Xəcalət təri
Camal Zeynaloğlu
(hekayə)
Sovet dövrü idi. Pedaqoji Dillər İnstitutunu bitirəndən sonra təyinatımı aldığım cənub bölgəsindəki rayon kəndlərinin birində həvəslə ingilis dili müəllimi kimi dərs deməyə başlamışdım. Şagirdlərin ingilis dilinə marağı artmışdı. Amma bu məktəbin çatışmayan cəhəti o idi ki, yuxarı sinifdə oxuyan qızlar məktəbə gəlmirdilər. Yəni valideynlər qız uşaqlarının oxumasını istəmirdilər. Aşağı siniflərdə qızlar yaxşı oxuyurdular. Necə ki, yeddinci sinifdən yuxarı qalxdılar, qızlar məktəbin yolunu unudurdular. Onların adları sinif jurnallarında olduğu halda, valideynlərinin əvəzində sovxoza işləməyə gedirdilər. Yalnız məktəbə yoxlama gələndən-gələnə sinif rəhbərləri əl-ayağa düşüb, qızları məktəbə gətirirdilər...
Məktəbə gəlməyən qızlara yoxlama yazı işi yazdırmaq da müşkül işə çevrilirdi. İngilis dilindən rübdə cəmi bir yoxlama yazı işi olurdu. Dərs dediyim şagidlərin sinif rəhbərlərinə qabaqcadan xəbərdarlıq etdim ki, rüb ərzində ingilis dilindən yoxlama yazı işini yazmayan şagirdə rüblük qiymət yazmayacağam. Xəbərdarlıqdan sonra sinif rəhbərləri şagirdləri məktəbə gətirdilər. Mən də bundan istifadə edib həmin şagirdlərə, yəni dərsə gəlməyən qızlara yoxlama yazı işini yazdırmağa başladım.
Həmin vaxt şahidi olduğum bir hadisə uzun illərdir ki, yaddaşımdan silinmir. Onuncu sinifdə oxuyan qıza yoxlama dəftərini verdim ki, yazı işini yazsın. Bu vaxt sinif nümayəndəsi dedi ki, həmin qız yazı yaza bilmir. Məni heyrət bürüdü.
- Bəs bu onuncu sinfə qədər necə gəlib çıxıb?! - deyə təəccüblə sinif nümayəndəsinə baxdım.
Sinif nümayəndəsi dedi ki, onun yoxlama yazı işlərini müəllimlər başqasına yazdırırlar.
- Bu ola bilməz, - dedim. - Mən bu cür hərəkət edə bilmərəm. Şagird nəyin bahasıına olursa-olsun, yoxlama yazı işini özü yazmalıdır.
Başqa çarəm qalmamışdı. Mən aşağı sinifdə oxuyan bir qızı sinfə dəvət etdim. Qız onuncu sinifdə oxuyan qızın əlindən tutaraq yoxlama yazı işini yazmağına kömək etməyə başladı. Arabir hiss edilməz dərəcədə onuncu sinifdə oxuyan qıza baxırdım. Onun yanaqlarından tər damcıları süzülürdü. Başını bircə dəfə də olsun, qaldırıb nə sinif yoldaşlarına, nə də mənə baxdı. O, bütün iradəsini ondan beş yaş kiçik olan qıza tabe etmişdi. Kiçik qız əlini hansı istiqamətə aparırdasa, onun da əli özündən asılı olmayaraq həmin istiqamətə gedirdi. Hiss olunurdu ki, qız xəcalət çəkir, yanaqlarından axan tər isə əlbəttə ki, xəcalət təri idi.
Mən dərsi izah edə-edə asta addımlarla onlara yaxınlaşdım. Aşağı əyilib, yavaşca Sevincdən soruşdum:
- İşlər necə
gedir? Yaza bilirsinizmi?
- Müəllim, indi başa düşdüm ki, dərsə gəlməməkdə və
oxumamaqda böyük səhv etmişəm. Bugünkü hərəkət mənimçün ölümdən
də betər oldu. Bütün iradəmi özümdən
yaşca kiçik qıza etibar etmişəm. Bu gündən sonra heç olmazsa yazıb-oxumağı öyrənəcəyəm,
yoxsa bu xəcalət yükünü
ömrüm boyu daşıya bilmərəm,
- deyə Sevinc astadan dilləndi.
Həmin
gündən sonra Sevinc bircə gün də olsun dərsdən qalmadı və tez bir zamanda
yazıb-oxumağı da
öyrəndi...
O dövrdə saxta statistika rəqəmləri
bütün sahələrdə
olduğu kimi, təhsil ocaqlarını da ağuşuna almışdı. "Sosializm cəmiyyətində
savadsız insan olmamalıdır!" şüarı
bütün insanların
həyat devizinə çevrilmişdi. Əslində isə...
ədalət.-2015.-6 noyabr.-S.7.