Muğamlarımızın Qarabağ məktəbi

Hacı Tahir ƏZİMLİ,

musiqişünas, muğamşünas

 

ATV-nin "Çal-çağır" verilişində görkəmli xanəndələrimiz iştirak edirdilər. Verilişin bir məqamında aparıcı Dilarə xanım sual etdi ki, bu muğam ifaçılığında Qarabağ məktəbi, Şirvan məktəbi varmı? Həmin sənətçilərdən biricavab verdi ki, heç bir məktəb-zad yoxdur, hətta bu fikri provakasiya da adlandırdı. Sonra da özü öz fikrini inkar edərək, muğamlarımız Cabbar Qaryağdıoğlundan, Seyid Şuşinskidən gəlir, dedi.

Mən bu Qarabağ xanəndələrinin sırasına Hacı Hüsü, Məşədi İsi, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi və digər görkəmli xanəndələrimizi də daxil etmək istərdim. Bunun özü məgər məktəb deyilmi? XIX əsrin ikinci yarısında musiqi incəsənətimizin beşiyi sayılan Şuşada Xarrat Qulunun musiqi məclisi, Xurşid Banu Natəvanın "Məclisi-Üns" poeziyamusiqi məclisi, Mir Möhsün Nəvvabın "Məclisi Fəramuşan" adlanan "Xanəndələr məclisi", Hacı Hüsünün "Xanəndələr məclisi", Kor Xəlifənin musiqi məclisi, Molla İbrahimin "Xanəndələr məktəbi"(dahi müğənnimiz Bülbül muğam sənətini bu məktəbdə öyrənmişdir) və neçə-neçə el sənətkarlarının musiqi məclisləri muğamlarımızın öyrənilməsində, cilalanması, düzgün ifası, yeni nəfəslər, boğazlar, zəngulələr vasitəsilə dolğunlaşması, qəzəl seçimi, yad təsirlərdən qorunması və sair özü, elə məktəb deyilmi? dahi bəstəkarımız Üzeyir Hacıbəyli məqalələrinin birində qeyd etmişdi ki, mən ilk musiqi təhsilimi Şuşada, musiqi məclislərində almışam. Mirzə Sadıq Əsəd oğlunun Azərbaycan tarına gətirdiyi yeniliklər: simlərin sayının 11-ə, pərdələrin sayının 22-yə çatdırılması, sinə üstə tutularaq çalınması, muğamlarımızın bu günlərə gəlib çatan inkişafının təməl əsaslarından biridir.

Milli operamızın yaranması da XIX əsrin ikinci yarısında Şuşada təşkil olunan "Şəbeh" musiqili səhnələri ilə sıx bağlıdır. Həmin dini-musiqili səhnəciklər 1897-ci ildə Şuşada Füzulinin ölməz poeması əsasında tamaşaya qoyulan, "Məcnun Leylinin məzarı üstündə" musiqili səhnə tamaşasının yaranmasına səbəb olmuşdu. Həmin dövrlərdə Şuşada xanəndəlik və sazəndəlik sənətinin vüsətli inkişafı XX əsrin əvvəllərində dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən əsası qoyulan milli operamızın, professional musiqimizinmilli bəstəkarlıq məktəbinin yaranması üçün böyük hazırlıq mərhələsi olmuşdur.

Şuşa musiqi məclislərində muğamlarımız milli üslub və keyfiyyətlərlə zənginləşirdi. Musiqi məclislərində Füzulinin, Vaqifin, Natəvanın, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin qəzəllərindən daha çox istifadə olunurdu. Onlar həm də muğamlarımızın inkişafına öz istedad və yaradıcılıqlarını da əlavə edirdilər. Yeni rənglər, təsniflər, dəramədlər və diringilər də yaranırdı. Hacı Hüsü ilk dəfə olaraq "Kürdü" muğamına "Şahnaz"ı əlavə edərək "Kürdü Şahnaz" oxumuşdur. Cabbar Qaryağdı oğlunun yazdığına görə, Hacı Hüsü Mirzə Sadığın müşayiətilə "Qatar" muğamını yaratmışdır. Mirzə Sadıq "Mirzə Hüseyn Segahı"na "Müxalif"i əlavə etmiş, 1901-ci ildə Şuşada təşkil olunan ilk "Şərq Konserti"ndə "Mahur"u solo çalmışdır. Tarın qoluna "Zabul" pərdəsinin əlavə olunması da Mirzə Sadıq Əsəd oğlunun adı ilə bağlıdır. Görkəmli bəstəkarımız Səid Rüstəmovun toplayaraq nota saldığı 1-ci və 2-ci cilddən ibarət "Azərbaycan xalq rəngləri" məcmuələrindəki nümunələrin əksəriyyəti Mirzə Sadıq Əsəd oğluna məxsusdur. Keçən əsrin təxminən 80-ci illərində səhv etmirəmsə, "Kommunist" və ya "Ədəbiyyat və İncəsənət" qəzetində, Mirzə Sadıq Əsəd oğlunun nəvəsi (Tibb İnstitutunun professoru) "Babam haqqında bildiklərim" məqaləsində (onun o vaxt 50-60 yaşı olardı) "Turacı", "Mirzəyi" və "Tərəkəmə" rəqs havaları, Şuşanın yaşlı sakinlərinin və onun ailə üzvlərinin söhbətlərinə görə, Mirzə Sadıq Əsəd oğluna məxsusdur.

Əlbəttə, musiqimiz yalnız Qarabağ muğam məktəbi ilə məhdudlaşmır. Onun Şirvan, Bakı, Təbriz, Ərdəbil və sair məktəbləri də vardır. Bu məktəblər istedadlı gəncləri öz ətrafına toplayaraq, babalardan bu günlərimizə qədər gəlib çatan qiymətli bir xəzinə kimi bizə miras qalan muğamlarımızı nəsildən-nəslə ötürürlər.

 

Ədalət.-2015.-12 noyabr.-S.6.