TANIDIM SƏNİ

Qardaşım Fərman İbrahim oğluna.

 

Haqqa arxalanıb düzünü deyən,

Yamana yox" deyib, yaxşını öyən,

Yanar ürəyini çıraq eyləyən,

Ər oğlu ər kimi tanıdım səni.

 

Dostun dar günündə köməyə gələn,

Halal çörəyini yarıya bölən,

Vətənlə ağlayan, vətənlə gülən,

Vətənpərvər kimi tanıdım səni.

 

Canım quruyurdu, yağış ələdin,

Dərdli ürəyimi özün bələdin.

Qaranlıq dünyama nur səpələdin,

Yox oldu qəm, kədər - tanıdım səni.

 

Meylini salmadın dövlətə, vara,

Bir sevinc gətirdin sən insanlara.

Həmişə nur saçdın qaranlıqlara,

Nurlu səhər kimi tanıdım səni.

 

Şər zəfər çalarmı sən olan yerdə?

Bir çiçək solarmı sən olan yerdə?

Haqsızlıq olarmı sən olan yerdə?

Mən haqqsevər kimi tanıdım səni.

 

Haqqın işığı var sənin üzündə,

Böyüklük, ucalıq gördüm özündə.

Turan dünyasında - bu yer üzündə,

Mərd ərənlər kimi tanıdım səni.

 

Təmiz ürəyin var, saf vicdanın var,

Böyük hörmətin var, adın-sanın var.

Allah adamısan, düz imanın var,

İnsanpərvər kimi tanıdım səni.

 

Ey xalqın gözündə ucalan insan,

Sönən ocaqlara od salan insan,

Tanrıdan ən yaxşı ad alan insan,

Mən peyğəmbər kimi tanıdım səni.

 

VƏTƏN SƏNƏ OĞUL DEYƏR

 

Qardaşım nəvəsi İbrahim AQİL OĞLUNA

 

Bir sevinc gətirdin sən qəlbimizə,

Sanki gecələr döndü gündüzə.

Dünyada bir dünya bəxş etdin bizə,

Haqqı yaşat, haqla yaşa, İbrahim!

Haqq yolunda gir savaşa, İbrahim!

 

Bu dünyada yeni dünya qurarsan,

Əməlinlə yaxşı bir ad alarsan.

Gələcəyə işıqlı yol salarsan,

Haqqı yaşat, haqla yaşa, İbrahim!

Haqq yolunda gir savaşa, İbrahim!

 

Vətən sənə oğul deyər, vaxt gələr,

Turan eli səni öyər, vaxt gələr.

Yollarına Tanrı özü nur ələr,

Haqqı yaşat, haqla yaşa, İbrahim!

Haqq yolunda gir savaşa, İbrahim!

 

Dünyada bir yol var: din, iman yolu,

Qəlbinə nur saçar din, iman yolu.

Ürəyin sevgiylə, işıqla dolu

Haqqı yaşat, haqla yaşa, İbrahim!

Haqq yolunda gir savaşa, İbrahim!

 

Vətənlə döyünsün ürəyin hər an,

Qoy səni qorusun özü Yaradan.

Dilində haqq səsi, əlində Quran,

Haqqı yaşat, haqla yaşa, İbrahim!

Haqq yolunda gir savaşa, İbrahim!

 

 

CİBİNDƏN ÜŞÜYƏR SÖZ ADAMLARI

 

 

"Əlim cibimdə üşüyür"

 

Əlisəmid Kür

 

Qəlbinin səsini kimsə eşitməz,

Ürək yaraları heç vaxt bitişməz.

Qışın qar, boranı inan üşütməz,

Cibindən üşüyər söz adamları.

 

Göydən od yağsa da canı isinməz,

Donar damarında qanı, isinməz.

Qayğılar canını üzsə dinməz,

Cibindən üşüyər söz adamları.

 

Min cavab axtarar bircə suala,

Çəkər öz dərdini o bala-bala.

İstər can evində yüz ocaq qala,

Cibindən üşüyər söz adamları.

 

Dünyada bir dünya qurduğu üçün,

Sözüylə hədəfi vurduğu üçün,

Bil haqqın yanında durduğu üçün,

Cibindən üşüyər söz adamları.

 

Şahın sarayına qulluğa getməz,

Ancaq zülüm çəkər, bu zülüm bitməz.

Halal qələminə xəyanət etməz,

Cibindən üşüyər söz adamları.

 

Ədalət.-2015.-11 noyabr.-S.6.