Balakəndə dördüncü

"Məhsul bolluğu bayramı"

 

 

Ötən əsrin 70-80-cı illərində Azərbaycanın əksər rayonlarında hər ilin payızında böyük coşqu, elliklə, yüksək əhval-ruhiyyə ilə qeyd olunan bayramlardan biri də məhsul bayramı idi. Həmin gün hamı rayon mərkəzindəki meydana toplaşar, kolxoz və fermalarda çalışan fədakar əmək adamları qürurla rayon rəhbərliyinin dayandığı tribunanın önündən keçərdilər. Qarğıdalı, fındıq, arpa, buğda və digər kənd təsərrüfatı məhsulları yüklənmiş maşın karvanı tədbir iştirakçılarının alqış sədaları altında şəhərin baş meydanından keçərək satış və tədarük məntəqələrinə yola düşərdi. Əmək qabaqcıllarının şəninə səslənən bir-birindən gözəl mahnılar hamının qəlbində xoş ovqat yaradar, insanları halal zəhmətə, qurub-yaratmağa səsləyərdi. O zaman öz işində fərqlənən tütünçünün, baramaçının, sağıcının, qarğıdalıçının, çobanın el içində, rəhbərlik yanında böyük hörməti vardı.

Sonra dövran dəyişdi, sovet quruluşu öz ömrünü başa vurdu. Keçmiş SSRİ-nin tərkibində olan respublikaların hər biri ayrıca müstəqil dövlət oldu. Yeni quruluş yolunu seçən bu ölkələrin bir çoxunda sovetdən qalma idarəetmə mexanizmi, o cümlədən bayramlar ləğv edildi. Keçmişlə bağlı hər şeyin üstündən qara xətt çəkmək heç də yaxşı hal deyil. Millətin, ölkənin xeyrinə yarayan nə varsa onu yaşatmaq, gələcək nəslə çatdırmaq lazımdır. Sevindirici haldır ki, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirdikdən sonra ölkəmizdə hər ilin payızında məhsul bolluğu bayramının keçirilməsi yenidən ənənə şəklini aldı. Bu mənada Balakəndə artıq dördüncü ildir ki,"Məhsul bolluğu bayramı" son dərəcə yüksək səviyyədə keçirilir. Ötən il bu təsərrüfat bayramı respublikada böyüklüyünə və gözəlliyinə görə bənzəri olmayan rayon Mədəniyyət və İstirahət Parkında keçirilmişdi. Bu il isə təbiətin şıltaqlığı, güclü yağışın aramsız yağması ucbatından "Məhsul bolluğu bayramı"nın şəhərin Mədəniyyət Mərkəzində keçirilməsi qərara alındı. Ana təbiət zəhmət adamlarının əzmini, iradəsini sanki növbəti dəfə sınağa çəkirdi. Rayonun iş adamları, fermerləri, sahibkarları bu imtahandan da uğurla çıxdılar. Mədəniyyət Mərkəzinin birinci və ikinci mərtəbəsindəki geniş foyedə istehsal etdikləri məhsullardan ibarət gözəl sərgi nümayiş etdirdilər.

Rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri bugünkü bayramın səbəbkarları-fermerlər, iş adamları və sahibkarlara bir-bir görüşüb səmimi söhbət etdilər, onların istehsal etdikləri məhsullara baxdılar. Rayon rəhbəri kənd təsərrüfatı sahəsində çalışanlara, istehsalçılara dövlət başçısı tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini, bu sahənin inkişafı ilə bağlı müvafiq sərəncamlar imzalandığını, 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunduğunu tədbir iştirakçıları ilə söhbətində xüsusi olaraq vurğuladı. İcra başçısı qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisə təqdim olunub və yekdilliklə qəbul edilib. Həmin qanuna əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Bu qanun ölkə iqtisadiyyatının inkişafını sürətləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tədbirin rəsmi hissəsində qeyd olundu ki, bu il rayonumuzun təsərrüfatlarında əvvəlki ilə nisbətən 2.2 faiz artıma nail olunmaqla 12 min 333 hektar sahədə əkin aparılıb. O cümlədən 11 min 870 hektar sahədə yazlıq bitkilər əkilib. Bunun 7101 hektarı qarğıdalı, 378 hektarı lobya, 2041 hektarı tərəvəz, 312 hektarı bostan, 887 hektarı kartof, 1151 hektarı yonca sahələri olub. Təsərrüfatlarda 21.3 min ton tərəvəz, 8.2 min ton kartof, 3.2 min ton bostan, 701 ton lobya və digər məhsullar istehsal edilib. Bütün növ məhsulların istehsalı üzrə artım qeydə alınıb. Balakən qarğıdalı istehsalına görə son 4 il ərzində respublikada liderliyini qoruya bilib.

Cari ildə rayonda arı ailələrinin sayı 8150-ə çatmış, ötən ilə nisbətən 2 dəfə çox - 39.7 ton bal istehsal edilmişdir. Bütünlükdə bu ilin 9 ayında rayonda 52.9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3.9 milyon manat və ya 8 faiz çoxdur.

Ötən dövrdə mal-qaranın sayı çoxalmış, ət və süd istehsalının artımına nail olunmuşdur.

Bayram tədbirində müsahibə üçün ilk olaraq "Balakans MMC"-nin keyfiyyət üzrə meneceri Saleh İbrahimova yaxınlaşdım. O bildirdi ki, 2008-ci ildən fəaliyyət göstərən bu müəssisənin açılışında cənab Prezident İlham Əliyev iştirak edib. MMC-də 8 çeşiddə meyvə şirəsi, 7 adda mürəbbə, 17 çeşiddə kompot və başqa məhsullar hazırlanır. Müəssisənin MDB-nin əksər ölkələrində alıcıları var.

"Azəryem MMC"-ni təmsil edən İbrahim İmanov dedi ki, biz əsasən heyvandarlıq və quşçuluq sahəsi üçün qidalı yem istehsalı ilə məşğul oluruq və məhsullarımıza daxili bazarda tələbat çoxdur.

Kifayət qədər əkin sahələrimiz var. Ehtiyac yarananda yerli fermerlərdən, sahibkarlardan da qarğıdalı, arpa və buğda alırıq.

İslam Muradovu rayonumuzda çoxları yaxşı insan, təcrübəli təsərrüfatçı kimi tanıyır. Fermer təsərrüfatı yaradan, sahibkarlıq fəaliyyəti ilə yenicə məşğul olmağa başlayan gənclər bilmədiklərini ondan həvəslə öyrənir, İ.Muradova bir ağsaqqal kimi xoş münasibət bəsləyirlər. Bayram tədbirində bir qrup gənc iş adamının İ.Muradovla faydalı fikir mübadiləsi apardığının şahidi olduq. İslam Muradov "Gənclik" adlı ilk fermer təsərrüfatını 19 il bundan əvvəl yaradıb, qarğıdalı, tütün istehsalı ilə məşğul olub. Sonraki illərdə təsərrüfatın fəaliyyət dairəsini genişləndirib. Ötən il əkin sahələrindən 600 tondan çox qarğıdalı, eləcə də nəzərdə tutduğu qədər arpa və buğda yığmağa nail olan İ.Muradov deyir ki, builki məhsuldarlıq daha yüksək olacaq. Cənab Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olanların müdafiəsi ilə bağlı bu günlərdə imzaladığı mühüm sərəncam bizi gələcəkdə daha yaxşı işləməyə ruhlandırır. Allaha şükür, indiyə kimi yerli rəhbərlik, qurumlar tərəfindən bizim işimizə heç bir maneçilik törədilməyib, əksinə lazımi köməklik edilib.

İxtisasca aqronom olan Əmirxan Həsənov Hənifə kəndindəndir. Məhsul bolluğu bayramında onun da sərgisi diqqətimizdən yayınmadı. Ə.Həsənov xeyli vaxtdır ki, fermer kimi fəaliyyət göstərir. Özünə məxsus 2.6 hektar və bələdiyyədən icarəyə götürdüyü 12 hektar torpaq sahəsində hər il müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirib bazara çıxarır. Ailənin 4 nəfər üzvü mütəmadi olaraq bu işlə məşğul olur. Ehtiyac yarananda kənardan da işçi qüvvəsi cəlb olunur. Ə.Həsənov cari ildə xeyli bostan və tərəvəz məhsulları yetişdirib. Satışa çıxardığı qarğıdalının həcmi 20 ton, qarpızınki isə 18.6 tondur.

Sərgidə istehsal etdiyi məhsulu həvəslə tədbir iştirakçılarına göstərən gənc fermerlərdən biri də Qaravəli kənd sakini, arıçı Vaqif Alqayev idi.O, 20 arı ailəsinə qulluq etdiyini, bu il 120 kiloqram balı Bakıdakı yarmarkada , 80 kiloqram isə öz kəndlərində satdığını bildirdi.

Paşa Koxnayevin rəhbərlik etdiyi rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi də tədbirə əlidolu gəlmişdi.Onların sərgisində meşə fındığı, qozu, şabalıdı,itburnu, yemişan, göbələk, meşə balı və digər meyvələr nümayiş etdirilirdi. Qarğıdalı unundan bişirilən kökələr isə çox dadlı idi.

İftixar Sadıqov gənc olmasına baxmayaraq bacarıqlı şirniyyat ustası kimi rayonumuzda bir çox müştərilərin hörmətini qazanıb, hər il respublikamızda keçirələn müsabiqədə Balakəni layiqincə təmsil edib. Şadyanalıq məclisi,ad günü keçirənlər, övladına toy edənlər İftixar Sadıqova məxsus olan və "Qubek" hotelinin yaxınlığında yerləşən "Dadlı" şirniyyat sexinin xidmətindən vaxtaşırı istifadə edirlər.İftixar Sadıqovun 4 nəfərlik ailə üzvlərinin bayram tədbiri üçün hazırladığı və Azərbaycanın xəritəsi formasında olan son dərəcə iri tortun dadı həmin gün onu nuş edən yüzlərlə iştirakçının xoşuna gəldi.

Qullar kənd ərazisində sahibkarlıq fəaliyyəti göstərən "Rayyan İntensiv Bağçılıq" MMC-nin direktoru Məhəmməd Bazarov da bayram təəssüratlarını bizimlə bölüşərək dedi ki, bir çox meyvə məhsullarının, o cümlədən meyvə tinglərinin istehsalı və satışı ilə məşğul oluruq. Hazırda 15 hektar meyvə bağımız var. Bunun 7 hektarından məhsul yığırıq. 8 hektarlıq bağ isə yeni salınıb. Məhsulumuzu yerli bazarlarla yanaşı, Rusiyaya da göndəririk. Bugünkü bayram tədbirini isə əməyimizə verilən diqqət və qayğının təzahürü kimi qəbul edirik.

Rayonumuzda "Məhsul bolluğu bayramı"nın səbəbkarlarını - iş adamlarını, fermerləri, sahibkarları təbrik etməyə Bakıdan xeyli tanınmış müğənni, incəsənət adamı gəlmişdi. Səyyad Əlizadənin, Yusif Mustafayevin, Aysel Əlizadənin, Yeganə Zülfüqarlının, Aşıq Samirənin, Sahib İbrahimovun, Aşıq Əhliman Şirvanlının, Vasif Məhərrəmlinin, Kəmalə Vahabzadənin, Əhmədiyyə Musayevin, Eldar Ələkbərovun, Bəturə Hüseynovanın, Bəsti Bəkirovanın və yerli müğənni Burhan Rəşidovun ifa etdikləri bir-birindən gözəl mahnılar, "Odlar yurdu", "Nənələr" və "Avarlar" rəqs qruplarının çıxışları alqışlarla qarşılandı.

Qarşıdakı ildə daha bol və keyfiyyətli məhsul istehsal etmək arzusu ilə bolluq bayramında iştirak edənlər bu tədbirdən xoş ovqatla ayrıldılar.

 

Zeynəddin Həsənli

Balakən

ədalət.-2015.-6 noyabr.-S..6.