MÜSTƏQİLLİK
İLLƏRİNDƏ MUSTAFA
ÇƏMƏNLİ YARADICILIĞINDA
TARİXİ ƏSƏRLƏR
XX əsrin sonu və XXI əsrin əvvəlləri həm tariximizə, həm də ədəbiyyatımıza bir sıra yeniliklər dövrü kimi qədəm qoymuşdur. Azərbaycan dövlətinin
Sovet hakimiyyətindən azad olması, bu azadlığı əldə
etmək üçün yazılan tarix təbii ki, ədəbiyyata
da təsirsiz ötüşmədi. Müstəqillik illəri ədəbiyyatının
mövzu və problematikası dəyişdi: 20 Yanvar faciəsi,
Qarabağ savaşı, insanın mənəvi-psixoloji vəziyyətinin
təsviri ön plana keçdi.
Azərbaycan xalqı öz suverenliyini,
azadlığını minlərlə şəhidin qanı
bahasına əldə etmiş, daim düşmən təzyiqlərinə
məruz qalmışdır. Xalqımızın
başına gətirilən bu ağır faciələr matəm,
hüzn əhval-ruhiyyəsini yaratsa da, onun mübarizə, əzmkarlıq
ruhunu qıra bilmədi. Həmişə
ürəyi millətlə döyünən, öz
xalqının qeydinə qalan, onun taleyinə biganə
yanaşmayıb dərdinə şərik olan bir çox
görkəmli ədiblərimiz öz
yaradıcılıqlarında bu mövzulara tez-tez müraciət
etməyə başladılar. Milli
tariximizin ayrı-ayrı dövrlərinin təsviri bir
çox nəsr əsərlərinin aparıcı
mövzusuna çevrilməyə başladı. Bu dövr ədəbiyyatının inkişafı əvvəlki
zamanla sıx bağlıdır. Milli ruh,
milli birlik, milli tarix mövzusu 1960-1980-ci illər ədəbiyyatında
da müxtəlif məzmunda özünü göstərmişdir.
Lakin bununla belə, ideologiyanın olması vacib
məsələ idi. Xalqda vətənpərvərlik,
patriotluq əhval-ruhiyyəsini qaldırmaq üçün onu
müəyyən ideya ətrafında birləşdirmək zəruri
idi. İdeyanın daha böyük məqsədlərə
xidmət etdiyini vurğulayan Tehran Əlişanoğlu bu barədə
yazır: "İdeoloji vacibdir; o cümlədən ədəbiyyatın,
sənətin, artması, gəlişməsində ideoloji
diskursun iştirakı şəksizdir. Bunu bizə 1990-cı
illərin ideoloji atmosferinin mürəkkəbliyi bir daha
andırdı; özlüyündə azad olmuş, buxovlardan
qurtulmuş ədəbiyyat, sənət meydan
situasiyasının təklif etdiyi qəfil, ideya bolluğundan
sanki pat durumuna düşmüşdü; ona görə yox
ki, situasiya ədəbiyyat və sənət üçün
maraqlı deyildi, məhz ona görə ki: Azərbaycan
yazıçısı, sənətçisi, Azərbaycan
insanı üçün situasiya qəfil, maraq kontekstləri
isə çox idi".
Tarixi roman janrı müəyyən tarixi dövrü hədəf
seçməklə həmin zamanın bədii obrazını
yaratmaq üçün əvəzedilməz vasitədir. Bu janr
yazıçıya imkan verir ki, o, istədiyi tarixi
dövrün səciyyəsini, ab-havasını, həmin
dövrdəki insanların psixologiyasını, adət-ənənələrini,
məişətini yaratmaqla oxucuda öz keçmişinə,
tarixinə maraq yarada bilsin.
Azərbaycan ədəbiyyatında bir-birindən gözəl
əsərlər müəllifi kimi tanınan yazarlardan biri də
Mustafa Çəmənlidir. O, eyni zamanda, "Xallı gürzə",
"Ruhların üsyanı", "Ölüm mələyi"
kimi tarixi nəsr əsərlərinin müəllifidir.
Bədii yaradıcılığa tələbəlik illərindən
başlayan Mustafa Çəmənlinin ilk hekayəsi
1973-cü ildə "Mingəçevir
işıqları" qəzetində çap edilmişdir. "Mənim
dünyamın adamları" adlı hekayələr
kitabı isə 1982-ci ildə çap olunmuş, sonralar
müəllifin bir-birinin ardınca yazdığı xeyli nəsr
əsərləri oxucuları sevindirmişdir. Onun
Qarabağ uğrunda döyüşən igidlərin həyatından
bəhs edən "Fred Asif" adlı sənədli
romanı, Azərbaycanın Milli qəhrəmanı Mübariz
İbrahimovun həyat yolunu özündə əks etdirən
"Mübariz" və sonuncu "Üçyaşlı əsir"
povestləri Qarabağ savaşı və bundan doğan mənəvi-psixoloji
sarsıntını özündə əks etdirən
çox dəyərli, ibrətamiz əsərlərdəndir.
Mustafa Çəmənlinin "Xallı gürzə"
əsərində Qarabağ xanı Pənah xanın
yaşadığı dövr mövzu obyekti kimi
götürülüb. Müəllif Qarabağ tarixi ilə bağlı hadisələri
mövcud "Qarabağnamə"lərdən və digər
ədəbi-bədii , elmi mənbələrdən
diqqətlə öyrənmiş, roman boyu tarixi həqiqətləri
oxucusuna çatdırmaq istəmişdir. Qeyd edək ki, bu
romana qədər Azərbaycan ədəbiyyatında Şuşa qalasının və Qarabağ
xanlığının yaradıcısı Pənah bəy
Cavanşirin bədii obrazı yaradılmamışdır.
Bundan başqa, ilk dəfə romanda şimali və cənubi
Azərbaycan torpaqlarında hökmdarlıq edən xanların
münasibətləri, dostluqları, ixtilafları fonunda
dövrün canlı mənzərəsinin, ictimai-siyasi vəziyyətinin
şahidi olur, insanların mübarizəsinin, duyğu və
düşüncəsinin, yaşam tərzinin canlı təsvirini
görürük. Bu fikrimizi ədəbiyyat və fikir
adamları da etiraf edib: "Onun ilk geniş oxucu marağı
qazanmış "Xallı gürzə" romanı
Qarabağ xanlığının keşməkeşli bir
zamanının aydın güzgüsüdür" (Məmməd
Aslan).
Roman rəmzi-simvolik
bir təsvirlə başlayır: "Üç ay yerin
altında qıvrılıb yuxuya getmiş xallı gürzənin
qırışığı birdən açıldı,
donmuş qanı duruldu, hiss elədi ki, onu qovub yerin tərkinə
soxan qış köçünü çəkib, hər
gecə ağırlığını, soyuqluğunu
üstündə duyduğu qar "yorğan" əriyib həsrətində
olduğu o isti, o göz qamaşdıran gün uzaq səfərindən
qayıdıb gəlib, tonqalını çatıb
dağı-daşı yandırır".
Xallı gürzə bütün roman boyu
qıvrılır, canına istilik yığmağa
çalışır, ov həsrəti ilə yaşayır. Onun
özü də sonda qartalın ovuna çevrilir. Xallı gürzə obrazı XVIII əsrdə Azərbaycanı
fəlakətlərə sürükləyən düşmən
qüvvələrin ümumiləşdirilmiş
obrazıdır.
Əsərdə Pənah xanın obrazı canlı,
tarixi faktlara söykənərək
yaradılmışdır. Qarabağ tarixindən
bəhs edən tarixçilərin yekdil fikri belədir ki, Pənah
xan Sarıcalı tayfasındadır, onun ata-babası
var-dövlət, nüfuz sahibi olmuşdur. Pənah xan Nadir şahın sarayında bir
döyüşçü kimi xidmət edirdi. 1736-cı ildə Nadirqulu xan Muğanda
özünü şah elan etmək üçün tacqoyma mərasimi
təşkil edir. Hakimiyyətə yiyələnən
Nadir şah Pənah xanın ona xəyanət etdiyini
düşünür, Pənah xanı məhv etmək istəyir,
onu təqib edir. Pənah xan isə bu təqiblərə
dözmür, öz Vətəninə - Qarabağa
dönür. Nadir şah
öldürüldükdən sonra Qarabağ
xanlığının əsasını qoyan Pənah xan
xeyli çətinliklərlə qarşılaşır, yerli
əhalini öz ətrafında birləşdirmək və
düşmənə qarşı vahid cəbhədə
mübarizə aparmaq üçün çox
çalışır. Pənah xan
Qarabağdan Xorasana köçürülən əhalisinin
Qarabağa qayıtmasını təşkil edir. Roman tarixi əsər olsa da, olduqca müasir səslənir.
Çünki, tarix bu və ya digər dərəcədə
təkrar olunur.
Pənah xan romanda qorxmaz, cəsarətli, tədbirli bir siyasətçi, xalqını, Vətənini sevən vətənpərvər şəxs kimi təsvir olunmuşdur. O, öz hakimiyyətini gücləndirmək naminə Adil şahla dostluq münasibətləri qurur. Adil şah Nadir şahın nəvəsi Şahrux xanla döyüşdə məğlub olur. Onun ölüm xəbərini çapar gec çatdırdığından Pənah xan çaparın edam olunmasını əmr verir. Baxmayaraq ki, Pənah xan burda müsbət obraz kimi canlandırılıb, o, yeri gələndə çox qəddar, kobud da ola bilir: "Onlar divanxanadan çıxanda carçılar qalada və qala ətrafında bağırışırdılar. Divanxananın qabağındakı dar ağacından asılmış çaparın ayaqları havada yellənirdi. Çaparın havada yellənən, toza batmış ayaqlarına baxanda adamlar qəribə bir hiss keçirirdi ki, o bir daha bu ayaqlarınan dünyanı dolaşa bilməyəcək, sabah Arazın o tayı və bu tayında nə baş verəcəyindən xəbərsiz, görk üçün, iki-üç gün bax beləcə dar ağacından yellənə-yellənə asıla qalacaqdı". Pənah xan bəzən kobud, sərt olsa da, əslində incə qəlbə malik, daxilən mənəvi sarsıntılar keçirən bir şəxsiyyətdir. Əsər haqqında maraqlı fikirlər müəllifi olan professor Yavuz Axundov yazır: "Romanda tarixi faktların insani hisslərlə bağlı təsirli, emosinal səhnələrlə vəhdətdə təsviri diqqəti cəlb edir. Daha doğrusu, bu məqamlarda müəllif sanki tarixi faktı unutmuş olur, uzaq əsrlərdən boylanan şəxsiyyətin heç bir sənəddə, məxəzdə əks olunmayan könül, qəlb aləminə bizi çəkib aparır. Pənahəli xanın yaşlı çağında "qırmızı carğatı sürüşüb çiyninə düşən, lalə yanaqları allanan" bir qızı görəndə ürəyində bahar duyğusunun oyanması bu qəbildəndir". Möhtərəm professorun fikri ilə biz də razıyıq. Mustafa Çəmənli Pənah xanın xarakterini doğrudan da real, inandırıcı şəkildə canlandırılmışdır. Pənah xan etiraflarında da bildirir ki, şəhərlər almağı, qalalar tikməyi sevir, düşmənin torpaqlarımıza çəpəki baxışına isə heç vaxt dözmür, həmişə məmləkəti, camaatı dərd-qəmdən uzaq görmək istəyir. Baharlı Molla Dəlili Pənah xanın vəziridir. İrakli elçi göndərir ki, xanla birləşib Hacı Çələbi xana hücum etsinlər. Dəlili buna razı olmur - qardaş qırğınını lüzumsuz bilir. Xan isə onun bu məsləhətindən faydalanmır, Dəlilini saraydan qovur.
Pənah xan öz hakimiyyəti dövründə bir sıra quruculuq işləri görür: Kəbirli tayfasının yaşadığı Bayat kəndində qala tikdirir. Sonralar etibarlı qala olan Şahbulaq qalasını inşa etdirir.
O, bir sıra əraziləri öz hakimiyyəti altına salmağa müvəffəq olur. Gəncəni işğal etdikdən sonra Ziyadoğlu nəslindən olan Şahverdi xanı taxtda oturtmuş, Naxçıvanın Zəngəzur, Təbrizin Qapan, Qaradağın Çuldur, Mehri mahallarını da zəbt etmişdir.
"Xallı gürzə" romanında erməni məsələsinə də geniş yer verilib. Tarixdən bizə məlumdur ki, erməni gürzələri ara-sıra yad torpaqlara hücum çəkib, başqalarının sahib olduğu torpaqlara yiyələnmək istəyiblər. Onlar bu alçaq niyyətlərini həyata keçirtmək üçün digər xanları Pənah xana düşmən edib, onlar arasında nifaq salmaqdan belə çəkinmirlər. Əsərdə təsvir olunan hadisələrdə də ermənilərin "fəaliyyəti" oxucuda istər-istəməz ikrah hissi doğurur. Erməni əsilli Məlik Məcnun və Hatəmin dialoqundan belə məlum olur ki, onların qan qardaşı İsrail Orina adlı bir şəxs Böyük Pyotrdan "Ermənistan" dövlətini yaratmaq üçün kömək istəyir. Məlik Hatəm bu sözü eşitcək təəccüblənir və deyir: "Bizim elə böyük torpağmız hardadı, a bala, hələ bir dövlət də yaradaq?" Məlik Məcnun isə cavabında var deyir: "Var! Gəncə, Şamaxı, Naxçıvan, bütün Qarabağ bizimdi. Bəli, belədi! Mən Hatəm oğlu Məcnun, namusuma and içirəm, İsrail Oriyanın ortaya atdığı "Ermənistan" fikrini qundaqdakı çağalarımız var ha, onların da beyninə yeridəcəm". Bayat qalasına erməninin xaç şəkli çəkməsi və Pənah xanla dialoqu zamanı bunun səbəbini "yüz il keçər, oğul-uşaqlarımız deyər qalanı bizim babamız tikibdi" deyərək izah etməsi romanın maraqlı epizodlarındandır.
Romanda böyük ustalıqla təsvir olunan Xallı gürzə dövrün, gərdişin obrazıdır. Əsər haqqında professor Nazim Axundov yazır: "...Xallı gürzə Pənah xanı, Qarabağ xanlığını, bəlkə bütün Azərbaycanımızı əzəl gündən izləyən xəbis, qəddar bir niyyətdir, qara bir tale, iyrənc bir ruh, amansız bir alın yazısıdır. İndi bizim çağdaş Azərbaycan ictimaiyyətini sarsıdan hadisələr fonunda "Xallı gürzə" əsəri ibrətamiz təsir bağışlayır. Roman bizi mənəvi yüksəkliyə, bütövlüyə, haqq işi uğrunda mübarizəyə səsləyir". Fikrimizcə, müəllif haqlıdır. Xallı gürzə Azərbaycanın başı üzərində dolaşan qara buluddur, bu qara bulud məhv olmayınca xalqımız itkilər yaşamağa, savaşlar görməyə, mübarizə aparmağa məhkumdur. Romanın sonunda Xallı gürzənin qartalın qurbanı olması parlaq gələcəyə ümidli bir baxışın göstəricisidir.
Romanda tarixi faktlar və sənədlər əsasında erməni gürzələrinin ara-sıra başlarını qaldırıb torpaqlarımıza doğru sürünmələri və həmişə başlarının əzidilərək geri dönməyə məcbur edilmələri müəllif tərəfindən ustalıqla təsvir olunur. Azərbaycanda ayrı-ayrı xanlıqların hakimiyyəti dövründə sayca az olan ermənilər özgə torpaqlarına yiyələnmək məqsədi ilə hər cür fitnəkarlığa əl atar, digər Azərbaycan xanlarını Pənah xana qarşı qiyama qaldırardılar. Xallı gürzə qəddar, vəhşi, insanlıqdan kənar olan erməniləri özündə təcəssüm etdirir. Xallı gürzə yenicə anadan olmuş quzunu amansızcasına udur. Əsərin bu epizodunda müəllif paralel olaraq Xaçın məliyi Məlik Ulubabın obrazını yaradır və bir növ onlar arasında oxşarlığı, erməni fitnəkarlığının kökünü oxucuya çatdırmaq istəyir. Babək Xürrəmin Xəlifə Əbu İshaq Möhtəsimbillaha iki milyon dirhəmə satan Səhl ibn Sumbatın yadıcası olan bu şəxs xallı gürzədən də azğın idi. Əsli erməni olan bu nankor Pənah bəyin güclənməsindən ehtiyat etdiyi üçün "sapı özümüzdən olan düşmən" tapmağı düşünür və bu düşməni tapır da. Çünki Azərbaycan xanlarının bir-birinə qarşı olan düşmənçilik münasibəti erməni məliklərinə aydın idi. Onlar Qarabağa yiyələnmək, bu gözəl torpaqları ələ keçirmək arzusunda idilər. Bunun üçün xanlar arasında nifaq salmağa çalışırdılar, çünki vahid Azərbaycan torpaqlarını zəbt etmək cılız erməni dığalarının bacaracağı iş deyildi.
Məlik Ulubab xristian olduğu üçün onun müsəlmanlara qarşı olan nifrətini müəllif Qara Keşişlə əlaqələndirir. Qara Keşiş həmin o keşişdir ki, Əslini Kərəmə verməmişdi, onlar qəbirə basdırılanda aralarında qaratikan kolu əkmişdi ki, birdən Əsli ilə Kərəmin ruhundan boy atmış qızılgüllər baş-başa verər, birləşər. "Qara Keşiş "İncili", "Tövrat"ı səhifə-səhifə, cümləbəcümlə Ulubaba öyrətmişdi, amma bunlar ona azlıq elədiyindən içində nə qədər kin-küdurət vardısa yeritmişdi Ulubabın başına. Ulubab gözlərini döyə-döyə müsəlmanların haqsızlığından, ədalətsizliyindən qəzəblənə-qəzəblənə ustadına qulaq asırdı və ürəyində and içirdi ki, böyüyəndə bu müsəlmanların hamısını qılıncdan keçirəcək". Lakin Pənah xana qalib gəlmək elə də asan məsələ deyildi. O, ayıq-sayıq idi, düşmənin fitnə-fəsadına uymadı, torpaqlarımızda ağa olmaq fikrinə düşənlərə yaxşı ibrət dərsi keçdi.
Romanda xalqın birliyi, düşəmənə qarşı vahid cəbhədə çalışmağın zəruriliyi məsələsi xüsusilə qabardılmışdır. Müəllifin diqqətə çatdırmaq istədiyi əsas ideya budur ki, nə qədər ki, Azərbaycan xalqı birləşməyəcək, hakimiyyət uğrunda didişib-çəkişmələr olacaq, biz uçuruma doğru gedəcəyik. Əsrlərdən bəri yadellilərin torpaqlarımıza hücumu və işğalı məhz bu parçalanma, taxt-tac uğrunda savaş nəticəsində mümkün olmuşdur. Əsərin bir yerində Şəki, Şirvan, Qarabağ, Qaradağ, Naxçıvan, Gəncə xanları düşmənə qarşı vahid cəbhədə birləşməyə nail olurlar.
" Pənah xan:
- Təklənsək, - deyirdi, - xallı gürzələr canımıza sarmaşacaq, qanımızı soracaq, mal-davarımıza sahiblənəcək, əhli-əyalımızın beyninə zəhərli fikirlər yeridəcək. Bax, müsibət onda olar! Bizdən sonrakılar bizi nifrətlə yad edərlər".
(ardı var)
GÜLNAR
QƏMBƏROVA
AMEA Nizami
adına Ədəbiyyat İnstitutu, Müstəqillik
dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin
doktorantı
Ədalət.-2015.-12 noyabr.-S.5.