ƏLƏDDİN İNCƏLİ

 

Bilirəm yetmişə necə yetmisən,

Yetmişin yetmiş min dərdi var, abi.

Günlər yaşanmasa il başa varmaz,

Günün də sayası, sərti var, abi.

 

Halaldı bu haqqa nail olmağın,

Halaldı bu haqqa qail olmağın.

Şair Ələddin tək şair olmağın

Bir yetmiş qədər də şərti var, abi.

 

Məmməd sevdi səni o dağlar təki,

Özün də bir dağsan o dağlarda ki!

Eldən arxayınıq, o dağlarda ki-

Elin sənin kimi mərdi var, abi!

 

Onda Akif Səməd sağ idi, Məmməd İlqarın yaddaşı üstündəydi. Mən isə bu iki dostumdan şeir yazmağımı gizlətdiyim vaxtlar idi...

Həmişə olduğu kimi yenə birgə səfərə çıxmışdıq. Bu üçlük, ayrılmaz dostluq hamı tərəfindən qəbul olunmuş, İncə dərəsində bu üçlüyə xüsusi sevgi və sayğılar var idi. Şərəfimizə qonaqlıqlar düzənlənər, toylarda söz deməyə birgə çağrılar, kəndin qoca qarılarından tutmuş, məktəbli uşaqlarına qədər bu üçlüyü tanıyar, şeir dolu məzəli söhbətlərimizi eşitmək üçün əldən gedərdilər.

Bu üçlük, İncə dərəsinə gedəndə çox zaman yağışlar aparardı, Quraqlıqdan əziyyət çəkən İncəlilər hətta kəramət sahibləri kimi bizə olan heyranlıqlarını da gizləməzdilər...

Yazımıza açar kimi qəbul etdiyimiz bu şeir də İncə dərəsində, mənim idarə etdiyim maşındaca yazılıb.

Həmişə olduğu kimi yenə Akif Səməd:

-Arkadaşlar, bə kişinin yubleyinə əliboşmu gerək? - deyib mənim üzümə baxdı.

-Nə dersən, indi kənddə nə hədiyyə tapasıyıq, elə özümüz hədiyyəyik- dedim.

-Narahat olmayın, əliboş getmərik, - deyib Məmməd İlqar qımışdı. - Akif, yadından çıxıbmı, Dəmirçioğlunun nəvəsini təbrikə gedəndə hədiyyəni yol boyuca hazırlamadımmı?

Akif arxada oturmuş Məmmədə tərəf döndü:

- Onda sən başla, biz sənə mane olmayacağıq, - dedi.

Üç dost, ustadımız Ələddin İncəlinin 70 yaşını, yubileyini təbrik etməyə gedirdik. Kəmərlinin "sərhədinə" çatanda Məmməd şeirin birinci bəndini oxudu. O zaman yollar çox kələ-kötür idi. Nə qədər ehmallı sürsəm də yazısı əydəş-üydəş alınmışdı. Birinci bəndi bəyəndik, davam etməsini xahiş etdik. Güneyə dönən yol ayrıcına çatanda ikinci bəddə hazır idi. Beləliklə Ələddin müəllim gilə dönən döngədə maşını saxladıq, hazır olmuş şeiri ayrı bir vərəqə səliqə ilə köçürən Məmməd:

- Bir qonaqlıq sizdən. Üzümüzə tutalğac olacaq şeri mən yazdım, qonaqlığı siz verərsiniz, - dedi.

Dikdirə qalxan maşınımızı uzaqdan gözü almış şair Ələddin qabağımız çıxdı. Darvazanı açıb hazırlamışdı. Gözlərinə inanmaq istəmirdi. Bu üçlüyü bir yerdə görən şairin üz-gözündən nur sellənirdi...

Günlər necə sürətlə ötüşdü. On ildən artıqdı Akif bu dünyanı, ikinci ildir ki, Məmməd İlqar yaddaşını tərk edib. Təkləndi bu üçlük, növrağı pozuldu bu üçlüyün. Amma sözün növrağı heç bir zaman pozulmayıb. Həmin şeir bu gün hoyuma yetdi, yenə bu şeiri üzümə tutalğac edib, çoxdan bəri yazmağa kökləndiyim bu yazıma açar elədim...

"Ələddin İncəli İncə dərəsinin ilk şairidir" - fikrini söyləsək, yanılmış olmarıq. Niyə yanılmış olmarıq? Düzdü, İncə dərəsi ta qədimdən sazlı-sözlü məkan olub, XVII əsrdə yaşamış Əfqan Hacıdan üzü bu yana, sinəsi dolu şair babalarımız, dodağı qımqımalı nələrimiz çox olub. Müasirlərindən - Səyyar Vəli, Aşıq Avdı, Şair Cəlil və s. kimi gözəl şairlər olsa belə, ədəbi mühitdə İncə dərəsini təmsil edən ilk şairimiz məhz Ələddin İncəli olmuşdur. Bu cığırı böyüdən, genişləndirən, zirvələrə doğru dartıb aparan İncəli şairləri, məhz Ələddin İncəlini özlərinə ağsaqqal saydılar.

Allah tala Ələddin müəllimə şairliyi ilə yanaşı, əxlaqı, mənəviyyatı, mədəniyyəti də paralelliklə əxz edib. Hələ gənc yaşlarımdan adını eşitmiş, şair kimi tanıdığım, bircə dəfə özü ilə tanış olmaq eşqi ilə alışıb yandığım illəri xatırlayıram. Mənə elə gəlirdi ki, o, əl çatmaz bir zirvədədir, hətta tanış olsaq belə heç mənə məhəl də qoymaz. Sən demə belə deyilmiş. Tanışlığımızdan sonra nə qədər sadə, saf, səmimi insan olduğunu gördüm. Onun səsində, davranışında, bütün hərəkətlərində bir ağsaqqallıq, ağayanalıq, müdriklik, və bunların fövqündə dayanan insaniyyətlik var. Lovğalığın, təkəbbürün düşmənidir desək, bəlkə fikrimizi daha aydın izhar etmiş olarıq...

Mən bu yazını bir il öncə yazmaq istəmişdim, Rəfail İncəyurdla birlikdə evimə dəvət etmişdim. O zaman, müsahibə xarakterli bir söhbət də qurduq, olmuşdan-keçmişdən suallar da vermişdik. Xəyallara dalaraq, tələbəlik illərini, eyni patokda oxuduğu Şıxəli Qurbanovla dostluğundan, onun fərasət və cəsarətindən xeyli söhbətlər etmişdi. Sonra Qazaxda işlədiyi, "Qalibiyyət bayrağı" qəzetinin redaktoru olduğu illərdən söz açdı. İndi Türk dünyamızın tanınmış şairlərindən biri olan Məmməd İsmayılın onun yanında iş fəaliyyətinə başlamasını, ilk şeirlərini qəzetində çap etməsini söylədi.

Bu yaxınlarda, Çanaqqala səfərimdə Məmməd İsmayıl da bu konuda söhbət etdi, Ələddin İncəlinin ona etdiyi yaxşılıqları dilinə gətirdi. Belə nəql etdi ki, Ələddin müəllim, təkidlə onu Bakıya yola salmış, Bakıda yaşayan vəzifəli dost və qohumlarının vasitəsi ilə onu Bakıya qeydiyyatı saldırmış, gələcək həyat yollarını qurmaqda xeyli dəstək olmuşdur.

Çox duru insandır Ələddin İncəli. Bütün ömrünü şair kimi yaşamış, xeyli sayda kitabların müəllifidir. Bu müdrik insan, o nadir insanlardandır ki, bir adam könlünü qırmamış, ancaq yaxşılıq etmək, qayğı göstərmək, əyiləni düzəltmək kimi işlərlə məşğul olmaq ömrünün, yaşamının kredosu olmuşdur. Bu xeyirxah insan naqisliklərlə də az üzləşməyib. Bəşərin şərini, yalanları, böhtanları, haqsızlıqları da az görməyib, ümidi üzüləndə Uca Allaha xitab edib:

 

Tanrım, ərzə nə davakar,

Nə cığal bəndələr göndər.

Nə lovğa, nə təkəbbürlü,

Nə dağal bəndələr göndər.

 

Nə "dünya mənimdi" - deyən,

Nə kasıb-kusubu döyən,

Nə zəhmət çəkməyib yeyən,

Nə kahal bəndələr göndər.

Görməyək tələ-torları,

Görməyək qəlbi korları.

Yer tutmur haramxorları,

Pak, halal bəndələr göndər.

Bir də yonmağa codları

Kəsərli rəndələr göndər.

 

Hər bir şairi sözündən tanıyarlar. İstənilən şeirindən Ələddin İncəlinin yaşam dünyası, amalı, məramı aydınca görünməkdədir. Şeirləri də özü kimi saf, quramalıqdan, əllaməlikdən uzaq, "Kor bulağ"ın suları tək saf və durudur.

 

Zəhmət çəkib, zəhmətinin haqqını

Alan varsa - bəxtəvərdi, bəxtəvət.

Mayasına heç vaxt haram qatmayan

Kalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

Nə qədər ki, gəlib-gedir nəfəsin,

Olaydı kaş yaşamağa həvəsin.

Üzündə nur, dodağında təbəssüm

Plan varsa - bəxtəvərdi, bəxtəvər.

 

İncəli, çək sən də sözün nazını,

Atma hələ qələmini, yazını.

Ulu Qorqud dədəmizin sazını

Çalan varsa - bəxtəvərdi, bəxtəvər.

 

Mən elə bilirəm ki, şairin özü də arzu etdiyi bəxtəvərlərdəndi. Gözəl balaları var, söz meydanında "Ələddin İncəli" imzasını möhürləyib, Azərbaycanımızın, İncə dərəmizin urvatlı ağsaqqallarından biri kimi sevilməkdədir...

Qəribə zamanda yaşamaq məcburiyyətindəyik. Hər şey çox sürətlə inkişafdadır. Burada, bəşəriyyətə xeyirli olacaqlardan daha çox, ziyanlı olanlar daha çox sürət götürməkdədir. Ədalətsizlik, zorakılıq, əxlaqsızlıq, mənəviyyatsızlıq və bu kimi sadalamağa belə utandığımız nəsnələri bura aid etmək olar. Bu gün dünyada nələrin baş verdiklərini aydınca görürük və seyrçilikdən başqa əlimizdən bir şey gəlmir. Bu ədalətsizlik prinsiplərini heç olmasa ədəbiyyatımızda görmək istəməzdim. Amma təəssüf etmək məcburiyyətindəyik.

 

Haqqı heç ödənilməyən,

Şairlərdən biri mənəm.

Çünki məğrur, yenilməyən

Şairlərdən biri mənəm.

 

Axtarıb bula bilməyən,

Haqqını ala bilməyən,

Hamı tək ola bilməyən

Şairlərdən biri mənəm.

 

Yaltaqlanıb, yarınmayan,

Məddahlıqdan barınmayan,

Kasıblığa darılmayan

Şairlərdən biri mənəm.

Kirpiyiylə od götürən,

Qəhərlənən, köks ötürən,

Az qazanıb, çox itirən

Şairlərdən biri mənəm.

 

İncəlidi qəhr eyləyən,

Namərdləri dəhrələyən,

Qüruruyla fəxr eyləyən

Şairlərdən biri mənəm...

 

Ələddin İncəli söz oyununu bilmir. Sözlə oynamaq heç ağlına belə gəlmir. Bu da onun saflığındandır. Əlbəttə, bəsit şeirlərin də əleyhinəyəm. Əslində mən novatorçuluğun, yeniliyin, söz xəzinəmizə indiyə qədər deyilməmiş tər və orijinal sözlərin, fikirlərin gəlməsini arzulayıram. Bunları əllaməlik etmədən də etmək olar. Yalançı metaforaların, görüntü yaradan pafosların, yaltaqcasına yazılmış vətən, torpaq və s. kimi arxasında ikrah doğuracaq maraq, təmənna olan şeirlərin əleyhinəyəm.

Ələddin abimiz, demək olar ki, qosqoca bir ağac ömrü yaşayır. Belə ki, doğulduğu yurdundan, elindən-obasından aralanmadı. Bir ayağı Qazaxda, bir ayağı İncə dərəsində yaşadı. Bəlkə elə bu səbəbdəndir ki, artıq 80-ni yola verib, 100-ə doğru irəliləyir. Yuxarıdakı nümunəsində şikayət olsa da, təmənnasız insandı, ustadımız. Xislətcə də şairdi.

Xislətcə şair olanların dünya malında, maddi olanlarda gözü qalmaz. Bir bənövşə nazına bütün dünyanı dəyişər.

 

Bəlkə ölüb getdim, yazı görmədim,

Gülüm, o dağlardan dər bənövşəni.

Nazik əllərinlə seçib-oxşayıb

Qəbrimin üstünə sər bənövşəni.

 

Bəlkə incə ruhum xoşahal ola,

Bəlkə yaman dillər susa, lal ola.

O güllər üç rəngdə: , göy, al ola,

De, şair sevməzmi hər bənövşəni.

 

Gərdiş dövranımı devirdi, deynən,

Vurub iqbalımı çevirdi - deynən.

Əllədin İncəli sevirdi - deynən,

Şehli bənövşəni, tər bənövşəni.

 

Görünür şair bu şeiri gəncliyində sevgilisinə yazıb. Amma sən saydığını say, gör fələk nə sayır. Şair Ələddin bu qədər el sevgisinin, qohum- əqraba, övlad, nəvə, nəticə bolluğunun içində çox qəribdi.

 

Səmada bir ulduz parlayıb söndü,

Gözəl Məlahətim onunla getdi.

Elə bil taleyim tərsinə döndü,

Bəxtim, səadətim onunla getdi.

 

Yarım məndən ötrü nur - işığıydı,

Gülün səhəriydi, gur işığıydı.

Bu şair ömrümə yaraşığıydı,

Şerim, şeriyyətim onunla getdi.

 

Ələddin İncəli, desən qürurum,

Şeirdə uğurum, işdə uğurum,

Qolumda qüvvətim, gözümdə nurum,

Dizimdən taqətim onunla getdi.

 

...Bu yaxınlarda Qazağa getmişdim. Adətən, hər səfərimdə Barat Vüsalla görüşürəm, ordan-burdan söhbətlər edib, dərdləşirik. Bu dəfə də Baratla görüşdüm, söhbət edə-edə "Ədiblər alleyası"na tərəf addımladıq. Uzaqdan, skamyaların birində tənhaca oturmuş Ələddin İncəlini gözüm aldı. Çox fikirli idi. Düşəncələrə qərq olmuşdu. Görəsən nə düşünürdü. Mənə elə gəldi ki," ey gidi dünya, məni də qocaltdın" - deyə, düşünür, uzaq xatirələrə vararaq, gənclik illərinə etdiyi səfərdən qayıdırdı...

 

Ədalət.-2015.-7 noyabr.-S.10.