"YADA DÜŞDÜ"

 

 

Hər bir sayı böyük oxucu marağı qazanan və səbirsizliklə gözlənilən "Yada düşdü"nün növbəti sayı artıq masamızın üzərindədi. 2011-ci ildən oxucuların görüşünə tələsən bu ədəbi-bədii, nostalji jurnal elə ilk sayından başlayaraq oxuculara bir xatirə çələngi ərməğan edir. Sanki dünənlə bu gün üz-üzə gəlir. Bir az da obrazlı desək, jurnalın hər sayındakı yazıların alt qatında bir yaddaş boy göstərir. O yaddaşın hər qatında isə insana xas olan sevincli, kədərli məqamlar sıralanıbdı.

Bəli, artıq uzun bir yol gəlmiş jurnalın bu ilin növbəti sayı yenə təsisçinin oxuculara ünvanlanan fikirləri və misralarıyla açılır. Jurnalın təsisçisi şairə Nəzakət xanım bizlərə öz duyğularını belə təqdim edir: "Sevgi ağac kimidi: öz-özünə bitərək varlığımızın ən dərin qatlarına kök atır və bəzən ürəyimizin xarabalığında çiçəkləyib yaşamaqda davam edir", - deyib dahilərdən biri. Bəli, sevmək yaşamaq istəyidi. Sevgisiz həyatı yaşamağa dəyməz. Sevdinsə, başqalarının görə bilmədiyi möcüzəni görəcəksən, özünü unudacaqsan, sevgi səni güclü edəcək, yenidən yaranacaqsan.

 

Sevda nədir?

Sevda - sehr, möcüzədir.

Sevda ki, var,

Odu sönmüş can evinə

İsti, ilıq nəfəs verər.

Sevdasının işığından

Ətrafına nur çiləyər.

 

Bəli, bu şeir Nəzakət xanımın "Sevda" adlı könül pıçıltısından bir parçadı. Biz jurnalı məhz bu notlar üzərində vərəqləyirik. İlk müəllif yazısı tanınmış yazıçı-publisist, əməkdar jurnalist, millət vəkili Elmira Axundovanın Ulu öndərlə bağlı əvvəli ötən saylarda işıq üzü görmüş "Bu insan hər bir yenilik üçün açıq idi" məqaləsidir. Təbii ki, bu yazı təkcə müəllifin düşüncələrindən, xatirələrindən ibarət deyil. Burada həm müəllifin üz tutduğu tanınmış şəxsiyyətlərin Ulu Öndərlə bağlı fikirləri ifadə olunubdu. Jurnalda həmçinin professor Teymur Əhmədovun Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Nəriman Nərimanovla bağlı məqaləsi yer alıbdı.

Eləcə xatirələr silsiləsində hamımızın poeziyasını sevə-sevə ruhumuza hopdurduğumuz Bəxtiyar Vahabzadə barəsində Xuraman İsmayılovanın "Poeziyamızın Bəxtiyar Vahabzadəsi" məqaləsi maraqla oxunur.

Əyalətdə yaşayan, amma ədəbi mühitin ön cərgələrdə dayanmağı bacaran Qədir Tərtərlinin görkəmli yazıçımız, kitabları oxucular tərəfindən həmişə aranıb-axtarılan Əlibala Hacızadə ilə bağlı xatirələri "Dərin çaylar lal axar" yazısında öz əksini tapıbdı.

Mən bir oxucu kimi jurnalın hər sayında imzasını maraqla izlədiyim tanınmış yazıçımız, həmçinin jurnalın baş redaktoru Nahid Hacızadənin "Xarı bülbül" hekayəsini, Böyükxan Bağırlının "Göyərçinlər" hekayəsini, tarixi araşdırmalar bölümündə Əşrəf bəy Qüruru barəsində Şəmistan Nəzirlinin araşdırmalarını həvəslə oxudum. Eləcə jurnalın bu sayında özünəməxsus poeziya dünyası olan Nurəngiz Günlə bağlı xatirələr məni yaxın-uzaq günlərə çəkib apardı. Bu dəyərli şairəmizin "Ədalət" qəzeti ilə etdiyi əməkdaşlıq bir redaksiyamıza özü ilə birlikdə hər gəlişində gətirdiyi ovtaq yaddaşımda təzələndi.

Təbii ki, jurnalın mənim üçün ən önəmli yazılarından biri imzasını sevə-sevə izlədiyim dəyərli Şəfəq Nasirin ruh bacım Flora Xəlilzadənin doğum günü ilə bağlı yazdığı "Gəl sənə bir hekayət danışım..." məqaləsi oldu. Ümumiyyətlə jurnalda ardıcıl çıxış edən Salatın Əhmədlinin səfər təəssüratları bu sayda da diqqət çəkir.

Bu gün artıq masamın üzərində olan "Yada düşdü"nün sayca sonuncu nömrəsində dəyərli şairəmiz Fərqanə Mehdiyevanın, xalq şairi Fikrət Qocanın, tanınmış dövlət xadimi Telman Orucovun digər müəlliflərin bir-birindən maraqlı fikirləri, məqalələri, poeziya çələngləri "Yada düşdü"nü daha oxunaqlı, daha məzmunlu edibdi. İnanıram ki, mənim maraqla oxuduğum "Yada düşdü"nü sizlər bəyənəcəksiniz. Xüsusilə jurnalın tərtibatı onun körpələrə ayrılmış "Uşaqlar, ay uşaqlar" səhifəsi sizin ruhunuzu təzələməklə gözləriniz önündə paklığın, sevginin bir halallığın səhnəsini yaradacaq. Siz o uşaqların gözlərinə baxa-baxa öz uşaqlığınıza öz uşaqlarınıza dönəcəksiniz.

 

Əbülfət

Ədalət.-2015.-4 noyabr.-S.6.