NƏRİMAN
SÜLEYMANOVU UNUTMURUQ...
II məqalə
Nəriman Süleymanovun hekayələri haqqında
ayrıca söz açmaq olar. Deyim ki, onun hekayələri
bu canrın poetikasına yaxşı bələd olan bir
müəllifin sözün əsl mənasında
ustalığından xəbər verir. Hekayədə
-bu "kiçik" janrda maraqlı süjet qurmaq, dolğun
obrazlar yaratmaq və canlı həyat lövhələri ilə
diqqəti cəlb eləmək heç də asan deyil. Nəriman Süleymanovun bir neçə hekayəsi
var ki, onları qeydsiz-şərtsiz o dövrün ən
gözəl hekayələri sırasına qatmaq olar.
"Lal", "Qaraçı qızı", "Ruhlar
çağırır", "Təndirlər
qalandı", "Qu quşu", "Məhəbbət",
"Buğda biçinində", "Yetər nənə",
"Bənövşə", "Od" hekayələri Nəriman
Süleymanovun bu canrda uğurlarından soraq verir. "Lal" hekayəsinin qəhrəmanı
uşaqlıqdan dili tutulan, danışıq qabiliyyətini
itirən Göyçə adlı bir oğlandır.
"O, ucaboy, sümüklü bir oğlan idi. Kürəyinin
arasında bir adam gizlənərdi. Qıvrım saçları, günlüyü uzun
şapkasının altından çıxıb alnına
dağılmışdı. Bürkü
olduğundan üst köynəyini
çıxartmışdı. Əynində
qolsuz tor köynək vardı".
Hekayə onun zahiri portretinin təsviri ilə
başlayır.Dili lal olsa da, Göyçə ətrafında
cərəyan edən hadisələrə həssaslıqla
yanaşır, kobudluğu, biganəliyi
bağışlamır, ona olan münasibətin təmiz ya
saxta olduğunun fərqinə varır. O, ot
biçininində hamıdan bacarıqlı olan
Alpaşanın əməkgününün kəsilməsinə
etirazını bildirir, bu işdə təqsirkar olan briqadir
Dünyamalını çəkə-çəkə
mühasibin yanına gətirir, haqsızlığı aradan
qaldırır, ədaləti bərpa edir. Briqadir
Dünyamalı istəyir ki, dul bacısı Tamaşanı
Göyçəyə ərə versin. Kimi-kimsənəsi
olmayan, özgə qoltuğunda yaşayan yetim bir qız-Zərnişanın
da Göyçədən umacağı var. "Tamaşa ona ərə
getsə, dağı-daşı yandırram, onun
saçlarını bircə-bircə yollam. Özüm gedəcəyəm,-deyə yetim qız
inad edirdi". Bəs Göyçə kimə
meyl edir? Müəllif bu məqamda
obrazın daxili aləminə enir, diqqətini psixoloci aspektə
yönəldir. Göyçə
Tamaşanın-bu dul qadının zahiri gözəlliyənə
məftun olsa da, onun soyuqluğunu, lallılığına
görə etina etməməsini hiss edir, bunu bir ağrı
kimi yaşayır, hətta anasına da etirazını ifadə
edir. Amma hekayə heç də bədbin notlarla bitmir,
Göyçə Zərnişanın yanına gəlir:
"Lal şəhadət barmağını
qoşalaşdırıb bir-birinə sürtdü. Başa saldı ki, səni aparmağa gəlmişəmgKəndin
başındakı evdən işıq gəlirdi. Lal və yetim qız evə tələsirdilər".Buna
"xoşbəxt final" da demək olar. Amma bu final süni deyil, obrazın daxili təkamülünün
nəticəsidir ki, sonu bu məqama gəlib yetişir.
Başqa bir hekayə- "Məhəbbət"-ənənəvi
mövzuda yazılsa da, ənənəvi təsir
bağışlamır. Hekayənin qəhrəmanı
Bağçagül sadə bir ailənin övladıdır,
Böyük Vətən müharibəsi zamanı atadan, anadan
yetim qalıb. Atası müharibədən
qayıtmamış, anası isə xəstələnib vəfat
etmişdi. Onu balaca vaxtından ana nənəsi
Xanbacı və babası usta Yusif
böyütmüşdü. Bağçagülün
gözəlliyinə heyran olan Ənvər adlı varlı bir
gənc ona elçi düşür. Amma
Bağçagül onu deyil, özü kimi sadə bir gənci-Qulunu
sevir.Hekayə novellavari bir sonluqla bitir.
Bağçagül gələn elçilərin
qarşısına iş paltarında çıxır və
varlı evin adamları "bu qız nə kökdədir?"
deyə narazı baxışlarla geri qayıdırlar. Beləliklə, adi bir görünüş qıza
elçi düşənləri çaşdırır.
İki aləm-iki dünyagörüşü
üz-üzə gəlir. Bağçagülə
elçi gələcək deyə ona "vəfasız"
söyləyən Qulu isə dediyi sözə görə xəcalət
çəkir.
"Qu quşu" hekayəsində "xoşbəxt
final" baş tutmur. Hekayənin qəhrəmanı Adilə
sadə bir peşə adamıdır-suvaqçıdır.
Gözəl qızdır və müəllif onun zahiri gözəlliyini
təsvir etmək üçün boyalarını əsirgəməmişdir:
"Su sonası tək incə bir qızdır. Qara gur
saçları çiyinlərinə tökülür, ağ bənizində gözləri bir cüt
qara muncuq tək görünür. Güləndə
yanaqları batır, gözləri azca qıyılır.
Bunlar onu daha da qəşəng və şirin
göstərir. Qızın
danışığı, hərəkətləpri də incə
və zərifdir. Kamil bu göyçək
qıza aşiq olub. Ondan ötrü lap ürəyi
gedir". Adilə də Kamili sevir. Amma onların xoşbəxtliyi baş tutmur,
çünki Kamil sevdiyi qızın toz-torpaq içində
işləməyini istəmir, ona təklif edir ki, kino-teatrda
biletsatan işləsin. Adilə uzun
müddət tərəddüd edir, sonda onun təklifi ilə
razılaşır. Amma bilet satmaq, bütün
günü dar bir otaqda guşənişin olmaq Adiləni
bezdirir və o, iş yerini tərk edir. Kamilə
təzə mənzil verirlər və o, bu mənzildə Adiləni
düşünür. "Divarlar
ağappaq idi. Pəncərələrin
yanları da gözəlcə ağardılmışdı.
Ağ suvaqlı tavan şüşə tək
parıldayırdı. Kamil bunların
hamısında bir səliqə və gözəllik
gördü. Bu divarlarda mənətkar əli
gəzmişdi. Bəlkə onun bu mənzilini
də Adilə suvamışdı. Kamil
birdən sıçrayıb ayağa qalxdı". Belə görünür ki, Kamil artıq
peşimandır və bu da təbiidir. Çünki
o, Adiləni doğrudan da həqiqi məhəbbətlə
sevir. Ancaq təbiətindəki dəyişkənlik,
Adilənin peşəsinə yüngül münasibəti,
sadə fəhlə əməyinə xor baxması Adilədə
də dəyişkənlik yaradır. Kamil Adiləni səsləyir,
Adilə isə: "Nə fikirləşdisə, birdən
üzünü ondan çevirdi, qaçıb avtobus
dayanacağında fəhlə yoldaşlarına
qarışdıgKamil dönüb son dəfə qızın
ardınca baxdı. Adidə yenə ağappaq
paltarda cilvələnirdi. O, daha qəşəng, daha
gözəl görünürdü. Lakin bu Qu quşu ondan
uzaqlara uçurdu" . Hekayənin
belə sonluqla bitməsi inandırıcıdır.
Heç şübhəsiz, Kamil də, Adilə də öz
xoşbəxtliklərini tapacaqlar, amma birləşə, bir
könül ola bilmədilər.
Nəriman Süleymanovun yaradıcılığında
onun povestləri də əhəmiyyətli yer tutur.
Azərbaycan nəsrinin 60-80-ci illər mənzərəsini, o illərdə yazılan əsərləri nəzərdən keçirəndə povest canrının öncül mövqeyini görməmək mümkün deyil. Hətta deyə bilərəm ki, həmin onilliklərdə nəsr əsərləri içərisində ən çox oxunan də məhz povest idi. Xüsusilə miniatür povestlər daha çox yazılırdı. Bu sırada Nəriman Süleymanovun povestlərini də xatırlamamaq mümkün deyil.. Onun "Məhəbbət çölü", "Əsas ürəkdir", "Qurumuş budağın nağılı", "Keçən günün əzabı", "Sevən həmişə tapılar", "Ömrün iki payızı", "İnsan yaşayır", "Tərs külək", "Qocalar və uşaqlar", "Adam yalnız soyuqdan üşümür" adlı çox maraqlı, oxunaqlı povestləri var. Bu povestlərdən yalnız biri- "Tərs külək" şəhər həyatından bəhs edir, digər adını çəkdiyimiz povestlərin hər biri kəndə həsr olunub. Ümumiyyətlə, Nəriman Süleymanovun nəsr yaradıcılığı Azərbaycan kəndinin keçmişinə və bugününə bədii baxışdır,-desək, qətiyyən yanılmarıq. Hətta belə bir qənaətə gəlirik ki, Nəriman Süleymanov da Süleyman Rəhimov, Əli Vəliyev, Sabir Əhmədli, Bayram Bayramov, İsa Hüseynov kimi kənd nəsrinin nümayəndəsidir. Yəni bu o deməkdir ki, Nəriman Süleymanov da özünə ustad sandığı bu nasirlər kimi kəndi, onun məişətini, adət-ənənələrini, insanlarını-onların psixologiyasını, kənddə baş verən sosial-mənəvi problemləri, ziddiyyət və münaqişələri dərindən müşahidə edir və kənddən danışanda ona idillik naxışlar vurmur, hər şeyi olduğu kimi -bütün mürəkkəbliyi və ziddiyyətləri ilə bədii təsvir hədəfinə çevirir.
Onun təsvir etdiyi qəhrəmanlar XX əsr insanlarıdır, konkret desək, əsl azərbaycanlı obrazlarıdır."Ömrün iki payızı"nda Nəriman Süleymanov keçən əsrin iyirminci illərinin Azərbaycan kəndini, burada baş verən hadisələri qələmə alır. İnqilab-Şura hakimiyyəti qalib gəlir və hər bir Azərbaycan kəndində olduğu kimi, onun təsvir etdiyi kənddə də ictimai-siyasi hadisələrin axarı dəyişir. Şura inqilabına zidd çıxanlar öz ağalıqlarını itirdikləri üçün qaçaqçılıq edir, meşələrə, dağlara çəkilir, gözləyirlər ki, Şura hökuməti haçansa çökəcək və yenə ağalıqlarına qayıdacaqlar. Kənddə isə yeni quruluşun binövrəsi qurulur və getdikcə bu binövrə üzərində sütunlar ucalır. Bolşevik təbliğatı insanları yeni quruluşa həvəsləndirir. Ancaq Nəriman Süleymanov bu məlum hadisələrə o qədər də aludə olmur, yəni Sovet hakimiyyətinin qələbəsini zamanın hökmü kimi qəbul edir, buna səhifələr həspr etmir. O, kənddə maarifçilik işinin gücləndiyini, xalqın həyatında, məişətində baş verən yenilikləri ön plana çəkir. Povestdə Abdulla müəllim obrazı kamildir. Yeni quruluşun təbliğatçısı olan Talıb kişi, Çapar obrazları da səciyyəvi cizgilərlə rəsm olunmuşlar. Onlar bolşevik kimi yox, daha çox insan kimi təsvir edilmişlər. Nəriman Süleymanovun təsvir etdiyi və mənfi obraz kimi səciyyələndirdiyi Qandalı bəy, Molla Bidad, Müəsəllim, Quşbaş Alı, Çalvadaroğlu da mənsub olduğu sinfin xarakterik xüsusiyyətlərini özündə cəmləşdirmişlər. Maraqlıdır ki, müəllif onların heç birinə öz münasibətini bildirmir, buna heç ehtiyac yoxdur, çünki bu obrazların hərəkəti, davranışı, inqilaba münasibəti, ən başlıcası fərdi insani keyfiyyətləri baş verən hadisələrdə daha aydın nəzərə çarpır. Onları bir araya gətirən səbəblər məlumdur, hər biri yeni quruluşa kin bəsləyirlər, amma hər birinin də öz fərdi aləmi var. Qandalı bəy sonda peşimançılıq çəkir və buna görə elə öz qaçaq yoldaşları onu güllələyirlər. Müsəllim və Çalvadaroğlu -biri gizli, biri açıq düşməndir, amma xasiyyətcə bir-birinə bənzəmirlər. Nəriman Süleymanov nəsrinin özəlliyi də məhz bu məqamda üzə çıxır-obrazların fərdiliyi, özünəməxsusluğug
Müharibə dövrünün ağrı-acılarını, sərt həqiqətlərini əks etdirən nəsr əsərlərimiz az deyil və bu sırada Nəriman Süleymanovun "İnsan yaşayır" povesti də xüsusi qeyd olunmalıdır. Fikrimizcə, "İnsan yaşayır" nəriman Süleymanovun ən yaxşı, bədii sanbalca ən dəyərli povestidir. Əslində bu povestin adı "İnsan yaşayır" yox, "Şinel" olmalı idi. Vahid adlı bir uşaq çöldə heyvan otararkən yolnan bir əsgər getdiyini görür. Ona yaxınlaşır: "Davadan əsgər qayıtması o qədər fərəhli, sevincli hadisə idi ki, Vahid sevinməyə bilmədi. Özündən asılı olmayaraq qımışa-qımışa kişinin üzünə baxdı. Bu əsgər ayağından yaralı idi. Yeriyəndə nıçını çəkirdi. Əynində qəşəng bir şineli, başında qabağı ulduzlu papağı vardı. Özü də üzügülər adam idi". Əsgər uşağın nazik əynini görüb şinelini soyunur, onu uşağa uzadır. Vahid tərəddüd etsə də, şineli alır, əyninə keçirir, soyuqdan qorunur. Amma onun bu əsgər şinelinə məhəbbəti heç də soyuqdan qorunmaq üçün deyil. Vahid ona bir yadigar kimi baxır. Vahidin atası da cəbhədədir, döyüşür və burada şinelə olan məhəbbət əslində, səngərlərdə ölüm-dirim savaşına çıxan əsgərlərimizə məhəbbətdir. Əsər boyu bu şinelin söhbəti bitib-tükənmir, onu Vahidə bağışlayan əsgərə hamı xeyirxahlıq mücəssiməsi kimi yad edir. "Əgər işdir, o adam bu kəndə gəlsəydi, allah bilirdi nə olardı?! Hamı onu qarşılamağa çıxardı. Bütün kənd qulluğunda durardı. Hamı ona hörmətlə, məhəbbətlə yanaşardı. Vahidin ürəyində isə onun xüsusi yeri vardıg Vahid ona adi bir paltar kimi baxmırdıgVahid şineldə həqiqətən özünü elə şax tuturdu ki, deyirdin əsl əsgərdir". Və beləliklə, Şinel özü də əsərdə bir obraza çevrilir, rəmzi -simvolik məna kəsb edir. Bu şinel də müharibə illərinin o ağır günlərinin bir iştirakçısına çevrilir. Vahid onun ətəyindən bir azca kəsir ki, qonşular qaranlıqda qalmasınlar deyə, ondan piltə yerinə istifadə etsinlər. Beləcə, şinel bir neçə dəfə ətəyindən qısalır, amma kiməsə soyuqdan qorunmağa lazım gəlir.
Povestdə müharibə illərinin tipik bir Azərbaycan kəndi canlandırılmışdır və təsvirlər o qədər təbii və realdır ki, sanki oxucu özü də bu hadisələrin iştirakçısına çevrilir.Oxucu Vahidlə yanaşı digər obrazların da taleyinə biganə qalmır. Fermada mühasib işləyən Əsədin sevdiyi qız Südabənin bir sözü ilə əsgərliyə yollanması, ondan gələn qara kağız əsərin dramatizmini artırır. Məhz bundan sonra, bu acı xəbərin təsirilə şineli doğram-doğram eləyir, amma şinelin qırıqları yenə kara gəlir, lampa üçün piltə düzəltməyə yarayır. Şinel əhvalatı bununla da bitir, "amma onu əyninə geymiş adamlar hələ dururdular. Hələ yaşayırdılar".
Nəriman Süleymanovun "Məhəbbət çölü", "Əsas ürəkdir" povestləri isə kənd həyatının, maldarlıqla məşğul olan adamların işi-gücü, çölçülük təsərrüfatı ilə bizi tanış edir. Təbii ki, bu əsərlərdə peşə ilə bağlı təfərrüatlar, canlı, real təsvirlər nəzərdən qaçmır. İndi, XXI əsrdə-qloballaşma erasında bir az keçmişə qayıtmaq, bizim maldarlıq, əkinçilik mədəniyyəti ilə yaxından tanış olmaq üçün bu təsvirlərin əhəmiyyəti heç də az deyildir. Amma Nəriman Süleymanov bütün hekayə və povestlərində olduğu kimi, əsas diqqəti İNSANA, onun mənəvi dünyasına yönəltmişdir. Onun təsvir etdiyi kənd və adamlar Böyük Vətən müharibəsindən sonrakı dövrün kəndi və adamlarıdır və biz ötən illərə qayıdır, ən yaxın keçmişimizin Azərbaycan kəndini və bu kənddə yaşayan insanların həyatı, məişəti, onları düşündürən qayğılvarla tanış oluruq. Özü də bu povestlərin qəhrəmanları əksərən cavanlar və qocalardır. Müəllif hər iki povestdə bu iki nəslin bir-birinə həmdəm, dost münasibətini daha çox nəzərə çarpdırır. Müəllifin təqdim etdiyi sevgi səhnələri də çox təbiidir. "Əsas ürəkdir" povestində yuxarı sinif şagirdi Sərxanla Aynurun sevgisi oxucuda xoş təəssürat oyadar, "əsl sevgi belə olar" qənaəti yaradır.Müəlifin "Qurumuş budağın nağılı" povesti isə əxlaqi-didaktik səciyyə daşıyır. Həsənağa kişi (hansı ki, şikəstdir, qocadır, ömrünün son illərini yaşayır) və arvadı Səltənət qarı kimsəsiz bir uşağa hayan olurlar.
Nəriman Süleymanovun nəsri öz dilinin sadəliyi, üslubunun aydınlığı ilə də seçilir və onun əsərlərindən onlarla misallar gətirə bilərik ki, bu misallar müəllifin dilimizin incəliklərinə, xalq danışıq dili ilə ədəbi dilimizin vəhdətinə sübut olar. Baxın: "Sevən həmişə tapılar" povestində bu kiçik mətnə: "Gələndən elə hey istəyirəm ki, səhər o başdan durub meşəni seyrə çıxam, amma hər dəfə yuxu bişirib gün günortaya qalmağım mənə mane olurdu. Nəhayət, bu dəfə deyəsən, arzuma çatırdım. Doğrudan da meşənin ətəyinə çatanda gördüm əsil gözəllik buralardadır. Səhər-səhər təbiət elə gözəl, elə füsunkar idi ki, adam az qalırdı ürəyini sürtsün. Hayana baxırdın yam-yaşıl otluq, gül-çiçək idi. Səhərin gözü açılıb hava işıqlandıqca bir-birinə söykənəcəkli dayanıb, bir-birinin məxmər çiyninə baş qoyub yuxulamış,yatışmış otlar, al-əlvan güllər-çiçəklər dikəlib qalxır, təbiət elə bil quşları ilə, böcəkləri ilə, bütün canlıları ilə birgə öz böyük anaları olan Günəşi qarşılamağa çıxırdı". Nəriman Süleymanovun nəsri beləcə zəngin dil materialı ilə diqqəti cəlb edir. Dilimizmin şəzdi-şəkərini özündə əks etdirir bu əsərlər.
Nəriman Süleymanovun ölümündan
iyirmi il keçir. Amma bu iyirmi ildə onu unutmayanların
sayı heç də azalmır. Onun ruhu bizim
başımız üzərində dolanır. Fiziki
ölüm mənəvi diriliyə qalib gələ bilmir. Ruhu
şad olsun!
Ədalət.-2015.-4 noyabr.-S.7.