
olnunan muğam komissiyasının üzvü, 1926-46-cı illərdə
Azərbaycan Dövlət Konservatoriyasında muğam sənətini
gənc bəstəkarlara tədris edən müəllim,
ifasında "Rast", "Zabul Segah" və
"Dügah" muğamlarının Tofiq Quliyev və Zakir
Bağırov tərəfindən nota salınması və s.
onun, musiqi mədəniyyətimizdəki xidmətlərinin
qısa səlnaməsidir. O, yalnız mükəmməl
ifaçı deyildi, həm də klassik
muğamlarımızın nəzəri əsaslarını dərindən
bilən iki müqtədir ustadın - Mirzə Fərəc və
Mirzə Sadıq Əsəd oğlu məktəbini davam etdirən,
bu məktəbin çox istedadlı və hünərli
nümayəndəsi idi. İnsanlığa həmişə
qiymət verən dahi bəstəkarımız Üzeyir
Hacıbəyli Konservatoriyada rektor işləyərkən
keçirilən müzakirələrdə və iclaslarda
xatirini çox istədiyi Mirzə Mənsur müəllimi həmişə
yanında əyləşdirərmiş. Həssas
və incə qəlb sahibi olan Mirzə Mənsur müəllim
həm də qəzəllər, qoşmalar və lirik
şeirlər yazmışdır.
Mənsura, musiqini söyləmə
biganələrə,
Çəkmə zəhmət, nə
bilir rütbeyi-insan cəmaət.
1955-ci ildə
Şuşa Musiqi Məktəbinin tar sinfini
bitirərək Bakıya gəldim və Asəf Zeynallı
adına Musiqi Texnikumuna daxil oldum. O vaxtlar musiqi texnikumu Üzeyir
Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının aşağı mərtəbəsində
yerləşirdi. Şöbə müdirimiz, görkəmli
pedaqoq Adil Gəray Məmmədbəyli tələbə dostum
Sabir Quliyevi (Sənətşünaslıq doktoru, professor, uzun
illər Pedaqoji İnstitutun musiqi kafedrasının müdiri işləmişdir)
və məni Mirzə Mənsur müəllimin sinfinə
müəyyən etdi. Mirzə Mənsur müəllim
uca boylu, pəhləvan cüssəli və çox ciddi
görkəmi ilə diqqəti cəlb edirdi. Oturuşu, tarı sinədə tutması, xüsusilə
çox ahəngdar çalğısı istər-istəməz
qarşısındakı şagirdini də cuşa gətirirdi.
Tar bu qüdrətli sənətkarın əlində sanki bir
orkestr təntənəsi yaradırdı. Birinci
kursu beləcə məşğul olduq. Yaşının
ixtiyar çağını nəzərə alaraq (artıq
70 yaşına çatırdı) evində məşğul
olmağını məsləhət görmüşdülər.
İçərişəhərdəki iki otaqdan
ibarət mənzilin böyük otağı muzeyi
xatırladırdı. Otağın
yuxarı başında masanın üzərində Üzeyir
Hacıbəylinin şüşə çərçivə
içərisində nisbətən böyük portreti, ətrafında
isə bu dahi şəxsiyyətlə bağlı sənət
adamlarının qrup halında və ya tək-tək şəkilləri
nəzəri cəlb edirdi. Otağın
bir hissəsi bir növ Üzeyir Hacıbəyli guşəsi
təsiri bağışlayırdı. Mirzə Mənsur
müəllim danışırdı ki, Üzeyir bəyin vəfatından
sonra bir neçə il tarını
futlyardan çıxarmayıb və işdən də
çıxıb. 1942-ci ildə Böyük Vətən
Müharibəsində Kurskda qəhrəmanlıqla həlak
olan yeganə oğlu, 30-cu illərin çox istedadlı,
virtuoz tarzəni Ənvər Mənsurovun dərdinin üzərinə
Üzeyir bəy dərdi də gəlib. Yalnız
mərhum bəstəkarımız Süleyman Ələsgərov
Musiqi Texnikumuna direktor təyin olunduqdan sonra muğamlarımızın
gələcəyi naminə Mirzə Mənsur müəllimi
işə cəlb edə bilib. Etiraf edim
ki, rəhmətlik Mirzə Mənsur müəllim mənə
əsl ata qayğısı ilə münasibət göstərirdi.
Yəqin bunun bir səbəbi də mənim də
atamın 1942-ci ildə Kerç cəbhəsində həlak
olması idisə, digər səbəbi dahi Üzeyir bəyin,
Mirzə Sadığın və Cabbar Qaryağdı
oğlunun həmyerlisi olmağımda idi. Nəql
edərdi ki, Mirzə Sadıq Əsəd oğlu Hacı
Hüsü ilə tez-tez atası Məşədi Məlik Mənsurovun
qonağı olardılar. Qardaşı Məşədi
Süleyman və o, özü də bu gəlişdən istifadə
edərək ondan muğamları öyrənirdilər. Əlbəttə, müntəzəm məşğələlər
Mirzə Fərəclə aparılırdı. Bir dəfə Mirzə Mənsur müəllim, Sabir
və mən evin damına qalxdıq. Dəniz
o qədər yaxın görsənirdi ki, mənə elə gəldi
ki, əlimi uzatsam suya vura bilərəm. Yan
tərəfində Qız qalası, qarşımızda sonu
görünməyən mavi dəniz. Mirzə
Mənsur müəllim nəql elədi ki, burada məclis
qurulub, Mirzə Sadıq öz dəstəsi ilə
çalıb, Hacı Hüsü oxuyub. Danışdı
ki, ətrafda görünən mülklərin əksəriyyəti
onlara məxsus idi. Onlara məxsus olan
balıq vətəgələrindən və ticarətindən
yüksək gəlir əldə edilirdi. Sovet
hakimiyyəti qurulduqdan sonra bunların hamısı əllərindən
alınıb. Mirzə Mənsur müəllim
heç vaxt Sadıqcan sözünü işlətməzdi.
Belə hesab edirdi ki, ermənilər onu belə
adlandırıblar. O, yalnız Mirzə Sadıq Əsəd
oğlu sözünü işlədərdi və bu mənada
o, haqlı idi.
Otaqda
divardan asılan çox gözəl sədəfli bir tar sanki
öz sahibinin qüssəsini çəkir və yolunu
gözləyirdi. Bu tar Ənvərin tarı idi. Onu Mirzə Mənsur müəllim özü düzəltmişdi.
Hətta yaxın qohumlarından biri gəlib,
"Daha Ənvər gəlmədi, o tarı ver aparım"
deyəndə, Mirzə Mənsur müəllim
sarsılmış və çox əsəbləşmişdi.
Divardakı şəkillərdən biri də sevimli
müəllimi, Bakı Muğam Məktəbinin
yaradıcılarından biri olan, tarzən Mirzə Fərəcin
(bəstəkar Ağabacı Rzayevanın babası) şəkli
idi. Mirzə Mənsur müəllim fasilə anlarında
şəklin qarşısında dayanaraq ustadının ruhuna
dualar edər və salavat çevirərdi. Məlumdur ki, Mirzə Fərəc bütün
bildiklərini yalnız sevimli şagirdi Mirzə Mənsur
müəllimə öyrətmişdi. Gəncliyində
saz çalmağı da xoşlayırmış. Mirzə Mənsur müəllim nəinki
muğamlarımıza, həmçinin tarın özünə
belə çox konservativ münasibəti var idi. Məsələn, tarın sədəflə bəzədilməsini,
qoluna kapron pərdə bağlanmasını (yalnız
bağırsaqdan olmalı idi) sevmirdi. Belə
hesab edirdi ki, bunlar tarın təbii səslənmə tembrinə
mənfi təsir göstərir. Tarın
çanağı ilə qol, kəllə və
aşıqların çəki etibarilə tənasüb
olmasına üstünlük verərdi. Yəni,
çanağın içərisi o qədər yonulmalı
idi ki, bu tənasüblük təmin olunsun. Mizrabın keçi buynuzundan olmasını vacib
sayırdı. Onun öz tarı
bütün bu keyfiyyətlərə malik idi, çox şəffaf
rezonansı və ahəngi ilə seçilirdi. Həm də
özünün düzəltdiyi sədəfli tar Parisdə və
İstanbulda keçirilən beynəlxalq sərgilərdə
nümayiş etdirilmişdir. Muğamların təmkinlə
çalınmasına və vəzninə xüsusi diqqət
yetirərdi. Belə hesab edirdi ki, indi
muğam çalmırlar, etüd çalırlar. Biz dərsimizi bitirib otqdan çıxarkən
görkəmli tarzənlərimizdən ya Qurban Pirimov, ya da
Əhsən Dadaşovla qarşılaşardıq. Hər ikisi tarları ilə gələrdilər.
Əhsən Dadaşovun özünəməxsus
ifa tərzi yəqin ki, həmin ünsiyyətin nəticəsi
idi. Görkəmli bəstəkarlarımızdan
Səid Rüstəmov, Arif Məlikov, unudulmaz tarzənimiz
Əhsən Dadaşov və musiqişünas Nadir Əhmədov
da muğam sənətini onun sinfində öyrənmişlər.
1957-ci ilin Novruz Bayramı günləri idi. Sabirlə mən
dərsimizi bitirdikdən sonra Mirzə Mənsur müəllim
bizi süfrə arxasına dəvət etdi. Doğrusu, çox sıxılırdıq. Lakin Mirzə Mənsur müəllim təkid etdikdən
sonra masa arxasında əyləşdik. Həyat
yoldaşı süfrəyə plov gətirdi. Bundan sonra şirniyyat süfrəsi
açıldı. Mirzə Mənsur
müəllim təkid etdi ki, bayramdır, mütləq gərək
çayınızı şirin edəsiniz.
Onun həyat yoldaşı (Allah ona rəhmət eləsin)
o qədər həyalı qadın idi ki, çox nadir hallarda
ötəri gözə dəyərdi. Başında
həmişə qara çarşabı olardı. Bu
çarşab həm də yeganə oğlunun dərdini
iç dünyasında yaşadan ananın iztirablarını
sanki ətrafdakılardan gizlədirdi.
Biz
qapıdan çıxarkən əlindəki bağlamanı mənə
uzadaraq: Oğlum, rayondan gəlmisən, apar evdə yeyərsən,
dedi. Mən minnətdarlıq edərək qəbul
etdim.
Mirzə Mənsur müəllimin ifası çox ifadəli,
ahəngdar, qətiyyətli və bitkin idi. Mənə elə
gəlirdi ki, o tar çalarkən sanki şirə, pələngə
çevrilirdi (hətta yaşının ahıl
çağlarına baxmayaraq). Onun ifa
üsulu bir tərəfdən ilk müəllimi Mirzə Fərəci
ifadə edirdisə, digər tərəfdən Mirzə
Sadıq Əsəd oğlunun ifa tərzini
bütünlüklə mənimsəyən şuşalı
tarzən Lazarın vasitəsilə Mirzə Sadıq məktəbinə
yiyələnmişdi. Onların evindəki
məclisdə Lazar öz dəstəsilə
çıxış edərkən Mirzə Fərəc ona
irad tutur ki, sən tamamilə Mirzə Sadığı
yamsılayırsan. Hər kəsin öz
yolu olmalıdır. Və araya mübahisə
düşür. Məşədi Məlik aranı sakitləşdirərək
deyir: "Məgər Mirzə Sadığı yamsılamaq
asan işdirmi?". Hamı
sakitləşir.
1905-ci ildə Bakıda baş verən hadisələr
zamanı ermənilər daşnak partiyasına ianə vermədiyinə
görə Lazarı ölümlə hədələyirlər
və o, Kiyevə köçməyə məcbur olur.
Mirzə Mənsur müəllim həm də cəfakeş
baba idi. Ənvərin yeganə oğul yadigarı olan nəvəsi
Arifin tərbiyəsi ilə özü məşğul olur,
onun layiqli bir insan kimi yetişməsinə daim diqqət və
qayğı göstərərdi. Arif Mənsurov
uzun illər respublikamızın Ekologiya və Təbii Sərvətlər
Komitəsinin sədri işləmişdir.
"El" jurnalının 40-cı nömrəsində
Arif Mənsurovun həyat yoldaşı Cəmilə
xanımın xatirələri əsasında N.Bədəlovun
"Böyük İnsan diplomu" məqaləsi dərc
olunmuşdu. Bu yazı məni çox təsirləndirdi.
Arif Mənsurov
Politexnik İnstitutunu bitirdikdən sonra babasının
yanına gəlir və ali təhsil
diplomunu ona göstərir. Mirzə Mənsur müəllim
diplomu əlinə alır, o tərəf-bu tərəfə
baxdıqdan sonra ona qaytarıb deyir: "Çox gözəl,
ali təhsil aldın, mühəndis oldun. O gün olsun ki, bir
insanlıq diplomu da alasan. Sağ olsam, bu mənzilimə,
ölsəm də o mənzilimin üstünə gətirib
göstərərsən. Arxayın ol, hər iki halda görüb,
sevinəcəyəm!..".
Ruhun şad olsun, Mirzə Mənsur müəllim. Sən
sağlığında dosta sədaqətinlə, təmizliyinlə,
musiqimizə xidmətinlə Böyük insan diplomunu
qazanmısan! Allah sənə rəhmət eləsin!..
Ədalət.-2015.-3 noyabr.-S.6