ŞAHZADƏNİN YUBİLEYİ
(reportaj)
... Adını min illərin uzaqlığından yol gələn o göy sulu çaydan
alıb Şirvana işıq salan şəhər! Böyüyən, ucalan şəhər! Göylərdən,
qarşı dağlardan mavi
bir xəyal kimi görünüb də büsatına
sığal çəkən bu gözəl
çay doğmaca
anandır sənin, alıb qoynuna...
Göy çaydır bu.
Axar Göy çay, üzər Göy
çay - uzaq bir yol gedər. Bu yol onun
ömür yolu, əbədiyyət
yoludur. Axıb, axıb bu
şəhəri əzizləyər, başına dolanıb ulu bir nağıl
danışar, şirin bir
nəğmə oxuyar. Adından ad almış bu şəhər
bu nağıla baş
qoyub dadlı bir yuxuya gedər. Bu nəğməyə
üz tutub erkən-erkən
oyanacaq bu şəhər...
... Gecə olunca yuxusundan qərib-qərib ulduzlar keçər, işıqlanıb ay güzgülənər bu çayın sularında. Dan üzü pırıl-pırıl ləpələri sahillərlə oynaşar. Sonra günəş boylanar, sonra torpaq oyanar, sonra maviliklər görünər...
Sabahın xeyir, gözəl şəhərim, şirin şəhərim, gün aydın olsun! Sənə sözüm var, gözəl Göyçayım! Sən bu çayın, mən də sənin oğlunam axı. Həmişə demişəm, yenə də deyirəm: ağlım kəsəndən sənin aşiqin olmuşam, səni dəlicəsinə sevmişəm. Qəlbimin döyüntüsünü eşidirsənmi, doğma şəhər?.. Sənin bu gözəlliyini, bayram büsatını görüb ürəyim atlanır, uşaq kimi sevinirəm. Göylərə ucalan xan çinarın, qız kimi bəzənən telli qovaqların, izdihamlı küçə və meydanların, park və bağların, yaraşığın, əzəmətin və zəhmətkeş, fədakar, vətənpərvər sakinlərin... bir gözəl bayramın eşqinə tutulub. Bütün bunlar sənə necə də yaraşır, doğma Göyçayım!
Bu bir bayramdır, dünyada yalnız Azərbaycana, Vətənin bir parçası olan Göyçay rayonuna bəxş olunmuş bayram... Dünyada tayı-bərabəri olmayan Göyçay narının, meyvələr şahının şərəfinə düzənlənən el şənliyidir bu.
Düz 10 ildir bu bayram, bu nar festivalı beləcə Göyçayın sevincinə sevinc qatır, onu daha böyük zirvələrə ucaldır. Həyatın çox qəribə, həm də sanki qanunauyğun təsadüfləri olur. Göyçayda Nar bayramı keçirilməsinin ideya müəllifi və təşkilatçısı Mübariz Ağayev Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Göyçay Rayon İcra Hakimiyyətinin birgə hazırladığı ilk festivalın təntənəsini qürurla yaşadı. Danılmaz zəhməti, fədakarlığı vardı. Göyçaylıların sevimli həmyerlisi sonralar Mingəçevir şəhərinə və Quba rayonuna rəhbərlik etdiyi illərdə də hər payız mütləq Nar bayramlarında iştirak edib eyni sevinci paylaşdı. Daha sonra icra strukturunun vəzifə təyinatında nadir hadisələrdən biri baş verdi. Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyev Mübariz Ağayevi yenidən Göyçay rayonuna icra başçısı təyin etdi. Cənab Prezidentin yüksək etimadını layiqincə doğruldan rayonun yeni və keçmiş başçısı Göyçayda bir sıra mühüm və həlli vacib olan işlərin həyata keçirilməsini təmin edir. Möhtərəm Prezidentin rayona göstərdiyi müstəsna qayğı və diqqət göyçaylıları daha böyük uğura ruhlandırdı. Cənab Prezident bu yaxınlarda Göyçaya səfər etdi və buradakı yeniliklərdən razı qaldığını bildirdi.
Bəli, "Şöhrət" ordenli icra başçısı Mübariz Ağayevə 10 il bundan əvvəl uğuruna imza atdığı Nar bayramının yubileyini də həmyerliləri ilə birlikdə hazırlamaq və keçirmək qismət oldu.
Bu, məhz belə bir xoş təsadüfdür.
Bu da yubiley festivalı. Yüzlərlə qonaq, on minlərlə iştirakçı, tamaşaçı... Nar bayramları meyvələr şahını Göyçayın simvolik anlamından da yüksəkliyə qaldırır, şöhrətləndirir. Nar bu yurd üçün sanki özünəməxsus ruhundan da ayrılıb daha geniş, daha əzəmətli məna daşıyır. Bu bayram düz 10 ildir ki, az qala bütün respublikanı bir araya gətirərək ölkədə aparılan quruculuq işlərinin, sosial-iqtisadi inkişafın sevincini, qürurunu paylaşır. Əsl zəhmət, birlik, yüksəliş bayramı kimi də yaddaşlara köçür. Bütün bunlar Dövlət Proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurlu həllinin, sosial-iqtisadi yüksəlişin və başqa fərəhli məqamların göstəricisidir. Yəni bu bayramlar, bu şənliklər Göyçayın, bütövlükdə Azərbaycanın halal haqqıdır.
... Şəhər əhalisi, rayonun yaxın-uzaq kəndlərindən gələn dəstə-dəstə sakinlər Göyçayı bütün dünyada məhşurlaşdıran, eləcə də AZNAR şirkətinin bütün mənalarda brendinə çevrilərək yüksək keyfiyyətli məhsulları ilə bir daha tanıdan bu möcüzə meyvənin şəninə, şöhrətinə üz tutublar. "İynə atsan yerə düşməz" məsəlinin canlı reallığıdır bu gün Göyçay şəhərinin küçə və meydanları. Saat 11-dən sonra Əli Kərim küçəsində, şəhərin giriş qapısında qonaqların qarşılanması başlayır. Respublikamızın şəhər və rayonlarından gələnlər, ayrı-ayrı xarici ölkə səfirliklərinin nümayəndələri, nazirlik və komitələrin yüksək vəzifəli təsisçiləri, Milli Məclis üzvləri, mədəniyyət və incəsənət xadimləri, mətbuat nümayəndələri və digər dəvətlilər bu möhtəşəm yubiley festivalında iştirak etməyə gəliblər. Məktəblilər qonaqları Azərbaycan, rus və ingilis dilində salamlayırlar. Qonaqlara nar şirəsi verilir, yubiley nişanları paylanır. Şeirlər söylənir, nəğmələr oxunur. Bütün bunlar hər tərəfdən, eyni zamanda səmadan da lentə alınır.
Qonaqlar Əli Kərim küçəsi boyunca sıralanmış müxtəlif bayram simvolları ilə tanış ola-ola piyada Heydər Əliyev prospektinə çatırlar. Burada, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı geniş meydanda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bayram iştirakçılarını salamlayır. O, çıxışında rayonun sosial-iqtisadi və mədəni yüksəlişinə xüsusi qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına göyçaylıların minnətdar olduğunu bildirir.
Bir-birindən maraqlı bayram tədbirlərinin iştirakçıları və tamaşaçıları sevinir, qürur hissi keçirirlər. Meydanın ortasında qurulmuş böyük nar maketi açılır və içərisindən çıxan nar paltarlı uşaqlar rəqs edirlər.
Musiqi kollektivlərinin, idmançıların çıxışları bir-birini əvəz edir. Nar masalarına, digər güşələrə tamaşaçı marağı həmişəki kimi böyükdür.
Bayram tədbirləri davam edir. Plov, nardança, kətə, yuxa, narşərab, nar şirələri hazırlanır. Sərgilərə baxış, fikir nümunələri... Bayram tədbirləri o qədər çox, o qədər rəngarəngdir ki, məsələn, eyni tamaşaçının, qonağın bütün bunların hamısında iştirakı mümkün də deyil.
Nar sıxmaq, nar yemək, tez və gözəl formada nar kəsmək, ən iri narı müəyyənləşdirmək, digər yarışlar və eləcə də teatrlaşdırılmış folklor göstəriləri, qaliblərin mükafatlandırılması...
Yubiley festivalının ən önəmli anlarından biri AZNAR şirkətinin emal müəssisəsi qarşısındakı törəndə yaşanır. Şirkətin baş direktoru Fərəc Əhmədov məlumat verərək bildirir ki, son vaxtlar zavoddakı texnoloji yeniliklərlə yanaşı, burada geniş park salınmış, müasir səviyyəli abadlıq-quruculuq işləri görülmüşdür. Baş direktor yeni zamanda qürur hissi ilə qeyd edir ki, şirkətin sahibi, məşhur milyarder həmyerlimiz Fərhad Əhmədovun ideya müəllifliyi ilə dünyada analoqu olmayan unikal nar abidəsi də hazırlanıb və indi həmin abidənin açılışı olacaq.
... Nar abidəsinin açılış mərasimi öncəsi çıxışlar olur. İlk olaraq Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək bugünkü bayramın əhəmiyyətindən, cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin regionlarda öz nəticələrini yüksək səviyyədə göstərməsindən, bu inkişafın Göyçay nümunəsindən danışır. M.Ağayev yeni zamanda AZNAR-ın fəaliyyətindən, müəssisənin uğurları ilə yanaşı, rayonda yeni nar bağları salaraq əlavə iş yerləri yaratmasından və Fərhad Əhmədovun digər xeyriyyəçilik tədbirlərindən də söz açır.
Sonra xeyriyyəçi milyarder Fərhad Əhmədov, Rusiyanın Azərbaycan Respublikasındakı keçmiş səfiri Vasili İstratov və nar abidəsinin müəlliflərindən biri - Azərbaycan Rəssamlar İttifaqının katibi, respublikanın xalq rəssamı, professor Səlhad Məmmədov çıxış edərək ürək sözlərini bildirirlər.
... Qırmızı lent kəsilir və abidənin örtüyü alqış sədaları altında götürülərkən bu qeyri-adi heykəltəraşlıq nümunəsi ətrafa işıq saçır. Gerçəkdən bu görüntüyə heyran qalmamaq mümkün deyil.
Nar bayramı incəsənət ustalarının konsert proqramları ilə həm mərkəzi meydanda, həm də nar abidəsi qarşısında axşamadək davam edir.
Sonda gözəl görüntülü bayram
atəşfəşanlığı Göyçay
səmasını ulduz-ulduz
parıltılarla bəzəyir.
Ədalət.-2015.-11 noyabr.-S.4.