Kitab aləminə səyahət

 

Azərbaycanın mədəniyyət abidələri təkcə xarici strukturuna görə fərqlənmir. Elə abidələrimiz var ki, onu xarici görünüşü ilə bərabər daxili dünyası özü insana bir başqa mədəniyyət aşılayır. Məsələn, daxilində bir neçə "ölkə"nin yer aldığı M.F.Axundov adına Milli Kitabxana "dünyası"... 97 illik tarixi yaşı olan bu mədəniyyət abidəsinin təməli 1922-ci ildə qoyulub. 1939-cu ildə isə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

"Elektron kitabxana”

Azərbaycan gənclərinin kitaba və oxumağa maraq səviyyəsinin aşağı olması barədə deyilənlər artıq klassik mövzuya çevrilib. Aparılan araşdırmalar, keçirilən sorğular bunu təsdiq edir. Azərbaycanın ən çox oxucusu olan Axundov adına Milli Kitabxanada bunun tam əksinin şahidi oldum. İnanılmazdır... Oxucu zalında demək olar ki, boş yer yox idi. Kitabxanalar haqqında "Qocalar evi" anlayışının haradan peyda olması haqqında düşüncələrə dalmaq isə yersiz idi. Ölkənin ən böyük kitabxanasında yaradılmış şərait son 2 il ərzində kifayət qədər təkmilləşib. Burada Ümumi oxu zalından əlavə humanitar və texniki oxucu zalları, o cümlədən yeni əsrin tələblərinə cavab verən strukturların yaradılması mənə əsas verir ki, mətbu yayımlardakı "siqnalları" təkzib edim. Hər halda min eşitməkdənsə bircə görmək yaxşıdı. Şahid olduqlarımın çərçivəsində kitabxanda elektron oxucu bölmələrində bir sıra yenilikləri tanıdım. Milli Kitabxanda demək olar ki, istifadəçilərin "kağız-qələm"lə yoldaşlığı da zəifləyib. Yaxşı mənada. Çünki artıq kompüter şəbəkəsi vasitəsilə kitab sifarişi edərkən ədəbiyyatın adını və şifrəsini ayrıca vərəqlərə yazıb təqdim etmək dövrü başa çatıb. Burada birbaşa elektron sifariş edilir ki, bir neçə dəqiqədən sonra oxucu kitabxanada quraşdırılmış geniş ekran tablosunda sifarişinin gəldiyi barədə məlumatlanır. Milli Kitabxanada elektron resurslar bölməsində yeni yaradılmış azad internet şəbəkəsi də yeniliklərdən biridir. Direktor müavini kitabxana bazasında yerləşən kitabların və dissertasiya işlərinin çox hissəsinin elektronlaşdığını söyləyib: "Bu proses skaner qurğuları vasitəsilə aparılır ki, yaxın zamanlarda kitabxanamızda bütün kitablar bu qaydada elektron formata salınacaq. Milli Kitabxana Azərbaycanın ən böyük kitabxanası olduğu üçün bura müraciət edən oxucuların sayı da kifayət qədərdir. Biz gündəlik bu cür izdihamlarla rastlaşırdıq, lakin indi yeni texnologiyanın tədbiq edilməsi, kompüter və planşet qurğularının quraşdırılması həm bizim, həm də oxucuların işini asanlaşdırr. Gördüyünüz kimi elektron kitabxana bölməsində kompüter və planşet qurğuları vasitəsilə oxucular lazımlı materialları əldə edə bilirlər".

"Yekunlar” da bizim gördüyümüzü təsdiq edir...

Milli Kitabxananın rəhbərliyi mənə illik hesabatlarını təqdim edəndə anladım ki, əslində bu statistik rəqəmlər Azərbaycanda 50-dən çox Ali məktəbdə təhsil alan 100 mindən artıq tələbə sayına görə kifayət qədər yüksək rəqəmdir. Hər halda bu bizi sevindirməlidir. Bu ilin yekunları açıqlanmadığı üçün sizi ötən ilin yekun hesabat rəqəmləri ilə tanış edirəm:

Milli Kitabxananın ümumu fondu 4 568 838 nüsxə təşkil edir ki, bunun 2 379 495 nüsxəsi kitab və kitabçalar, 2 189 343 nüsxəsi isə digər sənədlərdir. 2014-cü ildə kitabxanaya 24 049 nüsxə ədəbiyyat daxil olmuşdur. Daxil olmuş yeni nəşrlərin 12 836 nüsxəsini milli ədəbiyyat təşkil edir.

Cari ildə kitabxanaya 34 923 nəfər oxucu üzv olmuşdur və ümumilikdə oxucuların sayı 75 526 nəfərə çatmışdır. İl ərzində davamiyyət 177 511 nəfər, kitab verilişi isə 874 947 nüsxə olmuşdur.

Virtual oxucuların (sayt və elektron kitabxanadan istifadə edənlər) sayı-647 405, virtual sifarişin xidmətlərindən 1331, Rusiya Dövlət Kitabxanasının Dissertasiyaların virtual oxu zalından və Azərbaycanda müdafiə olunmuş dissertasiyaların elektron məlumat bazasından istifadə edənlər 1021 nəfər olmuşdur.

Geridə qoyduğumuz ildə 107 922 biblioqrafik yazı Virtuaya daxil edilmişdir. 20 637 elektron resurs rəqəmsallaşdırılaraq, elektron kitabxanaya daxil edilmişdir. Ümumilikdə elektron kitabxanada 97 721 elektron resurs vardır.

2014-cü ildə milli kitabxanalara, xarici ölkələrdə olan səfirliklərə, beynəlxalq kitab sərgi-yarmarkalara və s. ümumilikdə 3486 nüsxə ədəbiyyat göndərilmiş, 1366 nüsxə ədəbiyyat isə kitabxanaya daxil olmuşdur.

Bələdçi və mən

Artıq baş çəkdiyim yerlərdə "Dəvətsiz qonaq" statusu almaq adətinə öyrəncəliyəm. M.F.Axundov adına Milli Kitabxananın idarə heyəti də gəlişimi nə qədər təəccüblü qarşılasalar da, bəlkə də ondanda artıq qayğının şahidi oldum. Kitabxananın direktoru Kərim Tahirovla görüşə bilmədim. Direktor müavini Əməkdar mədəniyyət işçisi Ədibə İsmayılova məni qarşıladı. Mətbuata qarşı qayğıkeş və səmimi br insanla rastlaşdığım üçün planlaşdırdığım reportajı hazırlaya biləcəyimə əmin olmuşdum. Hər halda bu insanın əməyini qeyd etməmək günah olardı. Hətta günün sonunda oxucu sıxlığının azalmasından yaralanaraq kitabxanaya üzv oldum. Qeyd edək ki, yeni üvlük kartları dəyişdirilərək plastik kartlarla əvəz olunub.

Ekskursiyamızı kitabxananın sərgi zalı ilə başladıq. Xatırladaq ki, Bir neçə gün öncə xalq şairimiz Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd olundu. Bunla bağlı sərgi güşəsində "Bəxtiyar Vahabzadə -90" adlı geniş kitab sərgisi ilə tanış olduq. Sərgidə görkəmli qələm adamının poetik istedadını əks etdirən 200-dən çox şeir kitabı və seçilmiş əsərləri nümayiş olunub. Həmçinin daimi sərgi güşələri də milli mədəniyyət ocağını bəzəyən atributlardan hesab olunur.

"Kitab tarixi faktı əks etdirən güzgüdür”

"Nadir kitablar fondu və kitabxana-muzey" şöbəsi belə demək mümkündürsə qədim ensiklopediya mərkəzidir.

Bizi şöbə müdiri Şəhla Nağıyeva qarşıladı. Fondun daxilində Azərbaycan ədəbiyyatı bölməsi, Format üzrə qruplaşdırılmış ədəbiyyat bölməsi, Jurnal və digər ardı davam edən nəşrlər bölməsi, Eelektron informasiya daşıyıcıları bölməsi, sistemli ədəbiyyat bölməsi, Qəzet fondu bölməsi, Böyük formatlı ədəbiyyat və xəritələr bölməsi yer alıb.

Şöbə müdirinin dediyinə nəşr tarixi baxımından ən qədim kitab 1573-cü ildə çap olunub. "Homer haqqında ədəbiyyat tarixi" adlı bu əsər qədim latın əlifbası ilə yazılıb: "Bu şöbə müxtəlif vaxtlarda başqa kitabxanaların kitab fondu əsasında formalaşıb. "Bakı ictimai yığıncağı", "Rusiya İmperatorunun Texniki Cəmiyyəti"nin kitabları və daha sonra müxtəlif nəşriyyatlardan pulsuz nüsxələr əsasında biz bu kolleksiyanı yaratmışıq. Digər kitabımız 1595-ci ildə alman dilində dilində yazılmış "Türklər haqqında on nəsihət" adlanır ki, Yena şəhərində Tibuyam Ştayn tərəfindən nəşr olunub. Sözü gedən kitabda Türklərin məişət həyatından, apardığı tarixi müharibələrdən, tarixi səfərlərindən və uzun müddət davam edən xöşbəxt həyatlarından söhbət gedir. Bu nadir incilər onun göstəricisidir ki, türklər qədim tarixə malikdir. Növbəti kitab isə 1599-cu ildə Çexiyanın paytaxtı Praqada latın dilində çap olunmuş "Tüklərin tarixi" adlı kitabdır".

-Göstərdiyiniz kitab türklər haqqında ən köhnə yazılı mənbə ola bilərmi?

- Xeyr, türklərlə bağlı bir çox qədim mənbələr var. Hətta onu qeyd edim ki, ən qədim yazılı mənbələrdə məhz türklər haqqında məlumatlar əks olunub. İlk yazılı mənbələrdə avropa ölkələrindən çox türklər haqqında məlumat verilib. Kitab tarixi faktı əks etdirən güzgüdür.

Şəhla xanım deyir ki, kitabxananın "Nadir kitablar fondu və kitabxana-muzey" şöbəsində saxlanılan ən qədim nüsxələr qədim latın dilində yazılıb: Burada elə kitablar var ki, bu günümüzə kimi təcümə etmək mümkün olmayıb. Çünki qədim latın dili ilə müasir latin əlifbası arasında böyük fərqlər var. Digər rəfdə gördüyünüz kitablar əsasən 16-17-ci əsrə aiddir ki, onları bu günümüzə kimi olunmayıb. Çalışırıq ki, tərcümə bu nüsxələri tərcümə etdirək, bura gələn qonaqlara maraqlı olan nüanslardan biri də gördükləri kitabların nədən bəhs etdiyini bilməkdir. Azərbaycanda dilçi alimlər və internet resursları bu sahədə bizə müəyyən vaxtlarda tərcümə işini həyata keçirməkdə yardımçı olublar. Dünya ədəbiyyatından da kifayət qədər materiallarımız var. Sizə Şekspirin, Şillerin, Alksandır Düma və Hötenin kitablarını göstərə bilərik.

Burada nadir nüsxələr təkcə dünya ədəbiyyatı inciləri ilə kifayətlənmir. Azərbaycan ədəbiyyanın klassikləri haqqında qədim nəşrlərə rast gəlmək olar.

Şöbədə Azərbaycan klassiklərinə həsr olunmuş güşəyə tamaşa edəndə başqa bir rəngin ahəngini duymaq olardı. Bu ahəng həm də fərqli hissləri fərqli rəngdə insana bəxş edirdi.

1855-ci ildə fars dilində çap olunmuş yaradıcılıq nümunəsi dahi şairimizin göz oxşayan simasını vəd edirdi. Şöbədə Nizami Gəncəvi ilə yanaşı Xəqani Şirvani və şərqin görkəmli mütəfəkkirlərinin əsərləri yer alıb. Sədi Şirazi, Hafiz Şirazi, Ömər Xəyyam kimi dahi şəxsiyyətlərin əl nümunələri var. Əbdül Qasim Frdovsinin "Şahnamə" əsəri də bizim kitabxanda yer alıb. Bu kitab 1859-cu ildə fars dilində çap olunmuş nadir tapıntılardan biridir. Digər rəfdə dünya ədəbiyyatının hind abidəsi sayılan 1911-ci ildə nəşr olunuş "Kəlilə və Dimnə" əsəri yerləşib.

Şöbə ilə tanışlığımız ərəfəsində daha bir maraqlı məqam göz yadaşımdan çıxa bilməzdi. Şəhla xanımın təqdim etdiyi gerçək nüsxəsinə həsrət qaldığımız tarixi bədii kitablarımızın fotofaks olunmuş variantlarını görməyin özü belə insana müəyyən duyğular yaşadır. Söhbət "Kitabi Dədə Qorqud” kitabından gedir: "Drezdən ktabxanasında olan bədii abidənin fotofaks variantı Axundov adına Milli Kitabxanda saxlanılıb. Sağ kənardakı vitrində isə 1732-ci ildə çap olunmuş Katib Çələbinin "Cahannüma"sıdır. Burada Azərbaycanın xəritəsi əks olunub. Deyilənə görə, bu tarixçi səyyah Övliya Çələbinin nəslindən olub.

Növbəti vitrində yerləşən kitab isə ilk Azərbaycan əlifbasında qələmə alınmış əsərlərdən biridir. Bu kitabın digər incilərdə fərqləndirən cəhət təkcə tarixiliyi ilə seçilmir - Bəlkə də bu günə kimi ən geniş ada malik bir kitaba rast gəlmişdim. Adını söyləməkdən yorulmayan bələdçi kitabın adını belə təqdim etdi: "Məzidi-izzət və müqəddəs cənablu mübaliğə ilə hökmdari-padşahi-ə'zəmi-imperatoriçə Yekaterina saniyə həzrətlərinin cəmi Rusiyyə imperiyasında əyalətlərin nizam və tərtibi üçün icad və imla olunmuş qanuni-cəddidir" Sankt-Peterburq, 1779.

Sözü gedən kitab həmin tarixdə Rusiyada yaşayan azərbaycanlı cəmiyyəti üçün tərtib olunuş əsərdən ibarətdir.

Ümumiyyətlə kitab çapı 15-ci əsrdən etibarən başlayıb, bu günümüzə qədər təkmilləşmiş şəkildə davam etməkdədir.

"Nadir kitablar fondu və kitabxana-muzey" şöbəsinin rəngarəngliyi və cazibədarlığı həmçinin onunla ifadə olunur ki, burada qədim tarixə malik kitablarla bərabər, qeyri-adi tərtibatda hazırlanmış və poliqrafik cəhətdən fərli dizayn edilmiş nümunələrə da rast gəlmək mümkündür. Əsasən elmi və uşaq ədəbiyyatını əhatə edən bu tip kitablar arasında nəfis tərtibatına görə beynəlxalq müsabiqələrdə yer tutanları da var. Cingiz Əlioğlunun "Çərçivə" adlı kitabı buna misal ola bilər.

Kitabxananın adı çəkilən şöbəsində böyük formatlı ədəbiyyat bölməsi ilə bərabər miniatür kitablara da rast gəlmək olar. Ölçüsü 10 sm-dən az olan bu kitabların yer aldığı şöbədə kiçik formatlı kitablar üçün ayrılmış rəfdə bır sıra nadir incilər saxlanılıb. "Moy Baku" kitabı buna misaldır. Uşaq ədəbiyyatına dair nümunələri sırasına daxil edəcəyimiz 1945-ci ilin nəşrlərinin də yer aldığı rəfdə sözü gedən nüsxələrin tərtibatında maraqlı fiqurlar əks olunub. Şöbədə "Molla Nəsrəddin" jurnalının ilk nüsxəsi, 1732-ci ildə tərdib edilmiş xəritə və bir sıra nadir nümunələr yerləşib.

Kitabxananın mətbuat "ölkəsi”...

Oxucularin fəal toplaşdığı növbəti şöbələrdən biri isə Mətbuat orqanları və nəşrlər şöbəsidir. 2-3 mərtəbə aşağıda yerləşən bu "ölkə"də Azərbaycan mətbuat tarixinin keçmişdən bu günə kimi davamlı nəşr olunan nümunələri saxlanılır. Mətubat işçisi öz yazısına gəlib burada baxa bilər. Qəzet fondunda əsasən 1920-ci ildən sonra çap olunmuş Azərbaycan və rus dillərində qəzetlər saxlanılır. Fondun tərkibində Azərbaycan qəzeti arxivi yaradılıb. Elmi, bədii-publisistik və digər janrlarda çap olunan jurnal və qəzetlərin saxlanıldığı şöbənin oxucu zalında fəlakət hökm sürsə də, bu, heç də bura gələn oxucuların sayının az olması demək deyildi. Yaşlı nəsil nümayəndələri ilə bərabər cavan nəslin nümayəndələrini də görmək olardı. İyirminci əsrin əvvəllərində çap olunmuş ən köhnə qəzeti olan "Şərq qapısı" (1934) soruşanda şöbənin işçisi onu axtarmağa ehtiyac duymadı: "Bir az əvvəl onu sifariş ediblər. Həmin qəzeti oxu zalında tapa bilərsiz".

Ədibə xanımın müşayiəti ilə oxu zalına daxil olduq, yaşlı bir oxucu həmin qəzeti vərəqləyirdi. İcazə alıb şəklini kameranın yaddaşına köçürdüm. Bununla bərabər yeni dövrün mətbuat orqanlarının nəşrlərini də yaddan çıxara bilmədik.

Düşünürəm ki, bugünkü çəkilişə "bir əsrin yaddaşı" qeyd edə bildim. Buna "bir əsrlik ölkədən" reportaj da demək olardı. Milli kitabxana geniş bir dünyadır, həqiqətən belə bir dünyada "ölkələr"i gəzib dolaşmaq qürurverici haldır.

Rüfət Soltan

Ədalət.-2015.-3 noyabr.-S.4.