Xeyirxahlıq dünyanı xilas
edə bilər
Əjdər Olun yazdığı yeni
səhnə əsəri balaca
tamaşaçılarda ətrafdakılara qarşı mərhəmətli
olmağı aşılayır
Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti dəfə premyera sevinci yaşandı. Yaradıcı kollektiv Əjdər
Olun "Biri vardı, biri yox" tamaşasını
təqdim etdi. Adından da göründüyü kimi,
yeni səhnə əsəri teatrın balaca tamaşaçılarına
ünvanlanıb.
Teatra
məhrəm adam
Yeni əsərin
müəllifi də teatr aləmi üçün məhrəm
sayıla bilən qələm adamıdır. Əjdər Ol
istedadlı şair-publisist,
tərcüməçi kimi
yaxşı tanınsa
da, son illər teatrlarımızla sıx
yaradıcılıq əlaqələri
saxlayır.
"Alın yazıma düzəliş", "İndidən...",
"Könül vuruşu"
kimi maraqlı kitabların müəllifi
olan Əjdər Olun "Molla Nəsrəddin və Əmir Teymurun filləri" pyesi Dövlət Gənc Tamaşaçılar Teatrının
səhnəsində oynanılıb.
O, Akademik Milli Dram Teatrı üçün
isə məşhur alman yazıçısı
Stefan Sveyqin "Yad qadının məktubları"
əsəri əsasında
"Son məktub" pyesini
qələmə alıb.
İstedadlı şair
milli dramaturgiyamızın
banisi Mirzə Fətəli Axundzadənin
"Hekayəti Molla İbrahimxəlil kimyagər"
pyesinə libretto yazıb
və Xalq artisti, bəstəkar Siyavuş Kərimi ilə birgə yaradıcılıq məhsulu
olan "Kimyagər"
komediyası Dövlət
Musiqili Teatrda tamaşaya qoyulub.
Əjdər Ol bu dəfə
balaca tamaşaçıları
düşündürmək qərarına gəlib və "Biri vardı, biri yox" pyesini Dövlət Gənc Tamaşaçılar Teatrına
təqdim edib. Tanınmış və doğma müəlliflə növbəti
əməkdaşlığa həvəslə yanaşan
teatr kollektivi isə bir neçə
aylıq gərgin yaradıcılıq axtarışlarından
sonra maraqlı tamaşa hazırlayıb.
"Biri vardı,
biri yox" tamaşasına Dövlət
Gənc Tamaşaçılar
Teatrının baş
rejissoru, Azərbaycanın
və Kalmıkiya Respublikasının Əməkdar
incəsənət xadimi
Bəhram Osmanov quruluş verib. Yeni səhnə əsərinin
rejissoru Gülnar Hacıyeva, quruluşçusu
rəssamı Elxan Sərxanoğlu, bəstəkarı
Məryəm Əlibəyli,
rəqslərin quruluşçusu
Səbinə Məmmədovadır.
Ah... bu Tülkülər
olmasa...
"Biri vardı,
bir yox" həyəcan dolu hadisə ilə başlayır. Məlum olur ki, şəhərdə zəlzələ
baş verib, insanlar köməksiz vəziyyətdə qalıblar.
Meşədə yaşayan heyvanlar
bundan xəbər tutunca bir yerə
toplanır və təbii fəlakət nəticəsində çətin
durumda qalan insanlara kömək etmək istəyirlər.
Amma Tülkü
hər addımda bu xeyirxah işə
mane olmağa çalışır,
öz marağını
güdmək istəyir. Ona görə
meşədəki digər
heyvanları da bu fikirdən daşındırmaq üçün
müxtəlif yalanlar
uydurur. Təəssüf ki, bəzi insanlar da meşə
heyvanlarının xoş
niyyətlərini başa
düşmür və
onlara çətin anlar yaşadırlar.
Bütün bunlara baxmayaraq sonda...
Əsərin müəllifi Əjdər
Ol və tamaşa üzərində
çalışmış yaradıcı heyət insanlarda xeyirxahlıq, mərhəmət, ətrafdakılara
diqqətlə yanaşmaq,
çətin anlarda kömək əli uzatmaq kimi nəcib
hisslər aşılayır.
Quruluşçu rejissor kimi Bəhram Osmanovun yozumu, Elxan Sərxanoğlunun
sadə, əsərin
mahiyyətini açan
səhnə tərtibatı,
bəstəkar Məryəm
Əlibəylinin tamaşa
üçün yazdığı
oynaq mahnılar, Səbinə Məmmədovanın
qurduğu rəqslər
müəllif ideyasını
tamamlayır.
"Biri vardı,
biri yox" tamaşasında quruluşçu
rejissor teatrın istedadlı gənclərinə
güvənib. Mirzə Ağa Mirzəyev (Şir), Elgün Yəhyayev (Ayı), Anar Səfiyev (Canavar), Venera Abbasova (Tülkü), Ramil Məmmədov ( Meymun), Zümrüd Quliyeva (Dovşan), Səbinə Məmmədova
(Siçan) səhnədə
öz maraqlı ifaları ilə balaca tamaşaçıları
inandıra bilirlər.
Premyeraya gələnlər öz yaşıdlarına, dostlarına
bu maraqlı tamaşa haqqında yəqin ki. hələ çox danışacaq, həmişə
xeyirxah, mərhəmətli
olmağa çalışacaqlar.
"Biri vardı, biri yox"
tamaşasının sonunda zaldakı
balacaların reaksiyası və alqışı buna inanmağa əsas verir.
Ədalət.-2015.-7 noyabr.-S.11.