"Piano
ifaçılığının zirvəsinə çatmaq
üçün bir ömür bəs etməz" - Ayan Məmmədli
Adalet.az Avstriyada keçirilən
"Salzburq star" beynəlxalq musiqi müsabiqə-festivalının
Qran-pri laureatı Ayan Məmmədli ilə müsahibəni təqdim
edir.
- Ayan, Sizi yüksək nailiyyət
münasibətilə təbrik edirik. Müsabiqə ilə
bağlı təəssüratlarını öyrənmək
istərdik...
– Təbrikinizə
görə təşəkkür edirəm, sağ olun. Bəli, həqiqətən də bu ilin noyabr
ayının 1-də Avstriyanın Salzburq şəhərində
keçirilən və iştirakçısı olduğum
musiqi müsabiqəsiylə bağlı təəssüratım
çox böyükdür. Qeyd edim ki, bu
dünya şöhrətli bəstəkar A.Mosartın
doğulduğu şəhərdə keçirilən ikinci
beynəlxalq musiqi festival-müsabiqəsi idi. Dünyanın müxtəlif ölkələrindən
150-yə yaxın iştirakçı müxtəlif
nominasiyalar üzrə bu yarışmaya
qatılmışdı. Mənim
qatıldığım piano üzrə müsabiqədə
isə 20 nəfər pianoçu mübarizə
aparırdı. Proqramımda ifa etdiyim əsərlər
həm çətin, eyni zamanda hər kəsin marağına
səbəb ola biləcək əsərlər
idi. Belə ki, proqrama Azərbaycan bəstəkarı
Q.Qarayevin prelyudiyası ilə yanaşı, məşhur
Avstriya bəstəkarları K.Çerni – F.Şubertin
variasiyasını, həmçinin hazırda dünyaca məşhur
müasir bəstəkar N.Kapustinin prelyudiyasını daxil
etmişdik. Onu da qeyd edim ki, müsabiqədə
hər kəs tərəfindən böyük maraqla
qarşılanan və dünyanın bir çox
tanınmış pianoçularının ifa etdiyi N.Kapustinin
bu əsərinə respublikamızda ilk dəfə olaraq mən
müraciət etmişdim və sevinirəm ki, ilk dəfə
olsa da ifam böyük uğur qazandı. Hazırda
sevincimin həddi-hüdudu yoxdur. Əvvəla,
ona görə ki, mən bu müsaqbiqədə ölkəmizi
yeganə iştirakçı kimi təmsil etdiyim
üçün üzərimə düşən məsuliyyəti
yaxşı dərk etdiyimdən, arzusunda olduğum qələbəni
qazana bildim. İkincisi isə bu qələbə
sıradan bir yer tutmaq yox, dünyanın tanınmış
müsiqiçilərindən ibarət olan münsiflər heyəti
tərəfindən yarışmanın ən ali
mükafatı olan Qran-Pri mükafatına layiq görülməyim
oldu ki, bununla mən müstəqil respublikamız
üçün tarixi olan, 01 noyabr 2015-ci il, V
çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə seçkilərin keşirildiyi bir gündə
uzaq avropa məkanının səhnəsində ü,rəngli bayrağımızı zirvədə
dalğalandıra bildim. Mənim üçün bundan
böyük xoşbəxtlik ola bilməz. Çünki, mən bunu tək öz qələbəm
yox, vətənimin dünya musiqi ictimaiyyətinin
qarşısında qazandığı qələbə hesab
edirəm.
- İndiyədək bir
neçə müsabiqənin qalib və laureatı
adını qazanmısınız. Bu uğurun digərlərindən
fərqi nədən ibarətdir?
- İlk qələbəmi hələ
9 yaşında ikən, 2013-cü ilin fevral ayında
Estoniyanın Narva şəhərində keçirilən
İ.S.Bax adına Beynəlxalq piano
müsabiqəsində qazandım. Hətta həmin
müsabiqədə mən iki nominasiyada iştirak etməklə
I və III yerlərin qalibi oldum. İlk dəfə
həmin müsabiqədə onlarla dövlətin arasında məmləkətimin
üçrəngli bayrağının qaldırılması
və himnimizin səsləndirilməsi mənim ən
böyük ilk uğurum oldu. Ondan sonra isə
mən 2013-cü ilin avqust ayında İtaliyanın Rimini
şəhərində keçirilən beynəlxalq piano
müsabiqəsində yenidən I yerin qalibi olarq, "Rimini
star” adını qazandım. Müsabiqənin
sonunda təşkil olunan "Qala konsertdə” xüsusi
nömrə ilə çıxışım da böyük
rəğbətlə qarşılanmışdı. Sonralar bu qələbələr davamlı oldu.
Belə ki, 2014-cü ilin fevral ayında Malta
respublikasının paytaxtı Valetta şəhərində
keçirilən beynəlxalq piano müsabiqəsinə
qatılaraq, yekunda Amerika ( I yer), Çin (
II yer) dövlətlərindən gəlmiş
pianoçulardan sonra, III yerin qalibi oldum. Hətta
həmin müsabiqədə Karl Koelinqin "Macar
rapsudiyası” əsərinin uğurla ifasına görə
müsabiqənin xüsusi diplomuna layiq görüldüm və
bu əsəri də müsabiqənin yekununda keçirilən
"Qala konsert” də ifa etdim. 2015-ci ilin
fevral ayında biz Maltanın Valetta şəhərində
keşirilən növbəti beynəlxalq piano müsabiqəsində
iştirak etmək üçün dəvət aldıq.
Həmin müsabiqədə isə Yaponiya, Çin, Amerika,
Almaniya, Rumınya, Rusiya, Türkiyə, Hollandiya, Macarıstan,
Şimali Koreya, Fransa, İngiltərə, Polşa, Malta kimi
ölkələrdən gələn pianoçularla eyni səhnəni
bölüşərək, ötən yarışmada II yeri
tutmuş Çini qabaqlayaraq, Polşa ( I yer), Azərbaycan ( II
yer ), Çin ( III yer) qələbəni əldə etdim. Təbii ki, bütün bu qələbələr həm
mənim üçün böyük nailiyyət, həmçinin
bir təcrübə, sınaq meydanı idi. Vacib bir məsələni
də qeyd edim ki, bu müsabiqələdə iştirak etməklə
yanaşı, mən orada dünyaca məhşur musiqiçilər
olan İsveçrə Konservatoriyasının professoru Mixail
Kozinnikdən, Paris Konservatoriyasının professoru Pier
Riçdən, Moskva Konservatoriyasının professoru Mixail
Petuxovdan, Serbiya konservatoriyasının professoru Milos
Pavloviçdən aldığım ustad dərsləri musiqi
sahəsində biliklərimin zənginləşməsinə
çox böyük təsir edib.
- Cəmi 13 yaşınız
olmağına baxmayaraq bu günədək
qazandığınız uğurlarla bütün ölkə
ictimaiyyətini təəccübləndirmisiniz. Uğurlarınızın təməlində nə
dayanır?
-
Bilirsiniz, mən heç vaxt kimdənsə fərqlənmək
haqqında düşünməmişəm. Amma təbii ki, hər
kəsin öz fərdi xarakteri, dünyaya baxışı
var. Mənim lap körpəlikdən musiqiyə, incəsənətə
çox böyük marağım olub. 3-4
yaşından anam Aidə xanım məni və böyük
bacım Arzunu daim musiqi və digər yaradıcılıq dərnəklərinə
aparardı. Yaxşı yadımdadır ki, mən
bacımla ilk dəfə T. İsmayılov adına
uşaq-gənclər yaradıcılıq sarayına, 3-4
yaşında rəqs dərnəyinə, 5 yaşında piano
sinfinə və "Cücələrim” vokal qrupuna gedirdik. Günlərlə məşqlər edirdik. Bayramlarda daima səhnələrdə və televiziya
ekranlarında çıxışlar edirdik. Sonralar təhsil aldığım Bakı Atatük
Liseyində demək olar ki, bütün tədbirlərdə mən
musiqi nömrələri ifa etmişəm və bu bu gün də
davam edir. Hətta onu da qeyd edim ki, təhsil
aldığım Bakı Atatürk Liseyinin göndərişi
ilə mən 2014-cü ilin avqust ayında Türkiyə
respublikasının İstanbul şəhərində
keçirilən Türk Dünyası Araşdırmaları
Vaqfının təşkilatçılığı ilə
keçirilən "20-ci Cocuk Şöleni”nə
qatılmış, İstanbulun böyük səhnələrindən
birində və "Bengül” televiziya proqramında respublikamızı
tərənnüm edən mahnılar ifa edib, xüsusi
mükafata və diploma layiq görülmüşəm. Bütün bunlar mənim musiqiyə və incəsənətə
olan dərin marağımdan irəli gəlir. Amma onu deyim ki, piano ifaçılığı mənim
üçün ayrıca bir dünyadır. O elə bir
zirvədə olan sənətdir ki, onun zirvəsinə
çatmaq üçün bəlkə də bir ömür
bəs eləməz. Bu sənət zəhməti,
əməyi və qayğını sevir. Sən
ona necə sevgi göstərərsənsə o sənə onu
ikiqat qaytarır. Bu gün bu çətin yolda
qazandığım ən kiçik uğurum
üçün mən ilk növbədə müəllimlərimə,
xüsusilə, artıq 6 ildir təhsil aldığım
Bakı şəhəri T.Quliyev adına 12 saylı onbirillik
uşaq musiqi məktəbinin müəllimləri Nazilə
xanıma, Nərmin xanıma, Vəfa xanıma və
xüsusilə mənə və məktəbimizin
bütün şağirdlərinə hər məsələdə
yaxından kömək göstərən və hər zaman
dayaq olan məktəbimizin direktoru Gülnarə xanım Səfərovaya
sonsuz minnətdaram. Onu qeyd edim ki, bu günlərdə
60 illik yubileyi tamam olacaq bu məktəbimiz indiyə qədər
respublikamız üçün onlarla musiqi kadrları
yetişdirmişdir. Təsadüfi deyil ki,
öz nümunəvi fəaliyyətilə onlarla uğura imza
atan məktəbimiz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
2015-ci ildə ilin ən yaxşı məktəbi
seçilmiş, məktəbin direktoru Gülnarə Səfərova
isə cənab Prezidentin sərəncamı ilə "Əməkdar
müəllim” adına layiq görülüb. Amma onu
mütləq qeyd etməliyəm ki, sizin təbirinizlə, mənim
bu cür uğurlar qazanmağımın sirri, gözəl
ixtisas müəllimim olan, Q.Qarayev adına Dövlət Kamera
orkestrinin direktoru Nazilə Yaqubova kimi təcrübəli bir sənətkardan
dərs almağımdadır. Çünki Nazilə
xanım çox təcrübəli, tələbkar və
öz şagirdləriylə yorulmaq bilmədən
çalışan bir pedaqoqdur. O bütün
keçirilən ciddi müsabiqələrdə hər zaman mənim
yanımda olub. Biz bir əsəri öyrənib ərsəyə
gətirmək üçün aylarla
çalışırıq, günlərlə məşqlər
edirik. Nazilə xanım daim yeniliklər
axtarışında olur, onları biz şagirdlərə dərindən
aşılayır. Mən evdə
olduğum zamanlarda gün ərzində 7-8 saat vaxtı piano
arxasında keçirirəm və çox nadir hallarda müəlliməmi
razı sala bilirəm. O, hər zaman məndən daha
yaxşı ifalar gözləyir. Bəzən
çox yorulsam da, nəticə etibarı ilə əldə
etdiyim nailiyyətlər bu çətinlikləri mənə
unutdurur. İndiyə qədər musiqi sahəsində
əldə etdiyim bütün nailiyyətlər
üçün Nazilə xanıma borcluyam. İctimaiyyəti təəccübləndirmək məsələsinə
gəldikdə isə, tamaşaçıların rəğbətini
qazanmaq və onların rəğbətini qazanmaq
üçün konsertlərə səylə
hazırlaşmağımız olub. Burada
da müəlliməm Nazilə xanımın mənim
potensialıma uyğun düzgün proqram seçimini etməsidir.
Düşünürəm ki, dinləyicinin rəğbətini
qazanmaq üçün ifanla onların ürəyinə yol
tapmağı bacarmalısan. Buna isə o zaman nail olmaq
olur ki, etdiyin ifa ürəkdən gəlsin. Sənə
hər kəsin göstərdiyi etimadı doğrultmaq
üçün məsuliyyət hissindən yan
qaçmamalısan. İkinci bir səbə
isə səhnədə həyəcan keçirməməkdir.
Buna isə təcrübə toplamaqla nail olmaq olur. Bu barədə mən özümü çox
şanslı biri hesab edirəm. Çünki, mənə,
Q.Qarayev adına mədəniyyət mərkəzinin nəzdində,
Prof. Zəhra xanım Quliyevanın rəhbərlik etdiyi
Respublika Gənc İstedadlar Mərkəzinin üzvü kimi
şəhərimizin müxtəlif elit məkanlarında,
musiqi məktəblərində, Muğam Mərkəzində,
ən önəmlisi isə, həm Respublika Gənc Simfonik
orkestrinin solisti kimi, həm də Respublika Dövlət Kamera
Orkestrinin müşayiəti və respublikanın Xalq Artisti
Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan
Dövlət Filarmoniyasının səhnəsində dəfələrlə
çıxış etmək şansı nəsib olub ki, bunu
mən yaşda olan yeniyetmələr yalnız arzu edə bilərlər.
Teymur müəllim, Zəhra xanım kimi sənətkarlardan
məsləhətlər almaq, tövsiyələr eşitmək
özü bir məktəbdir.
- Müsabiqə üçün
kifayət qədər mürəkkəb - Azərbaycanda indiyədək
ifa edilməyən əsəri - N.Kapustinin prelyudiyasını
seçmişdiniz. Bu əsərə müraciət
etməyinizin səbəbi nə idi?
- Mənim
indiyə qədər ifa etdiyim əsərlər klassik Azərbaycan
bəstəkarları ilə yanaşı, müxtəlif
xarici ölkə bəstəkarlarının əsərlərindən
ibarət olmuşdur. Bunlardan Q.Qarayevin, V.Mustafazadənin,
Mosartın, Şopenin, Koelingin, Şubertin, Çerninin və
başqalarının əsərlərini daha çox sevirəm.
Bunların içərisində dünyaca məşhur
olan N.Kapustinin prelyudiyası maraqlı və çox çətin
bir əsərdir. Müəlliməm Nazilə
xanım bu əsəri mənə verəndə sanki, onu
öyrənə bilib-bilməyəcəyimi yoxlamaq istəyirdi.
Mən qısa müddətdə bu əsəri
öyrənib, ona təqdim edəndə müəlliməm məni
bu imtahandan uğurla çıxmağımı bildirdi.
Mən bundan daha da ruhlanaraq, bu əsərin
üzərində daha ciddi işləməyə
başladım və sevinirəm ki, onu uğurlu şəkildə
ifa edə bildim. Salzburqda bu əsəri hətta
ikinci dəfə Qala konsertdə də ifa etdim. Və bu əsərin
ifasının hər kəs tərəfindən çox
böyük rəğbətlə qarşılanması mənim
ən böyük uğuruma təkan verdi.
- Xarici ölkələrdən təkliflər
gəlməmiş olmaz...
Bəli, bu cür təkliflər
ötən müsabiqələrdə də olmuşdu. Yəni,
istər İtaliyada, istərsə də Maltada ifalardan sonra
şəxsən Paris Konservatoriyasının professoru cənab
Pier Riç, Moskva Konservatoriyasının professoru Mixail Petuxov
tərəfindən öz ölkələrində
keçiriləcək növbəti müsabiqələrə
dəvətlər almışdıq. 2014-cü
ildə Maltada keçirilən müsabiqənin təşkilat
komitəsi tərəfindən dəvət üçün hətta
Azərbaycan Mədəniyyət və Turizm nazirliyinə
yazılı müraciət də ünvanlanmışdır
ki, orada Azərbaycan mədənyyət günlərini
keçirsinlər. Ən maraqlı təklif
isə Avstriyada bu müsabiqədə oldu. Belə ki, müsabiqədə münsiflər heyətinin
sədri olan Vyana Konservatoriyasının professoru məni gələcəkdə
orada təhsil almağa dəvət etdi. Həmçinin
müsabiqənin sonunda, Qran- Pri mükafatçısı kimi
Sankt-Peterburq şəhərində 2016-cı ilin fevral
ayında keçiriləcək "Rus nağılı”
festivalına fəxri qonaq kimi tədbirin Təşkilat komitəsi
tərəfindən dəvət aldım.
Son olaraq,
sizin qəzetiniz vasitəsilə bir məktəbli və bir azərbaycanlı
kimi, öz potensialımı hər yerdə nümayiş
etdirməyimə şərait yaradan və bizə hər zaman
dəstək olan dövlət başçısı cənab
İlham Əliyevə və Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm Nazirliyinə öz sonsuz minnətdarliğımı
bildirirəm.
Sahib
ƏSƏDBƏYLİ
Ədalət.-2015.-7 noyabr.-S.7.