O MƏŞHUR NƏĞMƏ: "HARDAN
BAŞLAYIR VƏTƏN?"
(əvvəli
ötən saylarımızda)
Təhsil, səhiyyə,
mədəniyyət və turizm yenilikləri
Rayon Təhsil şöbəsi cari ilin 9 ayı ərzində təhsilin inkişaf etdirilməsi və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işini davam etdirmişdir. 2014-2015-ci tədris ilində rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 438 nəfər məzundan 276 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Qəbulun nəticələrinə görə məzunlardan 175 nəfər tələbə adını qazanmışdır. Onlardan 11 nəfəri 600-dən çox, 36 nəfər isə 500-700 arası bal toplamışdır.
Fənn olimpiadalarının respublika turunda rayonumuzu 5 nəfər təmsil etmiş,1 nəfər kimya fənni üzrə II yer tutaraq gümüş medalla təltif olunmuşdur.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfindən X-XI sinif şagirdləri arasında keçirilən "Sabahın alimləri" IV Respublika müsabiqəsində rayonun məktəblərindən 7 şagird 3 layihə üzrə iştirak etmişdir. "Enerjini boşa xərcləmə" layihəsi üzrə şagirdlərimiz II yerə layiq görülmüş, diplom və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi nailiyyətlərə görə və 5 oktyabr - Müəllim günü münasibəti ilə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mədinə Mahmudova "Əməkdar müəllim" adına layiq görülmüşdür.
2015-ci ilin 9 ayı ərzində rayon mərkəzi xəstəxanasının 118 nəfər həkim və 416 nəfər orta tibb işçisi əhaliyə xidmət göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ötən il olduğu kimi bu il də rayonda fevralın 2-dən may ayının 1-dək əhalinin 18 yaşdan yuxarı 40812 nəfər əhalidən 38410 nəfərinin tibbi müayinədən keçirilməsi təmin edilmişdir. Tibbi müayinədən keçmiş insanlardan 2348 nəfəri ambulator, 117 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 24 nəfəri isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Cari ilin 9 ayı ərzində 2 nəfər həkim Həkimlərin Təkmilləşdirmə İnstitutunda, 72 nəfər tibb işçisi isə ixtisasartırma kursunda olmuş, 2 nəfər həkim və 46 nəfər orta tibb işçisi isə sertifikasiya komissiyasından keçmişdir.
Hesabat dövründə 97,6 manatlıq dərman preparatları alınmış və rayonun bütün tibb müəssisələrinə qaimə əsasında bölüşdürülmüş, güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə 59 min manatlıq dərman preparatları verilmişdir. Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhəri Dənizkənarı Milli Parkda keçirilən "Novruz" şənliklərində, eləcə də Şəki şəhərində keçirilən "Şirniyyat" festivalında iştirak etmiş, rayonu layiqincə təmsil etmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin 23 yanvar 2015-ci il tarixli 31 nömrəli əmrinə əsasən Qax rayonu "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan edilmiş, həmçinin aprel ayında keçirilən "Azərbaycanın mədəni irsinin mühafizəsi, abidələrinin bərpası və istifadəsində xidmətlərinə görə" nominasiyasında rayon "Milli irs-2015" mükafatına layiq görülmüşdür.
Rayonun "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan olunması ilə əlaqədar tədbirlər planı hazırlanmış və tədbirlər planına əsasən Qum kəndində "Tut bayramı", İlisu kəndində isə "Qax mətbəxi-İlisu yeməkləri" adlı tədbir və "Ulu dad" festivalı keçirilmişdir. Festivalda plov, şirniyyat, dolma, xəmir yeməkləri "İçəribazar" Turizm Mədəniyyət Mərkəzində, arıçılıq bölməsi isə "Nizami" parkında təşkil edilmişdir. Sərgidə yerli kulinarlarla yanaşı Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının təmsilçiləri hazırladıqları milli mətbəx nümunələrini nümayiş etdirmişlər.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Kitabxana-informasiya şəbəkəsinə daxil olan kənd kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılmasına dair tədbirlər planı"na əsasən məktəblilər üçün kitabxanalarda "yay məktəbləri", ahıl, yaşlı oxucular üçün Heydər parkında yerləşən "Park-kafe"də, həmçinin turizm obyektlərində səyyar kitabxana xidməti təşkil olunmuşdur.
Hesabat dövründə yeni turizm obyekti - "Bergs" istifadəyə verilmiş və rayonda turizm obyektlərinin sayı 11-dən 12-yə çatmışdır. Ötən illə müqayisədə rayona gələn turistlərin sayı da xeyli artmışdır. Belə ki, ötən ilin 9 ayı ərzində Qaxda 19 403 nəfər istirahət etmişsə, bu il onların sayı 20 050 nəfər olmuşdur.
Əhalinin sosial müdafiəsi
Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində cari ilin doqquz ayı ərzində 630 aztəminatlı ailəyə ünvanlı sosial yardımı təyin edilmiş, 1 ailəyə düşən ünvanlı sosial yardımının orta aylıq məbləği 153 manat təşkil etmişdir. Mərkəzdə "Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq əlilliyə görə 64 nəfərə sosial müavinət, 2 nəfər Qarabağ müharibəsi əlilinə isə "Prezident təqaüdü" təyin olunmuşdur. Ötən müddət ərzində mərkəzdə sağlamlıq imkanları məhdud olan 18 yaşadək 31 əlil şəxsə və 16 nəfərə ailə başçısını itirməyinə görə aylıq müavinət təyin olunmuş, 46 nəfərə isə birdəfəlik müavinət verilmişdir.
Mərkəz tərəfindən üç nəfər əlil şəxs Bakı şəhərində yerləşən Peşə-Reabilitasiya Mərkəzinə istəklərinə uyğun peşə təlimi keçmək üçün göndərilmişdir. 2015-ci ilin doqquz ayında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz ümumilikdə 85% yerinə yetirilməklə, büdcə sektoru üzrə 86,8%, qeyri-büdcə sektoru üzrə isə 79,7% təşkil etmişdir. Hesabat dövründə 8 hüquqi, 260 fiziki şəxs, 183 pay torpaq mülkiyyətçisi uçota alınmış və şöbə üzrə 01 oktyabr 2015-ci il tarixə cəmi 8124 sığorta edən uçotda olmuşdur.
Qanunvericiliyə uyğun olaraq hesabat dövründə sığortaolunanların fərdi uçot sistemində qeydiyyata alınması və məcburi dövlət sosial sığorta haqqlarının fərdi hesablara toplanması işi davam etdirilmiş və 269 nəfərə sosial sığorta şəhadətnamələrinin verilməsi məqsədilə ərizə blankları yazılaraq Fonda təqdim olunmuşdur. Bu günədək Fond tərəfindən 19554 sığortaolunana sosial sığorta şəhadətnaməsi hazırlanmış və onlara şəxsi hesab açılmışdır. Hesabat dövründə şöbədə yaşa görə 128 nəfərə, əlilliyə görə 121 nəfərə, ailə başçısını itirməyinə görə 14 nəfərə əmək pensiyası təyin olunmaqla ümumilikdə 263 nəfərə yeni pensiya təyin olunmuş 01 oktyabr 2015-ci il tarixə uçotda olan pensiyaçıların sayı 8520 nəfər olmuş və 1 nəfərə düşən orta aylıq pensiya məbləği 162,1 manat təşkil etmişdir.
Məzahir
ƏHMƏDOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət.-2015.-6 noyabr.-S.7.