"Qəhrəmanlığı məşq
etmək mümkün deyil"
Vətənpərvərlik mövzusunda yazımı Azərbaycanın “Dövlət Bayrağı” günü ərəfəsində bitirdim. Qəlbim fərəhlə dolmuşdu. Axı, milli bayrağımız dövlətimizin müstəqilliyinin rəmzi, hər birimizin müqəddəs and yerimizdir. Qürur yerimiz olan Azərbaycan bayrağı meydanını şəhərimizin hər tərəfindən görə bilirik. Uzunu 70 metr olan bayraq dirəyində üç rəngli bayrağımız əzəmətlə dalğalanır, ona həyəcansız baxmaq mümkün deyil. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə “Vətən marşı” şerində bayrağımızı belə vəsf edir:
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur, ancaq içimizdən vətənə.
Xəzər dənizi ilə üzbəüz vüqarla dayanan Dövlət Bayrağı meydanından başlayır şəhərimiz. Bu, bizim dövlətimizə olan ən böyük, sarsılmaz məhəbbətimizin, sədaqətimizin rəmzidir. Əslində “Qəhrəmanlığı məşq etmək mümkün deyil” adlı yazının da bayrağımızla əlaqəsi var.
“Elm və təhsil” nəşriyyatında çap olunan Sahib Şirinovun İbad Hüseynova həsr etdiyi “Xüsusi təyinatlı” adlı kitabında bayrağımızın Qarabağ uğrunda döyüşən qəhrəmanlarımızın başı üzərində necə dalğalandığının şahidi oluruq. Qəhrəmanın keçdiyi mənalı ömür yolu bir kitaba sığmasa da, gənc oxucular Qarabağ müharibəsinin fədakar qəhrəmanlarından biri olan İbad Hüseynovla daha yaxından tanış olmaq imkanı əldə edəcəklər. Onun haqqında mətbuat səhifələrində də kifayət qədər yazılar çap olunub. Qəhrəmanlar unudulmur! Belə bir deyim var: “Qəhrəmanlığı məşq etmək mümkün deyil.”
Kitab ümummilli lider Heydər Əliyevin Qarabağ müharibəsinin fədakar döyüşçüsü İbad Hüseynovun ünvanına göndərdiyi məktubla başlayır: “Hörmətli İbad Hüseynov, məni toy məclisinə dəvət etdiyinə görə sənə öz təşəkkürümü bildirirəm. Dəvət teleqramında sən 1994-cü ildə döyüş bölgəsində, səngərdə mənimlə görüşüb şəkil çəkdirdiyini qeyd edirsən. Mən həmin il döyüş bölgələrində əsgər və zabitlərlə olan görüşlərimi yaxşı xatırlayıram. Azərbaycan torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində göstərdiyin igidlik və şücaətə görə mən öz fərmanımla səni “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişəm. Sənin kimi şanlı döyüş yolu keçmiş bir gəncin ailə qurmasına, əlbəttə, sevinirəm...”
Əslində dövlət başçısının İbad Hüseynova şəxsən göstərdiyi diqqət və qayğı vətənpərvər gənclərimizin hər birinə verilən dəyərdir. Toy “Azərbaycan” şadlıq sarayında keçirilirdi, 1999-cu il 13 noyabr tarixində. Toy mərasimi əsl qəhrəmana layiq səviyyədə davam edirdi. Axşam səkkiz radələrində televiziya ekranında “Günün xəbərləri” proqramında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin İbad Hüseynovu ailə qurması münasibəti ilə təbriki oxundu. Dövlət başçısı vaxtının azlığına baxmayaraq, toya dəvəti unutmamışdı. Zala elə bir sükut çökmüşdü ki, hər bir kəsin qəlbində iftixar hissi ilə həyəcan bir-birinə qovuşmuşdu. Toyların sarı simi olan “Vağzalı” da sanki bu gün kövrək ovqatla deyil, fərqli avazla səslənirdi. Zalda Azərbaycan dövlətinin himninin, sonra isə Üzeyir bəyin “Koroğlu” operasından üvertüranın səsləndirilməsi isə toya xüsusi nikbin ab-hava gətirmişdi... O gün doğma torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəməyən igid Azərbaycan oğlu İdad Hüseynovun gözləri qarşısında Qarabağda gedən döyüşlər kino lenti kimi gəlib keçdi. Başından yaralanarkən uzun müddət koma vəziyyətində qaldığı günlər indi ona yuxu kimi görünürdü. Çətinliklər arxada qalsa da, doğma torpaqlarımızı düşmən təcavüzündən tam azad etmək üçün qarşıda hələ görüləsi çox işlər var. Xüsusi təyinatlı döyüşçü kimi onun cəbhədəki fəaliyyəti məxfi olsa da, lakin onun göstərdiyi xidmətin müsbət nəticələri göz qabağında idi. Atalar sözüdür: “Yaxşı bir ovçu yayı ilə yox, hədəfi ilə tanınar.”
Nə qədər qəhrəman döyüşçülərimiz müharibədə vətən uğrunda şəhid getmişdir. Onların arasında elələri vardı ki, hamı kimi ailə qurmaq onlara nəsib olmamışdı. Toydan əvvəl İbad Hüseynov Şəhidlər xiyabanını ziyarət edir. Bu haqda kitabın müəllifi Sahib Şirinov yazır: “...O, hələ neçə illər öncədən öz şəklini şəhidlərin şəkilləri arasına salmışdı, o, sağ qalmaq üçün canfəşanlıq etməyib, sadəcə ölüm həmişə ondan qaçıb...Buna baxmayaraq özünü həmişə şəhidlər arasında hiss edib İbad..!” Öz qanı hesabına Qarabağ uğrunda gedən şəhidlərimiz illər ötsə də şəkillərdə, xatirələrdə tarix qocalsa da onlar cavan qalacaq...
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında atəşkəsmə mövcud olsa da, sərhədlərimizdə silahlar susmaq bilmir. Məkrli düşmən öz müdafiəsi üçün söz tapmayanda daha çox silaha əl atır. Lakin silah dilində danışanlar sonda özləri silahların qurbanı olurlar. Deyirlər, cəsarətin qurtardığı yerdə əsarət başlayır. Ermənilər qəhrəmanlarımız qarşısında qorxu hissini cəsarət pərdəsinə bürüməyə çalışsalar da nə vaxtsa bu, pərdə arxasından onların əsl siması bütün dünyaya bəlli olacaq. İbad kimi cəsur övladlarımız şəhidlərin ruhunu şad edəcəklər...
“Xüsusi təyinatlı” kitabda Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov İbad Hüseynov haqqında yazır: “...ən yadda qalan və peşəkar hərbi fəaliyyətimdə həmişə istinad etdiyim döyüşçü İbad Hüseynovdur. İbad Hüseynovun şücaəti digərlərindən fərqlənir...Kəşfiyyat-diversiya qrupunun komandiri kimi İbad Hüseynov dəfələrlə ona verilən döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlmişdir...Xocalıda yüzlərlə Azərbaycanlının qanına bulaşmış “Avo” ləqəbli qatı terrorçu Monte Melkonyanın İbad Hüseynov tərəfindən təkbətək döyüşdə məhv edilməsi onun qəhrəmanlığının zirvəsidir...Bu gün Azərbaycanda İbad Hüseynovun qəhrəmanlığını təkrar etmək istəyən oğullar yetərincədir. Mən bir Azərbaycanlı oğlu kimi, birlik komandiri və general kimi fəxr edirəm ki, xalqımın İbad Hüseynov kimi mərd və igid oğlu vardır.”
Kitabda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Bayram Səfərovun fikirlərindən: “Kəşfiyyatçı kimi döyüş yolu keçən İbad Hüseynova həsr edilmiş “Əsgər” sənədli filmi yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox böyük önəm daşıyır. Hər bir Azərbaycan gənci vətənimizin xoşbəxt gələcəyi, ərazi bütövlüyümüzün bərpası naminə mübarizəyə daim hazır olmalıdır. Bizə döyüşkən ruhlu, əsl vətənpərvər igidlər gərəkdir-İbad Hüseynov kimi.”
“Xüsusi təyinatlı“ kitabında Müdafiə Nazirliyinin Mərkəzi Arxivindənİbad Hüseynovun Qarabağda keçdiyi döyüş yolları ilə bağlı sənədli arayışlar verilmişdir. “...Aparılan döyüş əməliyyatlarının əsas ağırlığı məhz bu dəstənin üzərinə düşmüşdü. İbad Hüseynovun şəxsi igidliyi və hərbi bacarığı sayəsində qarşıya qoyulan tapşırıq həmişə yerinə yetirilmiş, kəşfiyyat dəstəsi üç dəfə tam mühasirə vəziyyətinə düşsə də, hər dəfə mühasirəni başarı ilə yara bilmişdi...”
Xocəvənd Rayon İcra Hakimiyyətinin başçısı E.M.Hüseynovun qeydlərindən: “...İbad Hüseynov Xocavənd rayonunun Azərbaycanlılar yaşayan kəndlərinin müdafiəsinin təşkil edilməsi, müdafiə səngərlərinin yaradlması, kəndlərdə müdafiə dəstələrinin gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması və erməni hərbi birləşmələrinin hücumlarının qarşısının alınması istiqamətində misilsiz xidmət göstərmişdir...”
Kitabda Türkiyə Silahlı Qüvvələrinin əməkdaşı Albay Namik Alperin fikirlərinə müraciət edək. O, ölkənin daha güclü olması üçün İbad Hüseynov kimi igidlərin çox olmasının vacibliyini, gənclərimizin belə nümunələrlə tərbiyə olunmasını tövsiyə edir. Türkiyə vətəndaşı Mustafa Genc Türk dünyasının İbad Hüseynovu yaxından tanıdığını, onunla qürur duyduğunu bildirir.
Bir haşiyəyə çıxım. Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi nəinki ölkəmiz üçün Avropa ölkələrinin idman həyatında əlamətdar bir hadisə idi. Avropa Oyunlarının ilk odu odlar yurdumuzdan-Atəşgahdan götürüldü. Bu möhtəşəm tədbirdə odumuz daha da parlaq şölələndi, işığı və hərarəti idmançıların, azarkeşlərin və qonaqlarının qəlbinə nur səpələdi. Səxavətli, bərəkətli ocağımızda heç vaxt odumuz sönməsin!
Ölkə Prezidenti İlham Əliyev Avropa Oyunlarının məşəlini Atəşgahda qəbul etdikdən sonra yüz nəfərdən ibarət görkəmli incəsənət nümayəndələri, idmançılar, qəhrəman şəxsiyyətlər növbəylə 47 gün ərzində Azərbaycanın 60 bölgəsində, Bakıda məşəli estafet kimi qəbul edib 5500 kilometr məsafə qət etmişdilər. Onların arasında İbad Hüseynov da bu şərəfə nail olmuşdu. Azərbaycan torpağının müqəddəs məşəli onun əlində şölələnirdi. İbad Hüseynov Qarabağ döyüşlərində qəhrəman olmasaydı belə güləşçi kimi də dövlət bayrağımızı idman yarşlarında yüksəyə qaldıra bilərdi. Göründüyü kimi, onun bu idman növü üzrə məşğul olması cəbhədə də onun köməyinə gəlmişdi.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu il Türkiyənin “Atilla” jurnalının 7-ci sayı İbad Hüseynovun 45 illiyinə həsr edilmişdir. 28 aprel 2015-ci ildə Türkiyənin Ankara şəhərinin küçələrindən birinə qəhrəmanımızın adı verilmişdir. Bununla yanaşı 30 avqust 2015-ci ildə Türkiyənin qəhrəman şəhərlərindən biri olan Qaziantepin Şahinbey Bələdiyyəsinin iştirakı ilə İbad Hüseynli adına parkın açılışı olmuşdur. Göründüyü kimi, İbad Hüseynov nəinki Azərbaycanda türk günyasında tanınmış şəxsiyyətlərdən biridir. Həyatı əfsanəyə dönən qəhrəmanın ömrü heç vaxt bitib qurtarmayacaq, o, nəsillərə örnək olacaq taleyin baş qəhrəmanıdır. Onun adını daşıyan küçə və parkda Azərbaycanın nəfəsi var, İbadın mübariz ruhu, qəhrəmanlıq tarixi burda ikinci həyat qazanmışdır.
İbad Hüseynovun 18 oktyabr ad gününün Azərbaycan dövlətinin müstəqillik qazandığı tarixlə üst-üstə düşməsi çox önəmli faktdır. O, hər il ad gününü bu əziz bayramla birgə daha böyük ruh yüksəkliyi ilə keçirir. Həyatını, arzularını dövlətimizin möhkəmlənməsi istiqamətində səfərbər edən qəhrəman üçün 18 oktyabr yəqin ki, öz qarşısında həm də hesabat günüdür.
Nə yaxşı ki, canlı qəhrəmanlar var, onlarla canlı ünsiyyət tarixlə ünsiyyətə bərabərdir. İbad Hüseynov müsahibələrinin birində demişdir: “...Vaxtı ilə ermənilərin istənilən terroristlərini 2-3 dəqiqəyə postlarını dağıdaraq 10-20 ermənini öldürürdük. Lakin o vaxtkı hakimiyyətsizliyin ucbatından torpaqlarımız işğal olundu. Amma nə vaxtsa torpaqlarımızın qaytarılması haqqında fərman verilsə bir gün içərisində axşamdan başlayaraq səhərə kimi bütövlükdə azad edə bilərik.”
Biz buna bir an
belə şübhə
etmirik. Əbu Turxanın fikridir: “Hər kəsin and içmədən də
üzərinə götürdüyü
andlar var. Vətən
borcu və insanlıq borcu.” İbad Hüseynov vətən
və insanlıq qarşısında borcunu
ləyaqətlə verməyi
bacaran şəxsiyyətlərdən
biridir. “Azərbaycan bayrağı” ordeninə layiq görülmüş
İbad Hüseynovu Dövlət
Bayrağı günü
münasibəti ilə təbrik edirik. Bu yüksək, şərəfli mükafata
-dövlətə, xalqa
sədaqətinlə, vətənpərvərliyin
və qeyrətinlə
nail olmaq mümkündür.
Sən, əziz qəhrəman qardaşım bunu layiqincə bacardın.
Döyüşlərdə bayrağımız səni
qələbələrə səslədi, sənə
ilham verdi.
Fikirlərimizi milli istiqlal şairimiz Əhməd Cavadın bayrağımız
haqda şerindən bir parça ilə
bitirmək istəyirəm.
Bayrağıma xain baxan,
Xain gözə mən tikanam.
Vurulursam kölgəsində,
Halal olsun ona qanım.
Zöhrə Əsgərova
Ədalət.-2015.-7 noyabr.-S.14.