MÜSTƏQİLLİK İLLƏRİNDƏ MUSTAFA ÇƏMƏNLİ YARADICILIĞINDA TARİXİ ƏSƏRLƏR

 (Əvvəli ötən sayımızda)

 

Romanda Nadir şahın, Fətəli xan Əfşarın, Məhəmmədhəsən xan Qacarın, Kərim xan Zəndin, Gürcüstan hakimi II İrakli və onun atası Teymurazın obrazları da yaradılmışdır. Əsərdə o zaman gənc olan Ağa Məhəmməd şah Qacarın da xarakteri canlandırılmışdır. Mustafa Çəmənli gələcək şahın əzazil olmasının səbəbini tarixdən məlum faktlardan yararlanaraq bədii dildə çox təbii ifadə etməyə müvəffəq olmuşdur. Qacarın atası Məhəmmədhəsən xan Qacar Əliqulu xanla vuruşda məğlub olur. Bundan sonra altı yaşlı Ağa Məhəmməd Əliqulu xan tərəfindən axtalanır: "... Ağa Məhəmməd vaxtsız-vədəsiz qocalmışdı, birdən-birə ağlı artmışdı, fikrinin hüdudu çox-çox uzaqlarda dolaşırdı, xayasından pərdə-pərdə bütün bədəninə yayılan zoqqultudan göynəyə-göynəyə, içində böyürə-böyürə and içirdi ki, böyüyəndə İranın şahı olacaq, o qansız Əliqulu xanı tutub öz əlilə axtalayıb yarasına duz basacaq...".

Mustafa Çəmənli təsvir etdiyi dövrü daha dolğun, əhatəli şəkildə oxucusuna çatdırmaq istədiyindən həmin dövrün mənəvi-psixoloji aurasını, adət-ənənələrini, etnoqrafik xüsusiyyətlərini də canlandırmağa çalışmışdır. Romanda Qarabağın sazlı-sözlü dünyası təsvir obyektinə çevrilir. Aşıq Səmədin yeniyetmə Aşıq Valehlə Pənah xanın məclisində çalıb-oxuması, zurnaçı Bədəlin ifa etdiyi musiqi sədaları altında cavanların rəqs etməsi əsərin maraqlı epizodlarındandır: "Süfrəyə yemək gəldi. Yedilər, kəhriz suyundan içdilər, dirsəkləndilər. İndi meydan aşıqlarındı. Aşıq Səməd tavar sazını köynəkdən çıxardıb köklədi, şəyirdi də sazını götürdü. Aşıq Səməd nə fikirləşdisə, əvvəl bir "Qarabağ ləngəri" çaldı. Onun simlərin üstündə gəzən barmaqlarından sanki bu dəqiqə saz od tutub yanacaqdı. Durub huş-guşunan qulaq asan Pənah bəyə də elə gəldi ki, aşıq Səmədin tavar sazının simlərindən gözəgörünməz odlu şərarələr qopub, üstünə tökülür...".

Əsərin bir yerində yazıçı oxucuya belə bir müraciət edir: "... Ey yolçu! Kişnərtisi ürəkləri titrədən, ruhu tel-tel eləyən köhlənlərini itirmiş, ömrünü maşınlarda keçirən müasirlərim! O qəbirlərin yanından keçəndə, amandı, tələsməyin, deməyin bu qəbirlər niyə belə çay daşı kimi səpələnib dağların döşünə, yol kənarına. Düşün maşınlardan, məzarda uyumuş, özü boyda torpaq uğrunda vuruşmuş, qanını axıtmış ulu babalarımızın ruhu önünüdə diz çökün və bir an sükut edin. Sən də özün boyda torpaq uğrunda vuruşmaq lazım gələrsə, bir qaşıq qanından keçəcəyinə o qəbirlərə and iç, ey yolçu! And iç və yoluna davam et!". Bu sözlərlə müəllif oxucularını Vətəni sevməyə, onu qorumağa, uğrunda canından belə keçməyə hazır olmağa səsləyir.

Mustafa Çəmənlinin "Ölüm mələyi" adlanan sayca ikinci tarixi romanı Səfəvilər dövlətinin şahlarından olmuş, Şah İsmayıl Xətainin oğlu I Şah Təhmasibin ömrünün son illəri və onun on doqquz il altı ay dustaq həyatı yaşayandan sonra taxta oturmuş oğlu II Şah İsmayıldan bəhs edir. Romanda I Şah Təhmasibin, II Şah İsmayılın, Pərixan bəyimin, Gövhər bəyimin, İbrahim Mirzənin, Hüseynqulu Xüləfanın, Şirvanşah Fərrux Yasarın, Hüseyn bəy Yüzbaşının, İsgəndər bəy Münşinin və başqa tarixi şəxsiyyətlərin dolğun obrazları yaradılmışdır. Roman çox maraqlı, bitkin kompozisiyaya malikdir. "Ölüm mələyi" ayrı-ayrı fəsillərə bölünmüş və hər fəslin mündəricəsini, ideyasını özündə ehtiva edən epiqraflar verilmişdir. "Ölüm mələyi" qloballaşan dünyamızın indiki çağında insan xislətinin mürəkkəbliyi fonunda çox ibrətli bir romandır. Əsərdə təsvir olunan təbiət lövhələri, döyüş səhnələri, saraydaxilində baş verən hadisələr müəllif tərəfindən o qədər real canlandırılıb ki, oxucu özünü XVI əsrdə hiss edir. Aydın olur ki, Mustafa Çəmənli təsvir etdiyi konkret tarixi dövr haqqında geniş, müfəssəl məlumata malikdir. Yazıçı I Şah Təhmasibi belə xarakterizə edir: "Çoxlu məktəblər, mədrəsələr açdırmışdı, məscidlər tikdirmişdi. Qədim təzkirələrin üzünü köçürtmüşdü. Hüseyn Vaizin "Rövzətüş-Şühəda" əsərini Nişati adlı şəxsə türkcəyə çevirtmişdi. O, şah olaraq hər məqamda insanları haqqa dəvət etmiş, həmişə üləmaların, ibadət sahiblərinin, iman əhlinin ehtiramını saxlamışdı. Yetimlərə hamilik eləmişdi. Bütün böyük şəhərlərdə qızlar və oğlanlar üçün yetimxanalar açıb həddi-buluğa çatana kimi onların qayğısına qalmışdı. Tacirləri, sənətkarları yolhaqqı olaraq alınan tamğadan - vergidən azad eləmişdi. Sənətkarlardan, maldarlardan, otlaqlardan istifadəyə görə alınan vergiləri də ləğv eləmişdi".

Əsərin əvvəlində müəllif şahın gördüyü işləri sadalayır. Romanda I Şah Təhmasibin qonşu dövlətlərlə münasibəti, ailəsində, sarayda cərəyan edən hadisələr əks etdirilir. Və araşdırmamız zamanı məlum olur ki, bütün bunlar dəyişikliyə məruz qalmadan, dolğun şəkildə, tarixi faktlara uyğun olaraq, lakin sünilikdən uzaq, bədii boyalarla təsvir olunmuşdur. Əsərdə sufiliyin elementləri haqqında da maraqlı fikirlər var: "Müdrik olmaq üçün çox şeydən keçib kamilliyə can atmaq gərəkdir. Kamil insandan kimsəyə xəta gəlməz, həkimbaşı, cahildən isə hər sifəti gözlə. Ad - sufilərin əlaməti, Allaha görə elm - onların sifəti, ibadət - onların bəzəyi, möminlik - onların şüarı, haqqın həqiqətləri - onların sirləridir. Sufi yolunu tutan kəs son məqsədinə çatmaq üçün şəriət, təriqət, həqiqət, mərifət deyilən mərhələlərdən keçməlidir". Bütün bunlar mövzu obyekti olan dövr haqqında oxucuda hərtərəfli təsəvvür yaratmağa xidmət edir.

Əsərdə şahlıq rejiminə xas olan hakimiyyət uğrunda çəkişmələr, didişmələr real, canlı boyalarla öz əksini tapmışdır. Müəllif bəhs etdiyi dövrün, ictimai-siyasi həyatından daha çox mənəvi mühiti, mənəviyyatı canlandırır. Sarayda baş verən təzadlı münasibətlərə işıq salır.

Hətta Şah Təhmasib dünyasını dəyişən gecə oğlu Heydər anasının təşviqilə onun yanında olduğundan taxt-taca yiyələnmək üçün şahın barmağındakı möhür üzüyünü çıxarıb öz barmağına taxır və "vəsiyyəti" möhürləyir, şahın meyidi isə ortalıqda qalır. Beləcə, "şahın oğlanları arasında hakimiyyət uğrunda mübarizə süjetdə mühüm yer tutur. "Şah hakimiyyətin acgöz bir əjdaha olduğunu, ayrı-ayrı arvadlardan doğulmuş uşaqlarının bir-birinə qənim kəsildiyini aydın görür və bundan ciddi narahatlıq keçirirdi".

Romanda Səfəvilər sülaləsinin hökmdarlarından biri, tarixşünaslığımızda belə həyat və fəaliyyəti hələ də tam öyrənilməmiş II Şah İsmayılın obrazı xüsusilə diqqətimizi çəkdi. O, əsərdə faciə qəhrəmanı kimi qələmə alınmışdır. Əsərin sonunda gənc yaşlarında atasının iradəsinə qarşı çıxan II Şah İsmayıl özünü Allahın Yer üzünə göndərdiyi "ölüm mələyi" adlandırır... İllərlə həbsxanada qalaraq məhbus həyatı yaşamağa məhkum edilmiş II Şah İsmayılı bu hala salan, onu qansıza, müstəbidə çevirən düşdüyü mühit, hakimiyyətə olan hərisliyidir. İnsanın var-dövlət sevdası, taxt-tac sevgisi, nəfsinə yenilməsi onun zalıma, caniyə, ölüm mələyinə çevrilməsinə şərait yaradır. II Şah İsmayıl vaxtilə şairlik, nəqqaşlıq qabiliyyəti olan, döyüşlərdə hədsiz şücaət, qəhrəmanlıq göstərən biri olub, lakin sonralar atası ilə mübahisələri yarandığından şah onu Qəhqəhə qalasına dustaq edir. Qalada 19 il qalan İsmayıl bir az da insani keyfiyyətlərini itirir, azğınlaşır. Çünki məhkumluq həyatı onun psixologiyasına mənfi təsir etmişdi. Hakimiyyət eşqi onu ana, ata, bacı, qardaş sevgisindən uzaq salmışdı. Qaladan çıxıb hakimiyyətə gələn İsmayıl vəliəhdi olmadığından şahlığa gələn kimi qardaşlarını, əmisi uşaqlarını- nəslinin kişi cinsindən olan hər bir nümayəndəsini aradan götürməyə başlayır... Məhz buna görə romanın axırında-Halvaçıoğluna deyir ki," sən bilirsənmi mən kiməm? Mən ölüm mələyiyəm. Qətlinə fərman verdiklərim gecələr yuxuma girib məni bu adla çağırır...".

Romanın epiloqunda müəllifin qələmə aldığı bu el sözü həqiqətən də böyük fəlsəfi məna ifadə edir, fani dünyanın bir heç olduğunu anladır:

Nə baxırsan gülə-gülə,

Mən də baxdım gülə-gülə.

Uçacaqsan sən də bir gün,

Baxacaqlar gülə-gülə...

Roman haqqında maraqlı məqalə yazan əməkdar jurnalist Flora Xəlilzadə əsəri təhlil edərək yazır: "Müəllif çalışıb ki, qələmə aldığı hər bir tarixi şəxsiyyəti öncə insan kimi canlandıra bilsin. Bəzən mənəviyyat məsələsinə o qədər diqqət yetirilir ki, şahın öz taxt-tacını idarə etmək funksiyaları, qabiliyyəti arxa plana keçir. Bəzən sənə elə gəlir ki, qarşındakı əzazil bir səltənət sahibi yox, qəlbi şeirlə çırpınan, sevgi ilə döyünən yaradıcı insandır. Xüsusilə də ailə çərçivəsində, şəxsi münasibətlərdə, sevgi macəralarında bu məsələlər daha çox hiss edilir".

Mustafa Çəmənlinin "Ruhların üsyanı" əsəri də maraqlı povestlərdən biridir. Bu əsərdə Azərbaycan tarixinin müxtəlif dövrləri müəllif tərəfindən bədii sənətkarlıq baxımından ustalıqla qələmə alınmışdır. Qarabağ xanı İbrahimxəlil xandan, onun sarayından, vəziri, Azərbaycanın dahi söz ustalarından biri olan Molla Pənah Vaqifdən söz açan yazıçı yüksək yaradıcılıq manevri ilə Eldəgizlər dövlətinin, onun başçısı Atabəy Şəmsəddin Eldəgizin, bu günümüzün Şəmsəddininin, Mətləbinin canlı obrazını yaratmağa müvəffəq olur. Bu əsər şüuraltı axının, assosasiyanın bariz nümunsidir. Povestdə zamansızlıq mövcuddur və müasirliklə keçmiş olaylar ustalıqla uzlaşdırılmışdır. Bugünkü tarixin aktual məsələlərindən olan və tariximizin qanlı səhifəsinə çevrilən Qarabağ faciəsi, bu faciəyə müəllifin özünəməxsus yanaşması da bu əsərdə öz əksini tapmışdır.

Zaman kontekstindən yanaşsaq, burada bir-birindən fərqli üç zaman var: müəllifin yaşadığı zaman, Eldənizlər dövlətinin və Qarabağ xanlığının mövcud olduğu zaman. Təbii ki, bu zaman anlamına görə məkanlar da dəyişir. Bu zamanlar arasında isə müəllif çox gözəl bağlantı yarada bilir. Arvadının ona "dur get barı o "qul bazarı"na, bir usta tap gətir" deməsi sanki onun Atabəy Şəmsəddin Eldəgizdən söhbət açması üçün bir bəhanə olur. Bundan başqa, müəllif iki fərqli zamanı bir-biri ilə maraqlı şəkildə çulğalaşdırmağa nail olur: "...Gör necə yağır. Yəqin bu gecə bu vaxtsız çiçəkləmiş şaftalı ağacının çiçəkləri donacaq... Sən Allah, bir bu şaftalı ağacının yanından bizim evə tərəf gələn bu qıza bax. Elə bil bu zalım balası da indicə çiçəkləyib. Allah səni xoşbəxt eləsin, ay gözəl. Görən ürəyimdən keçənləri eşitdin? Hardan eşidəssən, mən səkkizinci mərtəbədə, soyuqdan naxışlanmış pəncərə şüşələri arxasında, sən də ki, yerlə göy arasında... Ay qız, keçmə bizim məhlədən... Amandı, birdən çaşıb o arvadbaz komitə sədrinin yanına gedərsən ha. Getmə, köynəyə ləkə düşər... Eh, bu qız hardan çıxdı bu qış günündə? Bəs axı mən indicə XVIII əsrdə, İbrahimxəlil xanın yanındaydım. Hə... yox, həşəmətli xanım, mən demirəm ki, sənin ətəyində namaz qılmaq olar. Yox, sən də azacıq aşın duzu olmamısan. Ancaq doğrusu, səni o vaxtkı şəriət qanununa görə bağışlamaq da olar. Axı o zamanlar çoxarvadlılıq dəbdəydi, şəriətlə qadağan olunmamışdı. Həm də o zaman qız almaq özü də elə bir siyasət idi. Sən də bu siyasətdən ürəyincə bəhrələnmişdin. Sənin də ki, maşallah, nə az, nə çox, on üç arvadın vardı. (Bağışla ki, uşaqlarıyın sayını unutmuşam)".

Mustafa Çəmənli bu povestdə Qarabağ xanlığından bəhs etməklə yanaşı, Dağlıq Qarabağ problemindən də danışır. Bəs bütün bunlara necə nail olur? O, bu əsəri bir növ maraqlı mükalimə şəklində qurur, oxucusuyla, Qarabağ xanı ilə həmsöhbət olur desək, yanılmarıq: "Əzizim İbrahimxəlil xan, elə özün də sağ ol ki, dar gündə camaatını başsız qoyub heç hara qaçmamısan. Düzdü, yadıcaların hamısı əlinə qələm alıb ən yeni tarix kitablarında yazıblar ki, Qacar ikinci dəfə Şuşaya hücum çəkəndə, guya sən əhli-əyalını başına yığıb qaçmısan. Amma hamı bilməsə də, mən bilirəm ki, bu, yalandır. Hərçənd bizim dünyagörmüş bığıburma babalarımız "igidlik ondu, doqquzu qaçmaq" deyib, amma çiynimdə oturub hər şeyi bitdə-bitdə yazan mələklər var, sənin qaçmağın barədə söylənənlər cəfəngiyyatdır, vəssalam. Özü də o vaxt mənim ulu babam da sənin yanında olub, o da danışırmış, sonra sağ olsunlar, fransız yazıçıları, tarixçiləri də sənin Şuşa qalasından qaçmadığını yazırlar. İşə bax da, özgələr, lap elə bu arvadbaz firənglər səni qəhrəman zənn eləyiblər, amma biz səni qorxaq sanmışıq".

Ümumiyyətlə, araşdırmamız zamanı məlum oldu ki, müstəqillik illərində Mustafa Çəmənli yaradıcılığı olduqca məhsuldar olmuşdur. O, bir-birindən maraqlı, dəyərli tarixi əsərlər yazaraq ədəbiyyat tariximizdə öz sözünü demişdir. "Xallı gürzə", "Ruhların üsyanı", "Ölüm mələyi" ("Fred Asif", "Mübariz", bu il "Azərbaycan" jurnalında nəşr olunmuş "Üçyaslı əsir" povestlərini də bu siyahıya daxil etmək olar ) əsərlərinin hər birində ayrı-ayrı dövrlərə müraciət edərək tariximizi, tarixi şəxsiyyətlərimizi yenidən canlandırmağa nail olmuşdur.

 

GÜLNAR

QƏMBƏROVA

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin doktorantı

Ədalət.-2015.-13 noyabr.-S.6.